Əl İdman Sarayının qabağında qarışqa misalı bir topa insan. Küləkli gündə osrkestrlər musiqilər ifa edir, sanki bu günün, kitab gününün himnini çalırlar.
Elə bil kənardan bir rejissor film çəkir. Bütün bu səhnələr filmə düşəcək.
Çantalı məktəbliləri görürəm. Öz aralarında danışırlar:
- Hansı əsəri sevirsən?
- “Təhminə və Zaur”
- Axı o filmdi.
- Əsəri də var da.
Məktəblilərdən başqa da gözümə dəyənlər oldu: selfi çəkdirən qadınlar, ziyalılar, ədəbiyyatçılar, yazıçılar, deputatlar...
Hamı içəri girməyə tələsirdi. Birtəhər özümü aralarına salıb hamıdan tez içəri keçirəm.
Bir-bir stendləri gəzirəm. Aralarında “Book-Zone” kitab şəbəkəsi diqqətimi çəkir. Əlfəcinlərdə dahi şəxsiyyətlərin, aktyorların, yazıçıların fotoları və dedikləri sözlər var.
- Maraqlıdır. Neçəyə satırsınız?
- 70 qəpiyə...
Yanımıza bir qadın yaxınlaşır. Satıcıdan əvvəl qadından soruşuram. Qoy elə bilsin ki, satıcıyam.
- Hansı şairləri, yazıçıları sevirsiniz?
Gülümsünür:
- Nu... – deyəsən, rusdur, ya da rusdilli. Çox güman Çingiz Abdullayevin oxucusudur. – Tolstoy... patom... Sergey Yesenin...
- Bəs bu şəxsiyyətlərdən?
Eynəyini düzəldib əlfəcinlərə baxır. Nitşenin əlfəcininə işarə eləyir. Əlfəcinin üstündə yazılıb: “Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır.”
- Niyə onu seçdiniz?
- Onun fikirləri xoşuma gəlir.
- Siz də yazıçısınızz?
- Yox, jurnalist. – təəccüblənir. – Niyə soruşdunuz ki?
- Yazıçıya bənzəyirsiniz.
Gözəl üzünə təbəssüm qonur:
- Nu... Spasibo...
Türkiyənin “Kafka okur” dərgisi stendlərin birində əlimə keçir. Bu stenddə Kafkanın kitabı, Kafkanın şəkli olan dəftər və stəkan görürəm.
Stenddə dayanmış qadından soruşuram:
- Deyəsən, Kafkanı çox sevirsiniz...
Rəsmi tərzdə cavab verir:
- Bizdə başqa yazıçların da rəsimləri, kitabları var.
Başqa bir stendə yaxınlaşıram. Satıcı oğlan həvəslə kitabları stola düzür. Üzdən Çe Gevaraya bənzəyir.
“Kaspi Nəşriyyatı”nda dayanıram. Fərid Hüseyn, Rəvan Cavid, Xanım Aydın hamısı burdadır.
Birdən adamlar çöldən gələn gurultulu səsə diqqət kəsilir. Hamı ora tələsir. Elə mən də bir də gördüm ki, axın məni ora apardı.
Mədəniyyət naziri Əbülfəs Qarayev açılış edirdi:
“Avesta"dan, "Kitabı-Dədə Qorqud"dan başlayaraq bu günə kimi xalqımız öz ədəbiyyatına böyük qiymət verib. Ədiblərimizin yazdığı əsərlər əsrlərlə yaşayıb, onların üzərindən yeni əsər, filmlər yaranıb. Biz çalışmalıyıq ki, gənclərimizə kitabı sevdirək. Azərbaycanda onlarla nüfuzlu nəşriyyatlar fəaliyyət göstərir. Ölkəmiz bu il Moskvada keçirilən Kitab yarmarkasında Qran-pri qazanıb. Azərbaycan kitabı artıq 6-cı dəfə öz qapılarını xarici qonaqlara açıb. Bu sərgidə Azərbaycandan 80, 22 xarici ölkədən isə 40 nəşriyyat iştirak edir. Bu kitab sərgisi Nəsiminin 650 illiyinə həsr edilib. Azərbaycan mədəniyyəti durmadan inkişaf edir. Bu inkişafı fəxrlə gələcəkdə də davam etdirəcəyik”.
Baş Nazirin müavini Əli Əhmədov da onun sözlərinə dəstək durur:
“Bu gün Azərbaycan böyük intellektual sərvəti olan cəmiyyətdir. İnsan kapitalının inkişafını kitabsız təsəvvür etmək mümkün deyil. Bu sərginin Azərbaycanda 6-cı dəfə keçirilməsi ölkəmizin kitaba verdiyi dəyərdir. Sonda hamınızı təbrik edirəm və övladlarınızda kitab sevgisini artırmaq üçün səylərinizi gücləndirməyə dəvət edirəm”.
Rəsmi hissə bitən kimi adamlar yenidən içəri hücuma keçirlər. Bu dəfə də onları qabaqlayıram. Gərək hər yerə birinci özüm çatam.
Rəşad Məcid kitabının təqdimatımı keçirdir. “Qələmsiz yazılanlar”ı bir-bir imzalayır.
- Rəşad müəllim, kitabın qiyməti neçəyədi?
- 5 manatdı, amma sənə bağışlayacam.
- Vaqif Bəhmanlı pulsuz paylayır kitabları. Siz niyə oxuculara hədiyyə etmirsiniz?
- Mən istəyirəm ki, oxucu kitaba pul xərcləsin. Bu mədəniyyət formalaşsın.
Xalq şairi Sabir Rüstəmxanlı görünür. Rəşad Məcid onu səsləyir:
- Gəl keç, kitab sat.
Gülüşmə düşür. Sabir müəllim elə bil satıcı təklifinə razılaşır, ağır-ağır kitab stendlərinin qabağına keçir, diqqətlə kitablara nəzər salır. Elə bil bu dəqiqə qollarını çırmalayıb Rəşad müəllimin kitablarını satacaqdı. Heç belə iş olar? O boyda Xalq şairi indi durub AYB katibinin kitabını satsın?
Ümumiyyətlə, Rəşad müəllimin olduğu stend əyləncəvi idi. Zarafatlar havada uçuşurdu. Hələ içmək üçün şərab da qoymuşdular. Arada gəlib gedənlər şərabdan bir qurtum alırdılar.
Bu dəm bir kişi Rəşad Məcidin qabağında peyda olur.
- Sən hardan çıxdın? Kitab almağa gəlmisən? – Rəşad Məcid soruşur. Deyəsən, tanışdılar.
- Hə.
- Neçəsini alacaqsan?
- 20-sini.
Ağ baş kişi cibindən 100 manat çıxarır.
- Ə, sən o 100 manatı ver. Bir kitab götür.
Rəşad Məcid arxayın-arxayın yüz manatı cibinə qoyub kütləyə səslənir:
- Bir, bir gəlin.
Kiminsə replikası eşidilir:
- 100 manata kitab satdınız da tay. Nə istəyirsiniz?
Rəşad Məcid xoşbəxtcəsinə gülümsünür. Ətrafında xanım oxucular, 100 manata kitab satmaq, şərab. Bundan ötə xoşbəxtlik varmı?
Artıq rahat dolaşmaq mümkünsüzdür. İçərisi dolub-daşır. Tanış üzlər, yazıçılar gəlməyə başlayır. Aqil Abbas, Mübariz Örən, Azad Yaşar, Qismət və digərləri.
- Qismət, necədi?
Əllini yelləyir.
- Sən İstanbulda fuarları görən adamsan, bəyənməzsən təbii. – mənim yersiz zarafatım.
Alatoran yayınları boşdur. Kədərlidir. Bəlkə gecikiblər? Bəlkə başında duran adam siqaretə çıxıb?
Azad Yaşara soruşuram.
- Rasim müəllim stendi tək qoyub hara gedib?
- Bayaq gördüm, gəzirdi orda... – gülümsəyir Azad Yaşar.
Şair ki şair. Stendi boş qoyub gəzməyə çıxıb. Bəlkə də bir şeirin axtarışına çıxıb.
Ömər Xəyyamı görürəm bu ara. O rübai yazan Ömər Xəyyamı demirəm. Bizim Ömər Xəyyamı.
- Sən neynirsən burda? – guya təəccüblənirəm.
- Bizim də stendimiz var da...
- Bu nə vid-fasondu? Elə bil turistsən...
Yorğun-yorğun gülümsünür...
Xarici nəşriyyatlar olan bölmələrə keçirəm. Kolumbiyadan, Kubadan, ABŞ-dan, Rusiyadan, Türkiyədən nəşriyyatlar burdadı. Kolumbiya stendindən kofe qoxusu yayılır...
- Kolumbiya deyəndə iki şey yada düşür.
- Nə? - deyə stenddəki xanımın yaddaşlara iz salacaq təbəssümü işarır.
- Markez və kofe.
Təbəssümün işartısı daha da artır.
- Kofe istəmirsiniz?
Kofedən bir qurtum içib özümü bir anlıq Markezə oxşadıram. Yanımdan gəlib keçənlər də olsun, mənim oxucularım. Nə qədər də çoxdular, İlahi!!!
Kuba səfirliyinin stendindəyik. Burda da üzündə təbəssüm gəzdirən xanım və bəy var.
- Fidel Kastro və siqar?
- Hə, əlbəttə.
Gülüşmə...
Aqil Abbasla rastlaşıram. Köhnənin dostları kimi hal-əhval tuturuq.
- Aqil müəllim, hansı kitabları almısınız?
- Qismətin, Bircənin kitablarını...
- Çox alardınız da
- Alacam yenə. Gəzim görüm nə var.
Xan Nəşriyyatının qabağı da adamla doludur. Ha and-aman edirəm ki, içəri keçim, alınmır. Pudralı qadınların əlindən ayaq ata bilmirəm.
Təzədən yol məni gətirib çıxarır Rəşad Məcidin stendinə. Rəşad müəllim artıq 200 kitab satıb. Stula yayxanıb ləzzətlə şərab içir.
- Müəllim, kitabların şərəfinə içirsiniz?
- Yox, burda şərabları da reklam edirlər.
- Kitablarınız tez satıldı.
- Hələ yenə gəlir.
- Bu dəfə də satılsa qonaqlıq verərsiniz hamıya...
Gülüşmə...
- Keçən ilki tədbirə baxanda bugünkü açılışda daha çox insan var. Deməli, kitaba maraq az da olsa artıb.
Bu gün ən çox eşitdiyim cümlələrdən idi...
Mən kitabın gələcəyi haqqında düşüncələrə dalarkən qəfil Əbülfəs Qarayevlə toqquşacaqdıq. Şükür, yan ötdük. Elə bu fürsətdən istifadə edib nazirdən soruşuram:
- Müəllim, hansı yazıçını sevirsiniz?
- Çingiz Abdullayev... – deyib tələsik izdihamın içindən yoxa çıxır. Adamlar onun cümlələrini öz içinə çəkir elə bil.
Elə mən də izdihamın içinə girib yox oluram...