Şair dostum, tələbə yoldaşım, qəddar cəmiyyətimizə yaraşmayan saf insan Şaiq Vəli yaydan bəri müalicədədi. “Stansi Sumqayıt” adlanan, Sumqayıtdan da aralı bir yerdə özünə birtəhər ev “qaralayıb.” Bəs, tale onu o xarabaya necə itələyib? Onun taleyini məndən yaxşı bilən olmaz yəqin, ona görə Şaiqin tarixçəsini yüyrək dillə də olsa bura həkk eləmək istəyirəm.
Onunla Moskvada Ədəbiyyat İnstitutunun yataqxanasında tanış olmuşam. Şaiq məndən iki kurs yuxarıda, lakin qiyabi şöbədə oxuyurdu. İldə iki dəfə bir ay davam edən sessiyaya gələr, bizdən tez ayrılmamaq üçün sessiyadan sonra 10-15 gün də artıq qalardı. Şaiq olan yerdə haqq-ədalət pozulmazdı. Heç bir davakar adam onun polad qollarının yumruğu qarşısında duruş gətirə bilməzdi. O, hər dəfə vəhşi Sibirin müxtəlif şəhərlərindən gəlirdi. Oralarda inşaat işlərilə məşğul olar, cibi pulla dolu Moskvaya, instituta, dostları görməyə qayıdırdı. Şaiq gələndə dostların bayramı olardı. Pulunu bizə, digər tələbə dostlarına xərcləyərdi. Şaiq üçün əsas olan adamın milliyyəti yox, onun insanlığı idi.
İkinci kursu bitirib üçüncü kursa adlayanda Şaiqə dedim, kəndə gedib üç ay vaxtımı boş keçirməkdənsə səninlə Omska gedib pul qazanmaq istəyirəm. Şaiq sevincək dərhal razılaşdı. Biz qatarla Omsk şəhərinə, ordan da Lukyanovka qəsəbəsinə gəldik. Qəsəbə və qəsəbəətrafı kəndlərdə çoxlu sayda azərbaycanlı, çeçen, erməni, ləzgilərdən ibarət inşaat briqadası vardı. Briqada deyəndə, yəni, bir adam öz dəstəsini başına yığıb idarələrdə müqavilə bağlayır, təmir-tikinti işləri ilə məşğul olurdu.
... Bir neçə gündən sonra Şaiq mənə dedi, kənd soveti ilə müqavilə bağlamışam, kəndin o başında mağaza tikməliyik. Biz üç nəfər idik, Şaiq, mən, bir də Şaiqin köhnə dostu Lal Özbək. Dedim, qaqa, bəs, üç nəfər yekə bir mağazanı necə tikəcəyik? Şaiq dedi, bunu sabah biləcəksən.
Biz sabah tezdən Omsk şəhərinin vağzalına gəldik. Vağzalın, ayaqüstü stollar düzülmüş iki böyük bufeti vardı. Biz bir araq, toyuq soyutması götürüb dəyirmi stolların birinə yaxınlaşdıq. Şaiq mənə dedi, indi baxarsan, adamlar stoldan çəkilən kimi ac “biç”lər neyləyəcək. Bu vaxt yanımızdakı stoldakılar çıxıb getdilər. Onlar stoldan aralaşan kimi bir dəstə tüfeyli stolun üstündə artıq qalmış yeməyə cumdular. Şaiq onlardan bir sağlamını çağıraraq “yüz” araq süzüb: “İşləmək istəyirsənmi?” – soruşdu. Arağı başına qaldıran “biç” sevinib, əlbəttə istəyirəm, dedi. Şaiq ona dedi ki, bizə beş nəfər tikintini bilən adam lazımdı.
... Yarım saatdan sonra 6 nəfər “biç”i qabağımıza qatıb avtobusla Lukyanovka qəsəbəsinə gətirdik. Sabahdan mağazanın beton özülünü töküb tikintisinə başladıq. Mağazanı iki aya tikib təhvil verdik. Bu tikintidən mənə xeyli pul düşdü...
Şaiqin necə pul qazanmasını onda başa düşdüm. O, gecə-gündüz briqadasındakı adamları idarə edir, beləcə ömür sürüb pul qazanır, şən yaşayır, şeirlər yazırdı. Həmişə də: “Sibir bizim öz torpaqlarımızdı!” – deyirdi.
Onda Şaiqin ailəsi Sumqayıtda yaşayırdı. Onun üç oğlu, bir qızı vardı. Özü Sibirin çöllərində ora-bura paylansa da daima ailəsinə pul göndərir, evdəkilərin maddi ehtiyacını ödəyirdi.
Günlərin bir günü onun böyük oğlu hərbi qulluğunun altıncı ayında müəmmalı şəkildə avtomat gülləsinə tuş gəldi. Şaiq bu faciəni yeni sinirmək istəyirdi ki, bir ay keçməmiş ikinci faciə onun başının üstünü aldı: yolu keçərkən kiçik oğlunu yük maşını vurub öldürdü. İşsizlik ucbatından ailəni uzun müddət başsız qoyub çöllərə düşən şairin ailəsində bu faciələrdən sonra gərginliklər, ziddiyyətlər baş qaldırdı. Sonucda Şaiq həyat yoldaşından ayrılası oldu. Sumqayıtdakı evi və nə vaxtsa aldığı torpaq sahəsinin yarısını ailəsinə verib yenə Sibirə üz tutdu.
Həyatdan bezmiş şair uzaq İnta şəhərində ölümün üstünə gedə-gedə yaşayıb ömür sürürdü. Günlərin bir günü İntada bu canavar ciyərli şairə özündən 20 yaş kiçik bir rus xanımı vurulur. Şaiq onunla evlənir və bu nikahdan bir oğlan uşağı dünyaya gəlir. Şaiq uşağa əsgərlikdə güllələnmiş oğlunun adını verir. Sonra Sibirin soyuğundan canını isitmək üçün yenə Azərbaycana qayıdır və Sumqayıtın gözəgəlimli yerində yerləşən yarımçıq torpaq sahəsini satıb özünə “Stansi Sumqayıt” adlanan yerdə dediyim o komasını tikir. Burada onun ikinci övladı, qızı dünyaya gəlir. Şaiq birinci həyat yoldaşından olan qızının da adını yeni doğulan qızına verir. Sonra bu ailədə üçüncü övlad dünyaya gəlir. Şaiq bu övladına da qəzada həlak olmuş kiçik Ülvinin adını verir. O, sanki, bir növ həyatını yenidən başlamaq istəyirdi. Əlbəttə ki, ömür onun istəklərinə tabe olmayaraq irəliləməyində idi...
İmkan tapan kimi əziz dostumun o komasına gedər, gecə onlarda qalıb dərdləşərdik. Gündə 2-3 qutu siqareti külə döndərən, dərvişlər kimi şeir deyə-deyə araq içən bu yalquzaq canavarın qocalmasına baxa bilmirdim.
Qocalmaq nədi? Günlərin bir günü Şaiq zəng eləyib dedi, məndə vərəm tapıblar, nə vaxtdı ki, müalicə olunuram. Bu xəbərdən donub qaldım. Sən demə, o, gündüzlər Sumqayıt xəstəxanasında müalicə alır, gecə ailəsinin yanına qayıdırmış. Mən sabah Şaiqgilə getdim. “İndi biraz babatam” – dedi – bir ay bundan qabaq elə bil belimə daş yükləmişdilər”. Sevindim ki, demək, onun müalicəsini normal həkim aparır.
Sonralar yenə ona baş çəkməyə getdik, onun halı heç məni açmadı. O, ayağa duranda bədəni titrəyirdi. “Neçə vaxtdı beləcə sərxoş kimiyəm” – dedi. “Qardaş, bəlkə başqa bir həkimə göstərək səni?” – təklif elədik. “Yox, əşi, həkim deyir, bu silkələnməyə qarşı iynə-dərman eləyəcəm. Yəni adamı güclü antibiotiklər bu günə salır, həkim özü söylədi,” – dedi.
Əlimizdən nə gəlirdi? Gah onunla zəngləşib hal əhval tutur, gah da dostlarla yanına gedirdik. Onun halını gah yaxşı, gah da pis görürdük.
Günlərin bir günü Şaiq mənə zəng eləyib zorla eşidilən səslə dedi, sabah 20 yanvar tərəfdə diaqnostika mərkəzinə gələcəm. Orda görüşdük. Şaiq güclə yeriyirdi. Sonralar diaqnostika mərkəzindən ona dedilər ki, səndə vərəm-zad yoxdu. Əcəba, bəs, 8 aydı bu adama antibiotikləri niyə döşəyirlərmiş?
“İndi də deyirlər, səndə vərəm-zad yoxdu, ağ ciyərinin birində şiş var, vəssalam,” – dedi. Sonra da əlavə elədi: “Daha burdakı həkimlərə inamım yoxdu, İrana getmək istəyirəm.” Mən də onun fikrini təsdiqləyib dedim, qardaş, bu nadanlar burda səni öldürəcəklər, birtəhər get İrana.
Beləcə getdikcə onun vəziyyəti ağırlaşırdı. Bir gün zəng elədim ki, İran məsələsi necə oldu? Dedi, məni Sumqayıta bacımgilə köçürüblər, vəziyyətim gah yaxşı olur, gah pis. Mən yenə Şaiqin yanına getdim. Sonra tələbə yoldaşımız Umud Rəhimoğlu ilə əlaqə saxladıq. Umud onun İrana getməyinə maddi dəstək olacağını dedi və sabah pul göndərdi. Bir neçə gündən sonra qardaşı onu Təbrizə apardı. Təbriz klinikalarının hansındasa onun kağızlarına baxıb bir-iki iynə-dərman yazaraq geri yola salıblar.
2-3 gün bundan əvvəl Tahir Kazımlı, Nəsimi Nəbizadə, Londondan Şaiqi görməyə gəlmiş tələbə yoldaşımız Yanis onun yanına getmişdik. O, artıq yeriyə bilmirdi, qoluna girib güclə çarpayıdan kresloya oturdurduq.
Şaiqin böyük qızı dedi, lazımı qədər pul tapsaydıq, onu xaricdə asanca müalicə eləyərdik.
Adamdan ötəri canını verən gözəl şair, dəmir biləkli dostumun bu halına göz yaşlarımı saxlaya bilmədim. Mənə elə gəldi ki, hamımız yığılıb Şaiqi öldürürük...