Kəramət Böyükçöl: "Əlacım olsaydı, Polat Alemdar kimi üzümün dərisini dəyişdirərdim" - Müsahibə

Kəramət Böyükçöl:  "Əlacım olsaydı, Polat Alemdar kimi üzümün dərisini dəyişdirərdim" - Müsahibə
4 sentyabr 2025
# 09:00

Kulis.az Orxan Həsəninin yazıçı Kəramət Böyükçöllə müsahibəsini təqdim edir.

Hüseyn Cavid parkındayam. Hələ univeristet dərsləri başlamayıb deyə parkda seyrəklikdir; it gəzdirən xanımlar, nəvəsinin əlindən tutub ağır addımlarla fəvvarəni dövrə vuran təqaüdçülər, ağacların arasında bir-birini acgözlüklə qucaqlayan sevgililər, qoltuğuna vurduğu kağızlarla harasa tələsən yaşlı, eynəkli alimlər.

Və budur, Kəramət Böyükçöl. Təkərli kitab mağazasının qabağında dayanıb ona həvəslə qulaq asan oxucularına nəsə danışır. Yaxınlaşıram. Məni uzaqdan görüb əlini qaldırır, içinə düşdüyü insan dənizindən əl-qol atıb çıxmaq istəyir. Köməyə çatıram, əlimi uzadıb onu xilas eləyirəm və təkərli kitab mağazasının arxasına keçib hal-əhval tuturuq.

Birdən Kəramətin ağ köynəyinin qolunda ləkə görürəm.

Bu nədir, Kərəm? – soruşuram.

Təəccüblə qoluna baxır və nəsə yad əlifbanın hərfləri kimi görünən ləkəni iyləyib oxuyur. Onu – ləkənin yiyəsini qoxusundan tanıyır. Gözlərini yumub bir qız adı pıçıldayır və elə bilirəm, adını çəkdiyi qız indi bu pıçıltını eşidir.

Ünsiyyətə mane olmadan ləkəyə diqqət kəsilirəm, makyajdır. Bir xeyli düşünən Kəramət əlini saçına aparıb arxaya darayır və deyir: “Müsahibənin əvvəlində bunu yazarsan, yazarsan ki, bilmirəm, Kəraməti hansı qız qucaqlayıb, ancaq elə qucaqlayıb, onu şirin bir uşağa çevirib”.

Kəramətin üzünə baxıram; uşağa oxşamır.

Kişi üçün qadından bir ləkə də qənimətdir, – gülümsəyib astadan deyirəm və söhbətimiz başlayır.


- Əvvəllər çiynində çanta Hüseyn Cavid parkında kitab satırdın. Nə baş verdi ki, çiynindəki çanta böyüyüb səyyar kitab mağazasına çevrildi?

- Qəfil qərar idi. Dostlarla bu maşını görəndə təklif elədilər, bundan yaxşı səyyar kofe mağazası düzəltmək olar. Mənsə kofe mağazası kimi yox, kitab mağazası kimi təsəvvür elədim. Düzəldib indiki vəziyyətinə saldım. Sonra Yasamal Rayon İcra Hakimiyyətinə müraciət elədim. Üç gün sonra müsbət cavab gəldi. İcazə verdilər.

- Səni 10 ildir tanıyıram və elə bilirəm, bu layihə kimi həyatındakı başqa qərarları da qəfil vermisən. Bəs ədəbiyyata gəlmək? Kəramət Böyükçöl üçün ədəbiyyata gəlmək də qəfil verilmiş qərar idi?

- Mən yazmağa başlayandan sonra çoxdan yazıçı olduğumu başa düşdüm, sadəcə bundan xəbərim yoxmuş. Və bəlkə də, yazıçı deyiləm, bunu çox sonra biləcəm. Bəzən insandan soruşursan ki, sən kimsən? Başlayır öz tərcümeyi-halını danışmağa. Onlar elə bilir ki, “sən kimsən?” sualının cavabı tərcümeyi-haldır. Ancaq bununla belə insan kim olduğunu heç vaxt dərk etmir. Yalnız situasiyaların içində kim olduğunu bilə bilər. Gərək həyat səni tələlərə salsın ki, orda kim olduğunu aydınlaşdırasan. Geniş mənada mən özümün kim olduğumu bilmirəm. Yazıçıyam, yazıçı deyiləm, buna qəfil qərar verdim, ya vermədim bu suallara cavabım yoxdur. Ədəbi mühitdə belə suallar çox populyar idi. Buna görə yazıçı-şair tayfasından uzaq gəzirəm, ancaq tək.

- Ədəbi mühitdən uzaqlaşmağının yeganə səbəbi budur?

- 40-50 yaşında adamlar hələ də sən istedadlısan, istedadlı deyilsən, filankəs intellektualdı, amma istedadı yoxdur, filankəs istedadlıdır, amma intellektual deyil deyirlər – bu söhbətlər məni darıxdırır.

- Sənin “Səs” romanın qələm yoldaşlarımız Cavid Zeynallı və Vüqar Van tərəfindən ciddi tənqid olundu. Ədəbi mühitdən uzaqlaşmağının digər səbəbi haqqındakı tənqidlərdir?

- Mənim romanım haqqında Səfər Alışarlı yazdı. Şərif Ağayar “Kəramətin romanını oxumaq vicdan məsələsidir” dedi. Ədəbi mühitdən haqqımda o qədər yaxşı sözlər yazıblar. Ancaq eyni zamanda ədəbi mühit deyəndə boş-boşuna gecədən-səhərəcən uzanan mənasız içki məclisləri yadıma düşür. Yazıçısansa, get, otur, romanını yaz. Daha bu barədə uzun-uzun danışmağa ehtiyac yoxdur.

- Sənin təsvir elədiyin ədəbi mühit yazıçı üçün təhlükəlidir və son illərə qədər real idi. İndi hamı çəkilib öz küncünə. Mühit sönükdür. Səncə, ədəbi mühit əslində, necə olmalıdır?

- Ədəbi mühit bir aldanışdır. Ümumiyyətlə, ədəbi mühit niyə olmalıdır? Nə üçün olmalıdır?

- Ona görə ki, ədəbiyyatın özü bir prosesdir. Yazıçının prosesi tək aparması mümkün deyil. Bu əməkdaşlıq, əlaqələndirmə ilə baş verir. Yazıçılar o prosesin içindən çıxırlar. Eyni zamanda yeni müəlliflər o mühitin içində parlayır, yazmağı, yazıçılığın sirlərini öyrənirlər. Sən özün də bu yolu keçmisən. Amerika təcrübəsində bu funksiyanı Yaradıcı yazıçılıq məktəbləri yerinə yetirir, Avropada isə ədəbi mühitlər. Biz də Rusiya vasitəsilə Avropa təcrübəsini mənimsəmişik. Sonda deyim ki, içkiyə, bohem həyata mən də qarşıyam.

- Səninlə razılaşmıram. Mənim ədəbi mühitə heç bir ehtiyacım yoxdur.

- Ədəbi mühitin içindən keçib, orda yazıçı kimi bişib otuz yeddi yaşa çatandan sonra, bəlkə də, belə demək daha rahatdır.

- Bəli, mən bu mərhələni keçmişəm. Yazıçılar arasında Səfər Alışarlı, Şərif Ağayar kimi dostlarım var. Arada görüşürük. Amma məni ədəbi mühitdən ayıran səbəb həddən artıq içki aludəçiliyi oldu. Dörd ildən çoxdur içki içmirəm. İçkidən uzaqlaşmaqla ədəbi mühitdən də uzaqlaşdım. O mühitdən qopdum, ictimai-siyasi mühitə qoşuldum. İndi o mühitdən də iyrənmişəm. Artıq təkliyə daha çox meyillənmişəm. Uzun müddət həqiqət axtardım və gəlib o qənaətə çatdım ki, həqiqət axtarmaq Don Kixotluqdur, çünki o, hər yerdədir. Həqiqəti axtarmağa ehtiyac yox imiş, mən hər yerdə olan şeyi axtarırammış. Bir də görürsən təsadüfi bir adamın dilində imiş həqiqət, bir də görürsən, şərin, bir də görürsən xeyrin dilindədir.

- Elə bilirəm, Kəramət Böyükçöl hətta bir evdə uzun müddət yaşayanda belə ordan bezir, yerini dəyişmək, başqa ev tapmaq, başqa şəhərdə yaşamaq istəyir. Bu narahat həyatın təsviridir. Belə bir həyatın yiyəsi üçün təsəlli nədir?

- Mənə elə gəlir ki, təbii, düşünən adam narahat olmalıdır. Belə bir həyatda rahat olmaq mümkün deyil. Kefə gəlmisən bura? Yazıçısansa, harada tapacaqsan rahatlığı?

- Yazmaqda.

- Yazmaq kiçik bir prosesdir. Elə bir proses ki, tualetə getmək istəyəndə də ondan qopmaq istəmirsən, bir cümləni yazırsan, deyirsən, gedəcəm qayıdıb görəcəm, o qırılıb. Bəzən olur, on il əvvəl yazdığım bir yazını oxuyuram, görürəm, bir cümlədən başqasına keçiddə əlaqə itib, xatırlamasam da, hiss edirəm ki, iki cümlənin arasında mənə mənasız bir zəng gəlib və onları birləşdirə bilməmişəm. Yazının verdiyi rahatlıq müvəqqətidir. Ya da ciddi, inandığın bir adam o yazını tərifləyəndə xoşbəxt olursan. Bu xoşbəxtlik də müvəqqətidir. Ümumiyyətlə, gərək yazıçı özünü ciddi qəbul eləməsin. İnsan məşğul olduğu işi ilahiləşdirəndə vəhşiləşir. Bir dəfə tualetə gedirdim. Gördüm xadimə tualetin döşəməsini silib, qapıda dayanıb sildiyi döşəməyə keşik çəkir. Deyir, təmizləmişəm, heç kim içəri girməsin. Və ya bir şairin şeirinə tənqidi söz deyə bilmirsən. Valideyn fiziki qüsurlu uşağına məhəbbət bəslədiyi kimi şair də öz şeirində sanki qüsur olduğunu bildiyi üçün onu müdafiə eləyir. Bu mənada mən öz məşğul olduğum işi ciddiləşdirməyin tərəfdarı deyiləm. Bu vaxtacan altı kitabım çap olunub. Onları çap edib satıram. İnsanlar alır, yüksək tirajlarla çıxır, özüm dolanıram, övladlarımı saxlayıram. Ədəbiyyat tarixində də qalır qalsın, qalmır cəhənnəmə qalsın. Bir dəfə yazmışdım ki, bilirəm dünya ədəbiyyat tarixinə düşə bilməyəcəm, Azərbaycan ədəbiyyat tarixinə də özüm düşmək istəmirəm. Yazmaq prosesi məni tamamilə rahatlaşdırmır.

- İzləyicilərin sosial şəbəkələrdə daim səndən gündəmdə olan ictimai-siyasi hadisələrə reaksiya gözləyirlər. Məşhur bir ifadə var; insan sahib olduqlarının köləsidir. Bu mənada səni izləyənlərin əsiri olduğunu düşünürsən?

- Bütün gün feysbukda məni izləyənlərlə dalaşıram. Millət məni söyür. Arif Babayev öldüyü gün yazmışdım ki, o oxuya bilmir, muğamın çiynindən ağır bir yük götürüldü. Bu sözləri Azərbaycan xalqının məhəbbətlə yola saldığı bir adam haqqında demişəm. Necə onların əsiri ola bilərəm?

- Əsirlik deyəndə nəzərdə tutduğum səni izləyənlərin leyhinə-əleyhinə nəsə yazmaq deyil, ümumiyyətlə, bir yazıçı kimi mütəmadi gündəmdən nəsə yazmaq, mütəmadi gündəmdə olmaq ehtiyacıdır.

- Hamının bir feysbuk profili var, eləcə də mənim, hamının övladı var, eləcə də mənim və hamı uşağının şəklini paylaşır, eləcə də mən. Mənə çox bəyənmə gəlir, başqalarına yox. Mənə çox bəyənmə gəlir deyə nə üçün izləyicilərimin əsirinə çevrilirəm?

- Son beş-altı ildə kifayət qədər populyarlaşdın. Bunun sənə ən mənfi cəhəti nə oldu?

- Mənfiləri saymaqla qurtarmaz. Hazırda unudulmaq istəyirəm. Əlacım olsaydı, Polad Ələmdar kimi üzümün dərisini dəyişdirərdim. Əgər Azərbaycanda məşhurluğun arxasında inanların gözündən uzaq yerlərə gedib yaşayacaq ciddi maddi baza dayanmırsa, rahatlığın olmur. Adi adamların beş dəqiqəyə getdiyi yolu mən iki saata gedirəm. Yolda saxlayıb ünsiyyət qurmaq istəyirlər. Niyə arxaya keçdik? Ona görə ki, rahat danışa bilək. Əks halda yaxınlaşıb mane olacaqlar. Bu mənə əziyyət verir. İndi unudulmaq, yaddan çıxmaq istəyirəm. Əgər istəsəm, feysbuku da bağlayaram, heç kimə müsahibə vermərəm, sadəcə mütəmadi maddi gəlirim olmalıdır ki, uşaqlarımı saxlaya, ehtiyaclarımı ödəyə bilim. Fenomen olmaq istəmirəm.

- Biz hər dəfə görüşəndə sən yeni kitab üstündə işlədiyini deyirsən. Həm də şikayətlənirsən ki, adi adamların beş dəqiqəyə getdiyi yolu mən iki saata gedirəm. Bu sıxlığın, gərgiliyin içində yazmağa necə vaxt tapırsan?

- “Səs” romanımı Elmlər Akademiyasının çayxanasında yazmışam. Mənə yazmaq üçün xüsusi bir şərait lazım deyil. Bir dəfə dostlarımla məclisə getmişdim. Onlar stolu hazırlayana qədər mən 30 min işarə yazıb nöqtə qoydum. İlhamım hər zaman hazırdır. Bu mənim özümdən asılıdır. Əgər bir mövzu içimdə bişibsə, istənilən şəraitdə, hətta topun-güllənin altında da yazaram. İndi evimə getsən, görərsən ki, yazı stolum yoxdur. Uzanıb kompüteri qucağıma qoyuram, başlayıram yazmağa. Bütün kitablarımı belə yazmışam.

- Azərbaycanda kifayət qədər məşhur olsan da, kitabların xarici dillərə tərcümə olunmur, beynəlxalq festivallarda iştirak etmirsən. Özünü lokal yazıçı hesab edirsən?

- Guya indi Azərbaycanda xarici dillərə kitabları tərcümə olunan yazıçılar bəşəri yazıçılardır? Azərbaycanda olduğu kimi bütün dünyada da aşağı səviyyəli nəşriyyatlar var. O nəşriyyatlarda çap olunmaq dünyaya çıxmaqdır? Azərbaycandan xaricə gedən, oranın vətəndaşı olan, indi də orada yaşayan yazıçılar Azərbaycandan getməyi adamın gözündən saldılar. Əli Əkbər, Günel Mövlud və digərlərindən söhbət gedir. Gedib Avropanın ortasında oturub aybaşıdan, Tükəzbandan yazırlar. Sənin ölkədən getməyin təbii proses deyil, süni prosesdir. Onların arasında hörmət elədiyim bircə Seymur Baycandır. Adam Seymura nifrət eləyə bilmir. Çünki Seymur insana nifrət eləmir. Sevə bilirsən, sev, sevə bilməsən də, nifrət alınmır. Xahiş eləyirəm, Əli Əkbər və Günellə bağlı dediklərimi yazmazsan. Qoy özlərini ciddi hesab eləməsinlər.

- Təbii proses necə olur?

- Ölkəndə oxunan yazıçı olmalısan və oxunduqca böyüməlisən. Böyüyüb ölkənin sərhədlərini aşmalısan.

- Azərbaycan xalqı səni oxuyur.

- Bilmək olmaz gələcəkdə nə baş verəcək. Azərbaycan ədəbiyyatı ilə maraqlanan, azərbaycanlı yazıçının kitablarını çap eləmək istəyən bir nəfər ölkəyə gələndə birinci kiminlə maraqlanacaq? Əlbəttə, soruşacaq, Azərbaycan xalqı ən çox hansı yazıçını oxuyur. Bütün bunlar baş verəcəksə, onların gözünə kim görünəcək?

- Əgər elə bir nümayəndə gəlsə, məncə, Azərbaycan xalqının ən çox kimi oxuduğu ilə yox, keyfiyyətli əsərlərlə maraqlanacaq. Əsərlərinin sənətkarlıq cəhətdən dünyanın ən səviyyəli ədəbiyyat çevrələrinin tələbələrinə cavab verdiyini düşünürsən?

- Hər halda mən demokratiyaya münasibət baxımından da, kitab sənayesi baxımından da Avropadan böyük olan ABŞ-də 15 gün gəzib gəlmişəm. Oradakı prosesi görmüşəm, fikir adamlarını tanımışam. Tək özümü demirəm, amma Azərbaycan yazıçısının dünyaya çıxmaq prosesini ilahiləşdirməmək lazımdır. Azərbaycan musiqisi Avroviziyada qalib gəlib dünyaya çıxdığı kimi, məncə, Azərbaycan ədəbiyyatı da çıxa bilər. Birinci nümunədəki kimi ikinci nümunədə də Azərbaycan dövləti buna dəstək verməlidir.

- Kəramət Böyükçöl dövlətdən xaricə çıxmaq üçün dəstək istəyir?

- Söhbət Kəramətdən getmir, ümumiyyətlə, hansısa yerli yazıçının beynəlxalq festivalda təmsil olunmasını, müsabiqələrdə qalib gəlməsini istəyirsə, ona əsərlərinin tərcüməsi, xaricdə çapı üçün dəstək verməlidir.

- Sənin yazıçı kimliyinlə bərabər, siyasi kimliyin də var. Müxalif düşüncəni təmsil eləsən də, iqtidar qanadından da dostların olduğunu bilirəm. İnsanlarla ünsiyyətində nə qədər siyasi davranırsan?

- Adamlara qarşı siyasi davranmıram. Hər iki tərəf ilə ünsiyyətim var. Onların hamısının fövqündə dayanıram və aradakı söhbətlər mənə gülməli gəlir. Ümumiyyətlə, xalqı bölməmək lazımdır. Xalqın arasında elə adamlar var, gəlib kitabımı alır, məni sevir, ancaq eyni xalqın arasından kimlərsə qanımı içmək istəyir. Höküməti təmsil edən cəbhədən məni sevən insanlar var, elə həmin cəbhədən məndən zəhlələri gedən insanlarla rastlaşıram. Ona görə də mən bunlara müxalifət, iqtidar kimi baxmıram. Mənim gözümdə hamısı birdir, bütövdür.

- Özünü bunlar arasında körpü hesab eləyirsən?

- Bilirsən, elə adamlar var ki, onların mənim yanımdan başqa heç yerdə görüşməsi üçün şərait yoxdur. Məsələn, Rəşad Məcid gəlib məndən kitab alır, söhbətləşirik, həmin vaxt Seymur Həzi gəlir. Yaxınlaşıb mənimlə də, Rəşad müəllimlə də salamlaşır və bir az söhbətləşəndən sonra Rəşad müəllimə məlum olur ki, Seymur çox yaxşı oğlandır, Seymur da deyir, Rəşad müəllim də səmimi, yaxşı adam imiş. Çay içə-içə söhbətimizə davam edirik. Bunlar başqa harada birgə oturub çay içə bilərlər?

- ABŞ səfirliyində.

- Bircə ABŞ səfirliyində (gülür). Başqa heç yerdə. Kəramət Böyükçöl Amerika səfirliyi kimi adamdır (gülür).

- Müxtəlif yaş kateqoriyalarından oxucuların var. Kitabların hansı yaşdakı insanlara daha çox xitab edir?

- Özün gördün ki, kitablarımı əsasən gənclər alıb oxuyur, daha çox onlar ünsiyyətə girmək istəyirlər. Amma yaşlı adamlar məndən kitab tövsiyəsi istəyəndə, əsasən, “Çöl” romanımı verirəm. Cavanlara isə “Səs” romanımı. Bir dəfə Sərdar Cəlaloğlu “Çöl” romanım haqqında demişdi, Kəramət bundan sonra heç nə yazmasa belə, bu romana görə ədəbiyyat tarixində qalacaq. Ona cavab vermişdim, Sərdar Cəlaloğlu özünün Azərbaycan siyasət tarixində necə qalacağı ilə maraqlanmır, gəlib mənim ədəbiyyat tarixindəki yerimi müəyyənləşdirir. Sərdar Cəlaloğlu mənim üçün maraqlı adamdır. Oturub onunla söhbət eləmək istəyərəm. Elə bilirsən, ilin-günün bu vaxtında maraqlı adam tapmaq asandır? Mənim romanımı bəyənib-bəyənməməyindən asılı olmayaraq maraqlı adamdır. “Səs” romanım haqqında isə deyib ki, bir qəpiklik əsər deyil.

- Kəramət, sən bir şairin evində böyümüsən. Bir şairin evində böyümək nə deməkdir?

- Mənə elə gəlir ki, atam şair olmasaydı, mən də yazmayacaqdım. Yazıçılıq mənə kodlarla keçib. Keçən dəfə bir məhkəmə hakimi kitablarımı almaq üçün bura gəlmişdi. Deyir, insan təyyarə ilə gedərkən təyyarə türbülansa düşəndə ən birinci yada Allahı salır. Dedim, məsələn Afrikada doğulan heç bir din haqqında məlumatı olmayan uşağı gətirib təyyarəyə mindirsən, o yenə Allah deyəcək? Əlbəttə, yox. Qayıdıb mənə deyir ki, sən niyə belə dərinliyə gedirsən? Bu dəhşətli cümlədir! Demək istəyir, xoşbəxt olmaq, yaşamaq istəyirsənsə, üzdən yaşa getsin. Bu ifadə də millətin kodudur. İndi o Allah fikri insana necə proqram kimi yüklənir, eləcə də yazıçılıq, ədəbiyyat, yaradıcılıq mənə atam vasitəsilə yüklənib. Atam işdən evə gəlib görəndə ki, xoşuna gəlməyən yemək bişib, ona şair kimi cavab verib. Bəs atama bu proqram haradan yüklənib? Ona da nənəmin bayatılarından. Bunlar hamısı proqramdır. Komputeri təzə alanda ona proqram yükləndiyi kimi insana da bu proqram yüklənir. Uşaq gözünü açanda ona yüklənən din, Allah ideyasıdır. Allah insanın Vindovs əməliyyat sistemidir. Eləcə də vətən, millət, coğrafiya. Bu proqramlarla onu idarə edirsən. Əgər Afrikada doğulsam, bu proqramların heç biri olmayacaqdı məndə.

- Səni tanımayan adamların çoxu sənin statuslarını, açıqlamalarını yaratdığın obraz hesab eləyirlər. Həqiqətən, bu sənin obrazındır?

Yazıçının ən şərəfsiz, ən yaltaq, ən cəsarətli, ən qorxaq, ən ləyaqətli obrazı da özüdür. Bir dəfə bir nəfər rəhmətə getmişdi, haqqında yazmışdılar ki, o adam şərəfsizdir, küçədə yumurta satırdım, yumurtama təpik vurmuşdu, digəri yazmışdı, o, çox yaxşı adam idi, maşınımı maşınının qabağında saxlamışdım, məni oyatmamaq üçün səhər işə taksiylə getmişdi. Mənə elə gəlir, onun haqqında deyilənlərin hamısı düz idi. İnsan bundan ibarətdir. Mən mələk deyiləm. Burdan on adam gəlib keçib, mənə deyib, Kəramət, pulum yoxdur, beş manat ver mənə, vermişəm, doqquzuncuda demişəm, pulum yoxdur. İndi veriklərim deyəcək, Kəramət yaxşı oğlandır, o biri deyəcək əclafdan beş manat istədim, vermədi. Hərdən məni sevən insanlara baxıram, mənə elə gəlir, onlar məni səhv başa düşüb sevirlər, düz başa düşsələr, sevməzlər. Məni sevən, dinləyən, oxuyan insan qəfil elə bir söz deyə bilərəm, o mənə nifrət edər. Qəfil birdən Bəxtiyar Vahabzadəsini, Səməd Vurğununu, Mirzə Cəlilini tənqid edib gözlərindən düşərəm. Və ya birdən qəfil Əhməd Cavadlarını tərifləyərəm, məni sevərlər. Ona görə mən insanların nə sevgisinə inanıram, nə də nifrətinə.

# 681 dəfə oxunub

Oxşar xəbərlər

Alen Delonun vəsiyyəti olsa da, övladları mirasdan narazıdır

Alen Delonun vəsiyyəti olsa da, övladları mirasdan narazıdır

11:00 4 sentyabr 2025
Firəngiz Mütəllimova Polad Bülbüloğlu ilə fotolarını yayımladı

Firəngiz Mütəllimova Polad Bülbüloğlu ilə fotolarını yayımladı

10:40 4 sentyabr 2025
Nazir Afaq Bəşirqızına ordenini təqdim etdi

Nazir Afaq Bəşirqızına ordenini təqdim etdi

10:20 4 sentyabr 2025
Dünya Tanqo Çempionatının qalibi müəyyənləşdi

Dünya Tanqo Çempionatının qalibi müəyyənləşdi

10:05 4 sentyabr 2025
Bir gecədə saçları ağaran Xalq artisti - Qızı onun məzarını niyə ziyarət etmədi?

Bir gecədə saçları ağaran Xalq artisti - Qızı onun məzarını niyə ziyarət etmədi?

18:16 3 sentyabr 2025
İsveç hökuməti ölkənin “mədəniyyət kanonu”nu açıqlayıb

İsveç hökuməti ölkənin “mədəniyyət kanonu”nu açıqlayıb

17:00 3 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər