Ruhlarla danışdığını iddia edən ustad rejissor - Valideynləri niyə onu alçaldırdı?

Ruhlarla danışdığını iddia edən  ustad rejissor  - Valideynləri niyə onu alçaldırdı?
30 iyul 2025
# 10:00

30 iyul İsveç rejissoru və ssenarist İnqmar Berqmanın anım günüdür.

Kulis.az bu münasibətlə ustad rejissorun həyatı və yaradıcılığı haqqında diqqətçəkən məlumatları təqdim edir.

İnqmar Berqman “Yeddinci möhür” (1957), “Yabanı çiyələklər” (1957), “Səssizlik” (1963), “Persona” (1966), “Fanni və Aleksandr” (1982) kimi kultlaşmış filmləri ilə kino tarixinin ən böyük rejissorlarından biri hesab olunur.

Filmlərində adətən kədərli təklik, varoluş problemləri, ölüm və ruhlar mövzularına qaranlıq və kədərli tərzdə toxunan isveçli rejissorun bu üslubu və kişi-qadın obrazlarının formalaşmasında öz həyatının təsiri böyük olmuşdur.

O, demişdi: “Ümid edirəm ki, heç vaxt dinə inanacaq qədər yaşlanmaram.”

Keşiş olan atasının təsiri Berqmanın inancına əks təsir göstərmişdir və bu, onun uşaqlıqdan ailəsində yaşadığı sərt və çətin münasibətlərin nəticəsi kimi görünür.

Hitçkok kimi o da ailəsi tərəfindən bir uşaq üçün qorxulu ola biləcək cəzalandırma üsullarına məruz qalıb.

Evdə qaydalara əməl etmədiyi zaman, valideynləri günlərlə onunla danışmayıb onu görməzlikdən gəlmiş, altını islatdığı vaxt isə onu gün ərzində qırmızı ətək geyindirməyə məcbur etmişlər. Atası bəzən Berqmana şalvarını çıxarıb onu döydükdən sonra günahlarının bağışlanması üçün əlini öpdürüb.

Berqman 19 yaşına çatanda atasının bu davranışları onun üçün daha da dözülməz hala gəlmiş və aldığı bu şiddətə qarşı o da müqavimət göstərməyə başlayıb. Nəticədə uzun illər atası ilə küsülü qalıb.

Anasına isə həm dərin sevgi, həm də dərin nifrət hissi duyan rejissor bu duyğularını belə ifadə edib:

“Dörd yaşlı ürəyim ona duyduğum it kimi bağlılıqla tükənirdi. Amma münasibətimiz sadə deyildi. Anama olan həddindən artıq bağlılığım onu narahat edir, əsəbiləşdirirdi. Sevgi aclığım və şiddətli partlayışlarım onu qorxudur, narahat edirdi. Çox vaxt soyuq, istehzalı sözlərlə məni öz yanından uzaqlaşdırırdı. Mən isə qəzəb və məyusluqla ağlayırdım.”

Berqman filmlərinin çoxunda ana, ata və uşaq münasibətlərini öz ailəsi üzərindən işləyir və tənqid edirdi. Uşaqlığındakı bu pis izləri hər zaman filmlərinə də gətirib. Bundan əlavə, anasına olan bağlılığını həyatına daxil olan qadınlarda da davam etdirib.

Ömrü boyu beş dəfə evlənib, bu evliliklərdən ümumilikdə səkkiz övladı olub. Lakin ən məşhur münasibəti, filmlərinin ulduzu və ilham qaynağı olan Liv Ullmann ilə olub.

Ullmanna görə, bu münasibətdə o, daha çox Berqmanın anası rolunu oynayırdı. Berqman, həm emosional, həm də psixoloji olaraq Ullmanna eynən anasına bağlandığı kimi bağlanıb.

Berqman yalnız kinoda deyil, gündəlik həyatda da ruhlara böyük əhəmiyyət verib. İsveçdəki evində bir hakim və bir ayaqqabı təmirçisinin ruhlarının yaşadığına inanıb.

Hətta yalnız inanmaqla qalmayıb, bir çox dəfə ruhları, o cümlədən öz anasının ruhunu gördüyünü və onlarla danışdığını da iddia edib.

O, ruhların yarımçıq qalan işlərini tamamlaması üçün ətrafda olduqlarını, özünün də bir gün ruh olacağını və onlara qoşulacağını düşünürdü.

Usta rejissor həyatı boyunca əsərləri ilə doqquz dəfə Oskar mükafatına namizəd olub və “The Virgin Spring” (Mənbə), “Through a Glass Darkly” (Güzgüdəki Kimi) və “Fanni və Aleksandr” filmləri ilə üç dəfə "Ən yaxşı xarici film" nominasiyasında Oskar qazanıb.

Berqman deyirdi: “Bəzi filmlərimi izləyərkən sinirlərim pozulur, elə bil ağlayacağam. Bu, çox qorxunc bir şeydir...”

Filmlərinin qaranlıq və qorxunc atmosferinə baxmayaraq, özü əyləncəli və zərif zövqlərə sahib bir insan idi.

Son illərində İsveçrənin Faro adasındakı evində özəl kinoteatrında “Jurassic Park” və “Pulp Fiction” filmlərini, televiziya proqramlarından isə daim izlədiyi “The Muppet Show” və “Sex and the City”ni izləməkdən böyük zövq alırdı.

“Sex and the City”dəki qadınların hamısının çox gözəl və söyüşcül olması Berqmanı çox əyləndirirdi və serialın demək olar ki, heç bir bölümünü qaçırmayıb.

30 iyul 2007-ci ildə, 89 yaşında vəfat edən İnqmar Berqman ölümündən sonra belə özünəməxsus mövqeyini qoruyaraq vəsiyyət etmişdi: “Evimin və əşyalarımın satılıb əldə edilən gəlirin uşaqlarım arasında bölünməsini istəyirəm. Bu istəklə bağlı emosional reaksiya və müzakirə istəmirəm.”

Bu vəsiyyətinə əsasən, 339 əşyası hərraca çıxarılıb və 1 milyon 750 min avro (18 milyon kron) məbləğində satılıb.

Hərracda çox maraqlı anlar da yaşanıb. Məsələn, bir pərəstişkarı Berqmanın təkcə zibil qutusuna 1000 avro ödəyib.

# 304 dəfə oxunub

Oxşar xəbərlər

Ulduz falı, Kaşpirovski, Niqmatulinin ölümü – Sovet təhsilinin qaranlıq tərəfi

Ulduz falı, Kaşpirovski, Niqmatulinin ölümü – Sovet təhsilinin qaranlıq tərəfi

18:47 30 iyul 2025
1800 illik su paylayıcı sistem aşkar edildi

1800 illik su paylayıcı sistem aşkar edildi

17:40 30 iyul 2025
Bu dəfə baş rolda eşşək olacaq

Bu dəfə baş rolda eşşək olacaq

17:18 30 iyul 2025
Dişli canavar Labubu necə fenomenə  çevrildi?

Dişli canavar Labubu necə fenomenə çevrildi?

17:00 30 iyul 2025
Ölülərlə Tanrıların görüş yeri:  Arxeoloqlar ən qədim qapını tapdı

Ölülərlə Tanrıların görüş yeri: Arxeoloqlar ən qədim qapını tapdı

16:30 30 iyul 2025
Müğənni həyat yoldaşı tərəfindən qətlə yetirildi

Müğənni həyat yoldaşı tərəfindən qətlə yetirildi

16:09 30 iyul 2025
# # #