Hamı canlı yayımla cəhənnəmə baxır...

Hamı canlı yayımla cəhənnəmə baxır...
17 may 2013
# 11:08

“Vədə yetişdi, onlara ətrafdakı insanların əzabları az göründü və bu əzabları tamaşaya çevirmək fikrinə düşdülər”. Ən çox oxunan müasir fransızdilli qadın yazıçı Ameli Notombun “Sulfat turşusu” romanı bu cümlə ilə başlayır. Onun qələmə aldığı mövzu - miniatür ölüm düşərgəsi teleşousu - Oruell dövründə orijinal və fantastik görünə bilərdi, bizim illərimizdə isə bu “telegenik aqoniya” daha çox yaşadığımız cəmiyyətə diaqnoz, sosial pamfletdir.

Daha heç kəsi insan fəlakətinin realiti-şouya çevrilməsi dəhşətə gətirmir. Biz cəhənnəmdə yaşayırıq və bundan məmnunuq da. Bir şərtlə: əgər iştirakçı yox, müşahidəçi və tamaşaçıyıqsa.

***

Belçikada doğulub, uşaqlıq illərini Çin, Laos, ABŞ, Myanma, Banqladeşdə keçirmiş, hazırda Parisdə məskunlaşan Ameli Notombun 47 yaşı var və o, 65 romanın müəllifidir. Bir sözlə, qrafomaniya. Özü də təsdiqləyir ki, yazmaq üçün yaşayır və bir müsahibəsində söylədiyi kimi, “Əgər kağız və qələm varsa, türmədə də azaddır”. Əsərlərini qələmlə yazır, kompüter və internetdən yararlanmır.

Onun “Sulfat turşusu” romanı 2004-cü ildə işıq üzü görüb və həcminə görə povestə daha yaxın olan bu əsər dərhal da bir çox Avropa dillərinə (o cümlədən, rus dilinə) tərcümə olunub.

Əsərdə söhbət televiziya tarixinin ən yüksək reytinqli şousundan - əsl ölüm düşərgəsindən gedir. Bu şounun hərəkət mexanizmi isə “əzabın baxımlılığı”dır. Günlərin birində təşkilat Parisin küçələrində əllərinə keçən təsadüfi adamları heç bir səbəb göstərmədən tutub mal-qara vaqonlarına dolduraraq çəkiliş meydançasına daşıyır.

Saxlanılanlar arasında uşaq da, qoca da, gənclər də var - mini-cəmiyyət. Və onlar telekameraların qarşısında əzab çəkməli, işgəncə görməli, ağır işlə məşğul olmalı, təhqir olunmalı və döyülməli, ac qalmalı, hər gün isə nəzarətçilərin istəyinə uyğun olaraq kimlərsə seçilib edam edilməlidir. Edam birbaşa translyasiya olunur və bütün ölkə ekran qarşısına toplaşıb baş verənləri ekstaz içində seyr edir.

Bəs cəmiyyət bu dəhşətə hansı reaksiyanı göstərir? İlk reaksiya - “Qəzetlər səs-küy qopardı, jurnalistlər alov püskürdü, intellektuallar ildırım kimi çaxdı. Ancaq seyrçilər ilk verilişi maraqla qarşıladılar. “Konsentrasiya” adlanan realiti-şou reytinqinə görə birinci yerə qalxdı. İndiyədək heç vaxt ekranda cəhənnəmdən birbaşa reportaj olmamışdı”.

Söhbət isə demokratik dövlətdən gedir. Onun prezidenti, baş naziri və nazirləri, ordusu və polisi, ziyalıları və siyasətçiləri var... İnsanları ekranda döyür, incidir, öldürürlər, bu vəzifə sahiblərinin isə səsi çıxmır. Bəs necə? - “demokratiya”dır, “mətbuat azadlığı”, “fikir və nümayiş azadlığı”... “İctimai rəy” şou tələb edir. “Xalqın səsi - Tanrının səsidir”.

Haradadır prezident və nazirlər? - Əlbəttə, ekran qarşısında. Nazir də, ziyalı da, obıvatel də, uşaqlar da “Konsentrasiya”ya baxırlar. Notombun yazdığı kimi, “Bu varlıqların ölümə məhkumluğunun dərki və gec-tez edamın birbaşa efirdə göstəriləcəyi tamaşaçılarda kəskin gərginlik yaradaraq onları sözün birbaşa mənasında hipnoz edirdi”.

***

Əslində, Ameli Notomb 1971-ci ilin yayında psixoloq Filip Zimbardonun Stenford universitetində apardığı məşhur eksperimentin variasiyasını yaradır. Həmin vaxt Zimbardo 24 könüllünü məhkumlara və nəzarətçilərə ayıraraq onlar üzərində 2 həftə müşahidə aparmalıydı. Könüllülər universitet kampusunda quraşdırılan improvizə olunmuş türmədə yerləşdirilir və Zimbardo insanların azadlığın məhdudlaşdırılmasına, türmə şəraitinə, məcburi sosial rolun davranışı necə dəyişdirə bildiyinə reaksiyasını öyrənməyə başlayır.

Təcrübəni vaxtından əvvəl bitirmək lazım gəlir: artıq 6 gün sonra eksperiment nəzarətdən çıxır, iştirakçılar vəhşiləşir, şərti türmədə işgəncələr baş alıb gedir və ən kədərli faktlardan biri - Zimbardonun özü də kənar müşahidəçi rolunu unudaraq aktiv tamaşaçıya çevrilir. Yalnız təsadüf - nişanlısının yalvarışları onu eksperimenti yarımçıq kəsməyə məcbur edir (Bu bədnam eksperiment haqda Zimbardo “Lüsifer effekti” adlı kitab da yazıb).

Bir sözlə, Zimbardo göstərir: əxlaqi və mənəvi dəyərlər olduqca kövrəkdir, təbliğat, sosial rolun sırınması, “hakimiyyət hissi” humanizmi və insani dəyərləri təhlükə altına qoyur. Və əslində cəmiyyətin passionar hissəsinin, ziyalı və söz adamlarının, filosof və ideoloqlarının əsas vəzifəsi cəmiyyəti bu təhlükədən uzaqlaşdırmaq, təbliğat vasitəsilə insanları insanlığa doğru yönəltməkdir. Bu, böyük məsuliyyətdir və “Azadlıq məsuliyyətlə məhdudlaşmalıdır” (Sergey Kapitsa).

Məsuliyyət yoxdursa - Yerdə cəhənnəm bərqərar olacaq. Cəhənnəmi reallaşdırmaq üçün isə TV, qəzet və saytlarda reytinq dalınca qaçıb pornoqrafiya, zorakılıq, kriminal, fəlakət şouları təbliğ etmək yetərlidir. Aydındır ki, bu mövzular həmişə ən böyük reytinq yığacaq. Və bu reytinqin içində cəmiyyət vəhşiləşib məhv olacaq.

Bəzilərinə elə gəlir ki, Sodom - ən azad cəmiyyətdir...

***

Notombun türməsinin Osventsim və Buhenvalddan fəri ondadır ki, o, telekameralarla təchiz olunub və tamaşaçıya translyasiya edilir. Yəni, heç kəs “Mənim bu dəhşətdən xəbərim olmayıb” deyərək yaxasını kənara çəkə bilməz. Məhbuslar əvvəl-əvvəl ümid edirlər: tamaşaçılar etiraz edəcək, qiyam qaldıracaq, ictimai rəy qanlı və biabırçı şounun əleyhinə olacaq... Və yanılırlar - gün gəlir, ölkə əhalisinin 100 faizi şounun tamaşaçısına çevrilir.

Notomb məhbusların inam böhranını detalları ilə təsvir edir (“Əgər Tanrı olsaydı, bu cəhənnəm mümkün olmazdı”). Əsərin baş qəhrəmanı, gözəl və müdrik Pannonika yoldaşlarının ümidsizliyə yuvarlanmasının qarşısını almaq üçün Tanrı olmaq qərarına gəlir. Oxşar epizod Kamyunun “Enmə”sində də var: Nasist düşərgəsində katolik məhkumlar məntiqi nəticəyə gəlirlər ki, Roma papası Vatikanda yox, indi onların yanında oturmalıydı, madam ki bu cür deyil, onda papanı istefaya göndərmək və məhbuslardan birini onun yerinə seçmək gərəkdir.

Ancaq “Dünyada Xeyir üstündürsə, Tanrı olmaq asandır”, ətraf isə Şərdir. Və Pannonika sadəcə Simon (İsanın çarmıxını daşıyan yəhudi) olmağı seçir. O, ümidsiz insanlara ən rahat vəziyyətdə insanlığını itirənlərdən fərqli olaraq, ən variantsız fəlakətdə belə İnsan kimi qalmağın mümkünlüyünü aşılayır. Və bəlli olur - qurbanlıqların əksəriyyəti məmnuniyyətlə cəllad olardılar.

Kimdir günahkar, haradadır səhv?

“- Yox, mən sizinlə razı deyiləm, - MDA-802 dedi. - Tamaşaçılar günahkardır, aydın məsələdir. Ancaq onlar əsas günahkarlar deyil! Onlar kütbeyin bədbəxtlərdir, təşəbbüs onlardan gəlmir. Prodüserlər və siyasətçilər min qat cinayətkardır.

- Ancaq onların cinayətlərinə tamaşaçılar xeyir-dua veriblər, - Pannonika etiraz etdi. - Siyasətçiləri də bu kütlə yaradıb. O ki qaldı təşkilatçılara və prodüserlərə, bu köpəkbalıqları onlara gəlir gətirən tələbat haradadırsa, oraya doğru gedirlər.

- Sizə elə gəlmirmi ki, tələbatı prodüserlər və reklam yaradır?

- Yox. Əsas məsuliyyət bu şousuz rahatca keçinə bildikləri halda ona baxanların üzərinə düşür”... (Ameli Notomb. “Sulfat turşusu”)

Xalq isə məmnunluqla şounu seyr edir. Hətta qəzetlərə oxuculardan çoxlu məktublar da gəlir: “Doğrudurmu ki, edam olunduqlarına görə məhbuslara pul da verirlər?”

Pannonika fürsət yaranan kimi tamaşaçılara səslənir: “Bizim türməmiz və işgəncəmiz sizsiz”. Əks-tərəf - sükut.

***

Və “Konsentrasiya”” maksimum reytinqə qədər yüksələrək yerində saymağa başlayır: tamaşaçıların sayı azalmasa da, həm də artmır. Belə olanda prodüserlər yeniliyə əl atırlar: İndiyə qədər kimin edam olunacağını nəzarətçilər seçirdisə, bundan sonra tamaşaçılar seçəcəklər. Bir sözlə, interaktiv səsvermə aparılacaq, hər bir tamaşaçı pultun nöqtəsinə basmaqla öz seçimini edəcək. Prodüserlərin fikrincə, bu, demokratiyanın göstəricisidir - eynilə ümumxalq səsverməsində olduğu kimi...

Bununla da, verilişin auditoriyası əhalinin 100 faizini əhatə edir. Ona hamı baxır: korlar, karlar, zahidlər, rahiblər, küçə şairləri, balaca uşaqlar, sevgililər... Siyasətçilər ekran qarşısında əyləşib qışqırırlar: “Dəhşət! Məsələyə qarışmaq vaxtıdır!” Obıvatellər gözlərini ekrana zilləyib deyinirlər: “Hara baxır siyasətçilər? Bu biabırçılığa son qoymaq vaxtıdır. Hakimiyyətdə nə əxlaq, nə də mənəviyyat qalıb!” Özlərini əxlaqlı göstərənlər “İnsanlığın qara günüdür!” deyirlər. Əsl türmələrdə olanlar “Cani biz deyilik, bu şounu yaradan əclaflardır” söyləyirlər. Ancaq...

Ancaq hamı, hamı baxmaqda və səs verməkdə davam edir. Gənc sevgililər bir-birini qucaqlayıb “Nə yaxşı ki bu çirkli aləm bizdən uzaqdır. Bizim sevgimiz - bizim qalamızdır” deyirlər, ancaq ilk fürsətdəcə edam üçün səs verirlər. Xəstəxanalarda xəstələr şouya baxaraq öz azarlarını bəraət saymağa başlayırlar. İkiüzlülüyün zirvəsini isə evində televizor olmayanlar (deməli, səs verə bilməyənlər) nümayiş etdirirlər: onlar şouya baxmaq üçün qonşuya gedir, sonra da uca səslə “Bunları görəndə sevinirsən ki, evində “yeşiy”in yoxdur” deyirlər.

Pannonika ilə nəzarətçi Zendanın dialoqundakı kimi:

- Cəhənnəm elə budur?

- Mən bu cəhənnəmdən məmnunam...”

***

Notombun romanında realiti-şounun sonu da başlanğıcı kimi - qəfil gəlir. Bu qəfillikdə bir banallıq var və sanki əsərin sonunun diqqət və səbirlə işlənmədiyindən xəbər verir. Ancaq kim bilir, bəlkə bu cür də olmalıdır - Bütün mürəkkəb problemlərin çox sadə həlli mövcuddur?..

# 4565 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #