Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Bölməsində görkəmli şair Söhrab Tahirin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən şair- tərcüməçi Səlim Babullaoğlu şairin yaradıcılığından söhbət açıb.
“Söhrab Tahirin əsərləri və həyatı ilə bağlı xatirələr sırasında onun müasirləri ilə münasibətləri də xüsusi maraq doğurur. Azərbaycanın görkəmli yazıçıları ilə görüşləri, ədəbi mühitdəki fəaliyyəti və şəxsi ünsiyyətdə göstərdiyi səmimiyyət onu tanıyanların yaddaşında dərin iz buraxıb”, -deyə o əlavə edib.
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Bölməsinin sədri Sabir Rüstəmxanlı Söhrab Tahirlə bağlı xatirələrini bölüşüb. “Söhrab Tahirin şeir və nəsr əsərlərində Cənubi Azərbaycan türklərinin həyatı, milli hüquqları və mübarizəsi geniş əks olunub. Özündən sonra bizə zəngin bir irs qoymuş Söhrab Tahir 57 poema 18 romanın müəllifridir. Bunları necə yazıb çatdıra bilib, deyə düşünürsən. Onunla bağlı xatirələr həm də yalnız bir sənətkarın həyatını deyil, bütöv bir dövrün ədəbi-mədəni mühitini əks etdirir. Heç kimin zərrə qədər xətrinə dəyməzdi, insansevər, zarafatcıldı, çox enerjili idi. Həyat eşqi güclü idi. İranda türk dilinin sıxışdırılması və ana dilində təhsilin məhdudlaşdırılması ilə bağlı müşahidələri Söhrab Tahirin dil məsələsinə həssas münasibətini formalaşdırmışdı. Onun mühüm xüsusiyyətlərindən biri də türk tarixinə və milli kimlik məsələlərinə müraciət etməsi idi. Mən onun son və çox qiymətli iri həcmli əsəri “Ata” poema-eposu üzərində geniş dayanmaq istəyirəm. Bu əsərdə müəllif təkcə şair kimi deyil, həm də milli yaddaşın qoruyucusu kimi çıxış edir. “Ata” əsərini Şərq ənənəsinə, xüsusilə də “Şahnamə” ilə polemik münasibətdə dəyərləndirmək mümkündür. Söhrab Tahir hadisələrə fərqli rakursdan yanaşaraq türk dünyasının tarixi və mədəni irsini ön plana çəkir. Söhrab Tahirin əsərləri özəlliklə xalq ədəbiyyatından, folklordan və milli tarixi yaddaşdan qidalanırdı”- deyə S.Rüstəmxanlı əlavə edib.
Tanınmış tənqidçi alim Rüstəm Kamal, araşdırmaçı alim Pərvanə Məmmədli, tərcüməçi Yədulla Kənani, yazıçılar Tariyel Ümid, Seyran Səxavət, Həmid Herisçi, Zəki Bayram, Yurdçu, İlqar Türkoğlu Söhrab Tahirin yaradıcılığına xas cəhətlərdən söz açıblar.
Tədbirin sonunda Söhrab Tahirin şeirlərindən nümunələr səsləndirilib.