"Ququ quşu"nun müəllifi: "Kaş ki, insanlar fərqli olmağın təhlükə yaratmadığını anlayaydılar..."

"Ququ quşu"nun müəllifi: "Kaş ki, insanlar fərqli olmağın təhlükə yaratmadığını anlayaydılar..."
17 sentyabr 2026
# 13:30

Bu gün amerikalı yazıçı Ken Keseyin doğum günüdür.

Kulis.az Aslı İdil Kaynarın "Ken Kesey və "Ququ quşu" yazısını təqdim edir.


"Cəmiyyətin özünü bir işə həsr edən insanları necə ittiham etdiyini bilirsiniz. Gerçək istedadımın nədən ibarət olduğunu anladığımdan bəri kiçik qəsəbə həbsxanalarında o qədər çox yatmışam ki, bu mövzuda kiçik bir kitab belə yaza bilərəm." – Ken Kesey, "Ququ quşu"

Məşhur klassik əsər olan "Ququ quşu"nun müəllifi Ken Kesey 2011-ci ildə xərçəngdən vəfat edəndə altmış altı yaşında idi. Kesey məşhur romanından əlavə, Amerikanın "Psixedelik dövrü"nə (1965–1969) etdiyi təsir ilə, hətta bəzi mənbələrə görə həmin dövrü səciyyələndirən adam kimi tanınırdı. O, hippi mədəniyyətinə mənsub, kommunal həyat tərzini mənimsəyən "Merry Pranksters" adlı qrupun banisi idi. "Ququ quşu" romanı ilə şöhrət qazandıqdan hələ iyirmi doqquz yaşı olanda Amerikanı başdan-başa dolaşıb Nyu-Yorkdakı Ümumdünya Sərgisinə qatılmaq qərarına gəldi. 1939-cu il istehsalı olan Harvester markalı rəngbərəng məktəb avtobusu ilə yola çıxdı.

Bu, sadə bir səyahət deyildi. Kesey Beat nəslinin üzvü olan dostu Nil Kassadi (Cek Keruakın Yolda romanındakı Din Moriarti obrazının ilham mənbəyi) ilə birlikdə "Further" adını verdikləri avtobusla səyahət edirdilər. Yanlarında "Merry Pranksters" qrupunun digər üzvləri və əlbəttə ki, tərkibinə LSD (hallüsinogen maddə - red.) qatılmış portağal suyu da var idi. Bu səyahət sonradan Tom Vulfun "The Electric Kool-Aid Acid Test" romanı ilə əbədiləşdirildi. Vulfa görə, bu səyahət iki məqsədə xidmət edirdi: "Birincisi, Amerikanı işıqlandırmaq, ikincisi isə Keseyin yeni romanını xalqa tanıtmaq idi."

Nyu-Yorka çatdıqdan sonra Ken Kesey "Publishers Weekly" jurnalına müsahibə verdi: "Bu ölkədəki ünsiyyət anlayışı dəhşətli dərəcədə pozulub. Lakin irəlilədikcə insanlarla ünsiyyət qurmağın daha asan olduğunu kəşf etdik. Kaş ki, insanlar fərqli olmağın təhlükə yaratmadığını anlayaydılar." Komanda Kaliforniyaya qayıtdıqdan sonra Kesey evində "turşu testləri" adlandırılan qonaqlıqlar təşkil edirdi. Bu ziyafətlər Keseyin 1966-cı ilin yanvarında həbs olunmamaq üçün Meksikaya qaçması ilə sona çatdı. Kesey Amerikaya qayıdıb məhkəməni gözləyərkən sonuncu bir "turşu testi" də təşkil etdi. Bu test insanların LSD olmadan da şüurlarını dəyişə biləcəyini müdafiə edirdi.

Kesey məhz belə tanınırdı: Beat nəslinin nümayəndələri ilə səyyah hippilər arasında körpü rolunu oynayan, psixedelik incəsənət izləyiciləri olan "Jefferson Airplane" və "Grateful Dead" kimi musiqi qruplarına və bir çoxlarına ilham verən bir lider.

Vulf kitabında eyni zamanda Ken Keseynin şəxsi həyatında atıldığı macəralara da toxunub. Keseynin ilk narkotik təcrübəsini yaşadığı 1959-cu ildən əvvəl "Payızın sonu" adlı roman yazdığı və bu əsərin nəşr olunmadığı doğrudur. Lakin o, bir xəstəxanaya gedərək haqqında az şey bilinən və psixomimetik xüsusiyyətlər nümayiş etdirən dərmanları sınaqdan keçirmək üçün könüllü olanda yaradıcılığı təəccüblü bir dəyişikliyə məruz qaldı. Kesey San-Fransisko hippiləri haqqında yazdığı "Zoopark" adlı romanı üzərində işləmək və əlavə pul qazanmaq üçün bir xəstəxananın psixiatriya şöbəsində gecə növbəsində çalışırdı. Oradakı xəstələri müşahidə edərkən onların müalicə olunmaq əvəzinə bir sistemin içində həbs olunduqlarına inandı. Xəstəxanadakı müşahidələri "Ququ quşu"nun təməlini qoydu.

Bir gün xəstəxanada narkotik qəbul etdikdən sonra qəflətən Şef Bromdeni və ya digər xəstələrin ona müraciət etdiyi kimi, Şef Brumu uydurdu; hekayənin yerli amerikalı (hindu) nağılçısı beləcə dünyaya gəldi. Şimali amerikalı yerlilər haqqında heç nə bilməməsinə baxmayaraq, Şef Brumun baxış bucağı Keseyə şizofrenik zehni təsvir etməyə, eyni zamanda digər iki əsas xarakter (yeni gələn Makmörfi və amansız Miss Ratçed / Böyük tibb bacısı) arasındakı iradə mübarizəsini əks etdirməyə imkan verdi. Şef Brumun qeyri-sabit zehni və cənab Keseynin bunu təxəyyülündə canlandırması müəllifə xəstəxananı bütövlükdə repressiv Amerikanın metaforası kimi təqdim etməyə şərait yaratdı.

Romanın yazılması və təsirləri


"Ququ quşu" 1962-ci ildə "Viking Press" tərəfindən nəşr olundu və bir çox müsbət rəy aldı. "Time" jurnalının qiymətləndirməsinə görə, roman bir etiraz xarakteri daşıyırdı. Soyuq müharibənin təsirləri 1950-ci illərin Amerika ədəbiyyatında qabarıq şəkildə hiss olunurdu. Həbs olunma, nəzarət və tənhalıq əsərdə toxunulan əsas mövzulardan idi. Fərdlərin sadə bir obyektə çevrilməsi, "Qinzberqin Howl" (1956) və Vilyam S. Berrouzun Naked Lunch (1959) əsərləri Keseynin təxəyyülünə heç də narkotiklər az olmayaraq təsir etmişdi. Dövlətin elmdən istifadə edərək insanları idarə etməyə çalışdığını, lakin bunda uğursuz olduğunu Kesey narkotik sınaqlarında iştirak edərək birbaşa öz təcrübəsində yaşamışdı. Keseynin sonradan psixedelik mədəniyyətin liderinə çevrilməsi "Ququ quşu"nun yaranma prosesi ilə birbaşa əlaqələndirilir. Şef Brum xarakterinin narkotik təsiri altında yaradıldığı fikrinin əksinə olaraq, Kesey əslində bu obrazın formalaşmasında ən mühüm amillərin Şekspir, Dostoyevski və Melvill olduğunu, dərmanların isə onun üçün sadəcə müəyyən qapıları açdığını bildirirdi. Özü Tom Vulf tərəfindən xəyal edilmiş bir obraz olduğu kimi, Bromden də məhz onun öz təxəyyülündən süzülüb gələn şəxsiyyət idi. Bromden yalnız Kuper, Melvill və Tvenin əsərlərindəki qəhrəmanlardan deyil, eyni zamanda Şimali Amerika yerlilərinin mif və rəvayətlərindən də izlər daşıyırdı.

Bir çox tənqidçi Şef Brumu şizofren kimi qələmə versə də, o, əslində müxtəlif mifologiyalarda qarşımıza çıxan təlxək fiqurudur; yəni əsas funksiyası ətrafındakı insanları yanıltmaqdır. Romanın əvvəlində oxucuya belə müraciət edir: "Bu hadisə baş verməsə də həqiqətin özüdür." Bu cür oynaq fiqurlara Şimali Amerika hindu ədəbiyyatında tez-tez rast gəlinir. Bu obrazlar ilkin keçmişin simvolları olaraq nizamı və iyerarxiyanı sarsıtmaq üzərində qurulmuş struktura malikdirlər. Şef Brum hər kəsi kar və dilsiz olduğuna inandırır, lakin eyni zamanda özünü də bu vəziyyətə məhkum edir. Güclü fiziki xüsusiyyətlərə malik iri bir hindu olmasına baxmayaraq, "öz kölgəsindən belə qorxur". Bu qorxunun səbəbi keçmişinə aid parça-parça olmuş ağrılı xatirələridir. Ailəsinin yaşadığı ərazidə dövlətin su-elektrik stansiyası tikmək istəməsi bir çox itkilərə səbəb olmuşdu. Təbiətin məhv edilməsi xəstəxanadakı fərdlərin mexanikləşdirilmək istənməsi vəziyyəti ilə üst-üstə düşür.

Uşaq mahnısı bəndindən götürülmüş romanın adı "Ququ quşu yuvasının üzərindən uçarkən" (One Flew Over the Cuckoo's Nest) oxucunu sivilizasiyanın işlək mexanizmi ilə təbiətin qanunlarını müqayisə etməyə dəvət edir. Ququ quşu yuvası "dəlilər evi"nə işarə ola bilər (eyni zamanda qadın cinsiyyət orqanları mənası da var), lakin ququ quşu ilə dəlilik arasında qurulan bağ məhz ququ quşlarının vəhşi davranışlarından qaynaqlanır.

Ququ quşları öz yumurtalarını hərəsi bir yuva olmaqla digər quşların yuvalarına qoyurlar. Yumurtadan yeni çıxan bala quşun ətrafındakı digər quşlarla heç bir qohumluq bağı olmadığından onları yuvadan aşağı atır. Kənarlaşdırılmış bir zorbaya çevrilməklə olmalı olan nizamı pozur. Darvin ququ quşlarının bu davranışının anadangəlmə instinkt olduğunu qeyd edir, eynilə qarışqaların kölələşdirmə instinkti kimi. Bir zamanlar hindular qızılbalıqları aldadıb tutmaq üçün qədim üsullardan istifadə edirdilər. Kesey roman boyunca sual verir: O halda sivilizasiyanın tələləri, təbiətin tələlərindən həqiqətənmi bu qədər fərqlidir?

Türk dilindən tərcümə: Aydan Ağayeva

# 96 dəfə oxunub

Oxşar xəbərlər

“Latın Qremmi” mükafatının siyahısı açıqlandı

“Latın Qremmi” mükafatının siyahısı açıqlandı

13:00 17 sentyabr 2026
Məşhur yazıçı dünyasını dəyişdi

Məşhur yazıçı dünyasını dəyişdi

12:30 17 sentyabr 2026
Tanınmış rejissor Trampı tənqid etdi – Səbəb

Tanınmış rejissor Trampı tənqid etdi – Səbəb

12:10 17 sentyabr 2026
Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

12:00 17 sentyabr 2026
Türkiyəli aktyor vəfat etdi

Türkiyəli aktyor vəfat etdi

10:25 17 sentyabr 2026
V Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

V Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

10:15 17 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər