Qadın olduğum günün səhəri - Günel Novruz

Qadın olduğum günün səhəri - Günel Novruz
11 oktyabr 2023
# 21:00


Kulis.az Günel Novruzun "Qadın olduğum günün səhəri" adlı yeni yazını təqdim edir.

Əvvəli burada: Mənə ilk siqareti deputatın köməkçisi çəkdirib

...O gün bir başqa cür oyandım.

Qadın kimi.

Qadınlar ayaqlarının arasından böyüyür axı.

Mesaj yazmışdı: “Sabahın xeyirli, gülüm. İnşallah, tezliklə birlikdə oyanacağıq! Öpdüm”

Az qala, telefonu ağzımın içinə soxmaq istəyirdim.

O səhər çay da, yumurta da bir başqa cür dadırdı. O səhər də Günəşliydi, ancaq dünənki kimi yox, bir başqa cür idi. Daha sarımtıl, daha yaxın.

O qədər yaxın ki, məni yerdən çəkirdi, ayaqlarım üzülürdü, əllərim əsirdi. Əllərim əsə-əsə yazdım: “İnşallah, sevgilim. Sən elə indi də mənim yanımdasan. Mən işə gedirəm. İkimiz üçün də uğurlu gün olsun...”

O gün ilk dəfə hərf səhvi etmədim, çaşmadım, kağız korlamadım. Üstəlik, hamıya çay südüm. Nahar fasiləsində qızlara şokalad payladım.

Hamı deyirdi ki, ətrin nə qəşəndir, saçların necə gözəldir, bu gün zövqlə geyinmisən...

Halbuki mən üç ildir həmin ətirdən istifadə edirdim, saçlarım dünənki kimi idi, elə dünənki kimi də geyinmişdim.

Fikirləşdim, ona mesaj yazım, halını-əhvalını xəbər alım, ancaq qızlar həmişə deyirdi ki, özünü ələ vermə, qoy oğlan yazsın, səni axtarsın, səndən narahat olsun.

Mən qızların dediklərini xatırlayanda o yazdı: “Neyniyirsən, gözəlim. İşlərin necədir? Darıxdım...”

Yenə əllərim əsdi, ayaqlarımın altı isindi, sinəmin altında ilanlar sürünməyə başladı.

Yanaqlarım yanırdı... Elə bilirdim, hamı mənə baxır. Utanmışdım...

Yazdım ki, yaxşıyam, işlər də qaydasındadır. Mən də darıxmışam.

Telefon əlimdə böyüyürdü sanki.

Yazdı ki, necə darıxırsan, göndər görüm.

Düzü, ondan belə bir şey gözləmirdim. Ancaq həm də məni görməyini istəyirdim.

Saçlarımı üzümdən çəkdim, dodaqlarımı yalayıb qızartdım. Şəklimi göndərəndən sonra hiss etdim ki, qarnımın içində elə bil burulğan var, içimdə nəsə burulur.

Şəkli görən kimi cavab yazdı: “Offf, necə gözəlsən, gülüm. Dodaqlarını öpmək istəyirəm. Yanında olmaq istəyirəm”

Onun yazdıqlarını oxuduqca dodaqlarımın içində qarışqalar gəzməyə başladı. Başladım dodaqlarımı gəmirməyə. İstəyirdim, özümə toxunum, sinəmin altındakı burulğanı çəkib içimdən çıxarım.

Yazdım ki, əzizim, sən onsuz da mənim yanımdasan. Mən səni hiss edirəm.

Doğrudan, onu hiss edirdim. Əllərini, nəfəsini duyurdum. Hətta bir anlıq icazə almaq, tez onun yanına qaçmaq istədim.

Çünki növbəti mesajı məni daha da həyacanlandırmışdı: “Nəfəsimi qulaqlarının dibində hiss elə, sinənin ortasında hiss elə... Əllərimi hiss edirsən? İndi istəyirəm, tualetə gedəsən. Mən səni görmək istəyirəm. Tez get. Görüntülü zəng edirəm...”

Mən bu mesajın sonuncu sözünü tualetdə oxudum. Qapını arxadan bağladım...

Ardı var...

# 9366 dəfə oxunub

Oxşar xəbərlər

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

17:50 3 noyabr 2025
"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

17:27 3 noyabr 2025
Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

17:25 3 noyabr 2025
Məşhur aktrisa doğum günündə vəfat etdi

Məşhur aktrisa doğum günündə vəfat etdi

16:42 3 noyabr 2025
Tanınmış dizayner  nüfuzlu mükafata layiq görülüb

Tanınmış dizayner nüfuzlu mükafata layiq görülüb

16:40 3 noyabr 2025
Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

16:15 3 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər