Yaşlılar üçün ölümcül tələ - İnsanları aldadanlar niyə azadlıqdadır?

Yaşlılar üçün ölümcül tələ -  İnsanları aldadanlar niyə azadlıqdadır?
30 iyul 2025
# 12:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir..

Süni intellektin səhiyyəyə tətbiqi bəşəriyyət üçün böyük irəliləyiş hesab olunsa da, bəzi insanlar bu irəliləyişi dələduzluq alətinə çeviriblər. Son vaxtlar sosial şəbəkələrdə süni intellektlə hazırlanmış "möcüzəvi müalicə" videoları geniş yayılıb. Bu videolardakı “həkimlər” əslində, mövcud deyillər. Amma yaşlı insanlar üçün bu "həkimlər" bəzən son ümid olurlar.

Tiktokda bir video var: ağ xalatlı, sakit səslə danışan bir kişi ekrana baxaraq deyir: “Əgər dizləriniz ağrıyırsa, bu məcun sizin üçün əsl şəfa olacaq”. Arxada laboratoriyaya bənzər fon, altda yazılıb: “Professor Dr. Ramiz Ələkbərov – Ortopediya üzrə 30 illik təcrübə”. Əslində isə Azərbaycanda belə bir professor yoxdur. Hətta belə bir adam da yoxdur. O, sadəcə süni intellekt məhsuludur.

Gənclərin çoxu bir videonu izlədikdən sonra onu quqlda axtarır, şübhələnir, dostlarına göstərib məsləhət alır. Amma 70 yaşlı Həsən kişi belə deyil. O, televizordan, qəzetdən gələn tərbiyə ilə böyüyüb. Ekranda görünən ağ xalatlı bir insan onun üçün hələ də ümid yeridir.

78 yaşlı İsmayıl dayı bu videoya inanıb həmin məcunu sifariş edir. Hələ qonşularına da tərifləyir ki, bəs a qızım, bu məcun ölünü də dirildər. Həkim özü deyir. Sən demə, mən neçə il boşuna əzab çəkmişəm”.
Bir ay keçməmiş belində ağrılar daha da kəskinləşir, nəinki sağalır, daha da taqətdən düşür. Axırda da deyir ki, a bala, bu həkim mənim atamı yandırdı”.
Amma artıq gecdir. Nə həkimi tapmaq olur, nə də məhsulu geri qaytarmaq.

Təsəvvür edin, bir adam internetə girir və süni intellektlə video hazırlamağın mümkün olduğu sayta daxil olur. Orada hazır modellər var axı: kişi, qadın, yaşlı, gənc, asiyalı, avropalı... Birini seçir, aşağıdakı qutuya yazır: "Bu dərman prostat vəzinin iltihabını 5 günə aradan qaldırır". Vəssalam. 3 dəqiqəyə yeni bir həkim videosu hazırdır. Fonda da mikroskop, reseptorlar, sinirlər, beyin hüceyrələri... Bütün bu "vizual elmi" səhnələr tamaşaçını inandırmaq üçündür.

Ağstafada bir qadın bel ağrısı üçün belə bir videoda reklam edilən balzamı alır. 85 manat ödəyir. Qutunun içindən nə çıxır? Portağal iyi verən, üzərində heç bir marka olmayan şəffaf bir maye. Qadın onu iki həftə istifadə edir, vəziyyəti daha da ağırlaşır. Axırda yaxınları tərəfindən xəstəxanaya çatdırılır. Bel yırtığı… Sinir zədələnməsi...

Sumqayıtda bir ailə 14 yaşlı qızlarının dəri problemi üçün süni intellektlə hazırlanmış bir “dermatoloq” videosuna inanır. Qızın dərisinə sürtdükləri məlhəm allergik reaksiya doğurur və vəziyyəti ağırlaşır. Dərini sağaltmaq ümidi ilə başlayan yol ciddi yanıq izləri və xəstəxana xərcləri ilə başa çatır.

Bu fırıldaqçılar təkcə pul qazanmır. Onlar insanlara psixoloji təsir eləyir. Videolarda tez-tez bu cümlələr səslənir: "Əgər təsir etmirsə, demək ki, siz gec başlamısınız" və ya "Sadəcə 1 ay dayanmadan istifadə edin! Mütləq şəfa tapacaqsınız". Beləliklə, insanlar aldadıldıqlarını düşünmürlər, əksinə, özlərini günahkar sayırlar. Onlar inanırlar ki, dərman işə yaramayıbsa, bu onların səhvidir.

Bəs şikayətimizi kimə etməliyik?

Polisə?

Səhiyyə Nazirliyinə?

Media platformalarına?

Təəssüf ki, süni intellektlə yaradılmış saxta tibbi məzmunlara qarşı Azərbaycan qanunvericiliyində konkret nəsə yoxdur. Bu boşluqdan istifadə edən fırıldaqçılar sərbəst hərəkət edirlər. Sosial şəbəkələr isə bu videoları silməkdə ya maraqlı deyil, ya da gecikirlər.

Bu problemi yalnız dövlət yox, hər birimiz həll etməliyik. Jurnalistlər araşdırmalı, saxta həkimlərin izinə düşməli, mediamız bu videoların necə və kimlər tərəfindən hazırlandığını açıq şəkildə göstərməlidir. Ailələr isə yaşlı insanları məlumatlandırmalıdırlar.

Ən qorxulusu isə odur ki, bu süni "həkimlər" real həkimlərin etibarını da zədələyir. İnsanlar artıq həkimlərə şübhə ilə yanaşır, hər deyilənə qarşı "bu da pul qazanmaq üçündür" deyə düşünür. Halbuki səhiyyə sisteminin dayağı inamdır. O inam sarsıldıqda insanlar özlərini qeyri-rəsmi, nəzarətsiz "təcrübələrə" təslim edirlər.

Süni intellekt böyük fürsətdir, amma eyni zamanda böyük təhlükə də ola bilər. Əgər biz bu məsələni ciddi qəbul etməsək, sabah bu "avatar həkimlər" təkcə yaşlı insanların yox, cəmiyyətin də onurğasını sındıra bilər. Ona görə də ictimaiyyət, media, hüquq sistemi və ailələr birlikdə çalışmalıdır.

Çünki məsələ texnologiya yox, insan həyatıdır.

# 696 dəfə oxunub

Oxşar xəbərlər

Ulduz falı, Kaşpirovski, Niqmatulinin ölümü – Sovet təhsilinin qaranlıq tərəfi

Ulduz falı, Kaşpirovski, Niqmatulinin ölümü – Sovet təhsilinin qaranlıq tərəfi

18:47 30 iyul 2025
1800 illik su paylayıcı sistem aşkar edildi

1800 illik su paylayıcı sistem aşkar edildi

17:40 30 iyul 2025
Bu dəfə baş rolda eşşək olacaq

Bu dəfə baş rolda eşşək olacaq

17:18 30 iyul 2025
Dişli canavar Labubu necə fenomenə  çevrildi?

Dişli canavar Labubu necə fenomenə çevrildi?

17:00 30 iyul 2025
Ölülərlə Tanrıların görüş yeri:  Arxeoloqlar ən qədim qapını tapdı

Ölülərlə Tanrıların görüş yeri: Arxeoloqlar ən qədim qapını tapdı

16:30 30 iyul 2025
Müğənni həyat yoldaşı tərəfindən qətlə yetirildi

Müğənni həyat yoldaşı tərəfindən qətlə yetirildi

16:09 30 iyul 2025
# # #