Qubada olarkən xaçmazlı şair, rəssam, mozaik Qərib Aşkari ilə görüşmək fikrim vardı. Onunla bir neçə il qabaq Bakıda təsadüfən tanış olmuşdum. Hərdən mənə zəng eləyib, “bizim tərəflərə gəlsən məni görməmiş getmə”, deyirdi. Axşam Qəribə telefon açıb dedim, sabah Xaçmaza gəlirəm. Qərib məni gözləyəcəyini söylədi. Aradan yarım saat keçməmiş zəng eləyib bildirdi ki, hansısa kənddə ərdə olan qızı xəstələnib, onun yanına dəyməlidi, buna görə mənimlə görüşə bilməyəcək. Ürəyimə gəldi ki, sənətkar məndən bəhanə ilə qaçdı. Qərib Aşkari öz həyətinin divarlarında xırda çay daşlarından mozaika üslubu ilə Azərbaycanın məşhur şəxsiyyətlərinin portretini yaradıb. Bir vaxtlar rayonun bir neçə rəsmisi ilə problemi yaranmışdı. Fikirləşdim, bəlkə sənətkarın susması şərtilə işini düzəldiblər, ona görə mətbuat adamı ilə görüşmək istəmir. Bəlkə də doğrudan qızı xəstələnmişdi, heç nə deyə bilmərəm. Nə isə, Qərib belə getdi. Ramiz Qusarçaylıya dedim, qardaş, mənə Xaçmaz rayonunun kəndində yaşayan bir şairlə söhbətləşmək istəyirəm. Ramiz dedi, dünən Birliyimizin məclisində şeir oxuyan şair Telman Təravət Xaçmazın Uzunoba kəndindəndi, zəng eləyərəm rayona gələr, oturub söhbətləşərsiniz.
Sabah Xaçmazda Telmanla görüşüb kafelərin birində oturduq. Telman ağ saçlarını geriyə daramış, uzun bakkenbordlu, lopabığlı, bəstəboy bir adamdı. Barmaqlarının kobudluğundan hiss olunurdu ki, bu əllər daima balta-bel ilə oynayır. O, zahirən köntöy görünsə də həddən artıq abırlı və utancaq bir adamdı.
Biz yemək və araq sifariş elədik. Birinci badəni Telmanın təklifi ilə mənim Xaçmaza qonaq gəlməyimin şərəfinə qaldırdıq. Sonra şairin həyatını, məişətini öyrənmək üçün onu yavaş-yavaş suala tutdum.
- Kənddə nəylə məşğul olursan, dolanışığın nədən çıxır?
- Biz əsasən əkinçilik və maldarlıqla məşğul oluruq. Bura gələnə qədər heyvanın arpasını, yarmasını verdim. Avtobus bizim kənddən rayona cəmisi iki dəfə işləyir. Kənddən rayon mərkəzinə 19 kilometrdi.
- Avtobus neçəyə gətirir?
- 60 qəpiyə.
- Bəs, nə əkirsən?
- Taxıl əkirik.
- Taxıl üçün geniş torpaq lazımdı, sənin varındımı?
- Var, özümün də var, bələdiyyədən də icarəyə götürürük. Oktyabr, noyabr aylarında səpinə başlayırıq. Bu il üç hektar taxıl əkmişəm. Bundan başqa bağım da var, təzəlikcən salmışam bu bağı.
- Sonra da buğdanı satırsan, yəqin.
- Hə, məhsul yaxşı olanda öz ehtiyacımızdan artıq qalanı satırıq. Bu il yağıntı az oldu, qar olmadı deyə əkin ürəyimi heç açmır. Bizim yerlər dənizin yaxınıdı, Abşeron yarımadasının şimalı olduğuna görə Rusiyada hava dəyişən kimi bizə də təsir eləyir.
- Bəs neçə heyvanın var?
- İki inəyim var, bir az da qoyunum. Biz qışda mala da taxıl veririk. Əvvəllər heyvanı çox saxlayırdım, indi azaltmışam. Gəl bunu da vuraq sənin sağlığına! (Badəni mənim badəmə vurub gülümsəyir.)
- Qardaş, mənim sağlığıma içdik, axı?
- Yoox, bayaqkı “xoşgəldin” üçün idi, indi sənin sağlığına vuraq.
- Yaxşı, sağ ol, mən də sənin sağlığına içirəm.
(Bir az yemək yeyəndən sonra onu yenə suala tuturam. Bu arada hiss eləyirəm ki, arağın təsirindən onun bayaqkı utancaqlığı bir az geri çəkilib.)
- Bəs, neçə uşağın var?
- Mənim dörd övladım olub, iki oğlan, iki qız. Qızımın biri ailə qurandan sonra 26 yaşında vəfat elədi.
- Niyə? Nədən belə gənc ikən öldü?
- Qanında mikrob vardı.
- İkinci qızın ailəlidimi?
- Hə, onu da köçürmüşəm, iki övladı var. Nəvə şirin olar, nəvələrimi dəhşət çox istəyirəm.
(Mən fürsətdən istifadə eləyib bir sağlıq deyirəm.)
- Gəl, onda bunu da sənin nəvələrinin sağlığına içək.
- Hə, bax, bu yaxşı sağlıqdı, arzu eləyirəm sənə də nəvə qismət olsun, sağ ol! (Gülümsəyib arağı başına qaldırır. Üstündən bir dilim badımcan turşusundan, bir tikə də yeməkdən yeyib bığlarını silərək davam eləyir.) Oğlumun da biri əsgərlikdən gəlib “Fövqəladə Hallarda” xilasedici işləyir. O biri oğlum Ağstafada hərbi qulluqdadı. Döyüşlərdə erməni öldürdüyünə görə iki dəfə məzuniyyətə gəlib.
- Bəs təhsilin necədi?
- Mən o vaxtlar qəbul olmaq üçün universitetin şərqşünaslıq, sonra da filologiya fakültələrinə sənəd vermişdim, heç birinə qəbul ola bilmədim. Əsgərliyə qədər də metro tikintisində işlədim. Sonra əsgərliyə getdim. Moskvanın Pervomaysk rayonunda inşaat batalyonunda qulluq elədim. Hərdən bir günlük icazə alıb Moskvaya gəzməyə gəlirdik. Rusların bizdən fərqli olaraq azad yaşamaları çox xoşuma gəlirdi. Parklardakı göllərdə qayıq alıb rus qızları ilə üzür, deyib-gülüb şənlənirdik. O vaxtlar “Moskva axşamları” adlı bir şeir də yazmışdım.
Göl qoynunda qayıqda oğlanla qız yanaşı,
Gülərək danışırlar məhəbbət aləmində,
Sahildən əl də edib gülür qızın qardaşı.
Burada sevinc yağır üz-gözündən qəmin də.
Məhəbbət bürüyübdü ağcaqayın, şamları,
Yamanca gözəl olur Moskva axşamları...
- Mən də metro tikintisində işləmişəm, hardasa, 1982-83-cü illərdə, özü də beton qarışdıran. Sən hansı vaxtlar işləmisən?
- Mən 1975-ci ildə işləmişəm. Özü də qazmaçılar briqadasında. Başımızdan torpaq, su tökülə-tökülə işləyirdik. Mən səndən üç yaş böyüyəm.
- Həə, sən məndən əvvəl işləmisən. Bəs sonra harda işlədin?
Mən düz 15 il polis sistemində işləmişəm. Gec də olsa, 15 il sonra başa düşdüm ki, polis mənlik deyil. Dedilər, getmə, bir şey qalmayıb, təqaüdə çıxarsan. Dedim, yox ee, bu iş mənlik deyil. Polisdə hamı mənim təmizliyimə, acizliyimə gülürdü. Bir şeirimdə deyirəm:
Şairin nəyi var şeirdən başqa,
Əlindən nə gələr xeyirdən başqa?
Yox elə bir qüvvə onu cəlb edə,
Yurdu, təbiəti seyrdən başqa,
Şairin nəyi var polis qoruya?
Mən stol arxasında şeir yazmıram. Şeiri yalnız mal dalısınca gedəndə təbiətin qoynunda tək-tənha olanda yazıram.
- Yəqin tənhalıq xoşuna gəlir.
- Hə, mən səhər-səhər malı örüşə ötürəndə, təbiətin qoynunda o sakitlikdə tənha olanda xoşbəxt oluram. Bir dəfə Bakıdan gəlirdim, ayağımda sandal vardı, kəndin yoluna çıxanda gicitkən ayağımı daladı. Əyilib ayağımı qaşıdım, sonra belə bir şeir yazdım:
Çıxdım kəndimizin cığırlarına,
Gicitkən sevincdən daladı məni.
Çıxdım kəndimizin cığırlarına,
Göy otlar duz kimi yaladı məni...
- Ən çox arzuladığın şey nədi?
- İstərdim dünya duyğulu fikirlərə söykənsin, insanlar əl çəksinlər qamarlamaqdan, var-dövlətdən. İnsanlar biri-birini başa düşsünlər, sevsinlər biri-birini. Çünki Tanrı insanı sevgidən yaradıb.
- Çox sağ ol, qardaş, bunu da sənin sağlığına içirəm, sən əsl şairsən!
- Çox sağ ol, mən də sənin sağlığına içirəm!