Danışa bilməyən qadınla evlənən kişi, kəndinə qayıtmaq istəyən 91 yaşlı Əminə nənə... - “Lallar məhəlləsi”ndən reportaj

Danışa bilməyən qadınla evlənən kişi, kəndinə qayıtmaq istəyən 91 yaşlı Əminə nənə... - “Lallar məhəlləsi”ndən reportaj
16 noyabr 2023
# 09:30

Kulis.az Günəş Mərdin danışma əngəllilərin yataqxanasından reportajını təqdim edir.

Bura danışma əngəllilərin yataqxanasıdır. Doqquz mərtəbəli qaranlıq, üfunət, səssizlik...

Barmaqlarımın ucunda gəzirəm ki, divarlar başıma uçmasın...

5-ci mərtəbə... Hələ qarşıma qara pişikdən başqa canlı çıxmayıb.

Aha, dəhlizin sol tərəfindən səs gəlir: Yaşlı kişi köhnə ütünü düzəltməyə çalışır.

– Salam. Siz bu binada yaşayırsınız?

– ...ıııı ooo aaa ooo...

Tez özümü ələ alıram. Axı o... İşarət dilini də bilmirəm.

Eləcə müşahidə edirəm. Özü danışmasa da, üzündəki ifadədən başa düşürəm ki, bu yaşlı kişi işini sevmir.

“Komendat” - qapının üstünü oxuyub yaxınlaşıram.

I hissə

– Salam. Mən jurnalistəm, reportaj üçün gəlmişəm. Danışa bilərsiniz?

– Salam. Nə danışmağımı istəyirsiz? – Ortayaşlı qarabuğdayı xanım həyəcanla soruşur.

– Adınızı bilmək olar?

– Almaz.

– Yataqxanadakı şərait, onların həyat tərzi ilə bağlı. Ümumi məlumat.

– Bura Azərbaycan Karlar Cəmiyyətinə məxsus özəlləşdirilmiş yataqxanadır. 1992-ci illərin axırlarından nitq qüsuru olanlar burada yaşayırlar.

Dəhlizə çıxıb işığı yandırır, söhbətimizə orada davam edirik.

– Həə... Cəmiyyət onları bura yerləşdirib ki, növbə ilə ev versin. Sonradan məcburi köçkünlər da bu binaya yerləşiblər.

– Burada ümumi nə qədər adam yaşayır?

– Təxminən, 40-a yaxın danışma əngəlli, 80-dən çox məcburi köçkün ailəsi.

– Məcburi köçkünlər də öz dədə-baba torpaqlarına qayıdırlar...

– Allah şükür... İnanın, çöllərdə qalan o qədər danışma əngəlli insan var ki... Bu binaya onları yerləşdirmək lazımdır.
Qazımız, liftimiz yoxdur. 100-dən çox jurnalist bizim problemlərimizdən yazıb gedib. Bu vaxtacan heç bir tədbir görülməyib.

Əngəllilərin hansısa məşğuliyyəti var?

– Yox, bekardılar.

Bəs o dayı? Xarab əşyaları düzəldir, deyəsən...

– Hə, dəmir-zad yığıb satır. Biri qaz peçini, biri ütüsünü verir, o da düzəldir. Belə dolanır. Təqaüdləri çox azdır. Üç oğlu var. Üçü də danışa bilir. Başqa yerlərdə qalırlar. Burada demək olar ki, gənc ailə yoxdur. Əksəriyyətinin nəvələri var.

– Onlarla dil tapa bilirsiz?

– 1982-ci ildən bu cəmiyyətdə işləyirəm. 1993-cü ildən işimi Ağdamdan bura köçürüblər. Həm də yataqxananın komendantıyam.

Ağdamda vəziyyət necə idi?

- İşğaldan əvvəl yeddi rayona baxan lal-karlar klubumuz var idi. Sədri mən idim. Fikrimiz var, Ağdama qayıdandan sonra cəmiyyəti bərpa edək, onları bir yerə yığaq.

– Bu məhəllədə əngəllilər üçün ayrıca market, aptek var?

– Yox, onlar da bizim getdiyimiz marketə, aptekə gedirlər. Vəziyyət elədir ki, hər yerdə bir tərcüməçi tutmaq olmur. Cəmiyyətin o cür imkanı yoxdur. Birtəhər başa salırlar satıcıları. İnşallah, gələcəkdə tərcümə mərkəzi açılar.

– Məni bir-iki ailə ilə tanış edə bilərsiniz?

– Nəyinizə lazımdır? Bunlar, sadəcə, deyəcəklər pensiyam azdır. Siz onu artıra biləcəksiz? Reallıq... Bura haqqında yazacaqlarınız onlara lazım deyil. Binanın arxa tərəfi, qabaq tərəfi tökülüb gedir. Külək olanda burada oturmaq olmur. Əvvəllər jurnalistlər gələndə lallar həvəslənirdi, onları evlərinə dəvət edirdilər, müxtəlif jestlərlə problemlərini izah etməyə çalışırdılar. Sonra bunun bir xeyrinin olmadığını görüb həvəsdən düşdülər. Onsuz da danışmırdılar, ancaq indi əl-qolları da susub...

Almaz xanımın dediklərindən aydın olur ki, binanın illərdir həllini tapmayan problemləri sakinlərlə bərabər onda da mediaya qarşı qəzəb yaradıb. Ədəb-ərkanla sağollaşıb doqquz mərtəbəli binanın altıncı mərtəbəsinə qalxıram...

II hissə

Pilləkəndə cüssəli, qaraşın, qaş-qabaqlı bir kişi görürəm. Görəsən, eşidir? Danışa bilir?

- Birbaşa sual verirəm:

– Salam, siz də bu binada yaşayırsınız?

– Salam, bəli...

– Adınızı bilmək olar?

– Şair Mehtiyev Xəyyam.

Yəqin ki, gün ərzində onlarla qarşılaşırsınız?

– Hə, əlbəttə. Əvvəllər qaynayıb-qarışmırdılar. İndi bizlə daha isti münasibət qururlar. Məsələn, həyətdə qonşularla söhbətləşəndə əl-qol hərəkətləriylə danışırıq ki, yanımızdakı lal da başa düşsün. Bu, bizdən ötrü bir qaydadır. Üzr istəyirəm, siqaret çəkəcəm...

Buyurun.

Siqaretdən bir qullab alıb sözünə davam edir:

– Amma səs çıxara bilirlər. Lalların səsindən binada otura bilmirik.

– Qışqırırlar?

– Hə, özü də çox. Hətta elə danışırlar ki, səsləri aləmi götürür. Öz aralarında hərəsinin bir adı da var. Məsələn, Nüsrətə Nurəli, Rüfətə Lupa deyirlər. Onların uşaqlarını biz də valideylərinin çağırdırdığı kimi çağırırıq.

– Xüsusi istedadlı əngəllilər var?

– Başqa sahələrdə deyə bilmərəm, amma özüm ədəbiyyatçıyam, bilirəm ki, ədəbiyyat sahəsinə marağı olan yoxdur.

Dediniz, şairsiz...

– Bəli. Ancaq 6-7 aydır ki, yazmıram.

Nə əcəb?

– Qardaşımın intiharından sonra yazmıram.

Dərindən bir qullab alır... köks ötürür. Yarasını təzələmək istəmirəm, amma maraq da məni tətikləyir. Çəkinə-çəkinə soruşuram.

Nəyə görə intihar edib?

– Qardaşım çox fərqli adam idi. Demək olar, bütün şəhid dəfnlərində iştirak edirdi. Sarsılmışdı. Düşünürdü ki, biz yaşamaqla şəhidlərin haqqına giririk. Sonra da özünə qəsd etdi. Bəlkə də, beləcə ruhən sakitlik tapdı...

Şeir deyirdim axı. Ramiz Rövşəni çox sevirəm. Onu çağdaş Azərbaycan ədəbiyyatından çıxarsaq, dərya quruyar.

Hiss etdim ki, söhbəti dəyişmək istəyir.

Ən çox hansı şeirini sevirsiniz?

– Mənim balam, bu dünya ilə oynama,

Sən cavansan, dünya qoca dünyadır.

Düşmən nədir, dost evini dost yıxar,

Bilən bilir, dünya necə dünyadır...

Başdan papaq alıb qaçan dünyadır.

Bu vaxt ağbirçək bir qadın deyinə-deyinə pilləkəndən düşüb yanımıza gəldi.

– Axşamınız xeyir. Sizə qurban olaram. Yaralı ürəyim sizə qurban olsun. 91 yaşım var...

Əvvəla, Allah ömür versin, - demək istədim. Sonra düşündüm ki, 91 yaşlı bu qadın, çox güman, hər gün yeddinci mərtəbədən birinci mərtəbəyə düşür. Ona bu liftsiz binada uzun ömür diləmək...

- Bala, mənim övladımın başını ermənilər xarab edib.

– Necə yəni?

– Birinci Qarabağ müharibəsi vaxtı başına güllə dəyib. Füzulidə. Sənin adın nədir?

– Günəş.

– Günəş... Həmişə Günəş kimi olasan. Mənim də adım Əminə nənədi.

Əminə nənə, Füzulini necə xatırlayırsınız?

– Adın nədi, bala?

Təkrar adımı soruşur... Adımı deyirəm. Görünür, yaddaşı sözünə baxmır.

– 91 yaşım var. Daha pilləkənləri qalxa bilmirəm. Televizorda dedilər ki, 2026-da bizim kəndin təməlini qoyacaqlar. Görən, o vaxta sağ qalacam? Allah sizi qorusun, Allah sizi saxlasın...

Əminə nənə dua edə-edə aşağı düşür.

Xəyyam bəy, əngəlli ailələrdən bir neçəsi ilə görüşmək istəyirəm. Kömək edə bilərsiniz?

– Bizimlə eyni mərtəbədə yaşayan bir ailə var. Qadın danışa bilmir, ancaq qızıyla əri danışır.

III hissə

...Qapını sarışın, sısqa qadın açır.

Əl hərəkətləri ilə niyə gəldiyimizi soruşur. Xəyyam bəy ona gəlişimizin səbəbini izah edir. Qadın bizi içəri dəvət edib əl işlərini göstərməyə başlayır.

Darısqal evin divarlarında, köhnə masanın, nimdaş divanın üstündə muncuqdan düzəldilmiş müxtəlif əl işləri... Rəngli hörümçəklər, qadın çantaları, heyvan fiqurları...

Xəyyam bəy bir növ, mənim dediklərimi qadına, qadının dedikərini mənə tərcümə edir.

– Əl işlərini haradasa satır? – Xəyyam bəydən soruşuram.

– Oturaq iş yeri yoxdur. İnstaqram səhifəsində satır.

– Sifarişləri necə çatdırır?

– Qızı aparır.

– Neçə övladı var?

– Bircə qızı var.

– Necə olub ki bu işə həvəsi yaranıb?

Öz aralarında nəsə danışırlar. Başa düşməyə çalışsam da, alınmır.

– Deyir, yaponlar bura gələndə onlardan xahiş etdim ki, mənə də öyrətsinlər. Azərbaycanda ilk dəfə bu edibmiş. Zamanla işini inkişaf etdirib.

Gündə neçə saat bu işlə məşğul olur?

– Hər gün. Səhər saat səkkizdən axşam ona kimi. Sonra da itini gəzdirir.

Xəyyam bəyin dediyinə görə, bu ərazidə əngəlillərin çalışdığı bir neçə ayaqqabı sexi var. Öyrədəndən sonra onları işlə təmin edirlər.

Həyat yoldaşı ilə necə yola gedirlər?

Qadın əlini ürəyinin üstünə qoyur, sonra digər əli ilə dilini göstərir.

– Deyir, sevgi varsa, dil lazım deyil. Anam ona olmaz desə də, bu oğlan məndən əl çəkmədi.

Qapı açılır. Xanımın həyat yoldaşı gəlib bizimlə salamlaşır. Hal-əhval tuturuq.

– Sevib ailə qurmusunuz?

– Bəli. 5 il övladımız olmadı. Sonra Allah bir qız övladı verdi.

– Onu rahat başa düşə bilirsiniz?

– Hə. Düzü, işlə əlaqədar evdə çox olmamışam. Qızım onun yanında daha çox olduğu üçün dilini məndən yaxşı bilir.

– Ailəniz etiraz etdi?

– Əlbəttə. Dedim, öz seçimimdir. Hamı şübhəli baxır ki, necə oldu, danışan biri lalla evləndi? O itə baxın, dil bilmir. Ancaq deyirsən, topu gətir, gedib gətirir. Adam da elədir.
Çox təmizkardır. Xasiyyəti çox yaxşıdır. Mənə başqa heç nə lazım deyil.

Bir-birilərinə baxıb gülürlər...

Xəyyam bəyə təşəkkür edib, yataqxanadan çıxıram.

Uçuq-sökük, soyuq, lal binaya baxıram. Komendant Almaz xanımın sözləri yadıma düşür. O, haqlıdır. Bu bina hələ uzun müddət qaranlıq, liftsiz qalacaq.

Onların təqaüdləri də artmayacaq. O yaşlı kişi yenə paslı dəzgahın önündə köhnə əşyaları təmir edəcək, Əminə nənə yenə yeddi mərtəbəni pilləkənlə qalxacaq, Xəyyam bəy hər gün intihar edən qardaşını xatırlayacaq...

Bütün bunlara rəğmən, bu lal binanın sükutunu pozmaq, bu həssas insanlarla həmsöhbət olmaq mənim üçün xoş idi...

# 2556 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış tədqiqatçı Gülhüseyn Kazımlı vəfat etdi

Tanınmış tədqiqatçı Gülhüseyn Kazımlı vəfat etdi

12:52 25 fevral 2024
“Şən Elf və cadugər” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

“Şən Elf və cadugər” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

16:50 24 fevral 2024
Nurşən Quliyevin 50 illik yubileyidir

Nurşən Quliyevin 50 illik yubileyidir

16:00 24 fevral 2024
Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”  ilə təltif edildi

Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi

15:16 24 fevral 2024
Mətbuat Şurasının sədri Nurşən Quliyevi yubileyi münasibətilə təbrik etdi

Mətbuat Şurasının sədri Nurşən Quliyevi yubileyi münasibətilə təbrik etdi

15:15 24 fevral 2024
Qadağan olunmuş kitablar - Katolik kilsəsinin “qara siyahısı”

Qadağan olunmuş kitablar - Katolik kilsəsinin “qara siyahısı”

15:00 24 fevral 2024
# # #