Kulis.az Vüqar Vanın “Sadəliyin fabulası ətrafında” adlı yazısını təqdim edir
Bu yazı da hərdən əski Azərbaycan türkcəsinə aid sözlər görsəz, şaşmayın. Yaşasın, Türkiyə!
Adidən adi bir gün imiş. Söhbət gedir əski zamanlardan. Dünyadan istədiyini almamış, ədəbdən naqis, kəndi məqamını bilməyən bir kişi yolun qırağı ilə gedirmiş. Birdən görür ki, şah sarayının qapısı açıqdır, içəridə heç kim yoxdur. Sizə saray deyirəm. Saray nə saray. Qızıldan divarları, 7 günbəzi, hər günbəzdə bir dünya gözəli oturur kuzədən şərab qurtumlayır. Sarayın elə bir bağ-bağatı, bağçası var, adam yaşıllıqlara baxmaqdan doymur, Semiramidanın asma bağları bu bağın yanında zibilliyə oxşayır. Ədəbdən naqis bu insan kəndi-kəndinə söyləyir ki, görən, bir də baxtım haçan belə şeş-qoşa gətirəcək? Haçan şah sarayını belə boş görəcəyəm? Fürsət düşmüşkən girim sarayın içinə də baxım, görüm içəridə nə var, nə yapıyorlar səhərdən-axşamadək sarayda.
İçəri girib gəzməyə başlayır. Sarayın gözəlliyindən az qala huşunu itirir. Bu qapı sənin, o qapı mənim demədən gəzir. Nəhayət, gəlir çıxır şahın təxti-tacı olan otağa. Qəlbində söylüyor ki, ay dili-qafil, onsuz, ətrafda heç kim gözükmür. Yaxşısı budur, çıxım taxtda da bir az oturum, görüm o nə olan şeydir. Elə ki, qərarını verir, gəlir çıxır şahın taxtında oturur. Bu dəm saray qardiyanları özlərini yetirib, görürlər ki, şahın taxtından bir adam oturub. Özü də elə adamdır ki, cındırından cin ürkür. Bunu düşürüb, eşşək sudan gəlincəyədək döyürlər. Döyülən, cındırından cin ürkən kişi isə hər zərbədən sonra qan aparan başını, gözünü, qarnını tutub deyirmiş ki, ilahi, sənə çox şükür, ilahi, sənə çox şükür. Haradansa şahın özü də təşrif buyurur, görür ki, qardiyanlar bir kişini döyürlər, özü də ölümünə. Əlini göyə qaldırıb, hamını saxlayır. Üzünü qardiyanlara tutub deyir ki, siz hansı səbəbə görə bu kişini döyürsüz? Sərkərdə başçısı, əmirəl-üməra deyir ki, şah sağ olsun, bəs hali qəziyyə belə. Bu kişi cındırın biridir, icazəsiz saraya girib, sizin taxtda oturub. Şah əlahəzrətləri yerdə uzanıb başını tuta-tuta Allaha şükür edən kişidən soruşur ki, ay kişi, bəs sən nə üçün Allaha şükür edirsən döyülə-döyülə?
Kişi cavabında söyləyir:
– Şah sağ olsun, ona görə şükürdə bulunuram ki, mən bu taxtda cəmi bir dəqiqə oturdum, yarım saatdır məni döyürlər, sən isə 30 ildir burda oturmusan. Gör səni necə döyəcəklər.
Bu gün nacizanə formada istərəm sizə sadəlik, iddiasızlıq haqqında bir neçə kəlimə söyləyim.
Balzaka görə “sadəlik bütün böyük əməllərin anasıdır”, Sokrata görə “sadəlik insanın daxili zənginliyinin göstəricisidir”, Tolstoya görə “sadəlik olmayan yerdə böyüklük olmaz”, Lalə Şövkətə görə “necə yəni hamı gəlinlik paltarında, mən də gəlinlik paltarında, ölərəm, sadə, heç nəyi ilə seçilməyən paltar geyinmək lazımdır”, Nizami Gəncəvinin təbirincə isə:
“İlantək dikbaşlı gəzmə, ey insan!
Aşacaq dünyanın seli başından...
Çox da yüksəkliyə ucalma ki, sən,
Torpağa düşəndə inciməyəsən”.
Böyük mütəfəkkirlər, dahi şəxsiyyətlər sadəlik haqqında baş sındırmış, adi, iddiasız olmağa çalışmışlar. Bir dəfə dahi rəssam Pikassoya irad tuturlar ki, əvvəllər gözəl çəkirdin, indi sənin çəkdiyin əyri-üyrü sifətləri 5 yaşında uşaq da elə sənin kimi çəkər. Picasso deyir, uşaq kimi çəkmək üçün çox uzun yol gəlmişəm.
İnsan həyatda sadə olmalıdır. İddia insanın düşmənidir. Neçə-neçə insan gözümün qabağında iddiaları ilə məhv oldu. Neçə-neçə istedadlı insan iddialarının badına gedib, istedadlarından istifadə edə bilmədi, nə qədər adamın iddiası ilə reallığı toqquşdu və hər şey pis günə qaldı. Nə qədər adam iddiasına qurban getdi, mürəkkəbliyə qaçdı, sadəlikdən qorxduqları üçün it-bat oldu.
Sadəlik bacarmamaqdan yox, bacarmaqdan əmələ gəlir.
Tutaq ki, çox gözəl maşın sürürsən. Maşını ikitəkər qaldırmağı, ayağınla maşın sürməyi öyrənmisən. Maşının bütün detallarını əzbər bilirsən, yol nişanlarını, qaydaları mənisəmisən. Bir sözlə, necə lazımdır, ondan da artıq avtomobil idarə edirsən.
Bu halda sən heç vaxt maşını bərk sürməyəcəksən, maşının qabağını qaldırmayacaqsan, çox bahalı maşın almayacaqsan, maşına gic-gic işıqlar taxmayacaqsan, maşında yüksək səslə mahınya qulaq asmayacaqsan. Niyə? Çünki sən bu zibilin hər şeyini bilirsən, hər bir işinə bələdsən, maşını söküb təzədən yığa bilərsən. O artıq sənin üçün adiləşib, təvazö hadisəsinə çevrilib.
Amma özünə hörmət etməyən, səviyyəsiz, əlinə bir az pul düşəndən sonra üç-beş manat da kreditlə, borc-xərclə pul tapıb, maşın alan adamlar maşının qabağını qaldıracaq, maşını bərk sürüb, kimisə vurub-öldürəcək, maşında cürbəcür banal mahnılara yüksək səslə qulaq asacaqlar, maşından video çəkib paylaşacaqlar, maşını ikitəkər qaldıracaqlar, bir-biri ilə yarışacaqlar. Çünki seçilmək, bəyənilmək, “mən də varam, mən də varam, ham-ham-ham” istəkləri var. Onlar adam yerinə qoyulmadıqları üçün elə bilirlər, maşından video çəkəndən sonra camaat onlara hörmət edəcək.
Yaxud çoxlu kitab oxumusan, bütün klassik ədəbiyyatı xətm eləmisən. Həqiqi ədəbiyyatın nə olduğunu bilirsən, bütün cərəyanları öyrənmisən, öz ölkənin ədəbiyyatını kifayət qədər mütaliə etmisən, çox az adamın oxuduğu kitabları oxumusan, ilə 100 kitab oxuyursan.
Onda heç vaxt özünü göstərmək üçün kitabla şəkil çəkdirməyəcək, yerli-yersiz, harada gəldi kitabdan danışmayacaqsan. Çünki bir həqiqətə çatmısan.
Amma 3-5 kitab oxumusansa, bütün gün özünü göstərəcəksən, yalandan camaatı aldadacaqsan, kitabların annotasiyasını oxuyub, hər yerdə danışacaqsan. Oxumadığın kitablara yalandan “oxumuşam” deyəcəksən.
Kim nədən çox danışırsa, həmin şey onda olmur. Həsrətlə arzulayır ki, kaş o məndə də olaydı.
Bizim camaatın ən çox danışdığı şey əxlaq, tərbiyə, qeyrət-filandır.
Halbuki bizim camaat bu məziyyətlərin onlarda olmağını arzulayır. Özlərində yoxdur deyə, səhərdən axşama kimi bu şeylərdən danışırlar.
Bunun ən yaxşı nümunəsini bir neçə il əvvəl aparıcı Elgizin quraşdırdığı “Toy olsun” verilişi təsdiq etdi.
Əxlaqdan, qeyrətdən danışan neçə-neçə kişilərin, oğlanların, arvadların bacıları, xalaları, bibiləri “Toy olsun”a çıxıb özünə ər axtarmağa başladılar. Böyük bir bum oldu. Hamı həyəcanlandı. Gördük ki, əslində, biz danışdığımız kimi deyilmişik. Sən məhəllədə dostlarına “yaxçı qız” söhbəti elə, səhərə bibin “Toy olsun”a çıxıb, ər axtarsın. Dəhşət idi o günlər. Çox gözəl oldu. Kim olduğumuzu etiraf etməsək də, başa düşdük. Təsəvvür elə, qeyrətdən o qədər danışmısan ki, eşşəyə dalından palan qoysan da, hamı sənə inanacaq. Deyəcəklər, bir bildiyi var. Qeyrət spidometri olmusan. Səhər bibin qızı “Toy olsun”a çıxıb, deyir ki, “elə bir bəy axtarıram ki, aya 5 min qazansın, bağ evi olsun, anası, atası ilə danışmasın, məni hər gün ora-bura aparsın, boyu 1.70-80 olsun, maşını mütləq olsun”. Adamın ürəyi partlayıb ölər, vallah. Bunları elə-belə yazdım ki, bir daha hansı qanacağın yiyəsi olduğumuzu xatırlayaq.
Və yaxud, tutaq ki, geyim almağa getmisən. Hamıdan gözəl geyinmək iddian varsa, buna heç vaxt nail ola bilməyəcəksən. Ev tikirsən, yaxud maşın alırsan. Bunların gözqamaşdıran, cəlbedici, bahalı, hamıdan yaxşı olacağını düşünüb hərəkət edir, sadəlikdən qaçırsansa, gec-tez bu yanlış hərəkətin bədəlini ödəyirsən.
Kanadada dörd nəfərlik bir ailə öz gündəlik həyatlarının videolarını çəkib internetdə video portallara qoymaqla (“Eh Bee Family” videoları) dünyadan 15 milyondan artıq izləyici qazanıb. Ənənəvi filmlər o qədər tamaşaçı yığa bilmir, bu ailənin özləri haqda çəkdiyi mən-mərkəzli film bunu edə bilir.
Norveç yazıçısı Knausgar öz həyatını, öz xatirələrini yazmaqla Norveç ədəbiyyatının bestselleridir. Sosio-mədəni meyl belədir, insanlar mən dilindən vasitəçisiz danışılan hekayəyə üstünlük verirlər.
Hər şey sadəliyə doğru gedir. Sadələşir, adiləşir, bəsitləşir, dayazlaşır. Amma bu sadələşmə, adiləşmə elə-belə, boş yerə olmur, müəyyən bir həqiqətə çatandan sonra yavaş-yavaş baş verir.
Bir məktəblinin sadəlik haqqında yazısını istəyirəm ki, sizin də diqqətinizə çatdırım.
“Bizim sinifdə Mahir adlı bir oğlan oxuyur. Əvvəllər o, çox yaxşı uşaq idi. Biliyi və fərasəti ilə hamıdan seçilir, hamı ilə səmimi və mehriban rəftar edir, yoldaşcasına davranırdı. Müəllimlər də, şagirdlər də ona hörmət edirdilər. Sonralar o getdikcə dəyişməyə başladı. Yerli-yersiz öyünür, hər yerdə özünü çoxbilən kimi göstərməyə, başqalarından üstün olduğunu sübut etməyə çalışırdı. Artıq o, heç kimi bəyənmir, yalnız özünü sevirdi. Çox keçmədi ki, Mahir dərslərindən də zəifləməyə, aşağı qiymətlər almağa başladı. Artıq sinifdə heç kim ona hörmətlə yanaşmır, onu əvvəlki kimi saymırdı. Lovğalıq və xudpəsəndlik savadlı və bacarıqlı bir uşağı tamamilə korlamış və hörmətdən salmışdır.
Bəzən aramızda elə uşaqlar da olur ki, öz atalarının vəzifələri ilə, özlərinin varlı olmaları ilə öyünürlər. Əslində belə uşaqlar elə də bacarıqlı və savadlı olmurlar. Belə uşaqları heç vaxt sadə və təvazökar adlandırmaq olmaz”.
Bu fani dünyada insan sadəliklə ucalır, sadəliklə yüksəlir, təvazö ilə qiymətlənir, iddiasızlıqla yuxarı qalxır. Sadəlik, iddiasızlıq baş ucalığıdır. İnsan xarakterində bunu formalaşdırmalı, inkişaf etdirməlidir. Yeriyəndə də sadə yemək lazımdır, gəzəndə də, yeyəndə də, danışanda da, yazanda da, sevəndə də, gülən də, əsəbiləşəndə də, yatanda da. Həyatınızı sadələşdirin. Sadəlik gözəllikdir. Bar verən ağac başın aşağı əyir. Mənəm-mənəm deməklə, yersiz, boş iddia ilə yaşamaqla karikaturaya çevrilirsən.
Burda bir incə nüans da var. Sadəliklə əziklik arasında incə bir cizgi var. Bu cizgiyə gərəkdir ki, adam diqqət etsin. Yoxsa kələfin ucu itər, qalarsan belə.
Bakıxanov demiş, sadəliyin məzlumluq həddinə çatmasından ehtiyat etmək lazımdır.
Sonda meyxanaçı Baləlinin sadəlik haqqında dəyərli bir bəndini diqqətinizə çatdırmaq istəyirəm:
Söz var ürəklərə yatmıyan deyil.
Var elə şeylər əlçatmıyan deyil,
Dərd özü dərmanı gözəlləşdirir.
Sadəlik insanı gözəlləşdirir.