İntim videoya görə qızını şantaj edən ana

İntim videoya görə qızını şantaj edən ana
30 noyabr 2021
# 11:00

Səhərin gözü açılmamış yenə bir gənc qızın intihar etməsi xəbəriylə rastlaşdım. Yaxınlarının dediyinə görə, kimsə onu +18 videosu ilə şantaj edirmiş.

Bu problem illərdir davam edir və illərdir demək olar hər ay ən azı bir belə xəbərlə rastlaşırıq.

Əvvəlcə onu qeyd edək ki, hər kəsin şəxsi həyatı toxunulmazdır və qanunvericilikdə bununla bağlı qanun var. Kiminsə icazəsi olmadan onun şəxsi həyatına aid məlumatların, foto və videoların yayılması, bunlarla şantaj edilmə halları cinayət hesab edilir və cəzası var.

Bəzən kişilər də bu cür şantajın qurbanı olur, amma əksəriyyət qadınlar olduğu üçün yazımı bu istiqamətdə yönləndirəcəm.

On səkkiz yaşına çatmış hər bir qız, qadın istədiyi şəxslə, istədiyi şəkildə cinsi əlaqədə ola bilər, cinsi həyat yaşamaq hüququna malikdir. Təəssüf ki, bizim kimi mühafizəkar və patriarxal cəmiyyətdə bunu insanlara izah etmək, qəbullandırmaq olmur. Sən mütləq ərə gedənə qədər nə yolla olur-olsun bakirəliyini, “təmizliyini”, “adını” qoruyub saxlamalısan.

Buna görə də qadınlar cinsi həyatlarını, münasibətlərini həmişə gizlətməyə məcbur olurlar və kiminsə onları bu cür şəxsi video və ya hansısa materiallarla şantaj etməsinə həssas olur, dözə bilmir, bu vəziyyəti heç kimə danışıb, çıxış yolu tapa bilmir deyə ən son halda məhz intihara üz tuturlar.

Yuxarıda dediyim xəbərdə qızın şantaj olunduğunu öz yaxınları bildirib. Demək ki, bundan kimlərinsə xəbəri varmış. Bəs niyə heç kim həmin qıza kömək edə bilməyib?

Şantaj ya qisas üçün, ya pul, ya da başqa nə isə tələb edildiyi üçün edilir. Yəni sizdən ya külli miqdarda pul istəyir şantajçı, ya da, onunla cinsi münasibətdə olmağa vadar edir və nəticədə siz dəfələrlə zorlanmış olursuz.

Bu vəziyyətə düşən insan ani panikaya qapılır: bir tərəfdən yaxınları, ailəsinin bilməsi qorxusu, bir yandan cəmiyyətin reaksiyası.

Əgər sən uzaq rayonların birindən təhsil almaq üçün paytaxta üz tutmusan və birdən sənin cinsi münasibət videoların, +18 şəkillərin, ya da elə adicə çat danışıqların yayılırsa….

Ardını təsəvvür etmək asandır.

İllər əvvvəl tanıdığım bir tələbə qız vardı. Arabir şeirlər də yazırdı. Sevgilisi ilə cinsi əlaqədə olub bakirəliyini itirmişdi. Bilmirəm necə, amma ucqar kəndlərin birində yaşayan ailəsi, daha doğrusu, ailəsindəki qadın üzvlər bundan xəbər tutmuşdu. Anası gəlib qızı sürüyə-sürüyə kəndə apardı və qızın istəmədiyi halda özündən yaşda çox böyük olan dul bir kişiylə evləndirdi. Əlbəttə ki, əvvəl həkimə aparıb qızlıq pərdəsini bərpa etdirdikdən sonra.

Həmin qız bir neçə dəfə intihara cəhd etmişdi, amma hər dəfə anası xilas etmişdi. Və öz qızını başına gələnləri ataya danışmaqla şantaj edirdi. Əminəm ki, bu yazını oxuyan dostlarım arasında o qızın kim olduğunu tanıyacaq bir-iki adam mütləq var.

Sonralar qızın taleyi ilə maraqlansaq da, heç bir əlaqə, məlumat tapa bilmədik. Axırı necə oldu bilmirəm.

Bu acı bir reallıqdır ki, bu gün hansısa orta-statistik valideyn qızının bu cür xəbərlərinin yayılmasındansa, onun ölmüş olmağını seçir. İntihar etdiyiniz üçün bir növ sizə minnətdar olurlar. “Öz zibilinizi özünüz təmizləmiş” sayılırsınız.

Təsəvvür edirsiz? Öz qızının “yediyi poxu” (onların öz dilində yazıram) ört-basdır eləmək üçün ana onun həyatını necə cəhənnəmə çevirir?

Və bu qadınlar sonra heçnə olmamış kimi cəmiyyətə qarışır, onun-bunun haqqında qeybət edir, söz gəzdirir, hadisələrə fikir bildirir.

Sizin ölümünüz nə şantajçıya, nə cəmiyyətə, nə də sizi tək qoyan ailənizə dərs olur.

Bu cür intihar xəbərlərinin altındakı şərhləri oxuyursunuz yəgin ki. “Poxu yeyəndə bilmirdi?”, “Günah səndədədir”, “ölüb adını təmizlədiyin, kiminsə əlini qana bulamağına səbəb olmadığın üçün sağol” və s.

İnsan dəhşətə gəlir. Bu cür şərhləri yazanların əksəriyyəti elə qadınlardır.

Ona görə də intihar etməyin, qızlar, xanımlar, sadəcə bir az psixoloji cəhətdən güclü olmaq lazımdır. Polisə müraciət edin, vəkil tapın, unutmayın, bu halda cinayətkar siz yox, sizə şantaj edən tərəfdir.

Cəmiyyətin reaksiyası, ailənizin təzyiqlərinə qarşı dayana bilmək üçün də peşəkar bir psixoloqdan kömək alın. Unutmayın, insan övladı yaranandan bəri, bəşər qurulandan bəri hər kəs hansısa şəkildə cinsi əlaqədə olur, ənənəvi ya qeyri ənənəvi sekslə məşğul olan ilk və tək insan deyilsiniz.

Qorxmayın. Siz ölümü seçib canınızı qurtarırsız, amma heç kimin vecinə olmur, bir-iki gün orda-burda hürüb-hürüb unudurlar.

Bu cəmiyyət nə videolar yaydı, nə videolar gördü, nə videolar unutdu illərdir.

Sekslə məşğul olmaq adi fizioloji prosesdir. Nəfəs almaq, yemək yemək, ifrazat kimi.

Amma çalışın ki, sevgililərinizə, münasibətdə olduğunuz insanlara çox güvənməyin, “o məni sevir”, “o belə etməz” deməyin. Kiminsə telefonunda açıq şəkillərinizin, videolarınızın olmasına razı olmayın. Bəzən bu cür materiallar təsadüfən də kiminsə əlinə düşə bilir.

Şantajdan qorxmayın, heçnə edə bilmirsizsə, başınızı itirmisizsə, panikaya qapılıb intihar etmək istəyirsinizsə, xahiş edirəm, mənə yazın. Bütün hüquqi və psixoloji prosedurlardan keçmək üçün sizə kömək etməyə hazıram.

# 8902 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #