Kulis.az Rəhman Mirzəlizadənin 8 mart reportajını təqdim edir.
Ötən qarlı günlərdən sonra ilıq yaz havası insana qəşəng əhval-ruhiyyə verir. Artıq qalın, ya nazik geyinməyə qərar verməkdə çətinlik çəkdiyimiz günlər başlayır.
8 Mart və oyanış…
Bu dövrlərdə təbiətin oyanışı, yenilənməsi həm də insanların bioloji olaraq oyanışı, hormonlarının şıltaq dövrü sayılır və psixologiyamıza ciddi təsir edir. Özəlliklə mart-aprel aylarında insanlar daha aktiv, üsyankar olur. Tarix xüsusilə bu dövrlərdə onlarla üsyana şahidlik edib. İnsan da təbiətin bir hissəsi olduğuna görə, fəsillərin insanın ruh halına, motivasiyasına və kollektiv davranışına təsiri qaçılmazdır.
Mənə elə gəlir ki, Bu səbəbdən 8 Mart kimi simvolik bir günün məhz martda olması tək tarixi təsadüf yox, təbiətin və insanın içindəki oyanışın harmoniyasıdır. Bu dövrdə baş verən Taypin üsyanı (Mart,1851) Boston çay qonaqlığı (Mart, 1773), Praqa Baharı (Aprel, 1968) və bir çox üsyanları buna misal çəkmək olar.
"Kukla teatrı"nın qarşısında avtobusdan enib Nizami küçəsinə çıxan yeraltı keçidə düşürəm. Popkorn aparatı, oyuncaq, şirin pambıq satanlar, 30 qəpiyə tərəzisini təklif edən yaşlı kişi öz yerində, indi çiçək "piştaxtası" da əlavə edilib. Keçiddən çıxıb Xurşudbanu Natəvan heykəlinə doğru gedirəm. Kafelərin küçəni işğal etdikləri terrasları yolu əməlli-başlı darlaşdırıb. İnsanlar bir-birinə dəyə-dəyə ötüşüb harasa tələsirlər. 8 mart sabah olmasına baxmayaraq küçədə yetərincə əli çiçəkli qadın görmək mümkündür.
Verilən çiçəyin simvolikası
8 martda qadınlara çiçək vermək ənənəsi 1908-ci ildəki hadisəylə bağlıdr. Nyu Yorkda 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə qadınların şüarı "Çörək və Gül" idi.
Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
Zamanla bu məna unudulsa da, xüsusi günlərdə qadınlara çiçək vermək ənənəsi hələ də çox yayqındır.
Şirin və saxta çiçəkçilər
Bu ənənədən pul qazanmağa çalışan balaca "çiçəkçilər" küçələrdə gül satırlar. Yadıma gəlir, bir dəfə buralardan keçəndə 13-14 yaşlarında bir uşaq yanımdakı xanıma qızılgül uzatdı. Xanım qızılgülü sevmədiyi üçün istəmədiyini bildirib təşəkkür etdi. Uşaq qollarını açıb xanımı qucaqlamaq istədi, xanım çox sevindi, uşağı qucaqladı və qızılgülü uzatdı: Götür, hədiyyə verirəm, pul lazım deyil! Xanım çox təsirlənib uşağı qırmamaq üçün gülü götürdü. Elə gülün pulunu verməyə hazırlaşırdım ki, balaca tez mənə çevrilib əlini uzatdı: Gülün pulun ver!..
Bir neçə gənc buradakı çətirli qadın heykəlinin ətrafına yığışıb. Zəif yumor hisləri ilə heykəllə şəkil çəkdirib hədiyyə almağa sevgililərinin olmadıqlarına eyham vururlar. Hətta aralarından biri "zarafatın Eynşteyni" olmağa qərar verir: Əlindəki siqaret qutusunun qapağını evlilik üzüyünün qutusu kimi açıb heykəlin qarşısına diz çökür: "Mənimlə evlənərsən, Müşkünaz?"
8 Martda "Polad Alemdarlar"
Yadıma gəlir, məktəb vaxtlarında 8 mart ərəfəsi bu cür çeçenka saçlı, baldırı dar, budları geniş şalvarlı (Ümid edirəm Aşıqlar birliyi də "utanıb xəcalət çəkməyimi" istəməz, amma o şalvarları həmişə aşıq şalvarına oxşatmışam), "Polad Alemdarlar" sinifbəsinif düşüb özlərindən zəiflərdən 20-30 qəpik yığırdılar - sevgililərinə hədiyyə almaq üçün. Adını "Dvijeniya" qoyduqları bu dilənçiliyin nəticəsi olaraq 8 mart günü yeniyetmə sevgililəri əllərində oyuncaq "mişka", ya da tək qızılgüllə məktəbdə gəzib digər qızlara "dil çıxarırdılar"!
İstənilən halda, 8 mart bütün qəliblərdən, kapitalist şablonlardan və iyrəncliklərdən uzaq, öz mübarizəsi ilə dəyərli bir gündür. Bütün qadınların bayramı mübarək!