Mirzə Cəlili redaktə etmək olmaz!

Mirzə Cəlili redaktə etmək olmaz!
15 mart 2019
# 16:56

Mirzə Cəlil böyük yazıçıdır. Onu redaktə etmək olmaz. Sadəcə, olmaz, vəssalam! Ümumiyyətlə, heç bir yazıçını redaktə etmək olmaz. Əgər yazıçı əsərinin çapından yüz il yox, bircə saat sonra da ideoloji redaktəyə yatırsa, o, yazıçı deyil. 90-nın ortalarında latın qrafikasına keçiriləndə Azərbaycanın hansı yazıçılarının, xüsusilə erməni-rus məsələlərində necə redaktə olunduğunu mən görmüşəm. Bağışlayın, Mirzə Cəlil onlardan deyil. Ən azı, o mistik həqiqətə görə ki, əlyazmalar yanmır. Yandırılması lazım olan bütün əlyazmalarını sovet hökumətinin neft paytaxtında Mirzə Cəlil soyuq evini qızdırmaq üçün özü yandırıb. Özündən qat-qat səviyyəsiz, üzü arxasından qırmızı adamların qarşısında ermənilik etmədiyinə görə acından ölməyi üstün tutub o saxta gurultu və zırıltılarla dolu 1932-ci ildə. Mirzə Cəlil öldü, ancaq özünü, eləcə də əsərlərini redaktə etmək imkanını bu dünyada heç kimə vermədi.


Bəli, erməni uşağı gəlib məktubu atır poçt qutusuna və rahatca çıxıb gedir, Novruzəli ata bilmir. Bəli, Usta Zeynal erməni küpəsində gətirilmiş su ilə gəc qarışdırdığına görə özünü murdarlanmış sayır və işi yarımçıq atıb çıxıb gedir. Bəli, Qurbanəli bəy alkaş rus yığınağına deyir ki, mən sizin ayağınızın heç tozu da ola bilmərəm. Bəli, “Ölülər”də farsa, ərəbə obraz reveransları var və s. İndi bütün bunlar Mirzə Cəlilin yaradıcılığından çıxarılıb atılmalı və ora həmin millətləri aşağılayan əvəzləmələrlə doldurulmalıdı? Bu nə məntiqdir? Onda biz Cəfər Cabbarlının, Səməd Vurğunun və bütün Azərbaycan sovet ədəbiyyatının, yumşaq desək, redaktəsini kimə tapşıraq? İndi götürsün Amerika Folkneri redaktə eləsin ki, o, vətəndaş müharibəsində zənciləri daha çox ziyançəkmiş tərəf kimi göstərir? Ya Napoleonla müharibəyə qalxmış dövlətin baş sarayında bir sıra danışıqları fransızca verdiyinə görə Tolstoyu, eləcə də hər zülmə müticəsinə dözdüyünə görə rus xalqının ünvanına dişinin dibindən qopanı deyən Puşkini, Qoqolu, Dostoyevskini, Saltıkov-Şedrini redaktə eləsinlər? Ümumiyyətlə, dünyada islah və tərəqqi naminə öz xalqının, millətinin qüsurlarını tənqid etməyən ciddi bir yazıçı adı çəkmək mümkündürmü?


Guya ermənilər Novruzəlinin avamlığını bizə qüsur tutublar nə vaxtsa. Guya xırdaca erməni gədəsi poçt qutusunun qarşısında bizim ağsaqqalımızdan ağıllı və qabiliyyətli görünür. Ha-ha! Bunlar boş söhbətlərdir. Görmək istərdim, hansı erməni, harada bizim o qüsurumuzu milli biveclik və ya milli natamamlıq kompleksinin təzahürü kimi vurğulayıb! Sitat və fakt varmı? Hətta bu olubsa belə, biz nə vaxta qədər bütün saatlarımızı bu xəstə millətin ağzına baxa-baxa qurmalıyıq? Bu fikrə düşməyin özü elə XXI əsr Azərbaycan intelligentinin Novruzəli səviyyəsi deyilmi?


Mirzə Cəlilin plagiatda günahlandırıldığını oxumaq isə daha gülüncdür. Məsələn, dünya ədəbiyyatından azacıq başı çıxan hər bir adam ilk təəssüratdan əlini ürəyinin üstünə qoyub rahatca deyə bilər ki, “Romeo və Cülyetta” plagiatdır, yəni Şekspir bizim “Xosrov və Şirin” dastanımızı götürüb ingilis dilində təzədən yazaraq öz əsəri kimi Avropa oxucusuna təqdim edib. İngilislər bu aşkar məsələni ört-basdır eləmək üçün belə deyirlər ki, Şekspirin adı naməlum başqa müəlliflərlə müştərək yazdığı pyeslər də var. Amma “Kral Lir”, “Hamlet” və otuzdan çox ölməz pyesi var Şekspirin. "Plagiat" sözü bu dahi dramaturqun heç yeddi ağaclığına da yaxım düşə bilmir. Dünya ədəbiyyatında səfil süjetlərdən başqa bir də müəllif təsirlənmələri və ədəbi ideyanın milli zəminə gətirilməsi var: tutaq ki, Molyerin Qarpaqon və Axundovun Hacı Qara obrazları xəsislik rəmzləridir. Deyə bilərikmi Hacı Qara plagiatdır. Yox, əlbəttə. Qarpaqon Molyerə gəlib çatınca qədim yunan və Roma ədəbiyyatlarından uzun bir yol keçib. Plagiat, əslində, bir ədəbi cinayət əməli kimi təfsir edilsə, mütləq onun dərəcələri müəyyənləşdirilməlidir. Məsələn, Bodenştdet və Mirzə Şəfi məsələsində olduğui kimi.


Həmin poçt qutusu və məktubla bağlı olan çox məşhur "На деревню дедушке" zərb məsəlini yaratmış Çexov “Vanka” hekayəsini 1880-cı illərdə də yazıb. Mirzə Cəlil “Poçt qutusu”nu ilk dəfə 1903-cü ildə Tiflisdə Məhəmməd ağa Şahtaxtinskiyə çayxanada oxuyub. Hər iki hekayədə ideya kəndli avamlığıdır: birində usta yanına şagird verilmiş, evdən uzaqda yaşamaq məcburiyyətində qalan 9 yaşlı Vankanın, o birində onun dədəsi yaşda olan Novruzəlinin timsalında. Ancaq Vanka da həmin o erməni uşağı kimi məktubu qutuya ata bilir, çünki əvvəlcədən oradakı adamlardan bunu soruşub öyrənmişdi. Bilmədiyini soruşub öyrənmək fərdi məsələdən çox ictimai mədəniyyət məsələsidir, cəmiyyət bunu qəbul edə bilməlidir. Vankanın cəmiyyətindəki bir çox murdarlıqlara baxmayaraq, bu mədəniyyət var. Vankanın bədbəxtliyi adresin nə olduğunu bilməməkdədi. Bizim itqapanlı Novruzəlinin isə bunların heç biri haqqında anlayışı yoxdur, çünki ömründə heç kimdən məktub almayıb, bəlkə də bütün İtqapan kəndində heç kim o vaxtadək "məktub" deyilən şeyin üzünü görməyib. Mən vaxtilə “Kasıb” hekayəsi yazmışdım, gərək ki, birinci kitabımda var. Orada kəndli ata həmin hekayəni ucadan oxuyan oğluna qulaq asıb deyirdi ki, Novruzəli kasıb deyil, gör xana nə qədər sovqat gətirib: un, bal, yumurta, toyuq-cücə, hələ, deyəsən, yağ da var! Orada ideya bundan ibarətdir ki, kasıb Novruzəli deyil, o kişidir. Bu, “Vanka” hekayəsinin yazılmasından düz 100 il sonra olan söhbətdir, necə deyərlər.


Bəli, Novruzəli kasıb deyil, çünki o, torpaqda işləyib öz ruzisini qazanır, hətta ondan xana da pay aparır. O işlərdə Novruzəli öz səriştəsi, biliyi, bacarığı və qoçaqlığı ilə kimin desən, anasını ağlar qoyar. Ancaq bu bədbəxt dövlətə, dövlətçiliyə aid olan işlərdə məğmundur, çünki bu dövlətin ona fayda baxımından heç bir dəxli-dəlaləti yoxdur. Bu, onun dövləti, onun hökuməti deyil, onu daha yaxşı istismar etmək üçün onun torpağında qurulmuş 50 yaşlı yadelli erməni, rus hökumətidir. Ona görə Novruzəli ictimai proqres baxımından avamdır, o, qəsdən də olmasa, felən bu bəşəri proqresdən kənarda saxlanılıb. Burada qeyri-adi nə var ki?! Bu, Qafqazda çar üsul-idarəçiliyinə, işğalçı rus hökumətinə çox dərin və böyük məzmunlu ictimai-siyasi İTTİHAMDIR. Erməninin məsələyə nə dəxli?! Əslində, erməni bəhanəsilə hücum Mirzə Cəlilə deyil, yel qayadan nə apara bilər ki?! Nə deyilib orada erməni ilə bağlı? Buyurun: "...Aha, gördüm ki, bir erməni uşağı, olardı bax bu boyda, olardı on iki-on üç yaşında, gəldi, getdi düz qutunun yanına, qapağını qalxızdı və sən mənə verdiyin kağız kimi bir kağız saldı qutuya, qapağını örtdü, düz qoydu getdi işinə. Nə qədər o nainsafı çağırdım soruşum ki, desin görək bəs kağızı qutuda qoyub hara gedir, bilmirəm dilimi anlamadı, nədi ki, heç cavab vermədi; heç zalım oğlu üzümə də baxmadı". Buna görə hekayəni dərslikdən çıxarmaq, məncə, yanlış addımdır. Düşünmək olar ki, Mirzə Cəlilə qarşı belə hücumların arxasında gündəmlə bağlı başqa məsələlər durur.


Nəyə görə bunlara toxunmaq, yəni Mirzə Cəlili redaktə etmək olmaz? Çünki bu XIX-XX-XXI əsr Azərbaycan ədəbiyyatında yeganə nəhəngdir ki, müstəmləkə zülmü altında inləyən kobud, köntöy, heç bir mədəni çərçivə tanımayan kölə toplumun real həyat həqiqətlərini bədii təsvir vasitələri ilə ifadə edib, onu böyük ədəbiyyatın halalca malına çevirə bilmişdi. Bunu yalnız dövrünə görə savadlı, fitrətinə görə son dərəcə istedadlı və VƏTƏNPƏRVƏR bir adam eləyə bilərdi. “Molla Nəsrəddin” jurnalı nəşr olunanda da hökumət, senzura, zəngin, kasıb, molla, şilləvuran, üzəduran, polis-molis varıydı bu məmləkətdə. O təpkilərin bircəciyini bizə göstərsəydilər, Allah bilir, nə edərdik!


Mirzə Cəlil böyük yazıçıdır, onu heç bir regional, heç bir milli çərçivə ilə məhdudlaşdırmaq olmaz. Onun bədii yaradıcılığı böyük ümumbəşəri dəyərlərin daşıcısıdır.

# 4418 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #