Narkoman qadınlar niyə çoxalır? - Təhlil

Narkoman qadınlar niyə çoxalır? - Təhlil
15 yanvar 2023
# 15:00

Kulis.az Həcər Bayramın yeni yazısını təqdim.

“Qadın narkoman” niyə daha qorxunc səslənir?

Bir neçə gün əvvəl Yutubda video axtarırdım. Diqqətimi bir video çəkdi. Verilişdə bir gənc qadının həyatı müzakirə olunurdu. Onun səkkiz yaşında qızı vardı və qadın uşaqla narkoman ərlə yaşayır. Məlum oldu ki, özü də narkomaniyadan əziyyət çəkir. Ən təəccüblüsü də bu idi ki, qadının dediyinə görə onu narkotikə doğma əmisi alışdırmışdı.

Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Bu pis aludəçilik adətən kişilər arasında daha çox yayılıb. Lakin son illər qadınlar arasında da narkotik vasitələrinin istifadəçilərinin sayı çox sürətlə artmaqdadır. Səhiyyə Nazirliyinin verdiyi statistikaya görə ölkədə hər on narkomandan üçü qadındır.

Bəs bu qadınlar narkotiklə necə tanış olur, necə istifadə etməyə başlayır? Axı ortada bir mentalitet məsələsi də var. Qadınla zərərli vərdişlər arasında baryerlər çoxdur. Kişilər kimi onlara hər şey asan, əlçatan deyil. Qınaq var, maneələr var, qadının üstündəki “ocaq qoruyan kahinə” yükü ona elə də imkan vermir ki, rahatca içki içsin, narkotik istifadə eləsin, gecələr əylənsin və s. Bununla belə, ortada fakt var, statistika var – qadınlar arasında narkomaniya sürətlə artır. Və bu hal təkcə subay qızların, cavan qadınların arasında deyil, evli, uşaqlı qadınların da arasında artmaqdadır.

Qayıdaq suala.

Bəs, bu qadınlar necə olur ki, narkotikə qurşanır?

Ekspertlərin dediyinə və narkotik qurbanlarının müsahibələrində təsdiqlədiklərinə görə, qadınların insan həyatını məhv edən bu alışqanlıqla tanış olması bir neçə yolla baş verir. Bu yollardan biri və daha geniş yayılmışı gözəllik salonlarındakı “cəlbedici” təkliflərdir. Salonda işləyən ustalar metamfetamin və digər həbləri qadınlara arıqlama vasitəsi kimi təklif edir. İstifadə etməyə razı olan qadınların çoxu bu həblərin narkotik tərkibli olduğunu heç bilmir də. Bəzən də bilir, amma ciddiyə almırlar. Gözəllik, formada qalmaq həvəsi xanımları məcbur edir ki, asanlıqla belə tələlərə düşüb, qurbana çevrilsin.

Bəzən də evində, ailəsində, həyatında problem olan qadınlara "patı" deyilən narkotik maddə stressdən çıxış yolu kimi təqdim edilir. Bunu da ya gözəllik salonlarında edirlər, ya hansısa dost məsləhət görür, ya da elə öz ailə üzvləri. Bu zaman da, gələcək qurban istifadə etdiyi şeyin narkotik tərkibli olduğunu və asılılıq yaratdığını bilmir.

Ortada sosial faktorlar da var. Rifah səviyyəsi, ailə və digər problemlər, mənəvi-psixoloji yük, məsuliyyət qadınları asanlıqla narkotik istifadəçisi edə bilər. Mütəmadi depressiyadan əziyyət çəkən qadınlar belə maddələrə qarşı daha həssas olur, rahatlıqla qurbana çevrilirlər.

Ən inanılmazı isə qadınların ailə üzvləri tərəfindən bu yola çəkilməyidir. Məsələn, narkoman ər, sevgili, bəzən isə hətta ata, qardaş onları hansısa zərərli maddə ilə tanış edə bilər. Narkoman ər, sevgili öz "sevdiyi" xanımı bu çirkaba bulaşdıra bilər. Onlar qadınları bu tələyə bilərəkdən salırlar ki, sonra özləri qadınlardan sui-istifadə edib narkotik aldırsınlar. Yaxud qadın narkoman əri atmasın, polisə şikayət etməsin deyə ərlər öz həyat yoldaşlarını narkotikə alışdırırlar.

Ölkəmizin cənub zonası, belə baxanda, mentalitetin güclü olduğu region hesab edilir. Bununla belə, son illər orada da xeyli sayda narkotik aludəçisi qadınlara rast gəlirik. Ehtimallara görə, bu zonada qadınları narkotikə alışdırmaqda motiv, sonradan onlardan sərhəddən maddə keçirmək üçün istifadə edilməsidir. Eyni sistemlə gənc qızları fahişəliyə də cəlb edirlər. Gənc qızlar əvvəl narkotikə alışdırılır, asılı hala düşəndən sonra narkotacirlər onları fahişəliyə təhrik edir.

Maraqlı məqamlardan biri isə imkanlı ailədən olan qadınların bu yola sürüklənməsidir. Onlar da, adətən, iki halda narkotikə qurşanırlar. Birincisi, varlı dostlarının əhatəsində özünü sındırmaq istəmir, “cool” görünməyə cana atırlar. İkinci, həyatlarındakı boşluqları narkotik eyforiyası ilə doldurmağa çalışırlar.

Statistika göstərir ki, ölkəmizdə narkoman qadınların yaşı 18-dən başlayır. Ancaq 30-45 yaşlılar daha çoxdur. Son zamanlar hətta 15-17 yaşlı qızlar da rast gəlinir. Qadın narkomanların əksəriyyəti ən ağır forma olan infeksion narkotik istifadəçiləridir. Ekspertlərin rəyinə görə, qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində psixotrop maddələrə kişilərə nisbətən 10-15 dəfə daha tez sürətlə qurşanırlar. Eyni zamanda, kişilərə nisbətən, qadınların aludəçilikdən müalicə olunması, reabilitasiyası daha uzun çəkir. Qadınların orqanizmində estrogen hormonu onların daha tez və daha uzun çəkən asılılığına səbəb olur.

Kişilər kimi, qadınlar da normal həyat tərzinə qayıtmaq üçün reabilitasiya keçməlidirlər. Hazırda xüsusi reabilitasiyası mərkəzləri var ki, orda qadınları xüsusi metodlarla bu asılılıqdan tez xilas etmək üçün müalicə edirlər. Sözügedən proses xüsusi və bəzən personal yanaşma tələb edən prosesdir və bəzən illərlə vaxt aparır. Bu da xeyli maddi resurs və mənəvi-psixoloji güc tələb edir ki, bir çox ailələrin buna imkanı, vaxtı, gücü çatmır.

Amma müalicə, terapiya da işin ancaq bir qismidir. Bu bəladan xilas olmaq üçün həm də şəxsi iradə lazımdır.

Nail Kərimlinin videolarının birində 25 yaşlı qadın həbsxanaya düşdükdən sonra necə "lomkadan" çıxdığını izah edirdi. Dediyinə görə 10 gün ərzində dözülməz ağrılardan xilas olmaq üçün öz əl-ayağını bağlayıb, gecə-gündüz yuxusuz qalırmış. Bir şeyi də nəzərə almaq lazımdır ki, həbsxanada maddə tapmaq demək olar ki, mümkün deyil, buna görə də, həbsə düşənlər bu yoldan daha rahat dönə bilirlər. Amma “lomka”dan çıxmaq işin yarısıdır. Fiziki ağrılar bitəndən sonra dəhşətli depressiya, mənəvi boşluq fazası başlayır. Sağlam insanı sevindirən adi, gündəlik sevinclər – ailə, uşaqlar, dostlar, yemək, səyahət və s. narkotikdən qurtulanları sevindirmir, çünki sevinc reseptorlarını bərpa olması fiziki ağrılardan xilas olmaqdan daha uzun çəkir. İstər həbsxanalar, istər reabilitasiya mərkəzləri, istər ailələr bu faktoru ciddi qəbul etməli, narkotik asılılığına qalib gəlmiş adamla uzun illər boyu işləməyə, ona mənəvi dəstək verməyə davam etməlidirlər.
Bu faktora diqqət edilməyəndə, sağalmış insanların çoxu yenidən narkotik istifadə etməyə başlayırlar.

İnsanı ya ölümə, ya da həbsxanaya aparan bu bəla ilə mübarizə üsullarından biri də, evlənəndə gənclərin həkim müayinəsindən keçməsidir. Çünki bir çox hallarda qadınlar ancaq ərə gedəndən sonra ərlərinin narkotik istifadəçisi olduğunu bilirlər. Biləndə də, bəzən məhəbbət, sevgi gözlərini yumur. Düşünürlər ki, uşaqlar doğulacaq, ailə böyüyəcək, əri bir gün müdrikləşəcək və bu zəhrimarın daşını atacaq. Amma düşünmürlər ki, narkomanların övladları fiziki və əqli problemlərlə doğulurlar.

İstər qadın, istər kişi narkomaniyası, fərqi yoxdur, bu bəla ilə mübarizə güclənməli, milli məsələyə çevrilməli, istər hakimiyyət, istər sadə xalq bu mübarizəni özünə bir missiya elan etməlidir. Narkotacirləri həbs etmək, narkotikləri müsadirə etmək, narkomanları ya həbsə ya müalicəyə göndərmək vacibdir, amma yarımtədbirlədir. Narkotika ilə əsas və uzunmüddətli, strateji mübarizə yolu davamlı təbliğatdır. Bu təbliğat hər yerdə olmalıdır. Məktəblərdə, ali təhsil müəssisələrində geniş maarifləndirici və profilaktik işlər aparılmalıdır.

Sosial şəbəkələrdə, saytlarda hər kəsin anlayacağı sadə dildə sosial reklamlar yayımlanmalı, zərərli maddələrin insan həyatında təsirini, fəsadlarını göstərən kontent televiziyada dominantlıq etməli, gənc nəsil arasında sağlam həyat tərzi təbliğ edilməli, onların asudə vaxtları maraqlı təşkil olunmalıdır. Bu məsələ, yəni gənclərin asudə vaxtlarını maraqlı keçirmələri məsələsi xüsusilə rayon və kəndlərdə problemlidir. Əyalət gəncliyinin zərərsiz, maraqlı əylənmək üçün nəyi var, konserti, universiteti, kafe-restoranı, yaradıcı çevrələri, idman zalları, müxtəlif aktivitetləri - nəyi? Bu sadalananların hamısı ya paytaxtda cəmləşib, ya da bir-iki böyük şəhərdə…

Avropa ölkələrində gənclər öz asudə vaxtlarında müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Xeyli dövlət proqramları var ki, gənc nəsli müxtəlif ictimai-mədəni işlərə cəlb edir. Məsələn, Skandinav ölkələrində yeniyetmələr, 14-15 yaşlı uşaqlar üçün xüsusi proqram var. Gənclər ictimai-mədəni işlərə cəlb olunurlar. Məsələn, idman ya yaradıcı qruplarda necəsə xidmət göstərir, hansısa yüngül işlərin öhdəsindən gəlirlər. Bu işə görə 400-500 evro əmək haqqı alırlar. Bu da həm sosiallaşmaq deməkdir, həm də maddi təminat. Həm də böyüklərin yumşaq nəzarəti altında olmaq. Nəticədə nə baş verir? Yeniyetmələrin zərərli vərdişlərə vaxtı qalmır, sosiallaşmaq üçün gedib kriminal, narkoman qruplara qoşulmur, cibində pulu, özünü güclü və faydalı hiss edir.

Həyatda heç kim, heç nədən sığortalanmayıb. Nə gənclik, nə qadınlar, nə ilk baxışda hər şeyi qaydasında olan, xoşbəxt, problemsiz adamlar. Hər kəsin başına gələ bilər. Ən vacibi budur ki, biz cəmiyyət olaraq, ailələr olaraq, mütəxəssislər olaraq, bu qaranlıq, qorxulu yola düşənlərin arxasında duraq, mənəvi dayaq olaq, onları xilas edək. Və bu, bir-iki nəfərin işi deyil. Birlik halında, dövlət-cəmiyyət-ailə-mütəxəssis birliyi halında qalib gələ biləcəyimiz bir məsələdir.

# 3052 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #