“Çukur”da təhlükəli səhnələri quran azərbaycanlı kaskadyor: Yerimiz yoxdur, küçədə məşq edirik - Müsahibə

“Çukur”da təhlükəli səhnələri quran azərbaycanlı kaskadyor:  Yerimiz yoxdur, küçədə məşq edirik - Müsahibə
30 dekabr 2023
# 17:00

Kulis.az Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri, Əməkdar mədəniyyət işçisi, dünyaca məşhur azərbaycanlı kaskadyor Əli Məmmədovun APA-ya müsahibəsini təqdim edir.

1908-ci ildə “The count of Monte Christo” adlı filmdə dünya kino tarixində bir ilk yaşandı: filmdə yüksək qayalıqdan şəlaləyə atlanma səhnəsini bir kaskadyor həyata keçirdi… Daha doğrusu, istədi, amma bu ilk həm də son oldu, kaskadyor bu təhlükəli səhnəni reallaşdırarkən həyatını itirdi. O bu səhnə üçün nə az, nə çox 5 dollar qonorar alacaqdı… ya da almışdı.

Bu hadisədən sonra dünyada macəra filminə maraq yarandı. Bir-birinin ardınca bu janrda çəkilən filmlərdə kaskadyorların imkanlarından geniş istifadə olunmağa başladı.

***

“Azərbaycanfilm” kinostudiyasına bu dəfə adət etmədiyim ikinci qapıdan təşrif etdik. Bizi qarşılayan qapıçının müsahibimin adını eşidər-eşitməz dediyi ilk söz bu oldu:

– O hər gün buradadır… Gələr indi…

Və bir xeyli ondan danışır. Həyatını bu kinostudiyaya, bu pavilyona və Azərbaycan kinosuna həsr etməsindən… Danışa-danışa birdən duruxur, əlini meydançanı xatırladan boş kinostudiya ərazisinin ta o başına uzadıb deyir:

– Gəlir…

Adam var, siması yox, məhz adı tanınır. Adam var, əksinə, adı o qədər də ünlü deyil, amma üzü hamının yadındadır, yaddaşındadır. Və adam da var ki, o sadəcə hərəkətdən – “dram”dan ibarətdir. Məsələn, mənim bugünkü qəhrəmanım bir filmdə maşının içindən odlar-alovlar içindən sağ çıxan qəhrəmandır. Bir filmdə binanın doqquzuncu mərtəbəsindən atlanan… bir filmdə güllə yarası alıb dənizə, çaya düşən…

…Uzaqdan gələn adamın əlləri “Gecə qatarında qətl”dən tanış idi, ayaqları “Fəryad”dan, addımları “Cavad xan”ı xatırladırdı, jestikulyasiyası “Qara Volqa”nı…

– Kaskadyorlar Assosiasiyası… düzü, ilk dəfədir, belə bir assosiasiya haqqında eşidirəm.

– Gəncdir. Bir neçə ildir ki, fəaliyyətdədir, haradasa 10-15 il. Yaradıcısı da mənəm. Sovetlər dövründə daha çox Rusiyadan və digər ölkələrdən Azərbaycan filmlərində çətin və təhlükəli səhnələr üçün kaskadyorlar dəvət edirdilər. Mən Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təyinatımın “Azərbaycanfilm” kinostudiyasına verilməsini istədim. Gəldim, əvvəlcə qrim, sonra cizgi filmləri sahəsində işlədim. Rəhmətlik Aydın Abdullayev (1993–1994-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında direktor müavini kimi çalışıb. – N.P.) mənə dəstək oldu, nəticədə, Qırğızıstana gedə bildim. Orada kaskadyorluq üzrə təlimlər keçdim və lisenziya alıb geri qayıtdım. Gələndən sonra artıq öz filmlərimizdə kaskadyor kimi fəaliyyətə başladım. Tələbələr yetişdirdim, bu sahə üzrə komanda yığdım. Bütün bunların yekunu kimi düşündüm ki, Azərbaycanda belə bir assosiasiyaya ehtiyac var. Mən özüm Rusiya Kaskadyorlar Assosiasiyanın da üzvüyəm. Bizdə də lazım idi və yaratdım. Xüsusilə döyüş səhnələri ilə bağlı hazırkı durumda Qarabağla bağlı, qələbəmizlə bağlı filmlərdə kaskadyorlara ehtiyac var. Yəni dəqiqliklə deyə bilərəm ki, bu ehtiyacı qarşılayacaq bir komandaya sahibik.

– Əli bəy, indiki valideynlər uşaqlarını kiçik yaşlarından eyni anda bir neçə əlaqəsiz sahəyə yönəldirlər. Bir uşaq, məsələn, həm rəqsə gedir, həm karateyə. Eyni durum sanki sizdə də olub: boks və rəssamlıq, sonra da kaskadyorluq. Hətta boks üzrə Azərbaycan çempionu da olmusunuz.

– Uşaqlığımdan çox nadinc, hər zaman ekstrim axtarışında olan biri olmuşam. Təkcə boks deyil, eləcə də qaçış üzrə də çempionluğum var. Bunlarla paralel rəssamlığa da maraq var idi. Hamısı ilə paralel şəkildə məşğul olmaq mənim üçün problem yaratmayıb. Nəticədə, o əziyyətlərin yekunu kimi bəhrəsini bu gün hiss edirəm. Rəssamlıqla kaskadyorluq müəyyən yerdə toqquşur, ən azından, kaskadyorluq üçün lazım olan qurğuları düzəltmək üçün…

– Yaxşı, bəs necə oldu ki, kaskadyor oldunuz?

– İnanırsınız, kaskadyor olacağımı heç vaxt düşünməmişdim. Amma indi xatırlayıram ki, uşaq vaxtı həyət evimizdə toyuq-cücəni davamlı şəkildə qovardım, onları at sürüsü kimi təsvir edərdim. Yəni təxəyyülüm geniş idi, üstəlik, dinc də durmurdum. İndi düşünürəm ki, bu hərəkətlərin hamısı film çəkmək, filmə yön vermək imiş. Bütün bunlar yığıldı-yığıldı və nəticə aydındır.

Rəssamlıqda oxuduğum zaman bir gün yaxın dostumla Nizami küçəsindən keçirdim. Həmin vaxt orada kino çəkilişi gedirdi. Buna qədər, təbii, dostum bilirdi ki, kaskadyorluğa marağım var və müəyyən bacarıqlara da sahibəm. Dostum elə oradaca təkid etdi ki, sən ki bu qədər ekstrim hərəkətlər edirsən, gəl yaxınlaşaq, bəlkə, filmdə sənə ehtiyac oldu.

– Hansı film idi?

– Əbdül Mahmudovun “Gecə qatarında qətl” filmi. Dediyim kimi, yaxınlaşdıq, müraciət etdim. O zaman kaskadyorluq sahəsi Azərbaycanda yeni idi, bu sahə ilə Nizami Musayev məşğul olurdu. Təklifimdən sonra ona müraciət edildi və nəticədə, məni yenə kinostudiyaya dəvət etdilər. Bir neçə kurs işində işlədim, bu işlər daha çox özümü təsdiq etmək üçün idi, təbii. Hətta elə olurdu ki, pul almırdım.


– Deyirsiniz, o vaxt bizdə bu sahə yeni idi. Bəs, ümumiyyətlə, bizdə kaskadyorluq anlayışı film sahəsinə nə vaxt gəlib? Konkret tarix bilinirmi, yaxud ilk dəfə hansı filmdə istifadə olunduğu məlumdurmu?

– Konkret yox, bilmirəm. Amma sizə kinolarla deyə bilərəm. Məsələn, “Yeddi oğul istərəm”, “Dədə Qorqud,” Nəsimi” kimi filmlərdə ilk dəfə kaskadyorlardan istifadə edilib.

– Həmin kaskadyorları tanıyırdınızmı?

– Yox, mən onları tanımıram. Onlar daha çox SSRİ-dən dəvət olunurdu, Rusiya Kaskadyorlar Assosiasiyası, həmçinin Qırğızıstan Kaskadyorlar Qrupu tez-tez bizim filmlərə dəvət alırdılar.

– Onda sizin kaskadyor kimi olduğunuz ilk film “Gecə qatarında qətl” sayıla bilər?

– Yox, buna qədər ərəb rejissorunun kurs işi var idi, ilk işim o oldu. O kurs işində güllə ilə bağlı bir səhnə vardı, o qədər də çətin deyildi.

Bu qədər təhlükəli peşə ilə məşğulsunuz. Sizə verilən qonorar nəyə əsasən tənzimlənir? Tryukların çətinliyinə görə ona verilən qonorarda da fərq olurmu?

– Doğrudur. Hər tryuk öz çətinliyinə görə, müəyyən qiymət ehtiva edir. Sadəcə, bizim filmlərimizdə büdcə buna imkan vermir, azdır. Az olduğu üçün də biz onu günlük olaraq danışırıq, günəmuzd qonorar alırıq. Amma Sovetlər dövründə hər dubla görə qonorar yazılırdı. Sonradan yavaş-yavaş çətinliklər yarandı, nəticədə, bu ənənə aradan qalxdı.

– Hal-hazırda hansı filmdə işləyirsiniz?

– Hazırda xarici bir filmdə çalışıram. O barədə çox da geniş məlumat verə bilməyəcəyəm, qaydalar belə tələb edir. Ona görə üzrlü sayın. Burada da qonorarı gündəlik çəkilişə əsasən danışmışıq. Yəni büdcə ilə bağlı problem təkcə bizdə deyil. Üç aylıq bir proyektdir, böyük layihədir.

Eləcə də bu yaxınlarda Özbəkistanda da böyük bir layihədə işlədik. Onlar bizə müraciət etmələrini belə əsaslandırdılar ki, bir neçə ölkənin təqdim etdiyi müəyyən çəkiliş roliklərini incələdikdən sonra ən uyğununun Azərbaycan kaskadyorları olduğunu başa düşüblər. Biz orada avtomobil tryuklarını etdik və bizdən çox məmnun qaldılar. Onlar da türkdür, qardaş ölkədir, bu mənada, həm də dəstək olmaq naminə getmişdik.

– Əli bəy, Azərbaycanda neçə nəfər kaskadyor adı çəkə bilərik?

– Mənim ətrafımda kaskadyor, əslində, çoxdur. Sadəcə, bizdə ən böyük problem odur ki, texniki bazamız yoxdur. Buna görə də həvəskar kaskadyorları professional səviyyəyə qaldırmaqda çətinlik çəkirəm. Çünki bunun üçün gündəlik məşqlər, xüsusi qurğu və geyimlərlə məşğul olmaq lazımdır.

– Qurğu və geyimlər bizdə kifayət qədər varmı?

– Əlbəttə, onların hamısı var, sadəcə, bu prosesi birləşdirib məşq etməyə yerimiz yoxdur. Məsələn, idman zalımız olsa, məşqlərimiz daha səmərəli olar, eləcə də nəticə.

– Bəs indi harada məşq edirsiniz?

– Nə bilim?! Küçədə. Harada yer tapsaq, orada. Çünki biz bu hazırlığı görməliyik. İş bunu tələb edir. Kinostudiya rəhbərliyi sağ olsun, bizim üçün iki otaq ayırıb. Hansı ki o otaqlarda lazımi əşyaları saxlayırıq. Ehtiyac olanda alətləri kinostudiyanın həyətinə çıxarıb onlarla məşğul oluruq, amma, sözsüz, tam olaraq ehtiyacımızı ödəyə bilmirik. Peşəkarlıq və bacarıq baxımından sizi əmin edirəm ki, biz Hollivuddan geri qalmırıq. Sadəcə, onların maddi imkanları çoxdur, bacarıq, demək olar ki, eynidir. Mənim tələbələrimin istedadına şübhəm yoxdur.

– Niyə texniki bazanın yaradılması üçün müraciət etmirsiniz?

– Etmişəm. Hətta bir neçə dəfə. Amma bilmirəm, o məktublar ünvana çatıb, ya yox.

– Mədəniyyət Nazirliyinə bəs?

– Yeni rəhbərlik gələndən sonra yox, bu barədə müraciətim olmayıb. Amma mütləq edəcəyəm. Çünki yeni rəhbərlik və komandanın bu mövzuda bizə dəstək olacağına inanıram.

– Ümumiyyətlə, siz dediyiniz texniki baza üçün nə qədər vəsait lazımdır?

– Mənə heç bir vəsait lazım deyil, Nihat. Mənə sadəcə və sadəcə yer lazımdır, yer, idman zalı! Hansı ki o idman zalında başqa adamlar gəlib məşq etməsin. Yalnız biz olaq. Bizdə elə qurğular var ki, onların üzərində davamlı məşqlər etməliyik. Məsələn, katapult adlı qurğunun necə işlədiyini bilmədən kimsə minsə, o qurğu adamı 6-7 metr uzağa ata bilər, müxtəlif xəsarətlər yetirə bilər, o baxımdan, həmin zalda yalnız biz olmalıyıq.

Əli bəyin də təklifi ilə həmin alətlərlə tanış olmaq üçün yavaş-yavaş kinostudiyanın binasına daxil oluruq. Boş, dar və qaranlıq koridorda bizdən başqa kimsə yoxdur.

– Siz bu alətləri haradan alırsınız? Bunlar hazır olur?

– Yox. Mən onların hamısını öz vəsaitim hesabına düzəltdirmişəm. Rəssam olduğum üçün alətlərin sxemini hazırlaya bilirəm, ölçüb biçirəm, sonra ustalara göstəriş verirəm, onlar da hazırlayır. Bu, bir ilin, beş ilin işi deyil. Mən ömrümün böyük hissəsini, 35 ilini bu sahəyə həsr etmişəm.

Otağın qapısına kortəbii üsulla cızma-qara edilib: Kaskadyor Əli Məmmədov. Bunu görüb gülə-gülə soruşuram:

– Heç olmasa, qarşısına əməkdar mədəniyyət işçisi yazılaydı da…

Kinayə ilə gülümsəyir. Heç nə demir.

Birinci otağa daxil oluruq. İçəridə həddindən artıq nizamsızlıq var. Bu qədər nizam, ölçü-biçim adamının otağının bu formada olması həm təəccüblüdür, həm də acınacaqlı. Amma, şübhəsiz, burada günahkar özü deyil…

– Bunlar hamısı lazımlı və istifadə edilən qurğulardır, həmin qurğuların müəyyən onların hissələridir, – deyib bizi müəyyən alətlərlə tanış edə-edə onların iş prinsipindən danışır.

– Əli bəy, bəs Azərbaycanda qadın kaskadyorlar var?

– Var, əlbəttə. Lakin Azərbaycanda kifayət qədər film çəkilmədiyinə görə, çoxu ölkəni tərk edir. Bizim özümüzdə kino sahəsində inkişaf olarsa, onlara da iş olar, getməzlər.

Kaskadyorluq sənəti elmdir. Bunun içində riyaziyyat, fizika və digər əlaqəli elmlər var. Hamı elə bilir ki, kaskadyorluq elə döyüşməkdi, yıxılmaqdır. Əlbəttə, yox, bu elmdir.

– Ən çətin tryuklar hansılar hesab olunur?

– Avtomobillə, motosikletlə, atla edilənlər, həmçinin yanmaq və hündürlükdən atlanma. Bir də görürsən, kaskadyoru 10-cu mərtəbədən atmaq lazım olur. Bu adam ona psixoloji olaraq hazır olmalıdır. Qorxu normaldır, qorxusu olmayan insanda psixoloji problem var, deməli. Sadəcə, o qorxunu idarə etmək, ram etmək, ona qalib gəlmək lazımdır.

– Son dövrlərdə çəkilən “Dolu”, “Yarımçıq xatirələr”, “Həyat, deyəsən, gözəldir” filmləri gəlir ağlıma. Onlar da kaskadyor tryukları ilə boldur. Bunlarda siz varsınız?

– Adını çəkdiyiniz üç filmin üçünün də kaskadyorluq işində mən və komandam olub. Sadəcə, “Yarımçıq xatirələr”in bir hissəsi Belarusda çəkilib. Nədənsə elə alındı ki, o hissəni belarus kaskadyorlar işlədi, mən olsaydım, başqa cür edərdim, təbii. Bütün dünya film praktikasında belədir ki, çəkiliş harada olursa, olsun, heyət öz kaskadyor komandasını da ora aparır. Oradakı kaskadyorlar sadəcə dəstək verə bilərlər. Amma nədənsə bizdə elə olmadı. Bizi aparmadılar. Amerika, Türkiyə, Rusiya, Fransa, Almaniya, Hindistan… bu kimi nə qədər ölkə ilə əməkdaşlığım olub. Mənim praktikam çoxdur, çəkiliş qrupu nədir, kaskadyor qrupu necə tənzimlənir və sair hamısını bilirəm, amma bizdə, nə bilim…

Təəssüf ki, “Həyat, deyəsən, gözəldir” filmi üçün Gürcüstandan da komanda dəvət etmişdilər.

– Niyə?

– Bilmirəm, Vaqif Mustafayevin istəyi ilə dəvət olunmuşdular. Əsas və çətin səhnələri mən qurdum, onlar da etdilər. Gürcülərin kaskadyor qrupunun rəhbəri mənə dedi ki, sizin yanınızda nəsə deməyə, göstəriş verməyə utanıram. Siz bu sahəni məndən qat-qat yaxşı bilirsiniz. Dedim, narahat olma, biz birgə iş görürük, bu əməkdaşlıqdır. Belə…

O filmdə bir səhnə var idi: 70 yaşlı kişinin salto vurması. O səhnəni heç kəs qura bilmirdi. Risk etmirlər. Mən dedim, edərəm, heç kəs inanmadı. Səhnəni düz beş günə məşq etdik, yaşlı adamın qurğu vasitəsilə salto vurmasına onu hazırladıq. Söhbət təkcə qurğuda deyil, təbii. Adam yaşlıdır, onun ürəyi, təzyiqi, ayaq əzələləri hamısı dözməlidir, buna hazır olmalıdır. Hazırlaşdıq, məşq etdik və göstərdik. Çox da uğurlu alındı.

Söhbət edə-edə digər otağa keçirik. İçəri keçən kimi alətlərdən birinə işarə edir:


– Bax bu alət 1000 dollara başa gəlib.

Bir az ara verəndən sonra otağın çox təmirsiz olduğundan məmnun olmadığımızı görüb deyir:

– Otaq təmirsizdir. Buranı fikrim var ki, özüm təmir edəm. Görək nə olur… Bilirsən, mən kinostudiyanı qınaya bilmirəm, bilmərəm. Vəziyyət çətindir, doğrudan da.

– Əli bəy, dünyada elə aktyorlar var ki, çətin səhnələri də özləri oynayırlar. Məsələn, Ceki Çan ən bariz nümunədir. Bəs bizdə varmı belə bir aktyor? Ya olubmu?

– Ceki Çan özü kaskadyordur. O, sonradan aktyor və rejissorluğa gəlib. Başqa tərəfdən isə, hər aktyor kaskadyorluq edə bilməz. Aktyorun hansısa bir tryuku yerinə yetirə bilməsi üçün tryukların quruluşçusu onun təhlükəsizliyini təmin etməlidir. Bu baxımdan, kaskadyor o hərəkəti birinci oalraq öz komandası ilə məşq edir, sonra aktyorla. Məsələn, xaricdə aktyorlar deyir ki, mən özüm edəcəyəm. Olsun. Et. Amma biz buna qədər onun həmin hərəkət zamanı təhlükəsizliyini tam olaraq, təmin edirik. Yəni burada hər hansısa bir artıq hərəkət təhlükə yarada bilər. Bizdə hələ ki bu şeylərə aktyorlar hazır deyil. Çünki texniki bazamız da yoxdur. Olsa, aktyor gələr bazaya, məşq edər, öyrəşər və çəkilər.

– Kinostudiyanın ərazisi genişdir. Burada elə o bazanı qurmaq olmazmı?

– Əlbəttə, olar. Amma bunun olması üçün edilməsi lazımdır. Hər şey istəklə bitmir, əməl lazımdır. Nihat, mən evimə xərcləməli olduğum pulu kinoya xərcləmişəm, bayaq sənə dediyim qurğulara xərcləmişəm. Bunlar sevgidən yaranıb və indi o sevginin bəhrəsini görürəm, sevinirəm. Maşın alardım da, yaxud, ev alardım da, amma yox, ilk fürsətdə başqa-başqa qurğuların hazırlanmasını düşündüm. İndi isə o qurğularla komandanı inkişaf etdirməyə yerim yoxdur. Və bu artıq mənim həll edəcəyim məsələ də deyib.

Alətləri, onların hissələrini bacardığı qədər açıqlığa çıxarıb izah edir:

– Bunlar maşını çevirmək üçündür.

– Bunlar hündürlük səhnəsi üçün kəndirlər, əlavə qurğular.

– Bunlar yanğın üçün geyim və digər lazımlı əşyalar üçün qutudur.

– Bu yanmağın qarşısını alan, yanğından qoruyan geldir. Amerikadan gətizdirmişəm. Bu geli dodağa, buruna yaxın yerlərə də vururuq ki, yanğın adamın ciyərlərini yandırmasın.

– Bu rezin bıçaqlardır.

– Yəqin ki, bir xeyli zədələriniz olub.

– Yüngül zədələr olub. Cəmisi bir dəfə ağır bir şey yaşandı, haradasa, 3 ay əziyyət çəkdim. “Dolu” filmində dabanım çatlamışdı. Amma elə oldu ki, o səhnəni filmə salmadılar, rejissor dedi ki, ürəyim gəlmədi, onu filmə salım.

Başqa yüngül zədələr olub, yəni işimiz elədir ki, mən çox ölçüb-biçirəm, ona görə çox ağır nəticələrə ehtimal qalmır.

– Bizdə heç, amma Türkiyədə serial bazarı çox aktivdir, hətta serialları dünyaya satırlar. Onlardan təkliflər alırsınızmı?

– Türkiyədəki serialların çoxunu mən işləmişəm. “Çukur”, “Diriliş Karatay”, “İçerde”... Belə çoxdur. Bilirsən, bu iş komanda işidir. Doğrudur, quruculuq vahid beyindən asılıdır və təvazökarlıqdan uzaq olsa da, deyim ki, mənim praktikam çoxdur, mən bu sahəni onlardan yaxşı bilirəm, bu praktikanı işə tətbiq etdikcə, onlar nəticəni gördükcə məmnun da qalırlar. Və təkliflər artır.

– “Çukur”da o məşhur təkər səhnəsi var idi, tryuku siz qurmuşdunuz?

– Bəli, səhnəni də bizim oradakı komandamız etmişdi.

– Türkiyə, Azərbaycan, Rusiya... Müqayisə edək, hansında kaskadyorun zəhmətinə daha uyğun qonorar verilir?

– Rusiyada. Bizdə, bayaq da dedim, hələ o təcrübə formalaşmayıb, anlayış azdır. O da qonorara təsir edir. Mən ruslarla çox rahat işləyirəm, nə desəm, qeyd-şərtsiz hazırdır. Amma bizdə, məsələn, deyirəm, mənə stəkan lazımdır, deyirlər, neyləyirsən stəkanı? Olmasa, olmaz? Mən məcbur başlayıram izah edirəm və yoruluram. Çünki bilmirlər, sorğu-suallar çox olur.

– Əli bəy, siz həm də aktyor kimi filmlərə çəkilmisiniz.

– Bəli, “Gecə qatarında qətl” filmində həbsxana səhnəsində çəkilmişəm, məsələn. Belə o qədər də olmayıb, çünki mən daha çox kaskadyoram. Düzü, heç vaxt aktyor olmadığıma görə, təəssüf hissi keçirməmişəm. Qətiyyən. Mənim işim səhnəni qurmaq, onun təhlükəsizliyini düşünmək, ölçüb-biçməkdir. Mən aktyor qədər yadda qalmamışam deyə də heç vaxt pis olmamışam. Bu, ulduz xəstəliyidir və bu çox pis bir hissdir. Məndə belə şey yoxdur. Bizim işimizin gözəl olması üçün yalnız o işi düşünməlisən, mən də elə edirəm. Hər zaman. Açığı, mən heç vaxt öz işimdən razı qalmıram. İndiyə qədər nə iş görmüşəmsə, heç vaxt xoşuma gəlməyib. Yəni daha artığını istəyirəm, daha yaxşısını etmək istəyirəm.

– Bir kaskadyorun həyat tərzi necə olur? Məsələn, siz istədiyinizi yeyib-içə bilərsiniz?

– Film olmayanda bir az çətinliklər olur. Hər kəs ailəsinə çörək aparmalıdır, film yoxdursa, təbii, çətindir, axı başqa iş bacarmırıq.

– Yox, mən o mənada demirəm. Demək istədiyim odur ki, siz hər zaman formada qalmalısınız. Bax bu məsələ sizin həyat tərzinizə necə təsir edir? Özünüzə nə kimi qadağalar tətbiq edirsiniz?

– Özümə heç bir qadağa qoymamışam. Mən vaxtilə idmanla o qədər məşğul olmuşam, o qədər məşq etmişəm ki, indi formamı itirmirəm, bir ay məşq etsəm, bəs edir, əzələ yaddaşım var. Yəni yemək-içməyimlə bağlı korluq çəkdirmirəm özümə (gülür).

– Kaskadyorlar üçün həyati təhlükə hər zaman var. Sağlamlığınızı sığortalamaq ağlınıza gəlib heç?

– Əslində, biz özümüz özümüzü sığortalamamalıyıq, bunu film şirkəti etməlidir. Təəssüf ki, belə bir sistem heç Türkiyədə belə yoxdur, nəinki bizdə. Amma, məsələn, Özbəkistanda, İranda var.


Yavaş-yavaş binanın çıxışına doğru irəliləyirik.

– Ailənizdən kiminsə bu sahəyə marağı var?

– Bir ara qızım istədi. Amma istəmədim. Bu sahədə olduğum üçün ruhdan düşdüyümü deyə bilmərəm, amma bax, məsələn, Rusiyada kaskadyorlarla bağlı böyük bir festival var, məni ora bir neçə dəfə dəvət ediblər ki, sən də gəl, iştirak et. Amma mən gedə bilmirəm. Çünki Azərbaycanda orada iştirak edə biləcək film çəkilmir…

Nə qədər qaramat sonluq olsa da, müsahibəni elə buradaca da yekunlaşdırırıq. Kinostudiyanın geniş həyətində bir xeyli keçmiş günlərdən, Azərbaycan filminin qaynar dönəmlərindən də danışıb sağollaşırıq.

Foto Orxan Kərimov ©️ APA group

# 1439 dəfə oxunub

Oxşar xəbərlər

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
Lermontova həsr edilmiş tədbir olacaq

Lermontova həsr edilmiş tədbir olacaq

13:23 25 noyabr 2024
Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
#
#
# # #