Kulis.az Aida İsmayılovanın "Bütün yollar bizi özümüzə, yoxsa özümüzdən aparır?" yazısını təqdim edir.
"Sular axıb yaşayır, bir yerdə saxla, öləcək. Ölü sularda balıq olmur. Yaradan belə yaradıb. Dünyamız hələ sağlamdı, otu, suyu, havası sağlamdı. Anam deyərdi ki, gün gələcək yer üzünün suyu, otu, havası ağrı tapacaq".
Bu fikirlər Mövlud Süleymanlının "Köç" romanındandı. Romanın adı elə ilk andanca mənə çox doğma gəldi. Əsəri oxuduqca uşaqlıqda yaylaqda gördüyüm bir çox etnoqrafik mənzərə beynimdə yenidən canlandı.
Müəllif sanki minilliklər boyu yol gələn insanlığın hekayəsini yazıb, yeni yurd yerləri, köçlər, təbiət-insan münasibətləri olduqca maraqlı və dolğun təsvir edilib. Kitab türk ruhunu, həyat tərzini əks etdirir, özündə həm də mifoloji motivləri birləşdirir.
Müəllif yazır ki, dünyada cansız heç nə yoxdu, hər şeyin canı var. Adam gərək ürəyini yuya, odun-ocağın, günün nuru, suyun aydınlığı ona görə yaranıb ki, ürəyimizi yuyaq. Biz də ona görə yaranmışıq ki, bu nuru, bu aydınlığı görə bilək.
Mənim isə köçə, köç yoluna baxışım bir az fərqlidi.
Köç, yaylaq-qışlaq həyatı yaşayan tayfaların həyatında önəmli hadisə idi, elə indi də belədir. Köç həm də insanın bu dünyadakı yoludur.
İnsanın atdığı ilk addımlar onun qət etdiyi ən qısa yoludur. Həm də ömür yolunda yıxılıb-durmağı öyrəndiyi bir bir dərsdir, başlanğıcdır. Sonra daha çox addım və daha uzun yollar başlayır. Elə yollar var ki, əzbər bilirsən, hər addımını xatırlayırsan.
Yollar həm insanları bir-birinə qovuşdura bilir, həm də ayırır. Mənim üçün ən gözəl yol kəndimizə aparan yollar idi. Bakıdan Borçalının dağ kəndinə uzanan uzun bir yol...
Uşaqlığımın ilk yolu kənd yolu idi, o taydan bu taya gedən yol... Sonra köç yolu var idi, Şamdüyə dağlarına uzanırdı və mənə görə dünyanın ən sehrli yeri idi. Çünki orada gecələr səma ulduzlarla dolu olurdu, gündüzlər isə masmavi idi. İndi fərqinə varıram ki, mənim yolum oradan başlanıb; Şırşır bulağının soyuq suyundan, yaşıl çəmənlərdən, üstündə gəzdiyim daşlardan, qayalardan...
Zaman belə gətirdi ki, o vaxt bilmədiyim, fərqində olmadığım hadisələrin axarında yollar bizi Bakıya gətirdi. Yeni yurd yeri, yeni həyat, yeni insanlar və s. Dağda bitən gülü gətirib dibçəyə yerləşdirirsən və deyirsən ki, daha torpağın buradır... O necə yaşayır kiçik qabda, pəncərə önündə, ona veriləcək suya möhtac, halbuki bütün torpaq, səma, yağışlar onun idi... Amma insan hər şeyə alışır, təbiətində bu var, uyğunlaşır. Uyğunlaşa bilməyənlər isə məhv olurlar, hər mənada məhv olurlar.
Bizi Bakıya gətirən yollar sonradan hər il yay tətilində yenidən kəndimizə aparırdı... O yolları əzbər bilirdim. Bu döngədən sonra hara gəlir, bu yolayrıcı hara çıxır hamısı fraqment kimi indi də yaddaşımdadı.
Şəhərin sıx, maşınlarla dolu yollarında avtobusda işdən evə qayıdarkən beynimdə “yol nədir?” - deyə düşünürdüm. İnsanın yolu haradan başlayır, harada bitir, yollar bizi hara aparır? Elə yollar var ki, bizi özümüzdən uzaqlaşdırır, elələri də var ki özümüzə yaxınlışdırır... Azdığımız yollar da olur. Düşünürəm ki, bütün yollar bizi özümüzə aparır, daxilimizə, bütün gedişlərimiz ya özümüzədi ya da özümüzdəndi...
Nəhayətdə insan daima “köç” yolundadı. Bu dünyadan keçirik, yolumuz başqa dünyayadır, özümüzlə nələr aparırıq?
Elə özümüzü, bu dünyada da əslində, özümüzü qoyuruq. Çünki insanı insan edən əməlləri, getdiyi bu yolda qazandıqlarıdır.