Kulis.az gənc yazıçı Ayxan Ayvazın məşhur yazıçı Marsel Prustun suallarına verdiyi cavabları təqdim edir.
- Sizi ən çox nə həyəcanlandıra bilər?
- Qatar səsi məni çox həyəcanlandırır. Hər dəfə qatar səsi eşidəndə ürəyimin yerindən çıxacağını düşünürəm. Bir də sevişmədən öncə bu həyəcan baş verir. (gülür)
- Harada yaşamaq istərdiniz?
- İtaliya. Ən sevdiyim ölkədi. Filmi Antonioniyə, futbolu Tottiyə görə sevmişəm. Mənə elə gəlir ki, İtaliyanın üzərindəki səma da sənət əsəridir.
- Yaşaya biləcəyiniz ən xoşbəxt an hansıdır?
- Yazdığım anlar. O anları dünyanın heç bir həzzinə dəyişmərəm.
- Hansı səhvləri gülərüzlə qarşılaya bilərsiniz?
- O səhvləri ki, onları mən edəndə qarşımdakı da gülümsəyə bilsin.
- Ən sevdiyiniz kişi obrazı hansıdır?
- Kişilər çox mənasızdır. Kaş qadın doğulardım. (gülür.)
- Ən sevdiyiniz qadın obrazı hansıdır?
- Çoxdur. Esmeralda, Anna Karenina, Nastasiyya Flippovna, Fosforlu Cevriyə…
- Qəhrəmanınız kimdir?
- Bacım.
- Real həyatdakı sevimli qadın qəhrəmanınız kimdir?
- Sevdiyim qadın.
- Ən sevdiyiniz rəssam kimdir?
- Van Qoq.
- Ən sevdiyiniz musiqiçi kimdir?
- Motsart
- Kişidə ən sevdiyiniz xüsusiyyət hansıdır?
- Mərdlik
- Qadında ən sevdiyiniz xüsusiyyət hansıdır?
- Dözümlülük
- Ən sevdiyiniz məziyyət hansıdır?
- Heç vaxt ümiddən düşmədim.
- Sizi ən çox xoşbəxt edən iş nədir?
- Yazmaq və oxumaq
- Kimin yerində olmaq istərdiniz?
- Öz yerim yaxşıdır.
- Dostlarınızda hansı xüsusiyyətlərin olmağını istərdiniz?
- Sadiqlik. Necə ki sadiq olur ağaclar bitdiyi yerə.
- Ən başlıca çatışmazlığınız nədir?
- Dəxlisiz yerə mübahisə eləməyim. Çox mənasız oluram onda. Dirəşmək sevmədiyim şeydir, amma hərdən özüm də edirəm. Bu Don Kixotun yel dəyirmanı ilə döyüşməsindən də axmaq işdir.
- Pis cəhətiniz nədir?
- Hansını deyim? Birdimi, beşdimi? Amma özüm deməyim, onu başqaları desin. Mən bir az eqoistəm.
- Ən sevdiyiniz rəng hansıdır?
- Sarı
- Ən sevdiyiniz çiçək hansıdır?
- Çobanyastığı çiçəyi
- Ən sevdiyiniz quş hansıdır?
- Qağayı.
- Ən sevdiyiniz yazıçı kimdir?
- Kafka.
- Ən sevdiyiniz şair kimdir?
- Nazim Hikmət.
- Tarixdə ən sevmədiyiniz obraz hansıdır?
- Hitler.
- Ən çox xoşladığınız xüsusiyyət hansıdır?
- Pozitiv olmaq.
- Necə ölmək istərdiniz?
- Yuxularımda həmişə maşına çırpılıb ölürəm. Bir güllə ilə ölmək istərdim.
- Həyat fəlsəfənizi hansı şüar ifadə edir?
- “Yaşadığım bütün faciələr ədəbiyyat olacaq”.
- Hal-hazırkı əhvalınız (ovqatınız) necədir?
- Yorğun və kədərli./prust.gq/