Kitabdan xəbəri olmayan kitab satıcıları - Vüsal Bağırlı yazır…

Kitabdan xəbəri olmayan kitab satıcıları - Vüsal Bağırlı yazır…
30 may 2023
# 11:30

Kulis.az Vüsal Bağırlının "Kitab oxumayan kitabsatanlar" adlı yazısını təqdim edir.


Hansısa yeni kitabı dükandan almaq istədikdə, yaxud hər hansı romanı əldə etdikdə, ilk səhifəsini açmağa, onu oxumağa çalışdıqda əvvəlcə, öz-özümüzə sual veririk.

O bizi hara, hansı dünyalara aparacaq?

Sanki sirli bir yerə, məkana səyahət etməyə çalışırıq. İlk səhifəni həm mütaliə ehtirasıyla, həm də azacıq qorxuyla, ehtiyatla açırıq.

Birdən maraqlı olmasa? Birdən məni darıxdırsa?
Müəllifin naməlum dünyasına, fantaziyalar aləminə gəzinti, əsərdəki bizə naməlum insanların qapalı dairəsi ilə tanışlıq, yad, anlaşılmaz mühitdə baş çıxarmaq bacarığı. Əsəri oxuyarkən bizdən bunlar tələb olunur.

Bəs oxucu üçün naməlum, sirli müəlliifi, ona almaq istədiyi kitab haqqında ilk təəssüratı kim yaratmalıdır?

***
Kitab dükanlarına tez-tezmi gedirsiniz? Heç kitab satanlarla ünsiyyətdə olursunuz?

İnsan peşəsini dərindən bilməlidir. Peşəkar olmalıdır. Özünü öz peşəsində daim inkişaf etdirməlidir.
Neçə dəfə olub, kitab dükanında satıcıdan hər hansı kitab barədə məlumat almaq istəmişəm, o isə susub, gözünü döyüb və cavab verə bilməyib.

Özünü elə aparıb ki, sanki dünyadan xəbəri yoxdur.
Çünki öz peşəsini sevmir, ədəbiyyatı sevmir, mütaliə etmir, kitabı duymur, onları “Bir qalanın sirri”ndəki Elşən kimi bir kənara atıb, oxumur.

Halbuki, kitabla oxucu arasında birinci əlaqə, birinci impuls kitabsatandan başlayır. Oxucu müxtəlif müəlliflər, ən çox oxunan əsərlər, bestellerlər, klassik yaxud postmodern romanlar haqqında ilkin informasiyanı məhz ondan alır.

***
Bəs kitab satıcısı necə olmalıdır? Onun peşəkar vərdişləri nəyə əsaslanmalıdır?

Gəlin bir neçəsini sadalayaq:
Çoxlu mütaliə baqajı olmalı. Müəllifləri tanımalı, müxtəlif ədəbi janrları fərqləndirməli.
Daimi alıcını onun əldə etdiyi kitaba görə tanıyıb, yadda saxlamalı. Hər bir müştəriyə özünəməxsus yanaşmalı.

Yaxşı, oxunaqlı bildiyi kitabları, keyfiyyətli əsərləri, romanları tövsiyə etməyi bacarmalı.
Ədəbiyyatı sevməli, kitabı hiss etməli.
İmkan yarandıqca, işdə də tez-tez kitab oxumalı.

***
Şamaxinkadakı kitab dükanından Nurayla Nurxana kitab seçir, üfüqi və şaquli düzülmüş rəflərdən nəfis üzlü kitablardan birini götürür, o birini qoyurduq. Nəhayət uyğun bir əsər tapıldı. Nuray Cef Kinnin “Zəifin gündəlyi”nin yeni cildini vərəqləməyə başladı, Nurxan “Oliver Tvistin macəraları”nı açıb, hansısa səhifəni oxudu. Satıcılar, iki cavan oğlan isə kənardan bizi heyrətlə seyr edirdilər.

Baxdılar, baxdılar, birdən onlardan biri dilləndi:

- Birinci dəfədir kitablara bu cür həvəs görürük. Özü də balaca uşaqlar. Onlara baxdıq, bizdə həvəsə gəldik. Heç kitab oxuyurlar?

- Əlbəttə, oxumasalar, heç alaram..?

- Gərək, biz də oxuyaq...

İndi də mən, əlimdəki kitabı kənara qoyaraq heyrətlə onlara baxdım.

- Başa düşmədim, siz kitab oxumursunuz ki..?
Başlarını buladılar.

- Demək olar oxumuruq.

- Belə də, arada-bərədə...

Davranışları mənə qəribə gəldi. Onlara yanaşdım.

- Necə yəni, bu qədər kitabın içində, hər gün onların əhatəsində olasan, amma kitab oxumayasan?
Təəssüflə çiyinlərini çəkdilər. İkisi də sinxron hərəkət edirdi, ikisi də birdən, xorla danışırdı.

- Uşaq vaxtı bəs deyincə oxumuşuq də, indi maraq qalmayıb. Həm də ehtiyac yoxdur.

- Necə yəni ehtiyac yoxdur?

- Hər şeyi bilirik. İnternet, google də əlimizin altında. Nəyisə bilməyəndə, tez ordan tapırıq. Vsyo.

Onlara dedim ki, kitabı həmişə oxumaq, hər yaşda oxumaq lazımdır. Bezməmək üçün ilk olaraq, yüngül, asan oxunan ədəbiyyat seçin. Çox yox, gündə 3-5 vərəq oxusanız bəsdir. Amma bir şərtlə, gərək hər gün oxuyasınız. Günə 3 vərəq, aya 150 vərəq, ilə isə iki min vərəqlik kitab deməkdir.

Yenə təəccüblə gözlərini döyürdülər.

- Aa, doğurdan e, nə çox oldu. Gərək belə edək.

- Yaxşı, kitab oxumaq bizə nə qazandırır?

Kitab dükanında işləyən, hər gün, hər saat kitablarla təmasda olan insanların belə bəsit suallar verməsi mənə qəribə gəlirdi. Doğrusu söhbətin bu yerində, onların məni doladıqlarını düşündüm. Amma simadakı ciddi ifadə, maraqla mənə dikilmiş gözlər, kip sıxılmış dodaqlar bu şübhələri kənara atırdı.
Ona görə bir də izah etdim:

- Mütaliə çox şey qazandırır. Saymaqla bitməz. İnsanı inkişaf etdirir, diksiya aydın, nitq rəvan və səlis olur. İntellekt artır. Məlumatlı olursan. İstənilən mövzuda fikir yürüdə bilirsən, mənəvi aləmin zənginləşir, yaradıcı qabiliyyəti, özünəinamı artırır.

Suallar isə bitmirdi.

- Nəyi oxuyaq?

- Ən yaxşısı, sadə dildə yazılmış mətnlərdən, qısa hekayələrdən başlayın.

- Bəs hansı kitablar, hansı müəlliflər məsləhətdir? Bir-ikisini deyə bilərsiniz?

- Əlbəttə. Anton Çexov, Əziz Nesin, Ki de Mopassan, Çarlz Bukovski.

- Bəs sonra...?

- Hələlik bunlardan başlayın, sonrası öz-özünə aydın olacaq.

Aldığımız kitabların pulunu ödəyib, satıcılarla sağollaşdım Dükandan çıxanda, mən ikili hisslərin arasında qalmışdım. Təzadlı fikirlər beynimdə var-gəl edirdi. Bir tərəfdən yaxşı idi ki, gənclər həqiqətən kitaba maraq göstərir, ədəbiyyat haqqında söhbətlərə uşaq səmimiyyəti ilə qulaq asırdılar. Gözlər işıldayırdı, kitaba, oxumağa içdən gələn həvəs nəzərə çarpırdı.

Pis o idi ki, kitab satıcısının, işi-gücü, peşəkar sənəti daim kitabla bağlı olan insanın kitabı, müəllifi, yazıçını ən sadə ölçüdə belə tanımaması, ədəbiyyatı bilməməsi, ən dəhşətlisi, bu barədə təsəvvürün belə olmaması məyusluq doğururdu.

Görün indi digərləri nə vəziyyətdədir?

# 1539 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #