Adamın xoşbəxtliyi deyil, kədəri böyüyür

Adamın xoşbəxtliyi deyil, kədəri böyüyür
26 oktyabr 2015
# 11:30

Gülüşümüzü bölərdik...

Bir tikə çörəyə tamarzı idik onda.

Həsrət idik

bir qırıq oyuncağa,

bir təzə paltara,

zavod qoxuyan ayaqqabıya...

Qonşunun fasonlu qızına,

dikbaş oğluna həsədlə baxırdıq.

Gözümüz böyüyüb

nəlbəki boyda olurdu...

Onlar elektrik sobaların istisinə qızınanda

biz günəbaxan şaxının tüstüsünə kor olurduq;

onlar televizora baxanda

biz özümüz çalıb oxuyar,

evdəkilərə "konsert" verərdik;

onlar çiyninə ala-bəzək çanta asanda

biz əlimizə üstü şəkilli sellofan götürərdik.

Bir az daha az yeyər,

bir az daha gec durar,

bir az daha qəndə-şəkərə qənaət edərdik...

Bir az daha az gülərdik.

Acanda gülüşümüzü bölərdik

kökə yerinə...

Böyüdükcə anladıq.

Ki, təbəssümümüzə qədər

yeyib bitirib aclıq.

Qaş-qabağımız -

dolu döymüş kimi...

Darıxmaq

Birdən onacan say,

sonra ondan birəcən.

Sonra beşi bir say, beşi bir...

Gördün alınmır,

onacan bir say,

doqquzacan bir say,

səkkizəcən bir say...

Sıfıra düşənəcən say,

yuxun gələcək...

Darıxmaq kopolu şeydi,

çox sınamışam...

Köç

Təpəmizdən döyür Günəş,

ayaqlarımıza dağ basır

qızdırdığı daş...

Xilas olmağa çalışırıq

yapışqan olmuş bədənimizə

daraşmağa hazır qarışqalardan...

Acmışıq -

qarşımıza çıxacaq ac qurddan

qorunuruq...

Susamışıq -

yağıb başımızı dələcək doludan

qorunuruq...

Günəş qürub edir,

gün gecəyə hamilə...

Yuxusuzluqdan

çuxura düşən gözlərimizi

ova-ova yol gedirik.

Yoldaşımın qadını hamilə...

Bu gecə doğsa

sayımız artacaq,

köçümüz böyüyəcək...

Saqqız şişirdən uşaq

Axı, hardan biləsən

həyat nədir?!

Ağrı nədir hardan biləsən?!

Əzab nədir xəbərin yox.

Haqq-hesab nədir

xəbərin yox.

Birini əzilən görəndə

vicdanın sızlamayıb.

Vicdan nədir xəbərin yox.

Gözlərinin gözəlliyinə xatir

başını sığallamaqlarına baxma,

insan nədir xəbərin yox.

Xoşbəxtsən xoşbəxt uşaq...

Ordu partlayanadək

saqqız şişirdən uşaq.

Təzəcə puçurlamış

dodağında gülüşlər...

Gündüz it qovmaqdı işin

axşam yatmaqdı peşən mışıl-mışıl...

Yuxuna dovşanlar girər,

ovcuna kəpənəklər qonar...

Bax, beləcə

kəpənək qov, balaca...

Nə dərdin yiyəsisən

böyümək istəyirsən?!

Böyümə, böyüyəndə

adamın xoşbəxtliyi deyil,

kədəri böyüyür, balaca...

# 1781 dəfə oxunub

Oxşar xəbərlər

Erməni hakim hansı bəstəkarımıza 8 il iş kəsmişdi?

Erməni hakim hansı bəstəkarımıza 8 il iş kəsmişdi?

18:30 30 dekabr 2025
Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı

Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı

18:00 30 dekabr 2025
Hər kəs tarixi öz marağına uyğun yazır... - Məşhur Filippin yazıçısından aforizmlər

Hər kəs tarixi öz marağına uyğun yazır... - Məşhur Filippin yazıçısından aforizmlər

17:30 30 dekabr 2025
Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə  həsr olunmuş sərgi açılıb

Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb

16:50 30 dekabr 2025
Məşhur amerikalı aktyor Fransa vətəndaşlığı aldı

Məşhur amerikalı aktyor Fransa vətəndaşlığı aldı

16:10 30 dekabr 2025
Unikal tapıntı:  Antik oyun lövhəsi aşkarlandı

Unikal tapıntı: Antik oyun lövhəsi aşkarlandı

16:00 30 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər