Son vaxtlar internet kağız mətbuatı aradan çıxarıb. Artıq insanlar qəzetdən deyil, saytlardan oxuyurlar.
Bəs bizim yazarlar qəzet oxuyurlarmı? Sonuncu dəfə nə vaxt qəzet alıblar?
Kulis.Az bu barədə yazarlardan münasibət öyrənib. Cavabları təqdim edirik.
Kənan Hacı
- İnternet media kağız mətbuatını tədricən sıradan çıxarmaqdadır. Kağız mətbuatı bu rəqabətə dayanmaq gücündə deyil. Mən son dövrlər yalnız bir-iki qəzet alıram. "Aydın yol" və "Ədəbiyyat qəzeti"ni. Bu qəzetləri müntəzəm oxuyuram. Qalan bütün xəbərləri saytlardan izləyirəm. Amma sözsüz ki, mətbuatımızın, ədəbiyyatımızın tarixini qəzetlər, jurnallar əks etdirir. İnternetə bel bağlamaq olmaz. Xüsusən, ədəbi qəzet və jurnallar gələcək tədqiqatçılar üçün mənbə olacaq.
Aqşin Evrən
- Sonuncu dəfə qəzet oxumağım yox, qəzetdə krossvord həll etməyim yadıma gəlir. Qəzet mənim yaddaşımda xoş xatirələrlə qalıb, istəmirəm o xatirələri yandırım. Məncə, gün ərzində monqol ordusu kimi hər yana yayılan bu “monqol xəbərlər”i saytdan oxusaq yaxşıdır. Kağızın estetikası başqadır: kağız altında görüşdüyümüz ağacdır, “samakat” düzəltdiyimiz budaqlardır, məktubdur, çilingağacdır. Antiköləçi Nadir Qafarzadə, antiçuşkaçı Vasif Məhərrəmli kimi adamların xəbərlərini qəzetdə verib kağızı, ağacı biabır eləmək olmaz.
Cəlil Cavanşir
- Kağız mətbuatın ikinci plana keçməsi normal prosesdir. Texnologiyanın, internetin həyatımıza bu qədər daxil olması qəzetlərdən bizi uzaq salıb. Sonuncu dəfə 2 ay əvvəl qəzet oxumuşam. Sosial şəbəkələr və saytlardan gündəmi izləmək daha rahatdır.
Alpay Azər
- Xəbərləri əsasən saytlardan oxuyuram. Zatən insan xəbərlərdən elə asılı vəziyyətə düşür ki, onun baş verənləri oxumaq üçün sabah qəzet almağa səbri çatmır. Amma çalışıram “Ədəbiyyat” və “525-ci qəzet” və “Kaspi”nin şənbə nömrəsini alam, orda çıxan yazıları elə məhz qəzet formatında oxuyuram. Hərdən “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini də alıram.
Alik Əlioğlu
- Mən onsuz da qəzet həvəskarı olmamışam. Dinamikanı sevirəm, ona görə qəzetin "tənbəlliyi" mənə görə olmayıb heç vaxt. Məsələn, bu gün baş verənləri sabah çıxacaq qəzetdən oxumaq üçün insanda hövsələ lazımdır. Mənə həmişə elə gəlib ki, qəzeti sevən adamlar onu xəbər oxumaq üçün yox, məhz qəzet oxumaq üçün oxuyurlar. O ki qaldı geniş yazılara... Mənim bir vaxtlar “525-ci qəzet”lə layihəm vardı: “Sözdən Səsə”. Radioda verilişim yayımlanırdı, sonra verilişin mətni “525-ci qəzet”in şənbə buraxılışında dərc olunurdu. Mən görürdüm ki, adamlar məni daha çox radiodan deyil, qəzetdən tanıyırlar. Amma mən özüm, yenə deyirəm, heç vaxt qəzet həvəskarı olmamışam. Yazıları da, xəbərləri də internetdən, bədii mətnləri isə ən yaxşı halda kitabdan oxumağa üstünlük verirəm. Qəzet, həmişə mənə "odnorazovıy" mətbuat vasitəsi kimi görünür.
Elnaz Eyvaz
- Düzü, səhər yuxudan durar-durmaz ölkədə və xaricdə baş verən xəbərləri internet saytlarından izləyirəm deyə, qəzet almıram. Bir xəbəri müxtəlif saytlardan oxuyuram hətta, təbii ki, önəmli xəbərdirsə. Çünki bir də görürsən hər sayt bir cür yazır. Dostlardan kimsə deyəndə ki, filan qəzetdə yazım çıxıb, yaxud öz yazım çıxıbsa, onda qəzet alıram. Gündəlik xəbərləri izləmək üçün, yalan nə deyim, almıram. Ancaq bədii mətnləri həm kitablardan, həm də internetdən oxuyuram. İri həcmli əsərləri oxuyanda, monitor kitabı əvəz eləmir.
Samirə Əşrəf
- Sözün açığı, özüm artıq neçə illərdi qəzet oxumuram. Ya da çox az hallarda yazılarım çıxan qəzetləri vərəqləyirəm. Burda təbii ki, çap olunan qəzetlərin saytlarının olması da böyük rol oynayır. Diqqətimi cəlb edəcək maraqlı yazılar olan qəzetlər də çox azdı. On beş-iyirmi səhifəlik qəzetdə bir və ya iki maraqlı məlumat diqqətimi çəkir. Digər yazılar şablon xarakter daşıyır.
Bütün bu problemlərə baxmayaraq, hesab edirəm ki, hər bir evdə kitabla yanaşı qəzet də olmalıdır. Bu baxımdan yaxın vaxtlarda bir neçə qəzet və jurnala abunə yazılmağı düşünürəm.
Könül Həsənqulu
- Əslində uşaqlıqdan görməyə vərdiş etdiyim adətləri sevdiyim üçün böyüyəndə özümün də bunu edəcəyimi düşünürdüm. Məsələn, bizim evdə atam masanın arxasından özü üçün bir oturacaq seçmişdi, həmişə orda oturardı, üst-üstə qəzetləri və həmin vaxt oxuduğu vərəqi qatlanmış bir kitabı masanın həmin küncündə toplanardı. Məndə isə belə olmadı. Etiraf edim ki, indi mən ancaq özümün və ya dostlarımın bədii mətnləri dərc olunan qəzetləri alıb evə gətirirəm. Bu cəhətdən görüb sevdiyim adəti təkrarlaya bilmədim. Səbəbi isə sadədir: hər səhər yerli və dünya mətbuatını internet səhifələrində izləyirəm. Artıq köşklərdən qəzet alıb oxumağıma və ya televiziya kanallarından hansısa xəbərləri izləməyimə ehtiyac qalmır. Köşklərdən isə ancaq abunə olmadığım ədəbiyyat və dəb jurnallarını alıram, bu da nadirən olur, çünki əksər jurnallara abunə olduğum üçün onları evə gətirirlər.
Ömər Xəyyam
- Yazmaq da belədir. Məsələn, qələmlə yazanda, düşünürsən, sözün şəklini çəkirsən. Klaviaturada hərflər hazır var, bir toxunuşla hərfin şəkli düşür worda. Fikirləşməyə ehtiyac qalmır. Qəzet oxumağım yadıma gəlmir. Qəzetlərdəki bədii materiallar çəkisinə görə saytlardan geri qalır, təbii ki istisnalar var. Qəzet deyən kimi ağlıma reket jurnalistlər gəlir. Hesabat üçün nəzərdə tutulmuş orqanlardı daha çox. Doğrusu, bizdə belədi. Heç bizim qəzetlərdən qəzet iyi də gəlmir. Mahiyyəti kağıza inikas edib. Əksəriyyətindəki materiallar bir gün sonra saytlarında dərc olunur, nə ehtiyac var ki əlavə xərcə? Yox, əgər düşünürsən ki, qəzetin ənənəsi var, xüsusi zövqü var, bizim qəzetlərdə bunu hiss etmədim.
Orxan Bahadırsoy
- Maraqlı sorğudur. Axırıncı dəfə 10-15 gün əvvəl “Qoroskop” qəzetinin Şir bürcü barədə olan buraxılışını oxumuşam. Çoxuna qəribə gələ bilər, amma mən bürclərə, ulduzların xarakterimiz üzərindəki təsirinə inanıram. Buna görə də “Qoroskop” qəzetinin mütəmadi oxucusuyam. Xüsusən də öz bürcüm olan Şir bürcü ilə bağlı bütün buraxılışlarını izləyirəm. Ondan əvvəl isə mütəmadi qəzet oxumağım elə qəzetdə işlədiyim vaxt olub. Jurnalları isə ölkəmizdə sadəcə şəkillərinə görə qismən əhəmiyyətli hesab etmək olar. Yəni bizdə nəşr olunan jurnalların şit, bayağı, önəmsiz, bəzən olduqca savadsız mətnlərini oxumaq insanı nevropatoloqlara möhtac edər. Amma bu jurnallarda maraqlı təbiət rəsmlərinə, modellərin erotik fotolarına rast gəlmək olar. Ümumiyyətlə, kağız mətbuatı artıq əhəmiyyətli deyil, elektron portallar, sosial media insanı lazımi və lazımsız informasiyalarla kifayət qədər təmin edir.
Əsəd Qaraqaplan
- Demək olar, qəzet oxumuram. Yəni buna gərək duymuram. İnternet daha operativ, daha əlimizin altındadır. Məncə, kağız mətbuat artıq tarixə qovuşur, artıq onu sadəcə simvolik saxlamaq lazımdır. Bu həm kağıza da – təbiətə də xeyirdir. Biz istəsək də, istəməsək də, internet artıq həyatımızın ən əsas tərəflərindən birinə, ən ayrılmaz yanına çevrilib.