Görün, dünən başıma nə oyun gəlib!
“Elmlər” tərəfdə bir kafedə dostumla oturub pivə içir, ordan-burdan goplayıb danışırdım. Arada telefonuma mesaj gəldi. Eynəyimi qabından çıxarıb mesajı oxudum, qanım qaraldı və cavab yazdım. Aradan bir az keçdi, yenə də mesaj gəldi. Eynəyi gözümə taxıb yenə oxudum və qanım bayaqkından da qara oldu, yəni tünd qara. Mən də ondan geri qalmadım, götürüb mesajın layiqli cavabını verdim.
Nə isə, mən eynəyimi qabına yerləşdirib çantama qoydum və kafeni tərk elədik. Dostum məndən ayrılası oldu. Kafedə kiminləsə pul söhbəti eləyirdi, başa düşmürdüm, alacağı var, ya verəcəyi.
Mən də bayaq mesajlaşdığım adamı gözləməli idim. Vaxt öldürmək üçün metronun çıxacağı ilə üzbəüzdə yerləşən internet zirzəmiyə düşdüm.
Əşi, sizə maraqlı bir şey danışmayacam, burdan beləsi heç oxunaqlı olmayacaq. Hə, yenə eynəyimi çıxarıb gözümə taxdım və internetdə gəzinməyə başladım. Facebook-a girib dostlarla dalaşdım, bir-iki sayta baxıb dilxor oldum, xəbərlərdən oxuyub ümidsizliyə qapıldım.
Nəhayət, gözlədiyim adam zəng elədi ki, gəlib çıxmışam. Eynəyimi gözümdən çıxarıb əlimə götürdüm, çantamı çiynimə aşırıb “şot”u verməyə yaxınlaşdım. Borcumu soruşdum, gənc oğlan ucadan “bir manat!” deyə səsləndi. “Nə, bir manat?” deyə mən təəccübləndim. “Bəli, bir manat, bizdə internetin saatı bir manatadır!” deyə gənc fəxrlə ucadan dilləndi.
Bir manatımı verib bayıra çıxdım. Bıy, baxdım ki, eynək əlimdə qalıb, qabına qoymamışam.
Yazının burdan beləsi heç maraqlı deyil, oxumaya bilərsiniz. Nə isə, çantamı açıb içini ələk-vələk elədim, futlyar yox idi. Geri, zirzəmiyə düşdüm, 6-cı stolun altına-üstünə baxdım, eynəyin qabı göyə çəkilmişdi. Gəldim bayaqkı gəncin yanına, soruşdum ki, bəlkə xoşbəxtlikdən mənim eynəyimin qabı stolun üstündə qalıb, xoşbəxtlikdən kimsə götürüb sizə təhvil verib və siz də xoşbəxtlikdən özünüzdə saxlayıb mənim qayıtmağımı gözləmisiniz?
Dedilər, bədbəxtlikdən belə şey olmayıb. Yenidən qayıdıb stolun hər tərəfini yoxladıq, yox ki, yox! Eynək qabı yoxa çıxmışdı.
Demək, eynək qabını bir dəqiqəliyinə unudub orda qoymuşam, kimsə dərhal oğurlayıb ee! Yəqin elə biliblər qabın içi “teyxa” qızıldandı.
Bilirsinizmi yadıma nə düşdü? Mənim bir əmim vardı, əmim deyəndə ki, atamın əmisi idi. Alman-sovet müharibəsi veteranı idi. Almaniyada olmuşdu.
Danışırdı ki, kiçik bir qəsəbədə olmuşdum, orada səhər tezdən gətirib evlərə süd satırdılar. Adamlar boş süd qablarını bayırda çöl qapısının ağzındakı səkilərə düzər, süd pulunu da balonlara qoyardılar. Süd satanlar da gəlib balondakı pula uyğun süd süzərdi. Balonda görünən o pullara gözünün ucu ilə də baxan olmazdı.
Bağışlayın, sizin də qanınızı bərk qaraltdım. Ağ süd hara, qara qan hara?..