Füzuli, Zeynəb Xanlarova, Şuşa… - Vüsal Bağırlı

Füzuli, Zeynəb Xanlarova, Şuşa… - Vüsal Bağırlı
22 yanvar 2024
# 12:52

Kulis.az Vüsal Bağırlının "Füzuli, Zeynəb Xanlarova, Şuşa…" adlı yeni yazısını təqdim edir.

Dəqiq yadımda deyil, hardasa səksənlərin ortaları idi. Mənim 8- 9 yaşım olardı. Yay tətilini keçirmək üçün yaşadığım İmişli rayonundan doğulduğum məkana, Füzulinin Qərbənd kəndinə gəlmişdim. Həmin vaxtlarda, isti, yeknəsəq avqust günlərində bir xəbər kənddə bomba kimi partladı.
SSRİ Xalq artisti Zeynəb Xanlarova rayon mərkəzində canlı konsert verəcək. Özü də açıq havada, stadionda.

Bəxtim gətirdi. Ailəlikcə konsertə yollanan xalamgil məni də özləri ilə apardılar. Yaxşı yadımdadır, bütün Füzuli əhli kiçikdən-böyüyə, qocadan-cavana hamı stadiona axışırdı. Hətta ətraf yerlərdən - Ağdam, Şuşa, Xocavənd, Ağdərədən də gələnlər də var idi. Aradan 37 il ötüb, amma həmin konsert bütün çalarları ilə gözümün qarşısındadır. Adam o qədər çox idi ki, biz yaxına gedə bilmədik, ətraf təpələrdən birinə dırmaşıb, konserti ordan seyr etdik.
İlk dəfə idi ki, belə böyük, gur, izdihamlı, səs-küylü konsertdə iştirak edirdim. Müğənninin nəhəng izdiham selinin ortasında qərar tutmuş parlaq libaslı silueti məndə qəribə, qeyri-adi təəssüratlar oyadırdı. Təəccübdən gözlərim bərələ qalmışdı. Demək olar, bütün Füzuli əhli stadiona yığışmışdı. Zeynəb Xanlarova öz məşhur mahnılarını - "Əsən yellər”, "Nə qaldı”, "Dari qazanqa”, "Bəs nə deyim”, "Mənim Leylam” – möhtəşəm ifa ilə təqdim etdi.
Sonra konsert sona çatdı. Lakin insanlar tədbirin bitməsini, müğənninin getməsini qətiyyən istəmirdilər. Onlar israrla yeni mahnılar, yeni ifalar tələb edirdilər. Müğənni əvvəlcə çaşdı, nə etməli olduğunu bilmədi, sonra isə, "sizə baş çəkdim, indi də icazə verin, qayınatama da baş çəkim” deyib, vəziyyətdən uğurla çıxmağı bacardı. Sürəkli alqış sədaları altında məkanı tərk etdi.

***

Füzuli şəhəri işğal olunanda yeniyetmə idim. On altı yaşım olardı ya olmazdı. Yadıma düşür, şəhərin Aybasanlı kəndi istiqamətində olan hissəsində yeni məhəllə salınırdı. Çoxlu yaraşıqlı evlər tikilirdi. Biz də ordan kiçik torpaq sahəsi almışdıq. Dümdüz, münbit ərazili, gözəl dağ mənzərəsinə açılan guşə.
Artıq ətrafını hasarlamış, topdağıtmaz darvaza qoymuş, beton bünövrə tökmüşdük. Lakın müharibə başladı, mənfur erməni şəhəri işğal etdi və ailəmizin orda ağac əkib gözəl bağ salmaq, birmərtəbəli xudmani ev tikmək arzusunu puç etdi.

İndi uzun illərdən sonra TV-də, saytlarda Füzulinin ermənilər tərəfindən uçurulub-dağıdılmış, yerlə yeksan edilmiş, tanınmaz hala salınmış, xarabazara çevirilmiş ərazisinə ürək ağrısı ilə baxdıqda qətiyyən ruhdan düşmürəm. Əskinə, ümidim tədricən baş qaldırır, nikbin gələcəyin lap yaxında olduğunu vazkeçilməz intuisiya ilə duyuram.

Çünki torpağım, elim-obam daha azaddır. Çünki o münbit və bərəkətli torpaqlarda daha gözəl evlər tikilir, geniş küçə və prospektlər salınır, əvvəlki Füzulinin yerində daha abad, möhtəşəm müasir şəhər inşa edilir.

***

Şuşada iki dəfə olmuşam. Aradakı iki illik fərqlə, doqquz və on bir yaşlarımda. Özü də nisbətən uzaq yolla getmişdik ora. Qırmızıbazar yolu ilə deyil, əvvəlcə Füzulidən Ağdama, ordan Ağdərəyə, ordan isə Əsgəran istiqaməti ilə Xankəndinin yanından keçməklə birbaşa əfsanəvi Şuşaya.
Şuşaya qalxan dolama yolda, kəskin döngələr, başgicəlləndirən ekstrim mənzərələr, qayalar, vahiməli uçurumlar qorxutmuşdu məni. Həm də heyrətlənmişdim. O dərəcədə ki, ağzım açıla qalmışdı. Anamsa çırtma ilə çənəmdən yüngülcə vuraraq onu yumulmağa, dişimi şaqqıltıyla kilidlənməyə məcbur etmişdi.

Burada Puşkinin məşhur “Qafqaz” şeirini xarılamışdım.

Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən
Tutmuşam tək uçurum qarlı dağ üstündə qərar.
Qaraquş uçmağa qalxarsa, uzaq bir təpədən,
Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar.
Buradan mən görürəm çeşmələri qaynamada,
Şübhəli, qorxulu uçqunları ilk oynamada.
Burda, məndən aşağı, göydə bulud oynaqlar;
Arasından buludun dağda su qaynar, çağlar.

***

Biz Şuşanın klassik məkanlarını, İsa bulağını, Cıdır düzünü ziyarət etdik. Orda çəkilmiş ağ-qara fotoşəklillərim indi də ailə albomundadır. Arxamda qərarlaşmış üçlük - kamança, tar ifaçıları, qavallı xanəndə fonunda şortikdən çıxmış arıq, nazik ayaqlarım üstdə dayanaraq buz bulaqdan su içirəm. Kibrit çöpü qılçalarım o qədər arıqdır ki, sanki himə bənddirlər qırılsınlar. Mənsə əyilib acgözlüklə bulaqdan içir, susuzluğumu yatırtmağa çalışır, bir gözümlə obyektivə baxmağa çalışıram.

Şuşaya axırıncı səfərimiz 1988-ci ilin yayına təsadüf etdi. Artıq zülmət, aqoniya, şiddət saçan, dəhşətli muharibə xəbərləyən proses başlamışdı. Ermənilər azğınlaşmış, gözlərini qan örtmüşdü. Yalnız öldürməyi, şiddəti, parçalamağı düşünürdülər. Şuşadan qayıdanda başımıza bir əhvalat gəldi.

Daşaltı tərəfdə maşından düşüb meşədə cır armud yedik. Yetişib sulanmış yumşaq meyvələr asan dərilirdilər və olduqca dadlı idilər. Bu zaman hardansa bir dəstə adam peyda oldu. Toplaşıb bir tərəfdə dayandılar. Tanımadığım xoşagəlməz, naməlum dildə "qart-qurt” donquldanır, acıqla nəsə deyirdilər. Bizi nifrətlə süzürdülər.

Anam məsələni anlayıb həyəcanla məni maşına çağırdı. Polis zabiti atamsa tabel silahını çıxarıb nümayişkaranə şəkildə yuxarı qaldırdı, sonra təzədən cibinə qoydu. Bu xəbərdarlıq demarşı idi - silahlıyam a, yaxın gəlməyin. Demarş effekt verdi, onlar yaxınlaşmadılar.

Atam cəld sükan arxasına keçib mühərriki işə saldı, avtomobil hərəkətə gəldi və biz sürətlə uzaqlaşdıq. Yola düşərkən, dəstənin düz ortasından ötüb keçdik. Dəstə kənara çəkildi, bu zaman mən yaxın rakusrdan baxış imkanı əldə etdim.

Həmin an ermənilərin bəbəklərində gördüyüm nifrət qığılcımı indi də gözümün önündədir. Bu gün şanlı qələbəmiz, Şuşamızda qaldırdığımız üçrəngli bayrağımız fonunda üzümü Daşaltıya, Topxana meşəsi, Cıdır düzü, İsa bulağına tutub deyirəm: "Biz şərəflə geri qayıtdıq, doğma diyar. Əbədi qayıtdıq!”.

# 1110 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #