Həyasızlığın ritmik forması - Meyxanaçılar niyə şair ola bilmir?

Həyasızlığın ritmik forması - Meyxanaçılar niyə şair ola bilmir?
18 iyun 2025
# 12:00

Kulis.az Malik Atilayın "Ritm, yoxsa ruh? - Meyxanaçılar niyə şair ola bilmir?" yazısını təqdim edir.

Bakı küçələri hər zaman əruzun havasında danışıb. Əvvəlcə dalğaların danışdığı limanlar, sonra isə bir-birinə çiyin vermiş binaların arasında gəzən uzaqların hekayələri. Bu şəhərin dili var — kübarlığı təhqirə çevirmədən söz atmaq, incitmədən sancmaq, gülərək acıtmaq. Və bu dilin ən lokal, ən səmimi təzahürü — meyxanadır.

Gəlin, bir məsələni açıq danışaq: meyxana söz oyunudur, amma poeziya deyil. Bunu bir şəhər uşağı kimi, gözünü açandan məhəlləsində meyxana eşidən biri kimi deyirəm. İnciməyin... Meyxanaçı hər zaman şair sayılmamalıdır. Çünki qafiyə qurmaqla poeziya yaranmır. Sözləri bir-birinə "a,a,a,b" düz-qoş etməklə ədəbiyyat yaranmır. Meyxana spontan ağıllılığın, bəzən də həyasızlığın ritmik formasıdır. Amma poeziya — insanın içini söküb sözə çevirəndir. Şair olmaq yalnız düşünmək deyil, hiss etmək və o hissi dilə gətirmək üçün can yanğısı yaşamaqdır.

Meyxana, bəlkə də, Bakının yeganə sənət növüdür ki, həm "ögeydir", həm də "doğma". Onu heç bir akademik məktəb doğmayıb, heç bir ədəbiyyat institutu tərbiyələndirməyib. O, Bakının çayxanasında, dənizkənarında, həyətdə, “ara” məhəllələrində, kəndlərdə böyüyüb. Qanunsuzdur, amma qanun kimidir. Qulağa bəzən ucuz, bəzən gülünc gəlir, amma bir cümlə içində elə bir həyat həqiqətini deyə bilir ki, illərlə kitabxana tozu udmuş professor belə onu sözə çevirə bilməz.

Bu bir Bakı hadisəsidir. Şamaxıda meyxana yoxdur. Gəncədə meyxana olmur. Meyxana sözün küçəyə düşmüş halıdır. Şəhər uşağının həyət oyununda dilə gətirdiyi ironiyadır. Bu mənada o, folklor deyil, post-folklordur. Nəsimi ilə deyil, Vüqarla, Ələkbərlə, Rəşadla nəfəs alır. Amma məhz bu səbəbdən də onun poeziya ilə arasına ciddi bir xətt çəkilməlidir.

Şeir zamanın çəkdiyi ağrını sözə çevirməkdir.

Füzuli "Pənbeyi-daği-cünun içrə nihandır bədənim. / Diri olduqca libasım budur, ölsəm, kəfənim. / Canı canan diləmiş, verməmək olmaz, ey dil! / Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim." deyəndə, varlığın yeganə izahı kimi sözə sığınır. Amma meyxanaçı deyir:

"Qoca bağdan bağa paddeşka verəndir,
Sola dəstək, sağa paddeşka verəndir.”

İkisi də qafiyəlidir. Amma biri göz yaşından süzülür, o biri isə dodaq altı gülümsəmədən doğur.

Ən təhlükəli məsələ meyxananın poeziyanın yerinə keçmək istəməsidir. Televiziyada, şou proqramlarda, hətta orta məktəb tədbirlərində belə, şeir oxumaq əvəzinə meyxana deyirlər. Və bu, bir mədəni yerdəyişmədir.

Mikayıl Müşfiq deyəndə ki, "Şairəm söyləyir yerindən duran, / Adamın üzündə haya gərəkdir" - əsl şairin öz ruhuna sadiqliyindən danışırdı. Amma bu gün şairləri meyxanaçı səviyyəsinə salmaq cəhdləri, əslində, poeziyanı ucuzlaşdırmaqdan başqa bir şey deyil.

Bu yazı, xatırladım ki, birbaşa meyxana barədə yox, onun mahiyyətinin, ölçüsünün yanlış təqdimatı haqqındadır. Çünki meyxana bacarıqdır, istedaddır, ancaq sənət deyil. Şair isə sənətin özü ilə doğulmuş insandır. O, meyxanaçının etdiyi kimi deyil, Nəriman Həsənzadənin dediyi kimi “könlünə toxunaraq” danışır.

Bəzən deyirlər ki, "xalq meyxananı sevir, çünki doğmadır". Bəli, doğmadır. Amma hamımız bilirik ki, doğmalıq həmişə kamillik demək deyil. Qarpız da doğmadır, amma bir ömür onunla qidalanmaq olmaz. Meyxana toplumun problemini anidən və emosional şəkildə ifadə edir. Amma onu cilalayıb mədəniyyətə çevirən şeirdir.

Şeirin gözəlliyi ondadır ki, o özüylə yaşamağı tələb edir. Təsəvvür et, sən bir səhər Tehranda Sohrab Sepehrinin "Səsə toxunmaq istəyirəm" misrasını oxuyursan və anidən sözün fiziki ölçüsünün də ola biləcəyini anlayırsan. Bu cümləni bir meyxana ilə əvəzləmək mümkün deyil. Çünki orada söz daşıyıcı, burada həyatdır.

Bakıya xas olan bu fenomenə, meyxanaya hörmətlə yanaşmaq lazımdır. O, bu şəhərin folklorik ironiyasıdır. Amma elə burada dayanmaq da şərtdir. Necə deyərlər, daş yerində ağırdı...

Ona görə də meyxananı seviriksə, onu yerində sevək; təqdir edək, amma müqəddəsləşdirməyək. Hər ritmi olana şair deməyək. Hər qafiyə tutanı ədib hesab etməyək. Əgər sən ruhsuz bir cümləni, sadəcə, ritmik deyirsənsə, meyxanaçısan. Əgər sən ruhla yazırsansa və sözün yükünü daşıyırsansa, şairsən.

Bu ikisini qarışdırmaq bədii yaddaşımıza xəyanətdir.

# 2737 dəfə oxunub

Oxşar xəbərlər

"Allaha inanmıram, ancaq ondan çox qorxuram..." - Onun poeziyasını niyə Alpın zirvələrinə bənzədirdilər?

"Allaha inanmıram, ancaq ondan çox qorxuram..." - Onun poeziyasını niyə Alpın zirvələrinə bənzədirdilər?

18:24 29 dekabr 2025
Xan qızının məclislərinə çağırıldı,  "tarın atası" adlandırıldı...  - Onu niyə "Sadıqcan" çağırırdılar?

Xan qızının məclislərinə çağırıldı, "tarın atası" adlandırıldı... - Onu niyə "Sadıqcan" çağırırdılar?

17:38 29 dekabr 2025
Əməkdar artistin bədəni çürüyür - Plastik əməliyyat faciəsi

Əməkdar artistin bədəni çürüyür - Plastik əməliyyat faciəsi

17:15 29 dekabr 2025
“Xalq artisti Tofiq Bakıxanov - 95”  adlı elektron baza hazırlanıb

“Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb

16:43 29 dekabr 2025
Kor musiqiçi, Qanlı Yanvar və susmayan fırça - Vaşinqtonu "fəth edən" ilk azərbaycanlı

Kor musiqiçi, Qanlı Yanvar və susmayan fırça - Vaşinqtonu "fəth edən" ilk azərbaycanlı

16:40 29 dekabr 2025
Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi

15:37 29 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər