Saida Haqverdiyeva: "Mən bu müharibəni çoxdan udmuşam" - Müsahibə

Saida Haqverdiyeva:  "Mən bu müharibəni çoxdan udmuşam" - Müsahibə
25 iyul 2022
# 08:55

Kulis.az yazıçı, ssenarist, rejissor, Azərbaycan Dövlət Kukla Teatrı nəzdində "Oyuq" teatr studiyasının uşaq qrupunun rəhbəri, "Oyun" inkuliziv teatrının və "Küllücə" inkuliziv teatr studiyalarının bədii rəhbəri Saida Haqverdiyeva ilə müsahibəni təqdim edir.

- Saida, ondan başlayaq ki, Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” adlı filmi ilə ortaya böyük iş qoydun. Reaksiyalar necə oldu?

- Biz “Köhnə çamadanlar”ı əvvəl tamaşa kimi qurmaq istəyirdik. Film haqda düşünmürdük. Sonra ssenari yazıldı, ərsəyə gəldi və fikirləşdik ki, bundan yaxşı bir film olar. Niyə də olmasın? Çəkilişlərdə demək olar ki, heç bir çətinliyimiz olmadı. Amma sonradan ortaya problemlər çıxdı. Səsdə ciddi problemimiz oldu. Filmin səsi demək olar ki, yazılmamışdı. Daha doğrusu yazılmışdı, amma keyfiyyətsiz idi. Biz bunu montaj prosesində bildik. Daha sonra montajda bəzi xırda problemlərimiz çıxdı. Birinci təqdimatda gördük ki, montajda, rəngdə, səsdə problem var. Ona görə düşündük ki, ikinci təqdimat da olmalıdır. Filmin üzərində yenidən işlədik, əlavə düzəlişlər oldu. Çünki film bizə tamamlanmamış kimi gəlmişdi. Ona görə işləyib tamamladıq. Birinci nümayişdən sonra əlbəttə ki, texniki problemləri dilə gətirənlər oldu. Ssenariylə bağlı razılaşmayanlar oldu. Yaxınlaşırdılar, tənqidlərini deyirdilər, biz də dinləyirdik. Tənqidi qeydləri, tərifləri mənə də, Sevdaya da deyirdilər. Tərif eşidəndə təbii ki, biz də hamı kimi sevinirdik. Tənqidləri də normal qəbul edirdik. Biz tənqidə dözümlü adamlarıq. Xüsusən, haqlı, əsaslandırılmış tənqid varsa, çoxları kimi həmin adama düşmən, qərəzli kimi yanaşmırdıq. Yaradıcı müstəvidə, çəkilişlər zamanı elə şeylər var ki, gözümüzdən qaçmışdı, bu da təbii haldı. Biz də düşündük, baxdıq və o məsələləri həll etdik. Amma ikinci təqdimatdan sonra təriflər daha çox oldu. Bu da təbii ki, bizi yaradıcı heyət olaraq çox sevindirdi.

- Özün nə dərəcədə filmdən, çəkilişlərdən, ümumən ab-havadan razı qaldın?

- Demirəm ki, ortaya şedevr qoymuşuq, amma kifayət qədər yaxşı film çəkdiyimdən əminəm. Əlbəttə ki, tamaşaçı baxışı müxtəlifdir, kimsə qəbul etməyə bilər. Bu yaxınlarda Tarkovskinin “Həkk olunmuş zaman” adlı kitabını oxuyurdum. Orda ona ünvanlaran məktublardan sitatlar gətirir. Zövqlü tamaşaçılar onu ciddi və eyni zamanda yersiz tənqid ediblər. Halbuki, adi bir xadimə onun filmini daha dəqiq qiymətlənidirib, izah edib.

- Ümumiyyətlə, yaradıcı adam üçün tənqid nə qədər vacibdir və lazımdır? Folkner deyirdi ki, mənə tənqidçi lazım deyil, tənqidçi fırlanan çarxın dişçiyi kimidir.

- Tənqid əndazəni aşmamalı və şəxsi münasibətlərə keçməməlidir. Yəni yaradıcı insanı tənqid şəxsi müstəvidə dəyərləndirilməməlidir. Nə vaxtsa səni incitmişəmsə, ya da yaradıcı heyyətdən kimsə sənin xətrinə dəyibsə, sənin tənqidin onun cavabı olmamalıdır, təhqirə keçməməli və ədalətli olmalıdır. Elə aktyor var ki, insan kimi sevmirəm, dözümsüzəm, amma o, sənətkardır. İçimdə onu sevməsəm də, qəbul edirəm ki, istedadlıdır. Yəni vicdanlı və peşəkar münasibət lazımdır. Bir nəfər aktisalardan biri haqqında xoş olmayan sözlər demişdi. Sonra özü etiraf etdi ki, həmin aktrisa ilə onun qohumunun nə vaxtsa davası olub və aralarında ədavət var. Məqam axtarırmış ki, onu tənqid eləsin. Əlbəttə bu böyük haqsızlıqdı.

- Klişe də olsa, müharibə haqda nəsə yazmaq, çəkmək üçün aradan uzun zaman keçməsini deyirlər. Birinci Qarabağ müharibəsindən 30 il, İkinci müharibədən iki il keçib. Necə oldu ki, bu mövzuya özünü hazır hiss etdin?

- Bizim filmdə hadisələr daha çox Birinci Qarabağ müharibəsində baş verir. İkinci Qarabağ Müharibəsi ilə bağlı isə zəfərimizdən real, sənədli kadrlar verdik. Bir neçə epizodda da bədii təsvir var. Amma ümumilikdə bütün hekayələr Birinci Qarabağ savaşı ilə bağlıdır. Yəni müharibənin içində olan qəhrəmanlar və onların sonrakı yaşantıları. Özümü hazır hiss etmək məsələsinə gəlicə, əgər mənə desəydilər ki, İkinci Qarabağ Müharibəsindəki qadınların hekayələrini çək, buna getməzdim. Filmdə İkinci Qarbağ Savaşında şəhid olan hərbçilərin anasından, həyat yoldaşından hekayələr yoxdur. Əgər hazır olsaydım çəkərdim. Çünki onların həyatını çəkmək üçün onları çox dinləməli, müşahidə etməli və bu işin içində olmalıydım. Bu hadisələrin içində olmasan, çəkə bilməzsən, o qadınları hiss edə bilməzsən. Yağ-bal içində böyüyən, o ağrılardan xəbərsiz olan adam bunları duya, hiss edə bilməz.

- Hər bir yaradıcı insan müəllifi olduğu əsərə özündən də az-çox nələrsə qatır. Sən müəllif kimi filmə özündən nələr qatdın?

- Filmin final hekayəsi mənim hekayəmdir. Atam müharibəyə çox rahat getdi, xüsusi vidalaşma olmadı. Xüsusi hazırlaşmadı. Gəldi və dedi ki, getməliyəm. Amma məni hazırlayırdı bu ayrılığa, çünki atamla aramızda çox özəl bir bağ vardı. Sual verdim ki, hara gedirsən. Dedi ki, müharibəyə. Müharibənin nə olduğunu mənə başa saldı. Mən də elə bilirdim ki, bir ovuc torpağı versək, müharibə olmaz, insanlar ölməz və mənim atam da getməz. Onda çox balaca idim. Atam çox hirsləndi və dedi ki, torpağı vermək olmaz. Mən filmdə o səhnəni yumşaq vermişəm. Amma atam onda çox qəzəblənmişdi. Bu hekayəni filmə gətirdim. İkinci Qarabağ Müharibəsi başlamazdan bir il əvvəl, bacım doğum günümdə təbrik mesajı yazmışdı və mənə həmin atamla yaşadığım əhvalatı xatırlatmışdı. Yazmışdı ki, torpaqlarımız geri qaytarılsın və sən o torpaqlara gedəsən. Bacımın ağzı elə bil dualı oldu və bir il sonra müharibə başladı, zəfər qazandıq. Bu hadisə mənim yadımdan çıxmışdı. Bacım mənə xatırlatdı.

Bilirsən, vətənlə bağlı nəsə edirsənsə onu sevməlisən. Öləcək qədər sevməlisən. Boğzadan yuxarı danışırsansa, elədiklərin yamaq kimi görünəcək və saxta olacaq.

- Bildiyimə görə aktyorların bir qismi filmdə təmənnasız çəkilib. Bizdə film çəkmək çox çətindir, həm fiziki, həm maliyyə cəhətdən. Filmlə bağlı hansı çətinliklərlə qaşılaşdın? Bir yaradıcı qadın kimi hansı çətinliklərdən keçərək film çəkə bildin?

- Biz Sosial Müdafiə Nazirliyinə tamaşa üçün müraciət eləmişdik. Onlar tamaşaya 37 min büdcə ayrımışdılar. Ondan vergini çıxsaq, 31 min qalır və onu da bütöv yox, hissə-hissə verirdilər. Filmə başlayanda əlimizdə cəmi 10 min pul vardı. Bu tammetrajlı və müharibə səhnələri olan film üçün az büdcədir. Filmi çəkməyə başladıq. Düşünürdüm ki, çəkilşə 60 min manat xərcimiz çıxacaq. Amma belə olmadı çox pul xərcləməli olduq. Texnikanın icarəyə götürülməsi, yaradıcı və texniki heyətin yemək baxımdan təminatı, qalması və s. Bütün bunlar ciddi xərclər tələb edir.

- Gözün qorxmadı bu xərclərdən?

- Yox, qəti. "Ya Allah" deyib başladıq. Ailəm, xüsusən həyat yoldaşım, dostlarım məni dəstəklədi. Həm mənəvi, həm maddi dəstək verdilər. 26 gün çəkiliş günümüz oldu, Bakıda, Lənkəranda, Astarada, Xızıda. Rəfiqəm, həm də filmin prodüseri Kəmalə Nəhmətova 15 min pul verdi, daha doğrusu mənə hədiyyə elədi. O, cənub bölgəsindəndir. Çəkilişlərin çoxu onun evində baş tutdu. Bir sponsorumuz da "Port Baku Mall" ticarət mərkəzi oldu. Onlar bizə 15 min yardım etdi. Oranın rəhbəri xüsusilə qeyd etdi ki, bu mövzularda çəkilən filmlərə mütləq pul ayırmalıyıq. Baş prodüserimiz Pərvinə İsmayılovanın bunda xüsusi rolu oldu. Amma bütün bu sadaladıqlarım azdır. Montajı Türkiyədə elədik, rəng korreksiyası İranda oldu və bütün bunlar xərcdir. Bu xərclərin çoxunu R.S. prodakşn elədi.

- Ümumən tam büdcəli film üçün nə qədər büdcə lazım oldu?

- Ümumən, filmə 140 min xərcləndi. Ümumiyyətlə, sıxıntımız olanda belə çəkilişimizə ara vermədik. Hamı düşünür ki, filmə hamı pulsuz çəkilib. Belə deyil. Məmməd Səfa, Gülzar Qurbanova, Ülviyyə Əliyeva, Zümrüd Qasımova, Oksana Rəsulova, Aqil M.Quliyev pulsuz çəkildilər. Amma digər aktyorlar aşağı qonorar aldılar və belə qənaətə gəlmək olar ki, bu da elə pulsuz çəkilmək kimidir.

Düzünü deyim, bir-iki nəfəri çıxsaq heç kim pul haqqında düşünmürdü. Əllərindən gələni edirdilər ki, yaxşı iş alınsın. Çəkiliş vaxtı Ülviyyə Əliyevanın barmağı sındı, Zülfiyyə Qurbanovanın dirsəkləri, dizləri sıyrılmışdı, Zülfiyyə Nəzər Məmmədovanın qoluna paslı mismar girmişdi onlar həmin məqamda səslərin belə çıxartmadılar. Filmdə Könül Şahbazova öz oğluyla çəkilirdi. Uşaq səs-küyə dözmürdü, amma Könül xanım təkidlə filmin davamın çəkilməsini istədi. Dedi, heç nə olmaz, yatacaq, narahat olmayın, çəkilişlərə davam edin. Əməkdar artist Gülüzar Qurbanova bərk xəstələnmişdi. Xəstə olduğu halda filmə çəkildi. Xalq artisti Məmməd Səfa həm təmənnasız çəkildi, həm də hər gün bizimlə maraqlandı. Növbəti filmlərdə də onlarla işləmək istəyirəm. Belə sənətkarlar varsa, əminəm ki, gözəl işlər görmək lazımdır.

Əlbəttə, mən çox istəyərdim yaxşı maliyyəmiz olsun onların əziyyətini layiqincə dəyərləndirək. Bilirsiz 140 min manat film üçün həm də tam metraj film üçün çox az büdcədir

- Qadınlardan yola çıxaraq, film çəksən də, filmin fonunda Qarabağ və orada yaşadığımız ağrı-acılar yer tutub. Filmdə təkcə qadınlar yox, kişilər də, uşaqlar da var. Qadın olaraq, o hissləri ifadə edərkən, hansı mənəvi çətinlikləriniz, təsirli məqamlar oldu?

- Biz filmin hazırlaqlarına başlayanda 2021-ci ilin yanvarıydı. O vaxt mən və filmin ssenari müəllifi Sevda Sultanova ilə müharibədə əziyyət çəkmiş qadınlarla görüşdük. Rejissor kimi mənə birinci növbədə material lazım idi. Onları dinləyirdim, dinlədikcə də nəql olunan əhvalatların, talelərin arasından mənim üçün hansının daha maraqlı olacağını götür-qoy edir, düşünürdüm. Açıq deyim ki, ilk məqamlarda heç nə hiss etmirdim. Bəzi qadınlar var ki, görüşüb dinlədikcə, onların həyatından filmə heç bir parça gətirmədik. Demirəm ki, təsirli deyildi, amma daha dəhşətli və təsirli şeylər vardı ki, onları göstərməyi vacib saydım. Şəkilişlər başlayanda, məndə qəribə ağrılar baş verdi, həkimə getdim, müayinə olundum, ancaq ciddi heç nə çıxmadı. Onda mən anladım ki, həmin ağrılar əslində, dinlədiyim insanların hekayələri ilə bağlıdır. Mən hər gecə səhərə qədər yatmayıb onları düşünürdüm, filmə görə yox, sadəcə onların acılarını unuda bilmirdim. Özüm də fərq etmədən, onlarla yaşayırdım. O uşaqlar, qadınlar o ağrıları necə yaşayıblar, necə buna dözə biliblər deyə dayanmadan düşünürdüm. Axı bizim bir yerimzi ağrıyanda dünya az qala gözümüzdə qaralır. İsti yuvamızda oturub şikayyət eləyirik. Bəs onlar zirzəmilərdə, meşədə, qarda-boranda erməni vəhşiliklərinə necə dözüblər və bu dəhşətləri necə yaşayıblar? Sonrkı həyatlarını necə yaşadılar, necə mübarizə apardılar? Onları dinləyəndə ağlamırdım, amma bir neçə aydan sonra gördüm ki, saçlarım ağarmağa başladı. Onların yaşantıları mənə dərd oldu. Bəzən uzun-uzun fikrə gedirdim, rəfiqələrim mənə deyirdi, get yat-dincəl, çox yorğunsan... Rəfiqəm Kəmalə Türkiyədə bir psixoloqla danışıb istirahət bəhanəsi ilə məni ora apardı. Onda anladım ki, biz millət olaraq çox ağır şeylər yaşamışıq.

- Bir sözlə dinlədiklərin və gördüklərin yaşantına, düşüncələrinə də təsir etdi...

- Elədir. Əsirlikdə olan qadınların, uşaqların həyatını dinləyəndən sonra daha həssas olmuşam. Əvvəl kimisə qınayırdımsa, indi qınamıram. Həyata baxış bucağım dəyişib. Daha çox həyatın fani olduğunu, hər an hər şeyin baş verə biləcəyini düşündüm. Torpağımızı daha çox sevməyə başladım. İnsanların ac qaldığını düşünəndə çörəyi qoxlamağa başladım. Məndə belə şey yoxuydu əvvəl. Qadınlardan biri danışrdı ki, yeməkləri qoxlayırdıq ki, bunu yemək olar ya yox. Verilən çörəkdi ya yox. Yəni verilən yemək formasını o qədər dəyişirdi ki. Bütün nemətlərə daha çox şükür etməyə başladım.

- Filmdə çox ağır səhnələr vardı. Film haqqında yazdığım yazımda da qeyd eləmişdim, müəyyən yerlər vardı ki, ağlamağa başladım. Kimsə vizual görüb təsirlənə bilər. Amma torpaağını, evini itirən mənim kimi admlar üçün iki qat ağırdır. Peşəkarlığı duyğulara qurban verdiyin məqmalar oldumu?

- Oldu. Üç məqamı çox ağır yaşadım, amma büruzə verməməyə çalışdım. Zemfira Əbdülsəmədovanın səhnəsində, oğlunu itirən ananın bəzənməsi. Amma niyə bəzəndiyinin fərqində deyil. Çox ağır səhnə idi. Real qəhrəmanın hekayəsini olduğu kimi verməyə çalışdıq. Və Zemfira xanım bunun haqqını ödəyərək oynadı. Ən dəhşətlisi ananın evdə qızını dərddən görməməsiydi. Qızı onun üçün hər şey edir, o isə görmür. Orda bir məqam var, qızına deyir yerdə oturma soyuq çəkərsən. Dərddən başını itirsə də, instinktiv analıq qayğısını göstərir. Sonra Zülfiyyə Qurbanovanın ifa etdiyi qəhrəman hər bir əzaba qatlanır ki, balasını versinlər, balasını durmadan istəməsi məni incitmişdi.

- Filmə baxan bir neçə tamaşaçıyla söhbətləşdim. Onlara görə, elə məncə də ən şedevr səhnə Zülfiyyə Qurbanova ilə Aqil M.Quliyevin səhnəsiydi.

- Bu da olmuş əhvalatdır. Bu əhavlat əslində meşədə olub. Bir az kənarda qadının qaynı gözləyrmiş. Qadın da ərinin onu öldürəcəyini yəqinləşdirib. Öz-özündən iyrənən, günlərlə zorlanmlş bir qadın təsəvvür et. Qadın ərinə yaxınlaşanda, əri siqaret çəkirmiş və arvadının saçına toxunanada qadın düşünüb ki, onu saçıyla boğub öldürəcək. Qadın axıradək ərinin üzünə baxmayıb ki, əri onu rahat öldürsün. Birdən göz gözə gələrlər, əri onu öldürə bilməz. Amma kişi onun saçını hörüb, alınından öpüb və deyib ki, dur gedək evə, yemək bişir. O, qadınına olan sevgisini, şəfqətini, mərhəmətini belə ifadə edib. Qadın o qədər sevinib ki, baş verən bu qədər hadisələrdən sonra əri onun əlindən yemək istəyir. Biz həmin situasiyanı çatdıra bilmək üçün o səhnəni sözsüz verdik.

- Amma dəqiq çatdırmışdın.

- Mənim üçün bütün səhnələr doğmadır. Realda daha ağır şeylər yaşanıb. Biz hələ yumşaq vermişdik.

- Yeri gəlmişkən, bunu da deyirlər ki, çox ağır filmdir.

- Bəli, bunu çox dedilər. Onunla razılaşmıram ki, hekayədə nəsə bir toxtaqlıq olsun. Həmin qəhrəmanlar başlarına gələnləri heç bir toxtaqlıq hissi olmadan yaşayıblar. Biz millət olaraq 30 il belə yaşadıq. Amma bütövlükdə filmdən söhbət gedirsə, sonluq nikbin bitib, işıqlı məqamlar vardı. Amma ayrı-ayrı səhnələrin ağır olması normaldır.

- Sən əslən qarabağlısan, atan müharibə iştirakçısı olub. Qaçqın taleyi yaşayan qohumların da çoxdur. Və təəssüf ki, valideynlərinin hər ikisi qələbəni görmədən dünyadan köçüblər. Bu mənada filmdə öz fərdi ağrını nə qədər ifadə edə bildin? Yüngülləşdinmi?

- Real qəhəmanların dediyinə görə, filmdə onların faciəsini tam ifadə etmişəm. Amma öz fikrimə gəlincə, on ildən sonra deyə bilərəm. Bu, onların ağrısıdir. Mən sadəcə onların yaşantısını vermək üçün körpüydüm. Öz yaşantılarımı isə on ildən sonra qələmə alacam. İkinci Qarabağ müharbəsində yaşdıqlarımı çəkmək, indi mənim üçün tezdir. “Köhnə çamadanlar”da bayaq dediyim kimi bir parçam vardı. Onu da çatdıra bilmişəm. O qadınlar təsəlli tapırlar ki, onların ağrısı ifadə olundu. Onlar həqiqətən qəhrəmandırlar. Onlar hələ də döyüşürlər, xatirələrlə, keçmişlə... Efirdə də dedim, bir əsir düşmüş qadın vardı ki, müsahibə vermək istəmirdi, Zülfiyyə Qurbanovanın oynadığı xanım. Danışırdı, bir məqam aqressiv idi, qəribə baxışı vardı, sanki məni günahlandırırdı, qırmızı lakıma, bəzəyimə, baxırdı. Sanki niyə belə geyinib gəlmisən demək istəyirdi. Halbuki mən sadə geyinib getmişdim. Ondan sonra görüşlərə gedəndə qırmızı çəkmirdim, saşlarımı arxaya toplayırdım, onlar məni özləri kimi görsünlər. Bər-bəzəkli görməsinlər. Elə bil yasa gedirsən. Onlarla gülərək danışmağı sevmirlər. Həmin qadın mənə deyirdi ki, sən bilirsən, mən bunları yaşamışam? Ona elə gəlirdi ki, mən onu anlamıram. Halbuki anlayırdım. Bir də xoşları gəlmirdi sual verəndə, özləri danışırdı. Bir qız vardı, 16 yaşında bu dəhşəti yaşamışdı. Onun rolunu Selcan Xatun oynayırdı. O qadın danışmağa başlayanda yerinə 16 yaşlı qız gəldi. Bu dəhşətləri yaşayana kimi necə olmasından danışırdı. Qadının üzünə nur gəlmişdi. O, su səsindən və qaranlıqdan qorxurdu. Çünki qaranlıqda saçlarından tutub, sürüyərək aparıblar. Onları zorlayanda özlərindən gedirmişlər, su vurub ayıldırmışlar. Bunları filmdə necə yüngül vermək olar?

- Qarabağ müharibəsindən az-çox filmlər çəkilib. Sən öz filmini onların arasında hara qoyarsan?

- Birinci onu deyim ki, Qarabağ haqda çəkən rejissor mütləq dövlətdən dəstək almalıdır. Özəl şirkətlər onu maliyyələşdirməyəcəklər. Məhsulunun müharibə filmində reklam kimi getməsini istəməz, çünki gəlir götürməyəcəyindən ehtiyatlanır. Mədəniyyət nazirlyi və digər dövlət qurumları ya maliyyə ayırmırlar, ya da ayırdıqları az olur. Yaxud həmişə işlədikləri adamlara maliyyə verirlər. Qarşıda bir film çəkmək istəyirəm. Düşünürəm ki, maliyyəsini necə əldə edim,hansı dövlət qurumuna müraciət eləyim? Elədimsə, pul ayıracaqlarmı? Gələk filmimi hara qoyardım sualına. Layiqli yerə. Düşünürəm ki, İkinci Qarabağ Müharibəsi haqda ortaya çıxarılası layiqli bir filmdir. Bilirsən, çox yazıldı, deyildi niyə çəkilmir. Çəkdim. Tamaşaçıların fikrincə əla filmdir. Əgər filmə tamaşa edərkən, kimsə kövrəlibsə, insanlar filmdən müəyyən hisslərlə ayrıblıblarsa, hardasa oturub müzakirə ediblərsə demək ki, o, filmdir. Demək ki, sarı simə toxunmuşam. “Dolu”,“Yarımçıq xatirələr”, “Fəryad” Birinci Qarabağ Müharibəsi haqdadır. “Köhnə çamadanlar” isə zəfərdən sonra çəkilmiş ilk filmdir. Qoy, filmlər çəkilsin. Düzü ondan sonra rahatlıqla hara qoymaq barədə müqayisələr etmək olar.

- Film prokata nə vaxt girəcək?

- Filmin art direktoru Tahir Tahiroviç bu işlə məşğuldur. Sentyabrda film kinoteatrlarda nümayişə girəcək. Mənə həmkarlarımdan çox geniş tamaşaçı kütləsinin fikri maraqlıdır.

- Saida, Azərbaycanda yaradıcı qadını qəbul etmirlər. Azərbaycanda qadın rejissor olmaq nə deməkdir?

- Qadın rejissorlara dünyada münasibət eynidir. Bir, iki ilin söhbətidir, Natali Portman fesitvalda kimano geymişdi və geyiminə qadın rejissorların, prodüserlərin adını yazmışdı ki, diqqət ayırın.

- Deyirlər ki, qadın ona görə çəkə, yaza bilmir ki mətbəxdə işi çoxdur, uşağa baxır.

- Bəhanədir. Mən mətbəxdə işimi də görürəm, yaradıcılıqla da məşğul oluram. Biri digərinə mane omur. Yəni, işimin öhdəsindən yaxşı gəlirəm. Mən də eşitmişəm ki, bir neçə nəfər deyib qadından rejissor olmaz. Qadın cəbhədə döyüşürsə, pilotdursa, ən əsası dünyaya uşaq gətirirsə, hər şey bacarar. Səni yetişdirən qadına, doğan qadına deyirsən ki, qadın bacarmaz.

Dünyada maraqlı qadın rejissorları var, olacaq da. Mən də iddialıyam. Bu filmimlə göstərdim ki, bacarıram.

- Sənə maneçilik olubmu?

- Yox. Yanımda mənə dəstək olan həyat yoldaşım var. Özümə də güvənirəm, güclü xarakterim var. Hər qadının mənim kimi həyat yoldaşı yoxdur təəssüf ki. Amma mən şanslıyam ki, belə həyat yoldaşım var. Ayağıma daş dəyməyə də qoymur. Hardasa 19-20 yaşımda yaradıcılıq baxımdan bəzi kişilər mane olublar. 10 il onlarla mübarizə aparmışam. O vaxt azyaşlıydım, təcrübəsiz idim. İndi o qızcığaz yoxdur qarşılarında. Həvəsdən sala bilməzlər. Çünki mən bu müharibəni çoxdan udmuşam. O adamların fikriləri mənimçün əhəmiyyətli deyil. Əlbəttə, müəyyən mənada yenə kimlərsə mane olacaq. Amma mütləq bir yerdən öz işimizi göstərəcəyik. Nə qədər təsir edə biləcəklər.

Bir də əzizim mən bu filmdən sonra filmin piarında ilk dəstəyi elə kişilərdən almışam. Ağa Cəfərli, İlar Rəsul film haqqında ilk yazan bəylər olublar. Tahir Tahiroviç, Şahmar Səfəroğlu, Yağmur Firuz, dostumuz fotoqraf Orxan Əzim film çəkilişləri boyu dəstəklərini əsirgəmədilər. Orxan foto ilə bağlı əvvəldən sonadək nə cür lazımdırsa, bizə kömək oldu. Adlarını çəkdiyim bu insanların hamısına təşəkkür edirəm.

- Sənin kitabını oxumuşam və səni yazıçı kimi tanımşam. Niyə yazıçı yox, rejissor Saida Haqverdiyevanı seçdin?

- Mən yazanda da özümü xoşbəxt hiss edirəm. Özümü ifadə edə bilirəm. Amma çəkəndə daha xoşbəxtəm. Orda özümü tapıram. Rejissor Saida Haqverdiyeva kimi səslənmək arzum yoxdur. Sadəcə orda özümü xoşbəst hiss edirəm. Yazanda da film kimi düşünrəm.Yazıçılıq mənim üçün tramplin oldu. Yazmağın daşın atmamışam ki... Oktyabrda hekayələr kitabımı çap etdirməyi düşünürəm. İldə bir neçə dəfə kitab çıxmaq doğru deyil məncə. Gec olsun, amma oxucunu təsirləndirsin. Sənin kitabını oxudum, xoşuma gəldi. Təsirində qaldım. Belə kitablar çoxdur. Ya yaxşısını elə, ya eləmə. Kefiyyətli iş qoymaq lazımdır ortaya.

- Başqa nə planların var.

- Sentyabrda “Kişi səsi” adlı bir tamaşam olacaq. Artıq ssenarisi hazırdır. Gələn ay tragikomediya janrında tammetrajlı film çəkməyi düşünürəm. Yenə qadın mövzusudur.

- Qadın mövzusunda çəkmək ehtiyacın nədəndir? Özün də qadın olduğun üçün?

- Yox. Uşaqlıqdan ailəmdən eşitdiyim bir şey olub, bizim həyatımız bir kinodur, çəkən olsa. Yazan olsa deməyiblər. Bu da yaddaşıma hopub. İstəyirəm, filmlərimdə qadın qəhrəmanlar olsun, çünki bizim filmlərdə qadınlar arxa planda olub. Qadın mövzusu işlənməyib.

- Sənin koloritli nəslin olub. “Ər quyusu”nda da Qarabağ koloriti də var.

- Gələn ay çəkəcəyim filmdə də Qarabağı görə biləcəksən. Əslində tam Qarabağ deyil, zəmanəmizin problemidir. Orda ailəmdə, digər tanıdığım ailələr də var. Oktyabrda isə Qarabağdan ikinci filmicçəkməyi düşünürəm. Hələ ki, maliyyəm yetərli deyil. Onu həll etməyə çalışıram.

- Saida, bayaq dedin ki, kinomuzda qadın mövzusu yaxşı işlənməyib. Sən filmində bir yox, çox qadının həyatını flmə gətirdin və bizim kinoda bu hal olmayıb. Bu filmdən sonra rejissor Mehriban Ələkbərzadə eyni tərkibdə çoxlu qadın obrazlarıyla tamaşa hazırlayır, sənin filmində olduğu kimi, onun da tamaşasında baş rol yoxdur. Onun yaradıclığında belə nümunə olduğunu xatırlamıram. Sənin filmin bir təkan oldu yəqin.

- Mehriban xanım peşəkar, istedadlı rejissordur. Və gördüyü işlər səs-küyə səbəb olur. Yeni tamaşası haqda az məlumatlıyam. Bildiyim təkcə odur ki, repressiya qurbanı olan kişilərin həyat yoldaşları haqda tamaşadır və baş qəhrəman yoxdur. Sevinirəm ki, bu tendensiya davam edir.

- Demək istədiyin başqa nələrsə qaldımı?

- Filmimdə iştirak edən, kapriz göstərməyən aktyorlara, yanımda olan hər kəsə, dostlarıma, ailəmə, dəstəyini əsirgəməyən hər kəsə bir daha təşəkkür edirəm. Mənə dəstək olan digər dostlarımın adını çəkmişəm, onlara təşəkkür etmişəm. Amma indi xüsusi olaraq yaxın dostlarım Həmidə Rüstəmovaya, Aynur Əkbərovaya sənə minnətdaram.

# 11721 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #