Yorulmadınız, bəs deyil?

Yorulmadınız, bəs deyil?
3 aprel 2024
# 09:00

Kulis.az Simran Qədimin "Yorulmadınız, bəs deyil?" adlı yeni yazısını təqdim edir.

Lağ etmək, gülmək, əylənmək... Lağ etmək, gülmək, əylənmək... Lağ etmək, gülmək, əylənmək... Yorulmadınız, bəs deyil?..
İntellektli insanlar yüksək səviyyəli, hədəfi dəqiq vuran, etikası-estetikası yerində zarafatlar edir, ironiya və sarkazmla ağrılı, ziddiyyətli məqamlara toxuna bilirlər. Ancaq kinayənin, satiranın, yumorun o tayında tamam fərqli bir anlayış da var: lağlağı. Cəhalətin gen-bol qidalandırdığı, cahillərin həyat tərzlərinə çevirdikləri lağlağı!..

Bütün mənəvi-əxlaqi təlimlərdə, dini-fəlsəfi konsepsiyalarda, etik-mədəni kodekslərdə lağa münasibət mənfidir, qətiyyən bəyənilmir. İntellektual yükü olmayan, bayağılığı ilə ikrah oyadan, hədəfdən yan keçən, etikadan-estetikadan uzaq eybəcərliklər başqa necə qiymətləndirilsin ki?

Bəlkə, lağlağı kiməsə maraqlı, gülməli, əyləncəli gələ bilər. Amma məsələ qarşıdakını düşünmədən, həm eqoistcəsinə, həm də hedonistcəsinə gülüb-əylənməkdə deyil, belə olmamalıdır. Bizi gülüb-əyləndirən, kefimizi açan bu davranış lağ obyektinin özünə necə təsir edir? Qarşıdakına vurduğumuz zərəri nə dərəcədə dərindən anlayırıq? Bununla bağlı hansısa formada məsuliyyət duyuruqmu? Antik dövrün məşhur tarixçisi, filosofu Plutarxdan sitat:

“Uşaqlar qurbağalara əylənmək üçün daş atırlar, ancaq qurbağalar həqiqətən ölürlər”.

Başqalarına qarşı duymalı olduğumuz məsuliyyət hissindən əlavə, öz-özümüzə belə bir sual da verməliyik: lağlağının mənə hansısa xeyri varmı? Bununla mən nə qazanıram, əlimə nə keçir? Əslində, hər şeyi və hər kəsi ələ salmaq, məsxərəyə qoymaq azarı çox güclü bir psixoloji faktordan qaynaqlanır: natamamlıq kompleksindən, özünütəsdiq arzusundan.

”O, heç də göründüyü kimi mükəmməl deyil! Budur e, mən iti zəkamla, kəskin yumor hissimlə ondan daha ağıllıyam, üstünəm!..”
Lağ etmək “ənənəsi”nin digər bir zərəri də var: biz bu zaman başqalarını obyektiv şəkildə qiymətləndirə, onların üstün cəhətlərini görə bilmirik. Əslində, bütün insanlardan öyrənə biləcəyimiz, daha doğrusu, öyrənməli olduğumuz nələrsə var. Hamını daim gözdən salmağa çalışmaqla, insanların müsbət keyfiyyətlərini kölgə altında qoymaqla özümüz özümüzə zərər vurmuş oluruq. Yaxşını da yamanın gözünə qatmaq, loru dillə desək, hər şeyə bir mız qoymaq əvəzinə, yaxşını yamandan ayırmalıyıq.

Digər tərəfdən, müsbətlərlə yanaşı, mənfilər də bir nümunədir – antinümunə.

Yəqin ki, hər kəs dəfələrlə lağlağının müxtəlif növləri ilə qarşılaşıb. İnsanlar yalnız sözlərlə, çoxmənalı ifadələrlə, iynəli-tikanlı cümlələrlə yox, həm də baxışlarla, mimikalarla, gülüşlə lağ edirlər. Bir çox hallarda bu təfəkkür virusu vərdişə çevrilir. Elə bilirik ki, hər şeyi lağa qoymaqda qəbahət yoxdur, hərəkətimiz çox normaldır, təbiidir. Cəmiyyət sanki insanlarda şərti refleks yaradır: hökmən bir bəhanə axtar, əgər tapmasan, özün yarat, hər kəsi və hər şeyi ələ sal!..

Lağlağı boyun qaçırmaqdır – başqalarında qüsur tapıb öz çatışmazlıqlarımızı görməkdən boyun qaçırmaq.

Bəzənsə beynimizdə dişə vurmalı bir fikir olmadığına, reaksiya bildirməkdə, söz deməkdə çətinlik çəkdiyimizə görə lağlağıya əl atırıq. Guya bununla vəziyyətdən çıxır, çevik zəka, iti ağıl nümayiş etdiririk. Söz oyunlarında qalib gələn, əksər hallarda isə, qalib gəldiklərini zənn edən “hazırcavablar”, sadəcə, situasiyanı yola verirlər. Ciddi fikirlər, ətraflı müzakirələr, tutarlı arqumentlər onları yorur. Belə adamlar dərin düşünmək istəmir, uşaq kimi daim oyun oynamağa, deyib-gülməyə can atırlar.

Əksər insanlara xas belə bir cəhət var: fərqliliyi qəbul etməmək. Fərqli olan hər şey bizə həmişə qəribə gəlir: saç düzümü, geyim tərzi, danışıq üslubu... Ya həmin adamlara nifrət edirik, ya da onları lağa qoyuruq. Fərqliliyi görən kimi beynimizdə “biz” və “onlar” ayrı-seçkiliyi aktivləşir, sanki kimsə xısın-xısın qulağımıza pıçıldayır: “Səndən fərqlidir, buna dözmək olmaz! Ya onu linç elə, ya da ələ sal, qoy hoqqa çıxarmasın özündən!..”

Məqsəd başqalarını özünə oxşatmaqdır. Cəmiyyət hətta lağlağını sevməyənləri, lağ etməməklə fərqlənənləri də sıxışdırmağa çalışır. Əlbəttə, yenə lağa qoymaqla.

Lağlağıya tez-tez məruz qalıb travma keçirən qurbanların içində “qisas” hissi alovlanır. Bir çox hallarda həmin hiss hədəfdən yayınır, özünə başqa qurbanlar seçir. Beləliklə, lağa məruz qalanlar içlərindəki alovu söndürmək, özlərini sakitləşdirmək üçün başqalarını lağa məruz qoyurlar. “Ələsalma epidemiyası” sürətlə bütün cəmiyyətə yayılır, hər kəs onun qurbanına çevrilir.

Bəziləri isə kiməsə hücum etmək üçün yox, məhz özünüqoruma instinkti ilə insanları lağa qoyurlar. “Ən yaxşı müdafiə hücumdur” prinsipi avtomatik işə düşür: “Əgər lağlağının kralı mənəmsə, kim məni hədəf ala bilər ki?”

Başqa bir faktor da var: qrupun uğursuz üzvləri autsayderliyi – kənarda qalmağı həzm edə bilmirlər. Qeybətlə, söz-söhbətlə, “ələsalma və gözdənsalma” kampaniyaları ilə öndə gedənləri qaralayır, öz statuslarını, mövqelərini gücləndirmək istəyirlər. Qrupdakı uğursuzların sayı az olmadığından bu cür adamlar asanlıqla tərəfdaş toplayırlar, onlara dəstək verənlər həmişə tapılır.
Həyatın yükünü azaltmaq üçün bəzən yumor, gülüş faydalı olsa da, həyat komediya deyil.

Lağ mövzusunu bir kənara qoyub yumora, komediyaya nəzər salaq. “Komediyaya niyə bu qədər çox baxırsan?” sualına, adətən, belə cavab verirlər: “Cəmiyyətin çatışmazlıqlarını, dolayısı ilə, özümü görmək üçün. Baxıram ki, ibrət götürəm, özümü düzəldəm”. Amma reallıq ayrı şey deyir: komediya izləyib dərs çıxarmalı olan adamlar tədricən baxdıqları personajlara bənzəyirlər. Proses məzhəkəçilik yarışına çevrilir, səhnədəki obrazlarla həyatdakı insanlar bir-birindən güc alırlar.

Stəndapçılar cəmiyyətdən qidalanırlar, cəmiyyət də stəndapçılardan.

Heç kəs ideal olmadığı üçün insanları qınamaq da, ələ salmaq da çox asandır. Əgər içimizdəki gizli eqoizmdən, narsisizmdən qurtulub özümüzə kənardan baxa bilsək, bəlkə də, hamıdan qabaq məhz özümüzün lağa qoyulmağa “layiq olduğumuzu” görərik.

İllərdir ki, bezib-usanmadan, təkrar-təkrar Cem Yılmaza baxır, sonra da böyük həvəslə, şövqlə onun tərzində insanları ələ salırıq. Lağ etmək, gülmək, əylənmək... Lağ etmək, gülmək, əylənmək... Lağ etmək, gülmək, əylənmək... Yorulmadınız, bəs deyil?..

# 1770 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #