Ədəbiyyatımızda işıqlı azərbaycanlı niyə yoxdur? – Aqşin Yenisey yazır...  

Ədəbiyyatımızda işıqlı azərbaycanlı niyə yoxdur? – <span style="color:red;">Aqşin Yenisey yazır...   
15 mart 2019
# 15:30

Kulis.az “Mirzə Cəlil polemikası”na qoşulan Aqşin Yeniseyin “Doğrudanmı, yolumuzu maarifçilik hərəkatı kəsdi?” yazısını təqdim edir.

Yazıya Kant kimi “Maarifçilik nədir?” deyə bizi tarixin üfüqlərinə aparacaq bir sualla başlamaq fikrim yoxdur. “Google” bu cür sualların cavabları və müəllifləri ilə doludur. Mənim sualım belədir: “Həqiqətənmi, maarifçilik digər xalqlardan fərqli olaraq, bizim yolumuzu kəsdi, irəli getməyə qoymadı?”

Yazını kiminləsə polemikaya girəcək tezislər əsasında yazmaq fikrində də deyiləm. Səbəbini dərhal Milan Kunderanın sözləri ilə izah edirəm; Funksionallığını itirmiş həqiqətlərə baş qoşmağı axmaqlıq adlandıran Kundera fransız intellektualları haqqında yazır:

“Bir kitab uğurlu olacaqsa, müəllifindən ağıllı olmağa məhkumdur. Bu səbəbdən fransız intellektuallarının romanları şikəstdir. Çünki onlar öz romanlarından daha ağıllıdırlar”.

Mən də özü kitabından, yazısından ağıllı olan müasirlərimlə ağız-ağıza vermək istəmirəm ki, fikirləri haqqında deyəcəyim hər sözü şəxslərinə götürməyəcəklərindən əmin deyiləm.

“Bir, iki, üç...” deyib başlayaq. Doğrudanmı, Azərbaycanda maarifçilik hərəkatı olmasaydı və neqativ narrativlərimizi açıb-ağartmasaydı, biz indi ən azı, toplum olaraq yaratdığımız süni zəkanı müzakirə edəcəkdik? Ümumiyyətlə, adı tənqidi realizm olan bir sənət axınından burjua ədası ilə xalq mədhiyyəçiliyi tələb etmək nə qədər doğru yanaşmadır?

Hər hansı xalqın keçmişini birüzlü foto kimi təsəvvür etmək, zənnimcə, intellektual yox, siyasi, ideoloji yanaşmadır. Xalqın həyatının əks olunduğu fotonun arxası ağ deyil, tam əksinə, xalqın xəbəri olmadan çəkilən təsviri məhz o arxa tərəfdədir. Siyasətçilər və ideoloqlar öz maraqları xətrinə, adətən, heç vaxt bu fotonun arxa tərəfinə müraciət etmirlər. Onlara bu fotoda xalqın qüsurlarının gizlədildiyi, əzəmətinin və gözəlliyinin sərgiləndiyi makiyaj olunmuş üzü lazımdır. Öz xalqına “aşiq olmaq” siyasi kələkbazlıqdır, tarixin heç bir dönəmində sənətin belə bir dərdi olmayıb. Xalqlar da insanlar kimi daha çox xoşbəxt anlarının əks olunduğu təsvirlərin yaddaşlarda qalmasını istəyirlər; buna görə də hər bir xalq öz tarixini həm də uydurmağa can atır, onu miflərlə, utopiyalarla, əfsanələrlə bəzəyir. Bu fotonun görünən üzü xalqın tarixidir, arxa tərəfində isə onun taleyi əks olunub. Xalqın tarixini siyasətçilər, ideoloqlar yaddaşlara köçürdükləri kimi, onun taleyini də sənət adamları, filosoflar əbədiləşdirirlər. Azərbaycan maarifçiləri bu işi görüblər. Sənət xalqın tarixini deyil, taleyini əbədiləşdirməyə məhkumdur. Belə olmasaydı fransızların dünya ağalığına can atdığı, fransız tarixinin qələbələrlə dolu olduğu bir dövrdə Hüqonun öz xalqının həyatından yazdığı nəhəng romanının adı “Səfillər” olmazdı.

Xalis sənət bu gün də eyni işi görür, bu gün də heç bir Azərbaycan yazıçısının, aydınının yazılarında – içi antimaarifçilər qarışıq – günümüzün reallıqlarından götürülmüş, yunan allahı Helios kimi işıq saçan bir azərbaycanlı obrazı yoxdur. Əksinə, bu gün Mirzə Cəlili plagiatlıqda suçlayan Həmid Herisçinin Azərbaycan xalqı haqqında yazdığı “Nekroloq” romanı elə Mirzə Cəlilin “Ölülər” pyesinin məntiqi davamıdır.

Plagiatlığa gəlincə, maarifçilik ictimai hərəkat idi, bəlli prinsipləri vardı, onlardan biri də monarxiyanı ilahi iyerarxiyanın kölgəsi kimi görən dini sarsıtmaq idi. Fransada burbonlara qarşı başladı, sonra Prussiyaya və digər Avropa ölkələrinə sıçradı. Hərəkat olduğu üçün maarifçilərin bir-birindən təsirlənməsi, eyni mövzunu və fikri bölüşməsi şərt idi, digər hərəkat və cərəyanlarda olduğu kimi. Ona görə də bu gün "Mirzə Cəlil filan mövzunu hansısa maarifçidən əkişdirib" demək, məsələn, Lenini kommunizmi Marksdan oğurlamaqda suçlamaq, yaxud Dostoyevskini Dikkensi təqlid etməkdə günahlandırmaq kimi əqli bikarlıqdır.

Borxes özünün dünyaca məşhur hekayələrində Buenos-Ayresin əlibıçaqlı, sərxoş “məhləuşaqlarından” yazır, yaxud Salman Rüşdinin onlarla dilə çevrilmiş “Gecəyarısı uşaqları”nı xatırlayın; yazıçı hind və paki xalqlarının 1950-60-cı illərdəki azadlıq mübarizəsini necə aşağılayıcı bir üslubla ələ salır. Qonşumuz “urus” Pelevin “Üst dünyanın qavalı” hekayəsində rus qızlarının Tundraya gedib ölmüş alman pilotlarını diriltmək, onlara ərə getmək, qadın xoşbəxtliyini alman meyitlərində axtarmaq ümidini elə canlı təsvir edir ki, sanki, Rusiyada bütün kişilər qırılıb qurtarıb. Bu kimi yüzlərlə müasir yazıçıdan sitat gətirmək olar. Niyə belədir? Çünki Varqas Lyosanın sözləri ilə desək, “ədəbiyyat tarazlıq yaradan reallıqdır”. Azərbaycan maarifçiləri bu tarazlığı yaradırdılar.

Həyatı doqmalaşmağa qoymamaq, onun canlılığını mühafizə etmək, mütləqləşən hər şeyə müxalif olmaq - ədəbiyyatın, sənətin işinin adı budur. Maarifçiləri “məhləmizi biabır eləyib” deyə dəyərləndirmək intellektual yanaşma deyil. Bu, ona bəzəyir ki, karikatura insanı əyri-üyrü çəkir deyə biz ondan bir yaradıcılıq növü kimi öz ölkəmizdə imtina edirik. Əgər Əhməd bəy Ağaoğlu millətçi-türkçü zəkasının ideoloji obyektivini xalqın tarixi simasına tuşlamışdısa, Mirzə Cəlil özünün ağ-qara realizmi ilə onun taleyini yaddaşlara köçürürdü və bu iki mövqe Azərbaycan xalqının ictimai-tarixi şüurunun bütövlüyünə, tarazlığına xidmət edirdi. Bu ikisindən birinin olmaması bizim milli şüurumuzun şikəstliyinə səbəb olardı. Məsələn, alayarımçıq maarifçilikdən sonrakı Azərbaycan sovet ədəbiyyatında bunlardan biri olmadığına görə ictimai şüurunu yara-xora basmış bir cəmiyyət miras aldıq onlardan.

Gəldik ən vacib suala; bu gün maarifçiliyə ehtiyac varmı?

Əgər XXI əsrin ilk illərində peyğəmbərdən yazdığına görə Rafiq Tağı adlı yazıçımız gözümüzün qabağında öldürülməyibsə və bu aqibətdən qorxan aydınlarımızın yarısı susmayıb, yarısı qaçıb ölkədən pərən-pərən düşməyibsə, əgər yüz əlli il əvvəl qanunlara deyil, qoçulara güvəndiyi kimi xalq bu gün də qanunları pozmağı qəhrəmanlıq sayıb, kriminal avtoritetlərə pərəstiş etmirsə, əgər xalq yüz əlli il əvvəl olduğu kimi öz gələcəyinin boğazından kəsib ərəbin keçmişini qorumağa eyni şövqlə pul xərcləmirsə, əgər yüz əlli il əvvəl olduğu kimi xalq məktəbə getməsin deyə uşaqlarını ot tayasında gizlədiyi kimi, bu gün də uşaqlarının oxumaması üçün müəllimə “şirinlik” vermirsə, əgər bu gün də yüz əlli il əvvəl olduğu kimi ölkə aydınları Kefli İsgəndər kimi “içki düşkünü” damğası ilə ləkələnib lənətlənmirsə, əlbəttə, maarifçi düşüncəyə aramızda yer yoxdur: “Cəhənnəm olsun Paris də, onun maarifçi “gözəlləri” də!”

Mirzə Cəlilin hekayələri redaktə olunmalıdır – Şəhriyar del Gerani yazır...

Mirzə Cəlildən can qurtarmağın yolu

Aqil Abbas Mirzə Cəlili müdafiə etdi: “Şəhriyar gedib şeirini yazsın!”

Mirzə Cəlili redaktə etmək olmaz! – Səfər Alışarlı yazır...

“Aləmi özünüzə güldürməyin!” – Mirzə Cəlil Polemikası

Mirzə Cəlil məqamı

Xəstəliyə çevrilən Mirzə Cəlil maarifçiliyi – Aliyə yazır...

İradə Musayeva: “Yeni müəlliflər Mirzə Cəlildən qurtula bilmədi” – MÜSAHİBƏ

# 4056 dəfə oxunub

Oxşar xəbərlər

Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
Bu sənətçilərin fəxri adları əllərindən alındı

Bu sənətçilərin fəxri adları əllərindən alındı

10:38 23 noyabr 2024
# # #