Kayli Minouqdan etiraf: "İkinci dəfə xərçəngə tutulduğumu hamıdan gizlətdim"

Kayli Minouqdan etiraf: "İkinci dəfə xərçəngə tutulduğumu hamıdan gizlətdim"
21 may 2026
# 13:10

57 yaşlı məşhur müğənni Kayli Minouq 2005-ci ildə döş xərçəngindən uğurla müalicə olunduqdan sonra, 2021-ci ildə yenidən bu qorxunc xəstəliyə yaxalandığını açıqlayıb.

Kulis.az xəbər verir ki, avstraliyalı ulduz bu barədə "Netfliks" platformasında çərşənbə günü yayımlanan və öz adını daşıyan yeni sənədli filmində danışıb.

O, xəstəliyin yenidən öhdəsindən gəldiyini, lakin bu dəfə xəbəri ictimaiyyətə açıqlamamaq qərarına gəldiyini bildirib.

"Birinci dəfəki kimi olmadı: Özümdə saxlaya bildim"

İkinci dəfə xərçəng diaqnozunu 2021-ci ilin əvvəlində aldığını deyən sənətçi bu dövrü çox ağır keçirdiyini gizlətməyib:

"Bunu özümdə saxlaya bildim. Birinci dəfəki kimi olmadı. Xoşbəxtlikdən bunun da öhdəsindən gəldim və indi hər şey qaydasındadır. Qarşıda bizi nələrin gözlədiyini kim bilir, lakin pop musiqisi mənə güc verir... Musiqiyə olan ehtirasım hər zamankından daha güclüdür".

Müğənni etiraf edib ki, xüsusilə ona "Qremmi" mükafatı qazandıran "Padam Padam" hitinin böyük uğur qazandığı dövrdə yenidən yaşadığı bu travmanı pərəstişkarlarına açıqlamaq üçün doğru vaxt tapmaqda çətinlik çəkib. O, bir müddət, ümumiyyətlə, evdən çıxmaq istəmədiyini və özünü sadəcə "bir insanın dərisi" kimi hiss etdiyini vurğulayıb.

Mahnılarında gizlənən mesajlar

Sənətçi xəstəliyini jurnalistlərdən və pərəstişkarlarından gizlətsə də, 2023-cü ildə işıq üzü görən "Tension" albomunda müalicə dövrü ilə bağlı kiçik işarələr buraxıb. Albomdakı "Story" adlı mahnının sözlərində bu sətirlər yer alır:

"Özümdə saxladığım bir sirrim var idi / Başqa bir səhifə aç, əzizim, səhnəyə çıx".

Devid Bekhem haqqında çəkilən filmin də rejissoru olan Maykl Hartın lentə aldığı üçhissəli sənədli filmdə ulduz bu mahnı barədə belə deyib:

"O dövrü özündə əks etdirən, qeyd edən bir şeyə ehtiyacım var idi".

Analıq arzusu və təxirə salınan kimyaterapiya

Xəstəliyin müntəzəm yoxlanış zamanı aşkar edildiyini deyən müğənni bu hekayəni məhz digər insanlara vaxtında həkimə getməyi xatırlatmaq ümidi ilə paylaşdığını qeyd edib:

"Erkən diaqnoz çox kömək oldu və mən bu gün yaxşı olduğumu deyə bildiyim üçün çox xoşbəxtəm".

Sənədli filmdə həmçinin 2005-ci ildəki ilk xərçəng təcrübəsinə də toxunulub. Həmin vaxt sənətçi müalicə almaq üçün " Showgirl" turunu yarımçıq qoymuş və "Qlastonberi" festivalındakı çıxışından imtina etmişdi. Kayli Minouqun açıq şəkildə xəstəliklə mübarizəsi Avstraliya başda olmaqla bütün dünyada qadınların yoxlanışa getməsinə kütləvi təkan vermiş və bu, tibb tarixinə "Kayli effekti" kimi düşmüşdü.

O, sənədli filmdə 2005-ci ildə ana olmaq ümidi ilə süni mayalanma (IVF) prosedurlarından keçmək üçün kimyaterapiyanı bir müddət təxirə saldığını da ilk dəfə etiraf edib:

"Diaqnoz qoyulanda 36 yaşım var idi... Uşaq sahibi olmaq üçün cəhd etdim, hətta kimyaterapiyanı belə təxirə saldım. O vaxt bu, çox qorxunc idi, çünki sadəcə xəstəliyin bədənindən çıxıb getməsini istəyirsən. Əgər alınsaydı, bu, möcüzə olardı. Amma təəssüf ki, belə olmadı".

Ulduzluğa gedən yol

Layihə Minouqun "Qonşular" serialında rol aldığı ilk günlərdən başlayaraq dünyanın ən böyük pop ulduzlarından birinə çevrilməsi yolunu izləyir. Ekranda onun ailə üzvləri və dostları – serialdakı tərəf müqabili və keçmiş sevgilisi Ceyson Donovan, bacısı Danni və musiqiçi həmkarı Nik Keyvlə olan müsahibələr, eləcə də unikal arxiv kadrları nümayiş olunur.

# 60 dəfə oxunub

Oxşar xəbərlər

Narkotik təbliğatında təqsirli bilinən reperlə bağlı məhkəmə qərarı

Narkotik təbliğatında təqsirli bilinən reperlə bağlı məhkəmə qərarı

12:40 21 may 2026
"Sənət dialoqu”  layihəsi çərçivəsində növbəti görüş

"Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş

12:06 21 may 2026
Qadına verilən “əyləncə pulu”... - Kişilər niyə aliment verməkdən imtina edirlər?

Qadına verilən “əyləncə pulu”... - Kişilər niyə aliment verməkdən imtina edirlər?

12:00 21 may 2026
Tural Cəfərlinin şeirlər kitabının təqdimatı olacaq

Tural Cəfərlinin şeirlər kitabının təqdimatı olacaq

11:25 21 may 2026
Nə Folkneri bəyənirdi, nə də Heminqueyi - Bir gülləyə iki yazıçını vuran qatil

Nə Folkneri bəyənirdi, nə də Heminqueyi - Bir gülləyə iki yazıçını vuran qatil

11:00 21 may 2026
Türkiyədə 25 məşhur saxlanıldı

Türkiyədə 25 məşhur saxlanıldı

10:08 21 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər