"Məni qısqananlar var, o şəkli silə bilərsən?" - "Park"ın təqdimatından reportaj

"Məni qısqananlar var, o şəkli silə bilərsən?" - "Park"ın təqdimatından reportaj
14 aprel 2025
# 14:10

Kulis.az Fəridənin "Park" nəşriyyatının təqdimatından hazırladığı reportajı təqdim edir.


"Bakıda təzə “Park” açılır" dedilər, yığışıb getdik təqdimata. Günlər öncə demişdim ki, “təqdimatdan reportaj hazırlayacam”. Dilimin bəlasına düşdüm. Özü də, bu gün ad günümdür, təbrik mesajlarına cavab vermək əvəzinə, ilk reportajımı hazırlayıram.

Yolboyu gözüm ora-bura baxır, nəsə maraqlı hadisə olsun, külək kimisə aparsın, qucağıma hardansa bir xala yıxılsın, cəhənnəm, yağış yağsın, islanım, ilk reportajımı maraqlı notlarla başlayım. Olmur. Adi günlərdən biridi.

Nizami Kino Mərkəzi. Liftin qabağına çatan kimi qapılar açılır. İçəridən - kitab "tayası"nın arxasından Ulucayla Vüqar çıxır. Vüqar qucağında kitab bağlaması təqdimat salonuna qaçır, Ulucay da bir kitab bağlamasını qucağıma atır: “Al, daşı”.

Nə baş verdiyini anlayana qədər bir də görürəm, bir lift dolusu kitabı yığmışam yerə. Yaxşı ki, əziz redaktorum Nadir Yalçın gəlib məni xilas edir.

Tez gəldiyim üçün yan tərəfdəki divanda əyləşirəm, strateji mövqedən gəlib-keçənləri müşahidə edir, maraqlı detallar tutmağa çalışıram.
Yavaş-yavaş tanış üzlər görünür; üç bir-beş bir topalaşıb xısınlaşırlar.

Günel Xəzəldən Salam Sarvanı soruşuram, deyir, gələcək. Gözüm qapıda qalıb, nədənsə təvazökar şairimizin gələcəyinə inanmıram.

Uşaqların biri kitab gətirir, biri süfrəni düzəldir, biri nəşriyyatın stendini açıb quraşdırır. Nadir də təzə bəyin böyük əmisi ədasıyla o tərəf-bu tərəfə gəzişir (elə bil, bəyin atası kasıbdır, toya mayanı əmi buraxıb, indi də birini şiş, birini nimçə dalınca göndərir).

Tədbir, əslində, dörddə başlamalıdı, bizim Mirmehdi hələ gəlib çıxmayıb. Arabir qalxıb dost-tanışla görüşür, sonra yenə reportajım üçün “maraqlı detal” axtarıram.

Bu dəm Şəhriyar sevincək yaxınlaşır, qucağındakı yasəmən dəstəsini Günel Xəzələ verir.

Uzaqdan Şərif Ağayarı görüb ayağa dururam, abimi qucaqlayıb öpürəm, məni təbrik edir. Niyə təbrik edir, bilmirəm, çünki həmin vaxt Nurşən müəllimlə göz-gözə gəlirəm. Bir anlıq bütün nazirliklər, sorğular, gündəm problemləri əsgər duruşuna keçir beynimdə, həyəcan basır (bir de istersen bayıl, Feriha). İş günü olmadığını, tədbirdə ikimizin də qonaq olduğumuzu xatırlayıb toxtayıram.

Mirmehdi də təngnəfəs gəlib çıxır. Üzündə güllər açıb. Yaman da bəzənib. Deyirəm, nə qəşəng görünürsən, o da “əriyir”. Bizim Mirmehdi belədi də.

Adamların içində Salam Sarvan görünür. Axır ki. Uzaqdan əl edirəm, özü yaxınlaşır bizə tərəf. Sevincimi gizlətməyə çalışıb “sizdən üçqat küsmüşəm”, deyirəm. Salam müəllim şirinliyinə salıb birlikdə foto çəkdirməklə könlümü alır, milyonuncu dəfə barışıram (Sizə zarafat gəlməsine, şəkil çəkdirməyi sevməyən şairi qucaqlayıb foto çəkdirmək, sonra da o şəkli paylaşmaq hər oğulun işi deyil).

Ulucayla liftdə - kitab daşıyanda selfi etdiyimizi xatırlayıram, şəklimizi feysbukda paylaşıram. Yavaş-yavaş ədəbiyyat, incəsənət, media adamları yığışır. Hamının üzündə də qəribə, ümidli sevinc.

Tədbir başlayır, mikrofon yoxdur, danışanların səsini güclə eşidirik. Vasif Ayan da sağ olsun, arxada bir ordu yığıb başına, səsləri imkan vermir nəsə eşidək. Nadirin üzündəki “əmi sevinci” bir anlıq qeybə çəkilir, elə bilirəm, indicə səhnədən qışqıracaq ki, ay uşaq, nə kalxoz açmısınız orda?

Bu vaxt yanımızdakı qızlardan biri sual verir ki, bu danışan kimdir? O biri qız deyir, Şəhriyardır. Birinci xanım tanımır: “kim, kim?”. İkinci qız bu dəfə sözləyir: “Şəhriyar del Gerani”. Bütün fikrim onlardadır. Birinci xanım təzədən “aaa, o kimdir ki?” soruşur və ben şok, ben iptal. Şeir öz gücünü itirəcək deyirdilər, inanmırdıq, al sənə sübut. Çevrilib pıçıldayıram: “Təbrik edirəm, siz Şərqdə Şəhriyarı tanımayan ilk xanımsınız”.

Saata baxıram. Mirmehdi çıxış edir. Təəssüf ki, onu eşitmirəm. Çıxmalıyam. Başqa yerə gedəcəm. Çıxışda Mübariz Örəni tutub hekayələr kitabıma redaktor olacağına dair söz alıram ("zorla boynuna qoyuram" demək istəmirəm).

Yolda yadıma düşür ki, kitab almamışam. Saata baxıb geri qayıdıb-qayıtmamağı götür-qoy edirəm. Bu vaxt Ulucay zəng edir: “Səncanı, reportaj yazarsan, söz vermişdin. Bir də, məni qısqananlar var, o şəkli silə bilərsən?”. Nə etmək olar, dostlarıma qısqanılmaq mənim taleyimdir, artıq barışmışam.

Piyada “Qış parkı”na tərəf düşürəm. Hava çox qəşəngdir. Reportaj yazmaq lazımdır, heyif ki, maraqlı bir detal tapa bilmədim. Bəlkə də, mən onu axtaranda sakitcə böyrümdən ötüb keçirdi...

P.S. Ömrün uzun olsun, “Park”. Yasəmən qoxulu ümidlər saç ədəbiyyatımıza. Uğurlar, dostlar.

# 3093 dəfə oxunub

Oxşar xəbərlər

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi -  Qaliblər məlum oldu - Yenilənib

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi - Qaliblər məlum oldu - Yenilənib

18:00 25 avqust 2025
Akademik Zemfira Səfərovanın təqdimatında:  "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

Akademik Zemfira Səfərovanın təqdimatında: "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

16:20 25 avqust 2025
Keçmiş gəmi kapitanı:  "İran şahının oğluna dedim ki, gəmi özün kimi qocadır" - Müsahibə

Keçmiş gəmi kapitanı: "İran şahının oğluna dedim ki, gəmi özün kimi qocadır" - Müsahibə

15:15 25 avqust 2025
Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli  aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

15:00 25 avqust 2025
90-cı illərin  məfkurə məsələsinə konseptual yanaşan alim  - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

90-cı illərin məfkurə məsələsinə konseptual yanaşan alim - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

14:55 25 avqust 2025
Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

14:20 25 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər