Xalq şairi Nəriman Həsənzadə: "Şair-yazıçıya şikayət yaraşmır" - Müsahibə

Xalq şairi Nəriman Həsənzadə:  "Şair-yazıçıya şikayət yaraşmır" - Müsahibə
15 fevral 2024
# 16:02

– Sən məhəlləyə gir, kimdən soruşsan, evimi nişan göstərəcəklər, – demişdi. Elə də oldu. Qarşımıza çıxan ilk adamdan kömək istəyirik. O da müsahibimizin mənzilinə qədər bizə yoldaşlıq edir.

Bizi qapıda nurani bir qadın qarşılayır. Koridordan digər otağa açılan qapıdan müsahibimiz görünür. Yazı makinasının başında oturub yanındakı vərəqlərlə qurdalanır.

Sakit təbiəti mənzilinə, otağına da yansıyıb. İçəridə, demək olar ki, səs yoxdur. Pəncərə açıq olsa da, elə bil külək də burada, bu mənzilin yanında səs-küy qoparmağa çəkinir.

Yaxınlaşıb görüşənədək masanın üzərindəki yazı makinasını görüb ilk sualımı verirəm:

– Siz yazılarınızı makinada yazırsınız?

– Hə. Mən öyrəşmişəm. Notbuka əlim yatmır. Bu rahatdır. Azərbaycanda hazırda makina ilə yazan iki nəfər var: biri mən, biri də Vahid Əziz. Bu makinanın eynisini mənə Xəlil Rza Ulutürk hədiyyə etmişdi. Birəbir eynisi idi.

Özümüzü otağın ab-havasına, sakit aurasına öyrəşdirə-öyrəşdirə yavaş-yavaş dəfə-darağımızı yerbəyer edirik. Fotoqrafımız özü üçün kadrları tutacaq yer seçir, mən isə oturmağa. Bu vaxt divarda Nazim Hikmətin şəklini görüb söhbəti başlamaq istəyirəm ki, əli ilə işarə edir:

– Sən, deyəsən, müsahibəni ayaq üstə aparmaq istəyirsən, – makinanın arxasında oturub yerini rahatlayır – otur, bir az dincini al, çay iç... hara tələsirsən?..

Kulis.az 93 yaşlı Xalq şairi Nəriman Həsənzadənin APA-ya müsahibəsini təqdim edir.

– Nəriman müəllim, Nazim Hikmətin sizə hədiyyə etdiyi ev budur?

– Yox. Bu evi cənab Prezident hədiyyə edib.

– Bəs bu şəkil nə vaxt çəkilib? – təzədən Nazim Hikmətin divardan asılan şəklini göstərirəm.

– Oradakı ev aktrisa Münəvvər Kələntərlinin idi, Nazim Hikmət mənim üçün almışdı. Mən də onu sonradan başqasına bağışladım, evi olmayan birinə. O vaxt Yazıçılar İttifaqında belə bir ənənə var idi ki, sənin evin varsa, hədiyyə edilən evi başqa evi olmayan birinə verməli idin. Mən də o cür etdim.

– Kimə bağışladınız?

– İndi xatırlamıram.

– Bəs sizin eviniz var idi ki?

Hə, Mir Cəlal Paşayev öz oğluna aldığı evi mənə bağışlamışdı. Yəni bu evlər ayrı-ayrı evlərdir.

– Nəriman müəllim, hələ də dərs deyirsiniz, hə?

– Hə. Milli Aviasiya Akademiyasında. 1997-ci ildən oradayam.

– Yorulmamısınız?

– Orada elə bir mühit var ki, yorulmaq mümkün deyil.

...Mən hərbi xidmətdə olanda anam rəhmətə getmişdi. Bu xəbəri aldım, sarsıldım. Elə avtomatla bərabər əsgərlikdən qaçdım.

– Necə yəni avtomatla?

– Xəbəri alanda silah anbarında xidmətdə idim. Teleqram gəldi ki, anam rəhmətə gedib. Hövlnak formada gedib xidmət rəisinə məruzə etdim. Dedim ki, icazə verin, gedim onu dəfn edim, mənim anamdan başqa kimsəm yoxdur. Mənə cavab verdi ki, teleqrama hərbi komissar imza çəkməlidir. Hərbi komissar da Qazaxda. Yəni mümkün deyildi. Mən duruxub qaldım. Bunu görən kimi qışqırdı ki, əmr edirəm, qayıt xidmət yerinə. Sarsılmış adam idim, bu qışqırtı məni daha da alovlandırdı, avtomatı çıxarıb çəkdim üstünə. Əllərini qaldırdı, dedi, icazə verirəm, çıx, get.



Bayıra çıxanda məni mühasirəyə aldılar. Silahı yerə atmağımı istədilər. Atmadım. Qısaca deyim ki, elə oradan qaçıb gəldim. Qohumumuz var idi, avtomatı qoydum onların evinə. Hərbi formada getdim anamın dəfninə. Ağlaya-ağlaya getdim, ağlaya-ağlaya da qayıtdım.

Bir qədər fasilə verir. Fikrini davam etdirmək istəyir, amma səsi titrəyir deyə, bir xeyli susur. Bu vaxt çaylarımız da gəlir. Çaydan bir-iki qurtum alıb davam edir.

– ...Əsgərlikdə olduğum vaxt hərbi hissəmizdə şairlərin görüşü keçirilmişdi. Mən də orada idim. Nigar Rəfibəyli, Rəsul Rza, Nəbi Xəzri, başqa rus şairləri... çox adam var idi. Nigar Rəfibəyli məni tanıyırdı. Gəncədə tanış olmuşduq. Nigar xanım mənə dedi ki, sən də şeir oxu. Dedim, yox, oxuya bilmərəm. Səbəbini soruşdu. Ağladım, özümü saxlaya bilmədim. Toparlanıb başıma gələni izah elədim ki, mən avtomatla əsgərlikdən qaçmışam, anamın dəfninə getmişəm. Bu görüşdən sonra məni ağır cəza gözləyir. Haradasa, 6 il həbs, 3 il də əlavə hərbi xidmət verə bilərdilər. Nigar xanım Rəsul Rza ilə birlikdə komandirin otağına getdilər. Mən də bunlarla. O zaman Yazıçılar İttifaqına yenicə üzv olmuşdum. Nigar xanımın israrından, xahişindən sonra komandir məni bağışladı.

– Əsgərlikdən avtomatla qaçmağınızı bağışladılar?

– Hə, bağışladılar.

– Vallah, sağ olsunlar.

– Əlbəttə. Bu böyük bir cinayət idi. Məsələ hətta yuxarı dairələrə gedib çıxmışdı. Amma bağışlandım. Elə bil məni yenidən həyata qaytardılar.

– Nəriman müəllim, uzun illərdir, gənclərlə ünsiyyətdəsiniz. Ümumiyyətlə, Azərbaycan gənci, gəncliyi haqqında nə düşünürsünüz?

– Oğul, gözəl gənclik yetişir. Çox gözəl. Əsl vətəndaş gəncliyi yetişir. Sözsüz, içərilərində müxtəlif fikirli, düşüncəli, dünyagörüşlü gənclər də var. Amma mən çox razıyam. Biz hal-hazırda İlham Əliyev epoxasında yaşayırıq. Bu gənclər başqa cür ola bilməz. Onların sabahına böyük ümid, inam bəsləyirəm.

Bizim gəncliyimiz başqa dövrə düşdü. Düzü, şikayətçi də deyiləm. Mən o zaman Moskvada təhsil alırdım. Bayaq sən sual verdin, Nazim Hikmətlə bağlı. Nazim Hikmət bizə qonaq gəlmişdi. Mən onun üçün hələ bu səfərdən öncə şeir oxumuşdum, çox bəyənmişdi, o qədər şair içində dedi ki, bizə qonaq gələcək. Elə o zaman Nazim Hikmətə şair dostlardan biri dedi ki, Nərimanın evi yoxdur. Təsadüfdən, eyni qatarda “Baksovet”in sədri də yol gedirdi. Nazim Hikmət dərhal onunla danışdı. O da söz verdi ki, üç gün ərzində Nərimanın Bakıda evi olacaq. Bax, həmin ev aktrisa Münəvvər Kələntərlinin yaşadığı ev olub. Onu mənim üçün aldı. O zaman tələbə idim. Heç kimim yox idi. Bundan sonra o ev qonaqlı-qaralı oldu. Mehdi Hüseyn, İsmayıl Şıxlı, Seyfulla Şamilov... O zaman Nazim Hikmət Vera Tulyakova ilə evli idi. Onunla gəlmişdi. O şəkildə də mənim yoldaşımdır, qızımdır, bir də Nazim Hikmət. Sağlıq deyir.

– Hal-hazırda nə yazırsınız?

– “Ədəbiyyat qəzeti”ndə silsilə şeirlərim çıxır. Davamlı olaraq yazıram.

– O şeirlərə görə qonorar alırsınız?

– Yox, “Ədəbiyyat qəzeti”ndən qonorar almıram. Sağ olsunlar ki, çap edirlər. Amma “Azərbaycan” jurnalında çap olunanda qonorar yazırlar.

– Nə qədər?

– Yəqin ki, misra hesabına görə yazılır. Dəqiq bilmirəm.

– Müqayisə edəsi olsaq, o vaxtkı qonorar sistemi ilə indiki arasında nə kimi fərqlilik var? Deyirlər, o zaman daha yaxşı verilirdi.

– Oğul, düzü, mən qonorar haqqında düşünmürəm.

– Siz düşünmürsünüz, Nəriman müəllim, amma elə müəlliflər var ki, az qala, gəliri yalnız oradandır.

– Bilirsən, əsərin özünün çap edilməsi böyük şeydir. Qonorar az da ola bilər, çox da.

– Yaxşı, bəs qonorarla yaşamaq mümkündür?

– Yox. Çətindir. Ona görə də bizim yazıçı-şairlər zamanında hamısı işləyib. Mehdi Hüseyn, İsmayıl Şıxlı, Məmməd Rahim, Mir Cəlal... hamısı işləyib.

– Elə ona görə də indiki gənc yazıçı-şair nəsli həm də işsizlikdən şikayət edir...

– Əlbəttə, iş olmasa, qonorarla dolanmaq olmaz. Pyes yazsan, ssenari yazsan, o başqa. Onun qonorarı çoxdur. Məsələn, o zaman İlyas Əfəndiyev belə yazırdı.

– Bəs bu gənclər deyir ki, işləsək, o zaman yaradıcılığımıza zaman qalmaz.

– Oğul, mən ömrüm boyu işləmişəm. 93 yaşım var, indi də işləyirəm. Məgər şair, yazıçı şikayət edər? Giley-güzar edər? Bu ona yaraşar? Şairə, yazıçıya şikayət yaraşmır axı. Heç tanıdığımız, üzdə olan mötəbər adamların dilindən şikayət eşitmisən?

– Nəriman müəllim, gənclər deyir, bizə dəstək verən yoxdur.

– Biz böyük zəfər qazansaq da, hələ də sülh əldə olunmayıb. Bizi ölkə kimi sevən də var, sevməyən də. Qarabağda hazırda nə boyda işlər gedir. Bunun müqabilində, bu qürur hissinin yanında işsizlikdən əziyyət çəkməyi belə şikayət kimi demək, nə bilim... Daim şikayətçi olmaq, daim narazı olmaq...

Bizim zamanımızda böyük kişilər olurdu, onların yanına məsləhətə gedirdik. Təsəvvür elə, o adamlar nədənsə narazı olsa, şikayətçi olsa, gedib ondan məsləhət alarsan? Qaçaq Kərəm heç şikayət edərdi?

– Bilirsiniz, məsələ nədir, o vaxt bir öncəki nəsil gənclərə dəstək verirdi, kömək edirdi, əlindən tuturdu. Amma indi elə deyil sanki. Gənclərin gileyi bundandır. Uman yerdən küsərlər axı...

– Mən də bu söhbətlərin içindəyəm, oğul, görürəm. O vaxt Mirzə İbrahimov Yazıçılar İttifaqının sədri idi, Gənclər Günü münasibətilə tədbir keçirirdi. Mən də əsgərlikdən icazə alıb gəlmişdim. Şeir oxudum. Mir Cəlal da, Əyyub Babaşov da orada idi. Şeiri oxuyub qurtarandan sonra Mir Cəlal mənə yaxınlaşdı, Əyyub Babaşova dedi ki, mənim kitabımın çapı üçün nəzərdə tutulan məbləğin bir hissəsini kəs ver bu cavan şairə. Oğul, bu taleyin işidir. Mən əsgərlikdən qayıdandan sonra da işsiz idim. O zaman da Mir Cəlal mənim əlimdən tutdu. Dedi, nə axtarırsan? Dedim, iş. Dedi, iş axtarma, adam axtar, adam. Məni universitetə apardı, yarım ştatlıq dərs verdi mənə. O vaxtdan bu günə hələ də dərs deyirəm.

– Bəs bu gənclər onu deyir də, müəllim. Məsələn, Nəriman Həsənzadə hansısa gənc şairin adamı ola bilər? Olubmu?

– Bəs mənim gənc şairlərin kitablarına yazdığım müqəddimələr, ön sözlər nədir? Kömək deyil? Axı bunlar da dəstəkdir, köməkdir. İstedadlı adamlara bu cür dəstək vermək lazımdır, mən imkanım olduğu qədər edirəm.

– Aydındır, gəncləri oxuyursunuz, deməli. Ad çəkə bilərik? Hansıları bəyənirsiniz?

– Məmnuniyyətlə oxuyuram. Düzdür, ad çəkə bilməyəcəyəm. Yaddaşım o deyil. Amma çox bəyənirəm. Gözəl nəsildir. Tərbiyəli, istedadlı... Mən sənə bayaq dedim, şikayət məsələsini. Bu inan, tək gənclərdə yoxdur, baxırsan, normal ağıllı-başlı adamdır, işləmir, ancaq şikayət edir. Get işlə də. Get işlə, nə qədər nədənsə şikayətçi olmaq olar? Get, tap, işlə.

Haradansa necəsə söhbət dönüb dolaşıb yenə də Nəriman müəllimin xatirələrinə çıxır. Bir də görürəm, Vaqifdən danışır. Adının Vaqif olmasından.

– 6 yaşıma qədər adım Vaqif olub. Atam Nəriman Nərimanovla görüşmüşdü. O rəhmətə gedəndən sonra atamın dostları adımı Nəriman qoyublar.

– Nəriman müəllim, deyirlər, o vaxt bir kitabın çıxırdı, vəssalam, o kitabları satıb maşın almaq olardı.

– Mən inanmıram, oğul. Adam bir kitabın pulu ilə maşın ala bilməz. İnanmıram. Mənim də nə qədər kitabım çıxıb. Hanı? Boş şeydir.

– Yazı prosesinə günün hansı hissəsində zaman ayırırsınız?

– Başqalarını bilmirəm, məndə bu zaman ayırmaqla olmur. İlham gəlməlidir. Amma sənə deyim, mənim çox pis bir xüsusiyyətim var, gecələr işləyirəm. Bu mənim səhhətimə ağır təsir edir. Yuxusuz qalıram, yazıram, pozuram, səhər qalxıram, sevinirəm, gecə yazdıqlarımı düşünüb uçuram. Amma bir qəfil görürəm yuxu məni aparır. Bütün gün ərzində də elə oluram. Gözümdən yuxu tökülür. Bu çox çətindir, əziyyət verir mənə. Özümə ha söz verirəm ki, bu dəfə sondur, daha yuxuma haram qatmaram, amma olmur.

– Heç olmayıb ki, gecə gələn ilham pərilərinə rəğmən yıxılıb yatasınız? Sabah səhər dərs var axı...

– İstək olub, o qədər e... Amma o narahatlıq məni buraxmır. Zorla qalxıram yerimdən.

– Gənc yaşlarınızda da gecə işləyirdiniz?

– Mən həyat yoldaşımı tez itirdim, tək qaldım. Tək qalmaq çətindir, oğlum. Yazıçının, şairin həyat yoldaşının olması onun üçün böyük dayaqdır. Görünür, gecə yazmağa vərdiş etməyim də bunun nəticəsidir.

– Nəriman müəllim, “Nabat xalanın çörəyi” adında nəsr əsəriniz var. Bu ilk və son oldu. Ondan sonra daha nəsr yazmadınız.

– Nə bilim... Poeziya ayrıdır. Görünür, insan şair kimi doğulur. Mən bu həqiqətə inanıram. Mən də şair olaraq doğulmuşam. Ona görə də şeir mənə daha doğmadır. Yazıçı ilə şairi yanaşı otuzdur, fərq o dəqiqə bilinir.

– Necə?

– Şairlər dəlisov olurlar.

– Siz dəlisov olub nə eləmisiniz ki?

Bu suala Nəriman müəllim sadəcə gülür. Xeyli gülür. Amma cavab vermir.

– Şair doğulduğunuz üçün xoşbəxt hiss edirsiniz?

– Cəmiyyətə faydalı olacaq başqa bir mövqedə də ola bilərdim. Amma şair kimi də cəmiyyət üçün faydalı işlər görməyə çalışmışam. Həmişə.

– Nəriman müəllim, gənc yazıçı və şairlər özlərinin əvvəlki nəsilləri, bir növ, inkar eləməyə meyilli olur. Bu sizin gəncliyinizdə də belə idi?

– Bu həmişə belə olub. Həmişə. Amma belə vəziyyət heç kəsə heç nə verməyib. Ədəbiyyat özü seçir ki, kim ədəbiyyat tarixinin yaddaşında qalmalıdır, ya yox. Şekspiri dananlar olub, oğlum. Amma Şekspir yenə də Şekspirdir.

Yenə də söhbət haradansa dönüb dolaşıb Nəriman müəllimin xatirələrinə gedib çıxır. Bir qəfil Nəriman müəllim milli kimlikdən söz açır. Dərhal sual verirəm:

– Yazıçı, şair milliyyətçi olmalıdır?

– Mən elə bilirəm, hə. Olmalıdır. Həm də bu proses adamdan asılı olmur. Əvvəl-axır o hiss ediləcək.

– Mütaliə edirsiniz?

– Oğul, mən çox-çox mütaliə edən şairəm.

Yanındakı masanın üzərini qarışdırıb son oxuduqlarını göstərir.

– ... indinin özündə də davamlı mütaliə edirəm. Mütaliəsiz olmaz. Gecələr oxuyuram, adətən, qeydlərimi aparıram. Beynimdə Atropatla bağlı, Atropatena ilə bağlı poemanın eskizləri tam hazırdır.

– Nəriman müəllim, Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədrsiniz. Ümumiyyətlə, bu şurasının işi nədən ibarətdir?

– Elə bu yaxınlarda qazilərlə görüş keçirdik. Onların qəhrəmanlıq dastanını dinlədik. Dönə-dönə fəxr elədik. Amma bəzən yerlərdə onları narazı salanlar olur. Bu mənim pisimə gəlir. Gərək ki belə olmamalıdır. Bu adamlar şəhidliyin bir addımlığından dönən adamlardır. Canlı tarixdirlər. Orada biri var idi, oğlum, iki qolu yox idi. Sən təsəvvür elə... İki oğlu var. O qaziyə baxan, qulluğunda duran qadına heykəl düşür.

Bir qədər dayanır. Gözləri dolur. Çaydan qurtumlamaq istəsə də, vaz keçir.

– ...heykəl düşür o qadına. Birdən qulağı qaşınsa, nə edir o? Həmin qadın qaşıyır, yəqin. O edir...

...Ən əsas arzularımdan biri general-leytenant Hikmət Mirzəyevlə Ağsaqqallar Şurasının üzvlərinin görüşünü təşkil etməkdir. Bu adam canlı əfsanədir. Qoy Xalq şairimiz, Xalq yazıçımız qəhrəmanını yaxından tanısın, ünsiyyətdə olsun ki, onun qəhrəman obrazını rahat yarada bilsin. Bunu biz yazmasaq, yaratmasaq ki, kim yaradacaq, oğul? Bizim mövzumuz indi bu olmalıdır. Budəfəki qazilərlə görüşdə məlum oldu ki, biri şairdir. Həm şair, həm qəhrəman. Təsəvvür edirsən. Əsir olub bu adam. Erməni əsirliyində olmaq bilirsən, nə deməkdir? İndi o adam buradadır, sağdır. Baxıram, mən bacardıqca mütaliə edirəm, Qərbdən, Avropadan gələn vulqar əsərlər bizə nə verəcək axı? Nədir onlar? Yazıçı, şair millətin güzgüsüdür. Yazmalıyıq. Bu adamları yazmalıyıq.

– Nəriman müəllim, dostlarınız kimlərdir? Kimlərlə zəngləşirsiniz?

– O qədər var ki, oğul.

– Ramiz Rövşənlə münasibətiniz var?

– Ramiz Rövşən universitetdə mənim dərnəyimin üzvü olub. Əlbəttə.

– O da cəmiyyətdə kifayət qədər nüfuza malikdir.

– Əlbəttə. Ramiz Rövşən son vaxtlar bizim yığıncaqlara qatıla bilmir. Ayağı ağrıyır.

– Deyirlər, indi Azərbaycanda şairlik taxtında o oturub. Siz nə fikirləşirsiniz?

– Kim deyir onu, oğul?

Gülür. Və elə gülə-gülə də fikrini davam etdirir...

... – bəs yazıçı taxtında kim oturub? Alim taxtında kim oturub? Hamısının öz yeri var, təbii. Ola bilər ki, birini çoxlu tərifləyirlər. Olur belə şeylər. Tərifləsinlər. Burada qəribə nəsə yoxdur. Təki hamımız xalqımıza xidmət edək. Doya-doya edək...

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

# 1701 dəfə oxunub

Oxşar xəbərlər

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
Lermontova həsr edilmiş tədbir olacaq

Lermontova həsr edilmiş tədbir olacaq

13:23 25 noyabr 2024
Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
# # #