Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin… - Nadir Yalçın

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin… - Nadir Yalçın
7 mart 2025
# 15:49

Kulis.az Nadir Yalçının Qənirə Paşayeva haqqında yazısını təqdim edir.

Hə, Qənirə Paşayevanın övladları var. Bunu heç kim sizə deməyib. Sizə bu barədə danışacağam…

***

26 sentyabr, 2023

Vəziyyət gərgin deyildi. 2023-cü il sentyabrın 18-dən 19-a keçən gecə bütün məsələlər həll olunmuşdu. Antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün təmin olunduğunu bilirdik. Amma… Laçın meşələrində gecələdiyimiz bu 10 gün 10 ilə bərabər olardı. Bir dəstənin ki, komandiri şəhid ola, o dəstə hansı vəziyyətdə ola bilər?!

Təbiət də özünü yaxşı aparmırdı. Bu 10 gün ərzində elə yağış yağdı, elə bil, heç bir də yağmayacaq. Əl-qərəz, bilmirəm, bu meşədəki son axşamı Allah ömrümüzə-günümüzə yazsın deyim, ya yox, bir onu bilirəm, günəşi kəndirlə çəkmək elə amansızdı ki, bir onda yalvarırsan, ya haqq, bizi sabahlara tamarzı qoyma…

Hərə bir tərəfə səpələnmişdi. Bu pərakəndəlik seldən sonrakı dəhşətli sükutu andırırdı.

27 sentyabr, 2023

Sabahısı günü də əyib axşamçağı üzü Kəlbəcərə — Gəncə Daxili Qoşunlarının digər dəstəsinin yanına yollandıq. Müddətdən artıq xidmət edənlər, gizirlər, zabitlər Laçın meşələrində qaldı. Mən də daxil olmaqla, 10 nəfər müddətli əsgəri Kəlbəcərdən Gəncəyə yola salacaqdılar. Əsgərlər arasında ən çox mən narahat idim. Çünki 4 gün sonra — oktyabrın 1-i tərxis vaxtım idi. 1-i bazar gününə düşdüyündən, qanunla 2-i tərxis etməli idilər. Fikirləşirdim, birdən vaxtımı uzatsalar… Hə, nə olacaq, camaat canından keçir… Yox, bu zahiri düşüncə idi, içimdə elə tez tərxis olmağı arzulayırdım…

Kəlbəcərin əzəmətli qayalarını, dağlarını keçib mənzil başına çatdıq. Burada da səhəri dirigözlü açıb Gəncəyə yola düşdük.

(Bu barədə nə vaxtsa geniş yazacağam, indi mətləb başqadır)

28 sentyabr, 2023

Hərbi hissəyə daxil olarkən xidmət rəisləri, əsgər yoldaşlarımız, zabit-gizir-MAXE heyətinin bəzi nümayəndələri bizi həyəcanla qarşıladı. Köhnə pirizvlərdən tək Əlizadə hərbi hissədə qalmışdı. Hamı bizi həyəcanla qarşıladı, o isə göz yaşları ilə. Çünki dəstə komandirimiz daxil olmaqla, 12 nəfər — hər gün gördüyümüz, söhbətləşdiyimiz boylu-buxunlu, dağ kimi 12 nəfər şəhid olmuşdu… Gözü zəif olduğuna görə, Əlizadəni aparmamışdılar. Biz də Əlizadə pis olmasın deyə, “bu təzə əsgərlərin yanında bir köhnə əsgər qalmalıdı, ya yox?!” demişdik. Uşaq sanki yüklənmişdi. Üzündən azadlığa çıxan məhbus kövrəkliyi yağırdı.

Sinif otaqlarını, sıra meydanını dərin hüznlə dolaşandan sonra söhbətlər başladı…

29 sentyabr, 2023

28-i ümumiyyətlə televizor açılmadı.

29-u axşam isə xəbərlərə baxış saatında gördüm ekran ağı deyir:

Qənirə Paşayevanın itkisi təkcə Azərbyacan üçün yox, bütün türk dünyası üçün…

Nə? Necə yəni Qənirə Paşayevanın itkisi?!

Nə deyir bunlar, ay Rzayev, ay Namazov, ay filankəs, ay bəhmənkəs, nə deyir bu jurnalist?!

Hər şeyə rəğmən, bu diktor danışırdı. Rəhmət oxuyurdu, ağlamsınırdı, rəngi boğulurdu.

Kazarmadakı bu gecə Laçın meşələrindəki o 10 gecəni özündə birləşdirdi.

Bu barədə yazmışam; mən antiterrorda heç bir qəhrəmanlıq etməmişəm, heç bir güllə də atmamışam.

Amma bu Vətənin bir güllə belə atmayan qəhrəmanları var — Qənirə Paşayeva kimi.

Bu Vətənin səsini, sözünü, əzmini gülləyə çevirən qeyrətliləri var — Qənirə Paşayeva kimi…

Həmin gecə Kərəm oldum, gecənin qeyri-müəyyən saatlarına qədər Qənirə xanımdan əsgər yoldaşlarıma danışdım.

2 oktyabr, 2023

Tərxis olub hərbi hissənin qapılarından çıxan kimi Gəncənin şəhidlər xiyabanında uyuyan sinif yoldaşım – şəhid İlqar Bürcəliyevin məzarını ziyarət edib Bakıya, birbaşa “525-ci qəzet”in redaksiyasına yollandım, ordan da II Fəxri xiyabana, silahsız döyüşçünü – Qənirə xanımı ziyarət etməyə. Torpaq da ağrılarımı içinə çəkdi, sağlığında necə idisə, öləndən sonra da həmin cür...

Düşünürsən, bir adam necə zəngin və səxavətli həyat yaşamalıdır, necə ömür sürməlidir? Bu sualların konkret cavabı varmı?.. Amma, sözsüz, nümunə göstəriləcək insanlar sırasında Qənirə Paşayeva ismi ön sıralardadır. Jurnalist qələmi, diktafonu ilə yola çıxıb ümummilli səviyyədə sevgi qazanmaq çox çətin məsələdir. Birincisi, jurnalistsən, hamı tərəfindən qəbul edilən, sevilən persona deyilsən. Digər tərəfdən, açıqsözlüsən, sözü dik deyirsən və həqiqətin yanında dayanmağa borclusan. Bu, tale məsələsidir, peşə taleyi. Bu peşə taleyini vətəndaşlıq borcuna çevirib özünü ailədən, məişətdən qoparmaq, insanlara, onların problemlərinə, Türk dünyasının aydınlanmasına həsr etmək elə Qənirə Paşayevanın alnına yazıla bilərdi.

Milli Məclisdə Mədəniyyət komitəsinin sədri olduğu vaxtlar kölgədə qalan, əziyyəti lazımınca qiymətləndirilməyən şəxsləri qonaq çağırır, saatlarla həmsöhbət olurdu. Elə şeylər var idi, ondan asılı olmurdu. Amma bununla belə, həmin insanların könlünü xoş etmək üçün əlindən gələni etdi könlü başacan xoş olmayan, kamlıq şərbətini doyunca içməyən Qənirə xanım...

Ölümü ilə bağlı bəzi söhbətlər dolaşır. Bəziləri onun xarici görkəmini dəyişmək naminə səhhətini təhlükəyə atdığını deyir. Bilmirəm, bəlkə də, düz deyirlər. Amma bu söhbətlər danışılanda mərhum sənətkar Nəzakət Məmmədovanın həyat hekayəsini xatırlayıram. Ona pərəstişkarlarından biri məktub yollayır, sevgisini izhar edir, amma buxağındakı qırışların Nəzakət xanıma yaraşmadığını deyir. Bu bir məktubun güdazına gedən sənətkar əməliyyata girməyə qərar verir və... əbədi susur...

İndi bu cümlələri yaza-yaza Nəzakət xanımın səsi qulağımda cingildəyir:

Bu dağı bağ eylərəm, ay bülbüllər,
Yanın çardağ eylərəm, ay bülbüllər.
Eşitsəm, sən gəlirsən, ay bülbüllər,
Yolunu çıraq eylərəm, ay bülbüllər.


Dağı bağ, yanını çardağ, yolu çıraq etməyə qadir olan Qənirə xanımı da bu mahnı üstündə xatırlayıram...

***

Yazının ilk abzasında dediyim mətləbə qayıdaq... Əsgərlikdən gələndən bir neçə ay sonra yazıçı-şairlərlə birlikdə İstanbuala getdik. Rəsmi tədbirlərdən canımızı qurtarıb Asiya ilə Avropanı birləşdirən nəqliyyat vasitəsinə – marmaraya mindik. Dostlarla söhbətləşərkən bir yaşlı kişi soruşdu:

– Azerbaycandanmı geldiniz?

– Evet, əfəndim, – bizimkilərdən kimsə dilləndi.

Kişi gözlərini uzağa zilləyib dedi:

– Sizin Qanira hanımınız vardı ya... çoook büyük kadındı... Allah rahmet eylesin...

– Siz nə işlə məşğulsunuz? – soruşdum.

– Sıradan bir inşaatçıyım, evlat...

Bu dialoqdan sonra marmaraydan düşdük. Havaya çıxanda Qənirə Paşayevanın “Mən ana ola bilmədim, ana” misrasını xatırladım. Və onun bu misralarda təhrifə yol verdiyini başa düşdüm.

Vətənini sevən bütün cavanlar onun övladlarıdır. Hətta bu dialoqdan sonra mən də özümü onun mənəvi övladı hesab etdim.

Siz ana ola bildiniz, Qənirə xanım, ana ola bildiniz...

# 4885 dəfə oxunub

Oxşar xəbərlər

Azanın sədaları altında küçələri təmizləyən qadın:  "Bizə heç olmasa, bir salam verin"

Azanın sədaları altında küçələri təmizləyən qadın: "Bizə heç olmasa, bir salam verin"

22:02 8 mart 2025
Xalq artisti:  "Elə edin ki, öləndə gorunuza lənət oxumasınlar"

Xalq artisti: "Elə edin ki, öləndə gorunuza lənət oxumasınlar"

15:00 8 mart 2025
Tamilla Ələkbərovanın səhhətində problem yaranıb

Tamilla Ələkbərovanın səhhətində problem yaranıb

13:51 8 mart 2025
"Mənimlə evlənərsən, Müşkünaz?" - 8 MART REPORTAJI

"Mənimlə evlənərsən, Müşkünaz?" - 8 MART REPORTAJI

11:45 8 mart 2025
8 marta "prostina" almışıq, götürmür - Aqşin Yenisey

8 marta "prostina" almışıq, götürmür - Aqşin Yenisey

11:26 8 mart 2025
Xalq artisti Fidan Hacıyeva:  Anamın evini də satıb opera məktəbi yaratdım - MÜSAHİBƏ

Xalq artisti Fidan Hacıyeva: Anamın evini də satıb opera məktəbi yaratdım - MÜSAHİBƏ

10:03 8 mart 2025
#
#
# # #