"Səni unutmağa vaxtım olmadı" - Tural Cəfərlinin şeirləri

"Səni unutmağa vaxtım olmadı" - Tural Cəfərlinin şeirləri
4 aprel 2024
# 19:00

Kulis.az Tural Cəfəlinin yeni şeirlərini təqdim edir.

Yoxluğuna

Nə fərqi hardasan, olduğun yerdə,
Özünü kiməsə tapşırmaq olmur.
Uzaqlıq qorxusu izləyir səni,
Qorxunu içindən aşırmaq olmur.

Lap səni anlayan atan sağdırsa,
Onun da yanında üzün ağdırsa,
Yenə də baxırsan nəsə alınmır,
Nəsə özün üçün qərib olursan...

Nə məktub yazırsan, nə zəng edirsən,
Bəlkə də ölmüşəm, xəbərim yoxdu.
Deyirlər sevənin səhradır yeri-
Məcnuna çölmüşəm, xəbərim yoxdu.

Adamlar tələsir, ömür tələsir,
Bircə arzulardı ləngiyib qalır.
Ümidin getməyə yeri olsa da,
Fikirlər bir yerdə çəngiyib qalır.


Orada yaşamaq necədi görən?
Burada qalxıbdı ev kirələri.
Necə unudursan, maraqlı deyil,
De görüm, nə etdin xatirələri?

Səni unutmağa vaxtım olmadı,
Bir az çörək dərdi başımı qatdı.
Eh, nə var ölməyə, ölmək asandı,
Yalandan yaşamaq daşımı atdı.

Həyatdı da...

Nədən danışım sənə?
Həyatı ki bilirsən-
Gah üzünü güldürür,
Gah ağladır, bilirsən.
Həyatdı da...

Canımızı borc verən,
Alanda ölüm olur,
Qəfil alsa, eybi yox,
Biləndə zülüm olur.
Həyatdı da...

Nə ağac kimi olduq,
Nə yarpaq kimi solduq,
Bir az göyə çəkildik,
Bir az da yerə dolduq.
Həyatdı da...

Dişimizin ağrısı,
Başımızın ağrısı,
Keçdi qadası, keçdi-
Ancaq anamızın ayaq ağrısı
Keçmədi ki, keçmədi...
Həyatdı da...

Axırda yuxu kimi
Gəlir yaşadıqların-
Dünyada qalır yenə,
Yığıb, daşıdıqların...
Həyatdı da...

Monoton

Yenə üzü küləyə,
Yola saldım ümidi,
Sonra azan oxundu,
İçim-içimi yedi.

Yuxum yenə qarışdı,
Gecə söydüm taleyi.
Sonra bildim, sən demə,
“Darıxmaq” adlı əclaf-
Yiyəsiz bir it kimi
Azdırıb ürəyi.

Günahlarından bezən,
Kilsədə rahib oldu.
Hamıdan gizlənənlər,
Özünə sahib oldu.

Yaxşıdı, təzə qonşum,
Arzusu, diləyi var.
Onun da zəmanədən,
Monoton gileyi var.

Ağacı qucaqladım,
Küçənin ortasında
Adamlar daşa basdı,
Cəmiyyət qaydasında.

Təzə qonşum da öldü,
Gileyi yetim qaldı.
Zivədəki köynəyi,
Bir az xəyala daldı.

# 1417 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər