Türkiyənin nüfuzlu ədəbi qurumu olan Türk Ədəbiyyatı Vəqfı Azərbaycan Yazıçılar Birliyi ilə bağladığı və illərdir davam edən ədəbi əməkdaşlıq müqaviləsi çərçivəsində daha bir mühüm ədəbiyyat layihəsini həyata keçirib. Azərbaycan ədəbiyyatında və teatr sahəsində xüsusi yeri olan, unudulmaz dramaturq C.Cabbarlının anadan olmasının 125-ci ildönümü münasibətilə yazıçının “Seçilmiş pyeslər” kitabı Türkiyədəki ədəbiyyatsevərlərə təqdim olunub.
Kulis.az xəbər verir ki, Türk Ədəbiyyatı Vəqfının rəhbəri, şair Sərhat Kabaklı türk mətbuatına açıqlamasında belə bir kitabın nəşrinin son dərəcə vacib olduğunu vurğulayıb:
"Cəfər Cabbarlı təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının ortaq mədəni irsinin ən mühüm nümayəndələrindən biri hesab olunur. Qələmə aldığı şeirləri, hekayələri, xüsusən də səhnə əsərləri ilə geniş oxucu kütləsi qazanan dramaturqun yaradıcılığında əsas yeri cəmiyyətin problemlərinə güzgü tutan pyesləri təşkil edir. Onun əsərlərini oxuyanda və ümumtürk mədəniyyəti üçün gördüyü böyük işləri incələyəndə türk oxucusuna belə bir ərməğan etmək qərarı verdik. Hesab edirəm ki, çağdaş türk gəncliyi qardaş xalqımızın nələrdən keçib zirvələrə necə ucaldığını həm də Cabbarlının yaradıcılığından öyrənəcək. Azərbaycan Yazıçılar Birliyi və əziz ustadımız, yaşayan Dədə Qorqudumuz Anarın belə layihələrimizə dəstək olması, xeyir-dua verməsi bizlərdən ötrü xəzinədir".
“Seçilmiş pyeslər” kitabına C. Cabbarlının “Aydın”, “Vəfalı Səriyyə”, “Oqtay Eloğlu” və “Ədirnənin Fəthi” əsərləri daxil edilib. Bu əsərlər həm bədii xüsusiyyətlərinə, həm də dolğun sosial-ictimai məzmununa görə müəllifin yaradıclığında mühüm yer tutur.
Kitab Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı Anarın “Azad bir quşdum” adlı ön sözü ilə başlayır. Anar C. Cabbarlını təkcə istedadlı dramaturq kimi deyil, həm də vətəndaş mövqeyi olan bir ziyalı, ictimai xadim kimi oxuculara təqdim edir, onun əsərlərinin tərbiyəvi əhəmiyyətindən söz açır: “Cəfər Cabbarlı sovet rejimi dövründə də milli sivilizasiyanın inkişafı üçün səy göstərməyin zəruri olduğunu və buna nail ola biləcəyini düşünərək bu məsələdə yorulmadan çalışırdı. Cabbarlı doğulduğu Azərbaycan torpağına, milli köklərə bağlı olan bir yazıçı kimi ölkənin ictimai həyatında baş verən hadisələri, problemləri, müxtəlif insan xarakterlərini məharətlə qələmə almışdır”.
Əsərləri Türkiyə türkcəsinə tərcüməçi Atabəy Barış uyğunlaşdırıb.
"Türk ədəbiyyatı" dərgisinin baş redaktou İmdat Avşar da bu cür kitabların çapının vacibliyindən söz açıb:
"Yaradıcılığında 1920-ci ilə qədər romantizmə daha çox yer verən C. Cabbarlı, Sovet hakimiyyəti qurulduqdan sonra yazdığı pyeslərdə realizmə üz tutmuş, əsərlərində cəhaləti, ictimai ədalətsizliyi, nadanlığı cəsarətlə tənqid etdirmişdir. Bu əsərlər o dövrün ictimai quruluşunu, mədəniyyətini , xalqın həyat səviyyəsini daha yaxından tanımaq üçün mühüm mənbədir. Azərbaycan ədəbiyyatında və teatrında özünəməxsusi yeri olan C. Cabbarlı təəssüf ki, bu günə kimi türk oxucusuna kifayət qədər tanıdılmayıb. Türk Ədəbiyyatı Vəqfi dramaturqun “Seçilmiş pyeslər” kitabı ilə bu boşluğu doldurmağı və Cabbarlını Türkiyədə daha geniş kütləyə tanıtmağı qarşısına məqsəd qoyub. Bu kitab həm də Türk və Azərbaycan ədəbiyyatı arasında körpü rolunu oynayacaq. İki ölkənin ortaq tarixi və mədəni əlaqələrini gücləndirən bu cür əsərlər ədəbiyyat aləmində yeni üfüqlər açır və oxuculara iki qardaş xalqın ortaq dəyərlərini daha yaxından tanımaq imkanı yaradır".
Türk Ədəbiyyatı Vəqfi kitabla bağlı açıqlamarda onu da qeyd edib ki, “Seçilmiş pyeslər” kitabının ədəbi və teatr ictimaiyyətində ciddi təsiri olacaq. Cabbarlının əsərləri həm akademik dairələrdə, həm də teatr səhnəsində dəyərləndirilə, Azərbaycanın müxtəlif dövrlərdəki ictimai quruluşunu, tarixini, mədəni zənginliyini türk oxucusuna çatdıra bilər:
“Cəfər Cabbarlının əsərləri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq mirasıdır. Onun əsərlərini Türkiyədə tanıtmaq və ədəbiyyatsevərlərin ixtiyarına vermək bizim üçün şərəfdir. İnanırıq ki, bu kitab Cabbarlı yaradıcılığının dərinliyini və sosial ismarıclarını daha geniş oxucu kütləsinə çatdıracaq”.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi və Türk Ədəbiyyatı Vaqfının birgə layihəsi kimi böyük türk alimi, mütəfəkkiri Əhməd Kabaklının əsərlərindən seçmələr «Qobustan» dərgisinin əlavəsi kimi bu günlərdə işıq üzü görəcək.