Sözlə zamana qarşı

Sözlə zamana qarşı
2 dekabr 2015
# 10:42

Məqamdan başlamalı, yoxsa, məkandan?

Harada axtarmalı?

“Qarşı yatan qara dağlar”ın ətəyində? Günortacda? Selləmə çayının kənarında? Görükməz təpənin altında? Taleyində olan həyatında olmaya da bilər – məntiqiylə, bəlkə, İtakada?

Mağaranın dibində donan, Göyəzənin zirvəsində əriyən, pişik oturan qarlı budağın yuxusunda var olan, Təbriz xalçasının ilməsində ömr edən zamanda?

Günümüzə qədər yaradılmış və isbatlanmış olan həm fiziki, həm də içinə təbiət (fizika) hopmuş fəlsəfi sistemlərdə zamandan qaçma, hətta zamansızlıq iddiaları var. Lakin məkandan qaçma olsa da, məkansızlıq qətiyyən müzakirə mövzusu deyil. Laməkanlıq özlüyündə yeni bir məkan bulmaqdır. Qədim oğuzların baş şəhəri Günortacda və ya Stiksin o biri sahilində, çəngəllərin çiçəklədiyi diyarda, Sehrbazlar dərəsində taleyində olan bir gün ərzində Günəş yüz dəfə batıb çıxa bilər.

Onun yaratdığı məkanlarda – Aləmdə qurulan oyunun məğzində zamanla savaş dayanır. O zamanı bu dünyadan o dünyaya, o dünyadan o biri dünyaya, oradan üfüq xəttinə bir dəfə dəvə karvanı, bir dəfə şir yağışı, bir dəfə Ağ dərviş əbasının küləyi, bir dəfə mağara mehi, bir dəfə yakamoz, bir dəfə Xaronun qayığı ilə aparır. Dartır, uzadır, sıxır, qısaldır – ta qatarın vağzala deyil, vağzalın qatara yaxınlaşdığını oxucu hiss edənə qədər.

Məkanın müqəddəsliyini, sakrallığını, önəmini zamanın başına açdığı hər oyunda ortaya qoyan bu Dünyanın sahibi Düma ilə Coys arasındakı məkanın – ədəbi çölün sərhədinə hər addımında sayğılıdır:

Mən öz üfüqümə
Çatdım bu səhər.
Üfüq məndən qaçmadı,
Məndən uzaqlaşmadı.
Üfüq mənə başladı
dərdini danışmağa.
Üzüm üzünə dəydi,
Gözüm gözünə dəydi -
Mənim dərdim nəydi
Onun dərdi yanında.

Bu Aləmin sahibi öz zamansızlığında “Don Kixotu” yenidən yazacaq qədər sevdalı, Boxesin qumdan qurduğu labirintdəki Ariadna ipini Ekodan daha asan tapacaq qədər əzmli, “Kitabi-Dədə Qorqud” kimi müqəddəs bir mətni onun müqəddəsliyinə zərrəcə xələl gəlmədən süsləyə biləcək qədər usta, dilimizdəki bitmiş fikrə əlavə edilməsi mümkün olan sonuncu sözü (təhlükəni) öncədən duyan kəşfiyyatçı qədər ehtiyatlı.

Onun Dünyasında zaman o qədər anlamsız ki, o, hədəfə yaxınlaşdıqca hədəf də ona yaxınlaşır və beləcə özünün yaratdığı Aləmdə olan zaman nisbiliyi dünyamızdakı – real həyatdakı hadisələrə də sirayət edir.

Fəqət varlığı zamandan asılı olmayan dəyərlər həmişə narahat edir onu. Minnətdarlıq və günah hissinə yadlığımız, Xəzər boyda dənizin ədəbiyyatımızdan yan keçməsi, büt yaradanların, intiqam hissiylə yaşayanların, bir dünya ilə kifayətlənənlərin taleyi, Jülyen Soreli görməzdən gəlməyimiz, Çiçəkli yazıdan sevgi nağılı deyil, xəzinənin yerini gözləməyimiz, qalalarımız arasındakı lağımların ağzını qapadığımız kimi Dədə Qorquddan Homerə, Beyrəkdən Odisseyə, Banuçiçəkdən Penelopaya, Füzulinin “Gül” qəsidəsindən Ekonun “Qızılgülün adı”nadək olan lağımları da bağlamağımız, məsələn.

Deyirlər, yaşadığımız zamanı ancaq işıq sürətindən böyük sürətlə ötmək mümkün. O, öz yaratdığı Aləmdə bunu edə bilib. Amma və lakin divarında asılan təqvimdə bir neçə gün öncə qalxan noyabr pərdəsinin altından 4 dekabr tarixi çıxır. Öz Aləmində, bəlkə də, 25 yaşlı gənc, bəlkə də, 300 yaşlı pirani olan Kamal Abdullanın həyat təqvimi 65-i göstərir.

Zamanla haqq-hesabını çəkib qurtarmış Ustad, Əzizi-Mən, yaşınız və qarşıdan gələn gözəl illərə qədəminiz mübarək!

Anonim

# 2473 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər