İctimai yerlərdə rahat sevişmək

İctimai yerlərdə rahat sevişmək
16 mart 2020
# 10:58

Kulis.az Müşfiq Şükürlünün "Doyunca yeməli, doyunca sevişməli..." yazısını təqdim edir.

Bu günlərdə sosial şəbəkələrdə bir şəkil yayıldı. Bakıda sevgilisini öpən cavan oğlan eskalatorla keçidə düşür. Günün günorta çağı. Yuxarı çıxanlar isə oğrun-oğrun, yanıqlı-yanıqlı, ya da xəbərdar olduqları hansısa gizli həqiqətə şahidlik edirmiş kimi gözlərini çevirib cütlüyə baxırlar. Aralarındakı yaşlı kişi başını aşağı salıb, hətta gözlərini yumub. Əlacı olsa, yerin dibinə girər.

Şəklə fikir bildirənlər arasında “qeyrət mücahidləri” üstünlük təşkil edir. Sevgililəri şərəfsizlikdə günahlandıranlar var. Sözügedən günah və ictimai qınaq məni düşündürdü. Yazmasam ölərəm dedim.

***

Gözün səni aldadıb yaman yola aparırsa, onu çıxar at!

Orta əsr fransız filosofu Pyer Abelara görə günah fərdidir. Niyyət hərəkətdən önəmlidir. Bildiyinə xəyanət edirsənsə, günahkarsan.

Deməli, Adəmlə Həvvanın cənnətdən qovulmasına səbəb olan günahın bəşər övladıyla və sonrakı nəsillərlə əlaqəsi yoxdur. O mənada ki, onun günahı onun, mənimki mənimdir. Düzü, bu, biz müsəlmanları narahat edən məsələ deyil. Biz həmişə başqasına müsəlmanıq, özümüzə yox.

Abeların görüşləri vaxtilə kilsə tərəfindən linç edilsə də, zamanla qəbul olunub və xristian psixologiyasına təsir edib. Sekulyar anlamda bu günkü qərb fərdiyyətçiliyi anlayışı öz-özünə əmələ gəlməyib. Müsəlman dünyasında isə belə oğullar nədənsə yetişməyib.

Bizdə günah ictimai fenomendir. Niyyət yox, görüntü önəmlidir. Sanki, üzdə hər şey “səliqəli” və “yaxşı”dırsa, içimizdə cənnət bağları salınmalıdır. Sənin günahın sənə, mənimki mənə deyə bilməzsən burda. Biz başqalarına hökm kəsib xitam verməkdə ustayıq. Din o qədər güclü rol oynayıb ki bu mövuzda, uzun müddət rus əsarətində yaşamağımızın xeyri olmayıb. Təbiətimizdə rus soyuqqanlılığından əsər-əlamət yoxdur. Heç olmasa başqalarına münasibətdə.

***

Sevgiyə və sevgililərə bu cür amansızıqsa, gör başqa mövzularda neynəyərik. Bizdə əyləncə və rahatlıq qavramı boşluqdan ibarətdir. Avropada yaşayan həmyerlilərimizin təcrübəsindən deyə bilərəm. Avropalılar həftəiçi işləyirlər. Həftəsonu isə həmin işçi qüvvəsi barları doldurur. Hətta o dərəcə ki, küçədə sərxoş olmayan birini tapa bilməzsən.

Bizim ölkədə əgər hər həftənin axırı işdən çıxıb puba getsən, içib keflənsən və bunu həyat tərzinə çevirsən, sənə “alkaş” deyəcəklər. Bara dadandığını bilsələr, lapdan getdin. Adını qoyacaqlar “sarsaq!”, “əxlaqsız!”.

Maraqlısı odur ki, bu “əxlaqsızlar” dünyanın ən inkişaf etmiş qitəsində yaşayırlar və ən inkişaf etmiş xalqlarıdır. Deməli, onların yaşadıqları ya tərbiyəsizlik deyil, ya da nədirsə, inkişafın ondan başqa üsulu yoxdur. İctimai yerlərdə rahat öpüşə bilmədikcə, azad münasibətlərə “həə” demədikcə, gələcək bizi dəstəkləmir.

***

Bəli, ictimai qınaq bəzən həlledicidir. O, lazım gələndə həyat tərzimizi də formalaşdırır. Ola bilər, xarici filmlərə baxıb gözlərini qapayasan. Bakıda azdan-çoxdan gördüyün qərb həyat tərzi və görüntüsü səni aldada. Gerçəkdə isə mühafizəkar cəmiyyətdə yaşayırıq. İntim mövzularda ictimai qınaq həyatımızın bütününü təşkil edir. Onlar yazılmamış qanunlardır. Yeri gələndə bizim konstitusion hüquqlarımızı məhdudlaşdırır.

Öpüşmək özünüifadədir. Sevgini simvolizə edir. Bu cür müqəddəs işə aqressiv reaksiya içimizdəki nifrəti üzə çıxarır yalnız. Qısqanclığımızı göstərir, mənəvi və cinsəl yoxsulluğumuzu ifşa edir.

***

Məncə, yazılı qanunlar işləsə, yetər.

Razıyam, bir mənəvi əxlaq kodeksi də olmalıdır. Bu, başqaları ilə rəftarımızı tənzimləməlidir. Amma insan azadlığı ilə niyə çatışmalıdır, axı? Niyə sevişməyə, öpüşməyə gələndə ortaya çıxır bu qanunlar? Niyə anlamırıq ki, öpüşmək də fiziki ehtiyacdır. Yeməyə, içməyə, yuxuya ehtiyac duyduğumuz kimi sevişməyə, öpüşməyə də ehtiyacımız var.

Yox, biz dünyanı adam kimi yaşamağı bacarmırıq. Ev almaq və ailə qurmaqdan başqa dərdimiz yoxdur. Sanki, üç otaqlı mənzilimiz, bir arvad, iki uşağımız olsa, missiyamız qurtaracaq. Bunu bacarsaq, çevrə tamamlanır və artıq yaşadığımız cəmiyyətin nümunəvi üzvüyük.

Biz evlənməsək, sevişə bilmərik. Ona görə də camaat arasında öpüşəndə oluruq oğraş. Vicdansız.

***

Yazılmamış qanunlar ictimai nəzarət funksiyasını görür. Bəs insanların əxlaq və etikasında yarana biləcək boşluğu, yayınmanı anında düzəltmək iqtidarında olan bu mexanizmin özü boşluqdan ibarətdirsə?

Belə düşünək., bir aparatımız var və yanlış işləyir. Düzgün qavraya, adlandıra və təqdim edə bilmədiyi şeyin nəzarətini üzərinə götürüb.

Əxlaq hər şeydən öncə ictimai yox, fərdi hadisədir, axı. Başqalarına yox, özümüzə münasibətdə ortaya çıxır. Cavanlığını edib, gəncliyini kef-damaq içində keçirmiş Azərbaycan ağsaqqalının qocalığını yaşayır Azərbaycan xalqı. Mənimçün mentalitet bu deməkdir.

Bizim ənənəvi düşüncəmiz əgər belə unikladırsa, niyə adicə marketdə növbə mədəniyyətinə gələndə onun gücü çatmır xaosu nizamlamağa? Deyim niyə. Ona görə gücü çatmır ki, ziyalılar abırlarına bükülüb, ortada oynayan “ağsaqqal” modelimiz isə “dub”dur. O, situasiyanı dərk edə bilmir.

Bir az konkretləşdirək.

Əxlaq deyilən şey ehtiyaclarımız üzərində dəmir yumruq olmamalıdır. Əksinə, gözümüz elə tox olmalıdır ki, özümüzü idarə edə bilək. Doyunca yeməli, doyunca sevişməliyik.

# 5521 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #