Kulis.az Seymur Baycanın "Alim Gəncəli haqqında" adlı yeni yazısını təqdim edir.
İndi bilmirəm vəziyyət necədir, mən uşaq, yeniyetmə olan vaxtlarda belə bir yazılmamış qanun var idi: maşın ustaları, təmir müddətində, təmir etdikləri maşını sürmək hüququna sahib idilər. QAİ-lər də bu yazılmamış qanuna əməl edirdilər. Maşın ustalarına dəyib-dolaşmırdılar. Çünki onların da başqaları kimi maşın ustalarına işi düşürdü. Ciddi qanun pozuntusu baş vermədiyi halda, maşın ustalarına dəyib-dolaşmaq QAİ-lərə sərf etmirdi.
O vaxtlar maşın almaq, maşın əldə etmək indiki kimi asan deyildi. Ehtiyat hissələri də çətinliklə tapılırdı. Ustalar çox vaxt darmadağın olmuş, əzilib suyu çıxmış maşını təzədən yığırdılar. Maşın sahibləri ustalara böyük hörmət göstərmək, onların nazı ilə oynamaq məcburiyyətində idilər.
Əmimoğlu, dayım, dayımın bir neçə yaxın dostu maşın təmiri işinə baxırdılar. Ona görə də uşaqlıq və yeniyetməlik vaxtlarımda yamaqlı-yumaqlı, əzik-üzük maşınlarda çox gəzmişəm. Doğrusu, təmir olunmaqda olan maşınlarda gəzmək, səliqəli, təzə maşınlarda gəzməkdən daha çox xoşuma gəlirdi.
Həm də bir uşaq, bir yeniyetmə üçün böyüklərin əhatəsində olmaqdan, onların söhbətlərini eşitməkdən, onlarla gəzməkdən, onlarla çayxanalara, kafelərə, restoranlara getməkdən maraqlı, gözəl nə ola bilərdi?
Subay maşın ustaları daha çox gün batandan, qaranlıq düşəndən sonra gəzməyə çıxırdılar. Evə gəlib yuyunurdular, paltarlarını dəyişirdilər, təmir etdikləri maşına oturub harasa gəzməyə gedirdilər.
80-ci illərin sonlarında sovet insanlarının məişətində, həyatında xeyli dəyişiklilər baş vermişdi. Əvvəllər tapılmayan, yaxud çox çətinliklə tapılan müxtəlif malları, məsələn, tutaq ki, yaxşı ətirləri, sabunları, şampunları, yaxşı ayaqqabıları, kostyumları, köynəkləri, xarici siqaretləri, içkiləri tapmaq asanlaşmışdı. O dövrün meyarlarına görə maraqlı kafelər, restoranlar açılmışdı. Məncə, səksəninci illərin sonlarından başlayaraq ta Qarabağ müharibəsi qızışana, şiddətlənənə qədər olan dövr ən maraqlı dövr idi. Çünki həm əvvəllər tapılmayan malları tapmaq asanlaşmışdı, həm də əvvəlki illərlə müqayisə olunmayacaq dərəcədə azadlıq küləkləri əsməkdəydi. Üstəlik, asayiş də çox pozulmamışdı. Adamların geyimlərində ciddi dəyişikliklər baş vermişdi. Yeknəsəqlik, bozluq ciddi zərbə almışdı.
Dəqiq yadımdadır “komission mağazaları” təzə açılanda adamlar gedib mağazlardakı mallara nadir, çox qiymətli muzey eksponatları kimi baxırdılar. Əlbəttə, o dövrü görməyən və bu günün pəncərəsindən baxan adamlara bütün bunlar gülməli, hətta absurd görünə bilər. Həmin adamlar bir anlıq özlərini sovet adamlarının yerinə qoysunlar. Təsəvvür edin “komission mağazaları” açılır və orada fransız ətirləri, çex pivəsi, xarici siqaretlər açıq şəkildə satılır. Nə deməkdir bu? Sadəcə fantastika!
Burada çox vacib bir nüansı mütləq qeyd etməliyəm. Azərbaycanın digər türk respublikaları ilə müqayisədə latın əlifbasına asan keçidi, həm də o dövrdə açılan “komission mağazaları”nın, restoranların, kafelərin sayəsində baş tutdu. O dövrün iş adamları, tacirləri açdıqları mağazaların, kafelərin, restoranların adlarını latın əlifbasıyla yazırdılar. Əlbəttə, onlar mağazaların, kafelərin, restoranların adlarını latın əlifbasıyla yazmaqla millətçilik mövqeyindən çıxış etmirdilər. Onlar latın əlifbasından istifadə edərkən, sadəcə öz obyektlərinin sovetdən qalma obyekt olmadığını, yeni bir obyekt olduğunu vurğulamaq istəyirdilər. İş adamları, tacirlər mağazaların, kafelərin, restoranların adlarını latın hərfləriylə yazmaqla adamlara bəyan etmək istəyirdilər ki, burada hər şey satılır, burda başqa cür xidmət göstərilir, bura fərqli məkandır. Nəticədə azərbaycanlılar mağaza, kafe, restoran adı oxumaqla kütləvi şəkildə latın əlifbasıyla tanış oldular. Əks halda proses çox uzun çəkərdi, latın əlifbasına keçid çox çətinliklə baş tuta bilərdi. O dövrün iş adamları, tacirləri mağaza, restoran, kafe adlarını latın hərfləriylə yazmaqla, özləri də bilmədən latın əlifbasına asan keçid etmək prosesində müstəsna rol oynadılar.
Mağazaların, kafelərin, restoranların adlarını latın əlifbasıyla yazmaq prosesi təkcə paytaxtda getmirdi. Əyalətlərdə də yeni mağazaların, kafelərin, restoranların adları latın hərfləriylə yazılırdı. Məsələn, yadıma “Araz”, “Təbriz” adlı kafelər düşür. Bu kafelərin adları latın hərfləriylə yazılmışdı. Subay maşın ustaları gün batandan, qaranlıq düşəndən sonra daha çox “Araz” kafesinə yığışırdılar. Orada o dövrün meyarlarına görə əla xidmət göstərirdilər. Maşın ustaları yemək yeyirdilər, sonra da “Quş südü” tortu ilə çay içə-içə domino oynayırdılar. “Quş südü” tortu ilə çay içmək, o demək idi ki, sən artıq fərasətli, ədabaz, təmin olunmuş təbəqəyə aidsən…
Bəzən subay maşın ustaları təmir etdikləri maşınlara minib kəndlərdə yaşayan əsgər yoldaşlarının, qohumlarının, dostlarının evlərinə qonaq gedirdilər. Bu qısa səfərlərdə, gecə gəzintilərində iştirak etmək mənim üçün həddindən artıq xoş idi. Lakin bir məsələ məni çox incidir və narahat edirdi. Nədənsə qonaq getdiyimiz kənd evlərində mənə balaca stəkanlarda çay verirdilər. Bu məsələ ətrafında çox düşünmüşəm, amma onların mənə niyə məhz balaca stəkanda çay vermələrinin səbəblərini hələ də müəyyən edə bilməmişəm. Özü də ev sahibləri nə qədər israr etsələr də, biz qonaq getdiyimiz evlərdə çox nadir hallarda gecələyirdik. Yemək yeyib, çay içib, geri qayıdırdıq. Qonaq getdiyimiz evlərdə gecələsəydik, mənə balaca stəkanda çay verilməsini, bəlkə də, birtəhər həzm edə bilərdim. Vəziyyətlə, aqibətimlə, taleyimlə barışardım. Ona görə də qonaq getdiyimiz evdə gecələmədiyimiz halda, mənə balaca stəkanda çay verilməsi, qüruruma toxunurdu, şəxsiyyətimi alçaldırdı. Mənə balaca stakanlarda çay veriləndə bacardığım qədər narazılığımı, ehtirazımı bildirirdim, deyirdim, narahat olmayın, öz evimizdə yekə stakanda çay içirəm. Narazılığımın, etirazımın xeyiri olmurdu. Qayıdıb deyirdilər ki, gedib evinizdə yekə stəkanda çay içərsən. Böyük dostlarım isə mənə balaca stakanda çay verilməsi məsələsinə müdaxilə etmirdilər. Əksinə cırnamağım, inciməyim xoşlarına gəlirdi.
Əzik-üzük, yamaq-yumaqlı maşınların salonunda maqnitofon mütləq və mütləq olmalı idi. Bahoo, subay olasan, təmir etdiyin maşını sürəsən, maşında da maqnitofon olmaya… Mümkünatı yoxdur.
O dövrdə belə bir hoqqa vardı. Adamlar sevdikləri, bəyəndikləri mahnını kasetin hər iki üzünə yazdırırdılar. Maqnitofonda dayanmadan bir mahnı oxunurdu. Etiraf edim ki, mən də başımı başlara qoşub belə bir hoqqa çıxartmışdım. Aydınçikin "Elnarə" mahnısını, avtovağzalda yerləşən səsyazma studiyasında doxsan dəqiqəlik “yaponski” bir kasetin hər iki üzünə yazdırmışdım. Papam içib evə gəlmişdi. Bizə, uşaqlara pul payladı. Papam yatandan sonra mamam tez tutub uşaqların əlindən pulları aldı (arvadların bu mənasız xırdaçılığı olmaya da…). Guya bizə bu pullarla nəsə vacib bir şey alacaqdı. Halbuki, bu xeyli əsassız arqument idi. Nəsə almaq üçün kifayət qədər pul vardı. Tutub uşaqların əlindən pulu almamaq da olardı. Arvadlar məhz bu cür xırdaçılıq etdiklərinə görə, uşaqlar çox vaxt atalarını analarından daha çox istəyirlər. Nə isə, o biri uşaqlar müqavimət göstərməyin mənasız olduğunu görüb pullarını mamama verdilər. Mən vermədim. Sabahı günü gedib avtovağzalda yerləşən səsyazma studiyasında doxsan dəqiqəlik “yaponski” kasetin hər iki üzünə Aydınçikin "Elnarə" mahnısını yazdırdım. Bu hoqqanı çıxartmağımın səbəbi vardı. Amma həmin səbəbi yazmayıb, ilin-günün bu vaxtında ətinizi kilo-kilo tökməsəm daha yaxşı olar. Cek Londonun təbirincə desək, təfərrüatlara girib özümüzü alçaltmayaq.
Hə, bir gün dayım, dayımın dostu və mən əzik-üzük, yamaq-yumaqlı "Juqili" markalı maşında uzaq kəndə qonaq getmişdik. Mən arxada oturmuşdum. Oturmuşdum deyəndə bir az təntənəli çıxır. Maşın təmirdə olduğuna görə arxa oturacaqları çıxartmışdılar. Oturacağın yerinə yastı ləyən, ləyənin də üstünə döşəkcə qoymuşdular… Qonaq getdiyimiz evdə yemək yedik, çay içdik. Bizi israrla saxlamaq istədilər. Qalmadıq. Geriyə qayıtdıq. Geriyə qayıdanda maşın yolda xarab oldu. İki usta kapotu qaldırıb maşını qurdalamağa başladılar. Az sonra motoru işə saldılar və biz yolumuza davam etdik. Sağ-salamat evə qayıtdıq. Vəssalam, bütün əhvalat bundan ibarətdir. Xüsusi, müstəsna bir hadisə baş verməsə də, həmin gecə yaddaşımda sehrli bir gecə kimi qalıb. Biz gedəndə də, qayıdanda da yol boyu maqnitofonda Alim Gəncəlinin mahnılarına qulaq asdıq.
Bu cür başı-ayağı, əvvəli-axırı olmayan, amma yaddaşda dərin kök salmış qiymətli epizodları, sehrli anları mətndə vermək, ifadə etmək olduqca çətin məsələdir. Yaddaşında dərin iz buraxmış, sənin üçün qiymətli olan belə epizodların hər hansı formada mətndə havasını verə bilsən, havasını oxucuya çatdırsan, böyük işdir. Amma hətta belə epizodların havasını hər hansı formada mətndə verə bilsən belə, bu, yenə də hər şey demək deyil. O mənada ki, sən müəllif kimi öz işini görsən də, mətnlə tanış olan adamın bədii təfəkkürü, mətndə verilən havanı tutmaq, yazılmayan yerləri də oxumaq, hiss etmək iqtidarında olmalıdır…