Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində alman məktəbliləri üçün “Sehrli tütək” adlı Azərbaycan nağılı təqdim olunub.
Kulis.az xəbər verir ki, “37-ci Berlin Nağıl Günləri” ("Berliner Märchentage") çərçivəsində - “Nağıllar sərhədləri aşır” şüarı altında keçirilən “Berlin Nağıl Günləri” təkcə Avropanın deyil, dünyanın ən böyük nağıl festivalı hesab olunur.
İlk dəfə 1989-cu ildə keçirilən festival həmin tarixdən etibarən ənənəvi olaraq hər il təşkil edilir. Noyabrın 5-dən 22-dək davam edən builki festival çərçivəsində 350 məkanda 500-dən çox tədbir keçirilib. Festivalda müxtəlif ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri, məktəblər, kitabxanalar və teatrlar iştirak edir. Azərbaycan “Berlin Nağıl Günləri”ndə dördüncü dəfə iştirak edir. Azərbaycan Mədəniyyət Mərkəzindəki builki tədbirdə 100-dək şagird iştirak edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Elgün Niftəli balaca qonaqları salamlayaraq nağılların insanları birləşdirən, onları xəyallar aləminə aparan sehrli bir dünya olduğunu bildirib və onları Azərbaycan nağılının qəhrəmanları ilə birlikdə maraqlı bir səyahətə çıxmağa dəvət edib.
Tədbir çərçivəsində məktəblilərə Azərbaycanın təbiətini, tarixi abidələrini və mədəniyyətini əks etdirən qısa videoçarx nümayiş olunub. Mədəniyyət Mərkəzinin əməkdaşı Aygün Məmmədovanın tərtibatında hazırlanmış nağıl Almaniyada yaşayan həmyerlimiz Nigar Foql tərəfindən səsləndirilib, uşaqlarla nağılın məzmunu ilə bağlı viktorina təşkil olunub.
Proqram Azərbaycan milli rəqslərinin təqdimatı ilə davam edib.
Sonda məktəblilərə Azərbaycan milli ornamentlərini özündə əks etdirən simvolik hədiyyələr təqdim olunub.