Kulis.az ən çox tənqidə tuş gələn Azərbaycan yazıçı və şairlərini təqdim edir.
Məhəmməd Füzuli
Füzulini müxtəlif səbəblərdən tənqid ediblər: dilinin qəlizliyi, dekadans düşüncəsi, simvolikaya çox varması, sosial mövzulardan uzaq düşməsi, hətta güclü şair olmasına görə... Onun ən böyük tənqidçisi M.F.Axundov sayılır. Axundov “Füzulu şair deyil!” deyə qəti bir hökm də vermişdi. Cəfər Cabbarlı isə onu güclü olduğuna görə uzun zaman ciddi şairin yetişməsinə mane olduğuna görə tənqid edirdi. Müstəqillik dövrünün modernistləri Füzulinin inkarına daha çox estetik planda can atıblar. Ümumilikdə dahi sənətkar olduğunu hər kəs qəbul edir.
Mirzə Fətəli Axundov
Onu sevməyən dindarlardır. Ən çox da “Kəmalüddövlə məktubları” fəlsəfi traktatına görə. Axundov burada Nitsşedən təsirlənərək islam dininin ən yüksək şəxsiyyətləri haqqında çox kəskin fikirlər yazıb.
Mirzə Cəlil
İki rakursdan tənqid olunur: xalqı çox aşağılayıb, dindarları təhqir edib! Lakin bunun əksini deyən mütəxəssislər daha çoxdur. Estetik planda tənqidi yanaşanlar da var. Təxminən belə ki, həmin dövrdə dünyada daha ciddi ədəbiyyat nümunələri yaranırdı, Mirzə Cəlil bu prosesdən təcrid olunub 19-cu əsr maarifçilik ənənələrindən çıxış edirdi. Bu fikrin daşıyıcıları dövrünə görə geniş dünyagörüşü olan Yusif Vəzir Çəmənzəminlinin Mirzə Cəlilə tutduğu iradı əldə əsas götürürlər. Lakin buna əks arqumentlər də var və kifayət qədər güclüdür. Mirzə Cəlilin zamanında cəmiyyətin ümumi səviyyəsi dünyayla müqayisədə çox aşağı idi. Ona görə başqa cür yazmaq mümkün deyildi. Ümumilikdə, Mirzə Cəlilə böyük sevgi hələ də özünü qoruyub saxlamaqdadır. Çox güman, həmişə belə olacaq.
Mirzə Ələkbər Sabir
Sabiri də Mirzə Cəlillə eyni motivdə tənqid edirlər və düşünürlər ki, xalqı aşağılamaq və danlamaqla heç nəyə nail olmaq mümkün deyil. Bununla belə Sabirdən ən azı bir bənd şeir bilməyən azərbaycanlı tapmaq mümkün deyil.
Səməd Vurğun
Stalinə, partiyaya yazdığı mədhiyyələr, Hüseyn Cavid və Rəsulzadə haqqında işlətdiyi aşağılayıcı ifadələr onun ən çox tənqid olunan tərəfləridir. Bundan əlavə həm qatı mühafizəkarların, həm də yenilikçilərin sevmədiyi obrazdır. Qatı mühafizəkarlar onu klassik Azərbaycan dilini dəyişməkdə, qatı yenilikçilər isə 19-cu əsr ənənələri ilə ədəbi prosesi yubatmaqda qınayırlar. Gerçəklik isə dəyişmir: Səməd Vurğun çox sevilir və adi tənqidlərə görə belə sadə insanların onun müdafiəsinə qalxır.
Rəsul Rza
Repressiya illərində AYB rəhbəri olması, Leninə poema həsr etməsi Rəsul Rzanın ən zəif yeridir. Üstəlik, o, oğlu Anara görə də tənqid olunur. Anarı sevməyənlər atasına həssas yanaşdığını bilir və bəzən bundan sui-istifadə edirlər. Rəsul Rzanın müdafiəçiləri də daha çox Anar və onun ətrafındakı insanlardır.
Anar
1987-ci ildən AYB sədri işlədiyi üçün həmişə tənqidin hədəfindədir. Onu daha çox ədəbiyyatımızın inkişafına mane olmaqda suçlayırlar.
Elçin
Vəzifədə işlədiyi müddətdə çox tənqid olunurdu. Teatrları monopoliyaya aldığı, özünün və atası İlyas Əfəndiyevin əsərlərini səhnəyə qoydurduğu iddia olunurdu. Vəzifədən gedəndən sonra bu tənqidlər yetərincə azalıb.
Əkrəm Əylisli
“Daş yuxular” romanına görə demək olar, bütün ölkə Əkrəmi tənqid atəşinə tutdu. Onu dar çevrədə qələm adamları müdafiə etdilər. Çünki mövzu çox həssas idi: erməni-Azərbaycan münaqişəsi...
Ramiz Rövşən
Gəncliyində yenilikçi, yaşlılığında mühafizəkar olduğu üçün yeni nəslin tənqidinə tuş gəlib. Şeirlərindəki dekadans əhval-ruhiyyə də onu zaman-zaman müzakirə mövzusuna çevirir. Amma şair kimi hər zaman sevilib və bu gün də sevilir.
Çingiz Abdullayev
Yazıçılıqdan daha çox məmur imici yaratdığı üçün ədəbi mühitdə qıcıq doğurur. Üstəlik, dünyanın müxtəlif coğrafiyalarında olduğu kimi bizdə də detektiv ciddi ədəbiyyat kimi qəbul edilmir.
Rafiq Tağı
İslam peyğəmbəri haqqında yazdığı fikirləri indi də - faciəvi ölümündən sonra da bağışlamayanlar var. Rafiq Tağını həm də Mirzə Cəlil və Sabir haqda yazdığı kəskin yazılarına görə tənqid edirdilər.
Seymur Baycan
Onu uzun müddət ciddi qəbul etmir, qıcıqlandırıcı yazılarına görə hətta söyüb-təhqir də edirdilər. Seymuru ən çox klassikləri, tanınmış yazarları tənqid etməkdə, xalqı bəyənməməkdə ittiham edirlər.
Kəramət Böyükçöl
Müxtəlif mövzularda amansız tənqidlərə məruz qalıb: Xəlil Rza, Bəxtiyar Vahabzadə, meyxana, aşıq sənəti və s. haqqında yazdığı tənqidi fikirlər ona baha başa gəlib. Kəraməti bu tənqidlərə görə, AYB üzvlüyündən xaric etmişdilər.