Kulis.Az azərbaycanlılarının batil inanclarını təqdim edir.
Qarşımıza qara pişik çıxanda yolumuzu dəyişirik – bu cür inancların çoxunda məntiq olmur. Misal üçün, niyə pişik? Niyə qara rəngdə? Peyğəmbərin ən sevimli heyvanı niyə burda uğursuzluq rəmzi olur? Bəlkə də hansısa əhvalatla bağlıdır bu inanc, lakin biz o əhvalatı unudub quruca inancı saxlamışıq.
Qəbri barmaqla göstərmək olmaz – bəzi bölgələrdə karıxıb barmağını qəbirə uzadan adam, onu dişləyib ayağı ilə iki-üç dəfə yavaşdan tapdalayır.
Gecə pul verməzlər – yəqin bu xəsis adamların uydurmasıdır.
Gecə evi süpürməzlər – bunu da yüz faiz tənbəl adamlar tapıb. Gecədir deyə zibilin içində yatmalıyıq? Görən tozsorandan istifadə etmək də günahdır?
Bəy öz toyunda oynayanda ucuzluq olur – bu pozitiv inancdır. Ziyanı yoxdur. Oynasın, amma çox həddini aşmasın. Çünki qabaqda daha vacib işlər var.
Qazan dibi yeyənin toyunda yağış yağır – hardan hara? Qazanın dibi ilə, göyün ərşi-əlasını biri-birinə belə bağlamaq üçün dünya boyda təxəyyülün olmalıdır. Maşallah! Yaxşı pul verələr, adam qazan dibi yeyib, toyunu quraqlıq ölkələrdə edər.
Paltarı tərs geysək, işimiz tərs gedər – burda məntiq də var, hardasa. Elə işin ən böyük tərsliyi paltarı tərs geyməkdir. Baxıb gülənlər, lağa qoyanlar, biləndən sonrakı pərtlik. Amma bunu dahilik əlaməti sayanlar da var.
Boşqabın dibini sıyıranın sevgilisi gözəl olar – bunu çox bic adamlar icad edib. Özü də qadın olub həmin adam. Süfrənin bulaşıqlarını da yumaq ona həvalə olunurmuş. Yaxşı fənd tapıb.
Süfrə üstünə çıxırsansa qayınana səni çox istəyər – inanmayın! Provakasiyaya getməyin! Qayınana adamı heç vaxt çox istəməz. İllah da gəlini. Kürəkəni birtəhər əsaslandırmaq olar. O da yeməyin üstünə çıxdığına görə yox, vəzifəli, pullu olduğuna görə.
Çörəyi tərsinə qoymazlar – etiraf edək ki, hamımız süfrədə tərsinə çörək görəndə narahat oluruq və özümüzdən asılı olmadan əl atıb düzəldirik. Ona görə də həmişə yuxa yeyin. Çevirməyə ehtiyac yoxdur, kolorisi də azdır.
Qaşıq düşəndə qonaq gələr – belə də olmaz də. Qaşıq düşür bir dilxorçuluq, qonaq gəlir iki dilxorçuluq. Heç olmasa, qaşıq düşdü, qonaq gəlməyəcək deyək.
Göz dəyməsin deyə yanbız qaşımaq – bu lap ağ eləməkdir. Mücərrəd inanca qarşı gerçək jest! Ədəbsizlik! Səviyyəsizlik! Əgər, bu inancları nə vaxtsa unutmaq barədə düşünsək, birinci bundan başlamalıyıq.
Uşağın qorxusunu almaq üçün yastığının altına bıçaq qoyurlar – möhtəşəm mistika! Görəsən, bıçaqla qorxmağı biri-birinə necə bağlamaq olar? Bu, Obama ilə Aşıq Yadigarı qohum çıxarmaq qədər çətindir.
Qırxı çıxmamış uşağın üstünə getməzlər – burda məsələ bıçaq və qorxu qədər absurd deyil. Bu, Obamanın qohumunu Afrikaya yaxın ölkələrdə axtarmaqdır. Yəni, hardasa, necəsə mümkündür.
Sağ əlin qaşınanda pul gələcək – kasıbların nağılıdır, təbii ki. Qoy inansınlar, amma qaşınmaya ümid olub iş-gücdən qalmasınlar.
Tək səbir – bəziləri cüt səbrə uğursuzluq rəmzi kimi baxır. Deyilənə görə, Tanrı Adəmə can verəndə, o, asqıraraq ayağa qalxıb. Asqırmaqda mistika axtarmaq ənənəsi burdan gəlir, yəqin. Sağlam olun!
Hıçqırırsansa, oğurluq loxma yemisən – baaa!!! Lap sosial məzmun var bu inancda. Oğurluq loxmaya qalsa dünyanı hıçqırtı bürüyərdi.
Qulaq cingildəyəndə kimsə dalınca danışır – vecinizə almayın. Qeybətinizi edirlərsə, ciddi adamsınız.
Adamın üstünə əsnəmək – məcazi mənası bir yana, ədəbsizlikdir. Əsnəyəndə ağzımızı mümkün qədər az açaq, səs çıxarmayaq və əlimizi ağzımıza tutaq. O zaman, kimsə əsnəyib üstünə ağırlıq tökdüyümüzü də fikirləşməz.
Güzgü qırılanda uğursuzluq gətirir – güzgü qırılanda kədərlənir adam. Bu real hisdir. Yəqin uğursuzluq məsələsi də bu hisdən yaranıb. Çalışaq, güzgümüz qırılmasın.
Ocağa su tökməzlər – meşədə kabab bişirəndən sonra da? İnanmayın. Pikniklərdə ocağınızı söndürmədən getməyin. Yanğının verə biləcəyi real zərər hər cür batil inancdan daha gerçək və daha təhlükəlidir.