Pıçıldaşan evlər - Fəridə Məmmədova

Pıçıldaşan evlər - Fəridə Məmmədova
21 may 2025
# 18:05

Kulis.az Fəridə Məmmədovanın "Pıçıldaşan evlər" yazısını təqdim edir.

29 Avqust 2024-cü il. Gecə saat 12-dir. Üç saat sonra yola çıxmaq üçün yatmalıyam. Ancaq yuxu getmir gözümə. Necə getsin?! İnanılmazı yaşayacam, illərlə əlçatmaz, ünyetməz görünənə doğru yola çıxacam. İllərlə ümidsizcə dua edib dilədiyim istəyimə qovuşmağa, sadəcə, saatlar qalıb. Sənə gəlirəm, Şuşa!


Bizim nəslin payına səni AzTV-nin köhnə kadrlarında izləmək, orta məktəb dərsliklərinin giriş hissəsində şəklinə baxmaq düşmüşdü. Yuxarısına rus hərfləri ilə “ШУША” yazılmış qala divarlarına doğru irəliləyən sarı avtobus İsa bulağından su içən rus turistlər, Cıdır düzündə əylənən yerlilər. Gözümüz öyrəşmişdi bu kadrlara, qəlbimiz qəbul etmişdi bu nisgili.

Səni canlı görmək bir başqa imiş. Görüb də vurulmamaq mümkünsüz imiş. Vurulub da səndən ayrılmaq çox ağır imiş, Əziz Şuşa! İllərlə dağıtsalar da, uçursalar da susdura bilməyiblər səni, Əziz Şuşa!

Divarları uçmuş, hasarları dağılmış, üstü meyvə dolu ağacların olduğu kimsəsiz evlərin tağlı qapıları, pəncərələri nələr danışır bu evin, bu şəhərin dilindən bir bilsəydin, Əziz Şuşa! Eşitmirsən? Mən eşidirəm pıçıltını. Yaxın gəl sənə də danışım.

Gəl, yaxınlaş deyir. Sənə bu evin “Bir vaxtlarını” danışım - deyir. Bu evdə kimin yaşadığından, kimlərin qonaq olduğundan bəhs edim - deyir. Nə toylar, xoş günlər, bayramlar yola vermişəm - deyir. Sahibimin hansı dərdinə, qəminə, sevincinə ortaq olmuşam - deyir. Novruzda həyətimdə nə tonqallar qalanıb, gözəl-gözəl, şən uşaqlar bu qapıdan papaq atıb - deyir. Hələ kənardan izlədiklərimi demirəm sənə. Nə aşiqlərə şahidlik etmişəm - deyir. Göz-gözə gəlmək idi o zaman sevdası. Bax bu küçədə hansı igid mənim daşlarıma söykənib hansı gözəlin bulaqdan gəlməsini gözləyib gözləri bir saniyə gözlərinə toxunsun - deyir.

Ağzı yaşmaqlı yasa, toya gedən nənələr görmüşəm. Beli xəncərli, burma bığlı, buxara papaqlı, köhlənin tərkində gedən köhnə kişilər görmüşəm. Bu Şuşada kimlər dincəlməzdi deyir. Mirzə Cəlillər, Həmidə Xanımlar, Əhməd Bəy Cavanşirlə, daha kimləər, kimlər...

Fayton təkərlərinin daşlar üzərindəki həmahəng səsi indiki kimi qulağımdadır. Eeeh. Havam idi ya suyum onları belə cuşa gətirən, bütün gün bu millətin gələcəyi, maariflənməsi üçün yazıb - yaratmaq şövqü verən bilmirəm. Gözəl günlərim idi. Bir onu bilirəm .

Gecələr toylarımdan ətrafa yayılan Xanın “Qara tellər” ifası ulduzlu səmalarıma qarışardı. Şəhər sakit yuxuya dalardı, növbəti xoşbəxt səhəri açmaq üçün, deyir. Bu daş döşəmə küçələrdən axşamadək çiynində səhəng qızlar, at belində igidlər, qarda, qışda, çovğunda danışıb gülə-gülə, Novruzda qorğa yeyə-yeyə keçən tər-təmiz saf uşaqlar görmüşəm. Mənim dağlarımda, çöllərimdə qoyun otaran balaca çobanın belə bir istedadı var idi axı. Hara getdi o balaca çobanlar? Hara getdi dağlarımda böyürtkəni şüşələrə doldurub çubuqla döyəcləyib içən o qırmızıyanaq, gülərüz sağlam uşaqlar? Xəstəlik yanından da keçə bilməzdi axı onların.

Yoxdur daha o uşaqlar. Top-tüfəng səsinə oyandılar bir səhər o uşaqlar.

Bayaqdan sənin qulağına pıçıldadığım nağılvari gözəlliklər məhv oldu bir anda - deyir. Ana-baladan, nənə-nəvədən, yar –yarından ayrı düşdü - deyir. El pərən-pərən oldu - deyir. Xanın zülfünə heyran olub, şeir yazdığı “Qara tellər”ə yağının murdar əli dəydi- deyir.

28 il. Düz 28 il səssiz-səmirsiz, boynu bükük,yetim kimi qaldım - deyir. Qış gəldi qar gəldi, küçələrimdə oynayan uşaq səsi gəlmədi. Yaz gəldi, çiçək açdı, Cıdır düzümə çiçək toplamağa qız-gəlin gəlmədi. Yay gəldi meşələrimdə ağaclar meyvələrini yerə tökdü, dərən olmadı. Payız gəldi, yarpaq soldu, heyvam armudum, narım budaqda gözləməkdən saraldı. Sahibim gəlmədi.

İllərlə gözlərim yollarda qaldı. Daha ümidimi itirmək üzrə idim. Bir gün bir səs gəldi qulağıma. Nəfəs səsi. Yavaş-yavaş, asta-asta. Kimdir görəsən, dedim. Səhvmi eşidirəm, dedim! Yox- yox. Mən səhv etmirdim. Kimsə addım-addım qayalarıma dırmaşırdı sanki. O an anladım, budur gəlir. Harayıma gəlir kimsə, əsirlikdən qurtarmağa ,yağıdan azad etməyə gəlir kimsə. Kim? Axı kimdir gələn?
Deyim sənə kimmiş gələn. Şuşa alınanda ağzı əmzikli ana qucağında geriyə baxa-baxa gedən körpələrdir gələn. Aslan olub, igid olub qayıdıblar. Aclığını bastırmaqçün, barmağını deşib qanını soraraq gəlir. Haradan gəlir bu körpələr. Qayalara dırmaşaraq gəlir. Düz və asan, hamının düşündüyü yolla deyil, enişli-yoxuşlu, dağlı-təpəli, sıldırım qayalı yollarla gəlir. Cıdır düzümdən gəlir.
He-he, heeey silahsız gəlirəm, qaç canını qurtar yağı düşmən deyir. Silahım dişlərim, dırnaqlarım, içimdəki nifrətimdir deyir. 20 min şəhidin qanını 30-40 igid alacaq deyir. Bu gecə, burada misli görülməmiş bir tarix yazılacaq -deyir.

Bəli, yazıldı bu tarix. Bəs kimdir axı bu igidləri qayalara dırmaşarq düşmən üstünə atıb bir gecədə tarix yazan şir ürəkli sərkərdə?! Tarix bu coğrafiyada atı ilə tozu-dumana qatan çox sərkərdələr görmüşdü axı.

Xeyirxah kimi tanınan İsgəndərlər, atının dırnağı qoparmadığı dağ-daş qalmayan amansız Çingiz Xanlar, Çindən Misirə ayağı dəydiyi yerdə ot bitməyən Teymurlənglər. Aman Allah! Yenəmi talanacam, yeni bir fəlakətmi yaşayacam?! Bəsdir, daha dözümüm yoxdur. Yoox bu kimdirsə, bu başqaydı. Bu kimdirsə fərqlidir. Fərqi nədədir axı, onu bilmək istəyirdim. Gördüm, öyrəndim, gözlərimlə şahid oldum fərqinə. Fərqi vicdanında imiş. Gözü yad elində deyilmiş. İşi, məqsədi talamaq, tökmək, dağıtmaq deyilmiş. Üstəlik əsgəri də at belində, əlində silahla gəlməyib. Ürəyində cəsarətlə gəlib. Sükürlər olsun Rəbbimə. Tarix səssiz-səssiz yeni DÜHA yetişdiribmiş, xəbərimiz yoxmuş demək. Ayağının dəydiyi yerlərə həyat gələcək demək. Gülən-oxuyan balaca çobanlarımı dağlarıma qaytaracaq demək. Zamanını gözləyirmiş savaş meydanına çıxmaq üçün demək. Çox da ki, haqdan danış.Əgər gücün yoxdursa heç kimsən sən. Gücünü qoydu orataya bu DÜHA. Yumruğunu vurdu masaya bu DÜHA. Özü də DƏMİR YUMRUQ.

Bu da son. Kimsə mənə səslənirdi. ƏZİZ ŞUŞA, SƏN AZADSAN! Mənəmi deyirdi görən? Başqa Şuşa yox idi ki. Deməli mənəm, məni çağırır. Lərzəyə gəldi bütöv Azərbaycan. Gözlər yaşla doldu 28 il sonra. Bu dəfə sevinc göz yaşları idi. Bayraqlara sarıldı millət. Əsirlikdən qurtulmağıma 10 milyon sevinirmiş demək. Yolunu gözlədiklərim, mənə qayıdacaq yolu gözləyirmiş, demək. Nəhayət. Dağlarım, düzlərim doğma, şirin dilimdə danışanlarla dolub daşır. Yenə dağlarımın başı dumanlı. Yenə kəlağayısına bürünmüş gözəllərim qırmızı qoftalı, yaşıl tumanlı. Xoşbəxtəm mən,yenə xoşbəxtəm. Bu torpağın üstündə gəzən hər bir insan, hər şeyini sizlərə, bu torpağın altında yatanlara borclu olduğunu yaxşı bilir. Torpağıma ayaq basan böyükdən kiçiyə hər kəs sizə rəhmət oxuyur, EY İGİDLƏR!

Belə. Övladlarım yanımda Cıdır düzündəyəm. Nə xoşbəxt bir nəsilsiniz bilirsiniz deyirəm?! - Niyə -deyə soruşanda səbibini göz yaşları içində izah edirəm.

Sənin tarixini, dərdini, qəmini, sevincini qırılmış, sökülmüş evlərinin pıçıltısından dinlədim. Havanı içimə çəkdim, suyundan içdim, sevincinə şərik oldum, Əziz Şuşa! Bir anlıq göz-gözə gəlib, bir gözələ, ya bir igidə vurulmaq sayağı havana, suyuna, daşına, torpağına, uçmuş evlərinə, yerdə bitən otuna, sənə vuruldum mən, Əziz Şuşa sənə!

Doqquz ay bətnində bəsləyib, illərlə qayğısını çəkib, böyütdüyü dağ oğulları bir anda milyonların sevincinə qurban verən, ANALAR. Qayıdan torpaqların qayıtmayan OĞULLARI. Və nəhayət o oğulları tarixin görmədiyi cəngavər bir döyüçüyə çevirən, BƏNZƏRSİZ SƏRKƏRDƏ .

BU MİLLƏT, BU ÖLKƏ, BU TARİX SİZƏ, YALNIZ ÜÇÜNÜZƏ ƏBƏDİ MİNNƏTDARDIR!!!

# 86 dəfə oxunub

Oxşar xəbərlər

Qəbir yeri tapılmayan Vəfa Fətullayeva kimdir?

Qəbir yeri tapılmayan Vəfa Fətullayeva kimdir?

18:40 21 may 2025
Xəzər Universitetində elmi-metodik jurnal təqdimatı - Fotolar

Xəzər Universitetində elmi-metodik jurnal təqdimatı - Fotolar

18:36 21 may 2025
Səttar Bəhlulzadənin evini bağışladığı Xalq rəssamı

Səttar Bəhlulzadənin evini bağışladığı Xalq rəssamı

18:14 21 may 2025
Azərbaycanda 21 yazıçıya mənzil verilib - Anar açıqladı

Azərbaycanda 21 yazıçıya mənzil verilib - Anar açıqladı

18:03 21 may 2025
"Kimya gündəliyi"  təqdim olunacaq

"Kimya gündəliyi" təqdim olunacaq

17:43 21 may 2025
Everesti fəth edən ilk azərbaycanlı qadın:  "Oksigenim, demək olar ki, tükənmişdi" - Müsahibə

Everesti fəth edən ilk azərbaycanlı qadın: "Oksigenim, demək olar ki, tükənmişdi" - Müsahibə

17:11 21 may 2025
#
#
# # #