Kulis.az Rəvan Cavidin "Milan Kunderaya vəfa borcumuz" adlı yeni yazısını təqdim edir.
Bu günlərdə Milan Kundera öldü. Bilmirəm, bəlkə də daha əvvəl ölmüşdü... Bir damar qopdu biləyimdə. Qəhərqarışıq bir ümid boğazımda düyünləndi, sonra udqundum. Bir ölüm xatırladım. Bir həyata həvəsim söndü. Kitabları müəllifsiz qaldı, indi onlar öz talelərini yaşayacaq: yetim və kimsəsiz.
Kundera ilə tanış olanda on səkkiz yaşım var idi. Kafkanı oxuyub təəccübləndiyim, əzab və acizliyi təzəcə tanıdığım günlərin hənirtisində boğulurdum. Ovaxtkı kimi bu gün də sual verdim: Dünyada Kafkanı anlayacaq kəs varmı?
Var idi, indi yoxdur. Dedilər, Kafkanı ən yaxşı o anlayıb. Mən də dadandım onun esselərinə, romanlarına. Amma dünya səviyyəli bir esseist, standartların xaricində yazılmış, qəliblərə sığmayan romanların da müəllifi öldü artıq.
Kundera Şərqi sevmirdi, onun romanları təpədən-dırnağa Hötenin Şərq suallarına cavab idi. Həmin cavablar "Ölümsüzlük" romanını yaratmışdı. Pazl hissəcikləri kimi səpələnən insan və mənəviyyatı haqqında sualları Kundera bir yerə yığa bilmiş, onlardan həm ölkəsi üçün, həm bizim coğrafiya üçün əla bir təsviri-sənət qurmuşdu.
Yazmışdı: "Uğurlu olacaq bircə üsyan var: dünyanı vecinə almamaq".
Gəncliyimizi vecsiz böyütməyə çalışırdı Kundera. İnandırırdı ki, ədəbiyyatın və sənətin olmadığı həyat puçdur, yaşamağa dəyər heç nə yoxdur mətnlərdən məhrum dünyanın içində. Mən və dostlarım buna inanmışdıq. Gözlərimizi gəncliyin parıltılı ümidləri qamaşdırsa da, içimizə çoxdan faniliyin kölgəsi düşmüşdü. Onun sayəsində. Həmin parıltı da, həmin kölgə də bu günlərdə öldü, bilmirəm, bəlkə də daha əvvəl...
Bir neçə musiqiçiyə, bir neçə rejissora, bir neçə də yazıçıya bağlı oldu bizim gənclik. İsti yay günlərində, ağzımızdan buxar çıxan qış soyuğunda, qanımız qaynayan yaz ilığında, şair olduğumuz payız aylarında onları içimizə çəkdik. Onların olduğu bir dünya qurduq. Yaşayırlarsa, deməli, hələ ümid var, düşündük. İndi bir-bir onlar dünyanı rəngsiz qoyduqca, öz əbədi evlərinə köçdükcə qurduğumuz dünya da başımıza yıxılır. Motivasiya aldığımız adamlar ölürlər çünki.
Kunderanın ölkəsi mənim ölkəmlə eyni taleyi yaşamışdı. Eyni dirənişi göstərmişdilər. Onun ölkəsinin tacsız kralı Kafka, mənim ölkəmin rütbəsiz şeyxi Nizami var idi. Biri olduqca pessimist, digəri olduqca optimist. Biri yerlə əlləşən idi, digəri göylərlə. Kundera və çex ədəbiyyatı Kafkanın "acığına" ironiya dolu optimizmi, bizim ədəbiyyat isə Nizaminin "acığına" dekadansı seçdi.
Kundera siyasəti ədəbiyyatın qaynar qazanında ustalıqla əritmiş bir yazıçı idi. Onun romanları həm siyasi idi, həm də estetlər üçün mükəmməl təhkiyə oyunlarının cəmi. Stalin və imperiyalar haqqında ən gözəl romanları o yazdı. Gülərək, gülüşünün arxasında acı bir nifrət, ağır bir kin gizlədərək. Onu oxuyan kapitalist solçu, onu anlayan solçu isə liberal ola bilərdi. Çünki Kundera üçün bütün siyasi cərəyanların bir qurbanı var idi: xalqının simasında bütün insanlıq.
O, çex kimi düşünüb, çex kimi qayğılanıb fransızlar kimi yaşadı və öldü. Onun vətəni yox idi. Əsl romançıların ölkəsi olmadığı kimi. O, bu dünyanın idi. Yazdıqları milli deyil, beynəlxalq sərvət idi. Kunderanın patriotluğu kosmopolit düşüncələrlə dolub-daşırdı. Sərhədlər, irqlər sözlərə, cümlələrə çevrilib dözülən bir xəfifliklə gözlərimizi doyururdu.
İndi həyasız bir cəsarətlə yazıram ondan. O cəsarət ki, özü mənə öyrədib. Onun romanlarını oxuyanda dünyanı dəyişmək kimi bir arzu yoxa çıxır, yerini yumruqlar, küçəyə axışan ideologiyalar, yandırılan şüarlar tutur. Onun səssiz gedişi yazdıqları kimi ağır və hay-küylü oldu. Bu günlərdə səssiz bir manşetdən oxudum öldüyünü, bilmirəm, bəlkə daha əvvəl oxumuşdum.
Nobel almadı - Kafka kimi. Çox sayda mükafatı da olmadı, populist bir fiqur da deyildi. Ucsuz-bucaqsız bir azlıq isə onu daim andı. Ölüm xəbəri dünyanın hər yerində qərib bir üzüntü kimi dalğalandı. Özü də qərib yaşadı. Ölkəsindən didərgin, xalqından ayrı.
Kunderanın ölümü yadıma başqa ölümləri də salır. Gələcəkdə öləcək digər yazıçıların, digər sənət adamlarının da yoxluğunu xatırladacaq. Və beləcə bir ədəbiyyat epoxasının da salxım-salxım dərilib bitdiyini görəcəyik. Sonraya bircə sual qalacaq: "Həqiqətən, ədəbiyyat dünyanı xilas edə biləcəkmi?"