Kulis.az Vüqar Vanın yeni yazısını təqdim edir.
Mən onuncu sinifdə oxuyanda rayondakı həyətimizdə ikiotaqlı, balaca, bir ev tikdik. Niyyətimiz oranı kirayə verib varlanmaq olsa da, təəssüf, xəyallarımız puç oldu, varlana bilmədik. Heç bu yeni biznesimizi inkişaf etdirməyin üstünə çox da düşmədik. Niyə düşmədik və nə üçün varlana bilmədik?
Çünki yaşadığın yerin bəzən bayağı, absurd, bəzən də ənənəyə söykənən, əsaslı həqiqətləri və reallıqları olur.
Məsələn, bir qəribə rayon həqiqəti deyim sizə: rayonda varlanmaq istəyinə yaxşı baxmırlar. Əgər bir işin varsa və başqa iş görüb daha çox pul qazanmaq istəyirsənsə, ya harınsan, ya da tamahkar. Şəxsən mən uzun müddət kirayə ev tikib varlanmaq istədiyimizə görə utanıb xəcalət çəkmişəm. Bizim ailəmiz də reallıq hissini daim qoruyub saxlayan, rayon həqiqətlərinə möhkəm tellərlə bağlanan bir ailə olduğu üçün, anam kirayə üçün ev tikib varlanmaq niyyətimizi aləmə car çəkmədi, ancaq yaxın qohumlara, tanışlara sözarası çatdırdı ki, belə bir iş görmüşük, əgər məsləhətli adam olsa, bizə yönləndirə bilərlər.
Di gəl kirayənişin atlı olmuşdu, biz piyada. Evimizi kirayə götürən adam tapılmırdı ki, tapılmırdı. Kirayə üçün ev tikməyimizin üstündən təxminən altı-yeddi ay keçmişdi. Evimizin bu qədər boş qalmağı, bizim ziyanımıza işləyirdi, çünki başqa bir rayon həqiqəti budur ki, rayonda uğursuz biznes cəhdləri adamı hörmətdən və izzətdən salır, gülməli vəziyyətdə qoyur. Ciddi və hörmətli ailəmizin dayaqları bu amansız reallıq qarşısında laxlamağa başlamışdı. O “arzulanan kirayənişin” gəlmirdi.
Növbəti bir rayon həqiqəti deyib mətləbə keçəcəyəm. Rayonda, xüsusən bizimki kimi ucqar bir rayonda, yəni Lerikdə çox təsadüfi hallarda kiməsə kirayə lazım olur. Çünki əsas əhali yerli camaatdır və hər kəsin də öz evi var. Məşhur ispan şair Xuan Ramon Ximenesin təbirincə desək, rayonda kirayə üçün ev tikmək ucsuz-bucaqsız azlığa xitab etmək kimi bir şeydir.
Amma günlərin birində, daha dəqiq, mən ali məktəbə qəbul üçün olan sınaq imtahanlarda ard-arda biabırçı nəticələr göstərdiyim vaxtlarda, gözlənilən kirayənişin, nəhayət, gəlib çıxdı. Əslən bizim rayondan olan Q. müəllim imtahanla rayondakı dövlət idarələrindən birinə işə qəbul olmuşdu və o, yəni bizim ilk kirayənişinimiz bundan sonra evimizdə qalacaq, günlər həftələri, həftələr ayları qovduqca ailəmizin bir üzvünə çevriləcəkdi.
Q. müəllimin otuz yaşı təzəcə tamam olmuşdu. Hündürboy, yaraşıqlı, tərbiyəli, etibarlı, subay Q. müəllim yorğa yerişli, astagəl adam idi. Danışanda da həddindən artıq yavaş danışırdı, sanki sözləri hərf-hərf deyirdi, o bir söz deyənə qədər adamın ürəyi çəkilirdi. Həftə içi bizdə kirayə qalır, həftə sonu isə kəndə – ailəsinin, ata-anasının, qardaş-bacılarının yanına gedirdi. Rayona təzə köçdüyü üçün tay-tuşlarından özünə dost tapa bilməmişdi. Bir az da qapalı adam idi, hərdən mən axşamüstü məşğələyə gedəndə görürdüm ki, parkda tək-tənha, fikirli-fikirli gəzir. Təzə mühit, təzə insanlar, təzə iş yeri, yəqin, onu darıxdırırdı. Mənsə onun darıxmağını istəmirdim, hərdən hansısa bəhanəylə, gecələr onun yanına gedib söhbətləşir, onunla vaxt keçirirdim. Əsasən, şahmat oynayırdıq. Bəzən isə mənə çox sevdiyi Konfutsidən danışır, sitatlar çəkirdi. Beləcə, dostlaşır, yaxınlaşırdıq. Hamımız onun xətrini çox istəyirdik, anam ondan pul götürmürdü, deyirdi, sən də mənim bir balamsan, amma hər dəfə Q. müəllim hansısa yolla kirayə haqqını verirdi.
Q. müəllim bizə köçəndən bir müddət sonra eşitdik, evlənir. Evləndi, evlilikdən sonra da həmişəki rejimdə həyatına davam elədi, həyat yoldaşını kənddə ailəsinin yanında saxladı, həftə sonları onların yanına gedib-gəldi. Bir müddət də keçdi, eşitdik, onun əkiz övladları olacaq. Əkiz övladları oldu. Bir müddət də keçdi. Eşitdik ki, ailəsi – anası, həyat yoldaşı və iki övladı – qar uçqunun altında qalaraq həlak olublar.
“Qatar xəyalları” (Train dreams)
“Oskar” mükafatının əsas namizədlərindən olan, Klint Bentlinin rejissorluğuyla çəkilən “Qatar xəyalları” filminə baxdım. Kobud desək, film XX əsrin əvvəllərində Amerikanın şimal-qərbində yaşayan adi bir fəhlənin həyatından bəhs edir. Amma həm filmə baxmayan və bundan sonra da baxmayacaq oxucular üçün, həm də baxan oxucuların yaddaşını təzələmək üçün əvvələn, filmi danışmaq, və saniyən şərh etmək istəyirəm.
Ata-anasını vaxtsız itirən və dünyada tək-tənha qalan qəhrəman Robert Qreyner otuz yaşlarına qədər həyatda səfil-sərgərdan gəzib-dolaşır. Günlərin birində Qladis Oldinqlə tanış olur və onlar üç aydan sonra ucqar, dağlıq bir ərazidə, çayın qırağında özlərinə yeni həyat qurmağa qərar verirlər. Evlənirlər, qapısını özləri açıb-bağlayacağı bir ev tikirlər. Həmin illərdə Qreyner tez-tez çörəkpulu dalınca tanımadığı adamlarla uzaq diyarlara işləməyə gedir. Dəmiryolu çəkilişində işləyib körpü tikir. Günlərin birində körpü tikilişində işləyəndə Qreynerin iş yoldaşı olan bir çinli miqrant fəhləni heç bir səbəb-filan olmadan silahlı adamlar körpüdən atıb öldürürlər. Qreyner ona heç cür kömək edə bilmir. Çinli fəhlə vicdan, yaddaş və keçmişin kölgəsi kimi geri qayıdıb daim onu izləməyə başlayır.
Bu hadisədən sonra qəhrəman evinə, ailəsinin yanına qayıdır və bu qayıdışdan məlum olur ki, o uzaqlarda işləyən vaxt qızı dünyaya gəlib. Bir müddət ailəsiylə vaxt keçirəndən sonra odunçuluq mövsümü başlayır və Qreyner yenidən uzaqlara işləməyə gedir. O əyalətdən bu əyalətə, o işdən bu işə, hara lazımdırsa ora gedərək evsiz-eşiksiz, ailəsiz adamlarla birlikdə işləyir. Qreynerdən fərqli olaraq qəribə, koloritli adamlar olur onun iş yoldaşları. Biri ağaclardan ev tikib içində yaşayır, biri heç danışmır, biri bütün gün İncil əzbərləyib camaatın zəhləsini tökür və axırda onu vaxtilə öldürdüyü bir adamın qardaşı öldürür, biri kustar üsullarla bomba düzəldir.
Onlar hər işdə meşənin daha dərinliklərinə girərək, səhərdən-axşama qədər mişarla beş yüz illik sidr, ağ şam, qara şam, ladin, küknar kəsir, dağların çöhrəsini başdan-ayağa dəyişirlər. Ölüm təhlükəsiylə üz-üzə qalırlar, hətta böyük bir ağac üç nəfərin üstünə aşaraq onları öldürür. Qreyner bu hadisədən qorxur və fikirləşir ki, əslində onun yeri bura deyil, olmaq istədiyi yerdən çox uzaqlardadır. Beləcə, yenidən ailəsinin yanına, evinə qayıdır. Bu onun ölümlə rastlaşandan sonra ikinci dəfə evə qayıtmasıdır. Sanki o, hər ölüm qarşısında həyat yoldaşına və balaca qızına sığınıb təsəlli axtarır.
Onun ailəsi çox gözəldir, həyat yoldaşı mehriban, həlim xasiyyətli qadındır, qızları artıq yeriməyə başlayıb, ərlə arvad bir-birlərini ilk vaxtlardakı kimi çox sevirlər. Qreyner bu dəfə ailəsinə yaxın olmaq üçün əyalətdə xırda-para işlər görərək dolanmaq qərarına gəlir. Amma şərtlər ağırdır, müharibə təzəlikcə qurtarıb, yaxşı maaşı olan iş tapmaq çox çətindir. Robert bir müddət əyalətdə fəhləçilik edir, di gəl ailənin maddi vəziyyəti getdikcə pisləşir. Maddi vəziyyət pisləşsə də, Qreyner qızıyla və həyat yoldaşıyla həyatının ən gözəl günlərini keçirir. Həmin günlərdə Qladis təklif edir ki, əkin-biçinlə məşğul olub, balaca bir dülgər atelyesi açsınlar. Borcla bir at, ya da qatır alsınlar. Qreyner həyat yoldaşıyla qurduğu bu arzusunu reallaşdırmaqdan ötəri yenidən baltasını da götürüb pul dalınca ağac kəsməyə yollanır. Bu səfər onun sonuncu səfəri olmalıydı. Müvafiq pulu yığandan sonra geri qayıdıb arvadıyla iş quracaqdılar.
Odunçuluq ağır peşədir. Həm bədənə, həm ruha ziyandır. Beş yüz illik ağacları kəsmək asan məsələ deyil. Qreyner daxil heç bir iş yoldaşı rahat deyillər, işin fiziki ağırlığı bir yana qalsın, beş yüz yaşlı ağacları kəsmək hamının vicdanını içdən-içə narahat eləyir. Bu daxili narahatlıq Qreynerin yaxasından əl çəkmir. Ailəsindən uzaqda qalması, vaxtilə öldürülən çinli fəhlənin ruhu, ağır fiziki iş, bir yandan da beş yüzdən çox yaşı olan canlıları öldürmək... bütün bunlar Qreynerin aramlıq tapmasına imkan vermir. Təbiətin ritmini pozduqca öz həyatının da ritmi pozulur. Kamera daim onun fiqurunu beş yüz yaşlı ağacların fonunda göstərir və başa düşürük ki, insan təbiət qarşısında həm fiziki, həm də mənəvi olaraq necə də aciz və balaca varlıqdır.
Qreyner meşəyə budəfəki gəlişində keçmiş bir iş yoldaşını tapır, onlar bir-biriylə dostlaşırlar və bir gün qoca dostunun başına balaca budaq düşüb onu öldürür. Qreynerin evə qayıdışı da bu ölümdən sonra olur. Beləliklə, o, üçüncü dəfə ölümlə üzləşdikdən sonra yenidən ailəsinin yanına getmək qərarına gəlir.
Əyalətə çatanda görür ki, böyük bir meşə yanğını baş verib, hər kəs qaçıb canını qurtarmağa çalışır, sanki qiyamət günüdür. O, yanan meşənin içinə girib evinə qaçsa da, heç nə edə bilmir. Onların minbir əziyyətlə tikdiyi evləri yanıb kül olub. Nə qızı var, nə həyatı yoldaşı var, nə də yuvaları. İki həftə ərzində yaxın qəsəbələrdə arvadını və qızını axtarır. Gördüm deyən tapılmır. Ailəsini tapa bilməyəndən sonra öz ərazisinə gedib onların geri qayıtmasını gözləyir. Bir ümidi var ki, bəlkə, qaçıb canlarını qurtarıblar. Onların ölümünə inanmaq istəmir.
Beləcə, sabahdan nagüman, bir həsir bir məmmədnəsir, evsiz-eşiksiz, ailəsiz Qreynerin ağrılı-acılı günləri başlayır. Tən-tənha ömrünün “gözləmək” perioduna qədəm qoyur. Gözləmək isə, bildiyiniz kimi, ölməkdən daha ağırdır. İnsanın təkliyi necə də dəhşətlidir. Mövlanənin təbirincə desək, təklik hamının çıxıb getməsi deyil, heç kimin geri qayıtmamasıdır.
Bir müddət sonra həqiqəti qəbul edir. Onun ailəsi heç vaxt qayıtmayacaq. Onlar yanğında qırmızı sükuta qərq olublar. Bəlkə də, illərdir susub dözən təbiət, bu dəfə dözməyib, vaxtilə kəsdiyi ağaclar indi ondan bu cür qisas alırlar.
İstər qadın olsun, istərsə kişi, o qədər ikinci, hətta üçüncü dəfə özünə yeni həyat quranları görmüşük ki... Qreyner də heç kimə etiraf etməsə də, yenə də içində bir ümidlə yaşamağa davam edir, özünə yeni həyat qurmağa başlayır, ev tikir, həyət-baca düzəldir, hətta hardansa iki küçük də tapıb onlarla yaşayır. Bir müddət də gözləyir.
Heç bir nəticə hasil olmadığını görəndə, yenidən meşəyə ağac kəsməyə qayıdır. Bu dəfə isə biz səneyeləşmə görürük. Artıq “balta” mərhələsi, əl əməyi bitib və odunçuluq peşəsi zamanın ağır sınaq imtahanında ilişib-qalıb. Motorlu mişarlar, ağackəsən alətlər peyda olub, Qreyner isə qocalıb, onları istifadə edə bilmir. Keçmiş iş yoldaşlarından heç kəs qalmayıb. Təklik, lazımsızlıq meşənin dərinliyində də Qreyneri yaxalayır və o evinə qayıtmağa qərar verir. Artıq müharibə bitib, işləmək istəyənlər üçün kifayət qədər iş var. Qreyner bu dəfə əyalətdə iki at və bir fayton kirayələyib yükdaşıma işinə başlayır.
Ailəsi yanıb həlak olduqdan, yaxud yoxa çıxdıqdan sonra Qreyner təklikdən qorxmağa və özünə qulaq yoldaşı axtarmağa qərar verir. Bilənlər bilir, sözütutan adam tapmaq, – istər kişi olsun, istərsə qadın, – müşkül işlərdəndir. Yükdaşıma işində bir qadınla tanış olur. Bu qadın başqa qəsəbədən yanğınların qarşısını almaq və ağac kəsimlərinə nəzarət etmək üçün onların qəsəbəsinə gəlib. Qreyner bu qadınla dostlaşmağa cəhd edir.
Ailəsinin, həyat yoldaşının səsləri isə daim qulağındadır, yuxularında onları yanan yerdə görür. Həmin vaxtlar xəstələnir və o günlərdə gecə vaxtı evinin qabağında huşsuz halda yanğından qaçıb gələn bir gənc qız tapır. İnana bilmir ki, qızı qayıdıb. Bilmək olmur, bu qız doğrudan onun qızıdır, yoxsa hər şey Qreynerin gözünə görünür. Qızı evə gətirib sınmış ayağını gipsə qoyur, ona qulluq edir. Səhərə yaxın yuxuya gedən Qreyner oyanıb görür ki, qız yoxdur, pəncərədən qaçıb gedib. Yenidən günlərini və gecələrini meşələrdə gəzib qızını axtarmaqla keçirir, amma təəssüf, heç nə tapa bilmir.
Qocalıqdan və təklikdən sonra əldən-ayaqdan düşən Qreynerin ən sevimli məşğuliyyəti ara-sıra qatarla şəhərə gedib tək-tənha gəzmək olur. Şəhərdə təxminən on il sonra ilk dəfə güzgüdə üzünə baxıb, illərin özündə qoyduğu izləri görür. Birdən-birə həyatı bu an mənalanır, amma artıq gecdir, ömrün sonudur. İlk dəfə təyyarəylə balaca bir səyahətə çıxır. Göydə quş kimi süzülərkən itib-gedən bütün həyatını, başına gələnləri, Məhəmmədhüseyn Şəhriyarın təbirincə desək, bir sinema pərdəsi kimi gözündə canlandırır və tək oturub olanları seyr edir.
Robert Qreyner 1968-ci ildə yuxusunda vəfat edərkən həyatı sakitcə başladığı kimi sakitcə də bitir. Heç vaxt pulla silah almır və telefonla danışmır. Ata-anasının kim olduğunu bilmir, özündən sonra varis qoymur. Amma ilk dəfə təyyarəyə mindiyi həmin bahar günü, aşağı ilə yuxarı bir-birinə qarışan vaxt, nəhayət, hər şeyin fərqinə varır.
***
Filmə baxa-baxa Knut Hamsunun həmin o gözəl romanını – “Torpağın bərəkəti”ni xatırlayırdım. Filmi bitirəndən sonra da “Torpağın bərəkəti”ni yenidən vərəqlədim. Mənə elə gəldi, “Qatar xəyalları” Hamsunun romanın müasir variantıdır. Hamsunun qəhrəmanı İsakla, filmdəki Qreyner aşağı-yuxarı eyni adamlardır. Azdanışan, soyuq, qaraqabaq, ağır fiziki zəhmətlə ailəsini dolandıran, qurub kök salmaq istəyən, sivilizasiyadan, insanlardan gen gəzən qəhrəmanlar.
Təbii, fərqlər də var. Hamsun göstərir ki, insan yalnız təbiəti əkib-biçərək, qurub-yaradaraq ram edə bilər. Filmdə isə təbiət ram oluna bilmir. Çünki təbiətə ziyan vurmaqla onu ram etmək mümkün deyil.
Qreyner heç vaxt İsak kimi kök sala bilmir. Bir yandan qurub-tiksə də, digər yandan dağıdır, kəsir, doğrayır. İsakın ailəsi böyüyür, Qreynerin ailəsi isə məhv olur. Hamsunun dünyasında həyat genişlənsə də, filmdə həyat daralır. İsak yaradıcı adamdır, Qreyner isə daha çox fəhlə və işçi.
Filmin və romanın əsas ideyaları isə eynidir. İnsan təbiətdə yalnız yaratmaqla qala bilər. Yoxsa müvəqqətilik və fanilik onun əbədi taleyi olacaqdır.
***
Filmdə Heminqueyin “Klimancaro qarları” hekayəsiylə də paralellər, daxili və gizli dialoqlar, görünməz qohumluq əlaqələri var. “Klimancaro qarları” Heminqueyin məşhur və bioqrafik hekayələrindədir.
Hər iki əsərdə də zaman xronoloji yox, fraqmentardır. Həm hekayədə, həm də filmdə gah keçmişə qayıdır, gah indidə qalır, gah da gələcəyə gedirik. Zaman strukturu baxımından film və hekayə bir-birinə çox yaxındır.
Hekayədəki yazıçı Harri ölüm ayağındadır. Afrikada çadırda uzanıb və amma yaddaşı keçmişin içində gəzişir. Zamanın sərhədi pozulur. Filmdə də Qreyner qocalıq və xəstəlik mərhələsinə keçəndən sonra keçmişini xatırlamağa, yaşayıb bitirmiş ömrünü ahıl yaşında başa düşməyə çalışır. Hər iki qəhrəman ölümə yaxın şüur vəziyyətindədirlər. Onların ikisi də peşmançılıqla keçən ömrün astanasında hallüsinasiyalar görürlər. Harri ölümünə yaxın təyyarə ilə zirvəyə qalxdığını görür, Qreyner isə qızını, həyat yoldaşını.
Hər iki əsərin sonunda qəhrəmanlar balaca təyyarə ilə səyahət edirlər. Harri bunu xəyalən edir, Qreyner isə real olaraq. Təyyarə ilə səyahət əslində hər iki qəhrəmanın yuxarıya qalxmağa, yəni ölməyə hazırlaşdıqlarının simvolu kimi təqdim edilir. Qəhrəmanlar təyyarədə ikən həyatdan ölümə keçidin vizual formasını görə bilirik. Təyyarə yerdən qopma anı, insan torpaqdan göyə doğru səyahətidir həm də.
Bir haşiyə çıxıb deyim ki, film boyu qorxulu və təhlükəli göstərilən sənayeləşmə, filmin sonundakı təyyarə səhnəsi ilə metafizik bir məna da qazanır. Texnologiyadan təkcə dağıtmaq üçün istifadə etməmək də olarmış, sən demə.
Həm Harri, həm də Qreyner hədər gedən ömürlərinin sonunda peşmandırlar. Harri istedadıyla alver edib, yazmaq istədiklərini heç vaxt yazmadığı üçün, onun faciəsi əslində istedadına xəyanət etdiyinə görədir. Qreyner isə yaşayıb sona yetirdiyi ömrünün axırına yaxın başa düşür ki, o, öz həyatını dərk etmədən yaşayıbmış. Ailəsinin qədrini vaxtında bilməyib, ona ehtiyac olduğu anlarda dünyanın uzaq bir yerində ağac kəsə-kəsə ömrünü yelə verib.
Hər iki əsərdə insan təbiətin içində kiçilməyə məhkumdur. Harri Afrikanı ucsuz-bucaqsız düzənliyinə, Qreyner isə beş yüz yaşlı, bədheybət meşələrdə. Hər ikisi tənhalıqdan əziyyət çəkirlər. Harri daxilən, Qreyner isə fiziki olaraq tək-tənha qalıb.
Həm “Klimancaro qarları” hekayəsində, həm Hamsunun “Torpağın bərəkəti” romanında, həm də “Qatar xəyalları” filmində təbiət qarşısında insan acizliyi çox ustaca və yüksək sənətkarlıqla göstərilib. Həm Harri, həm İsak, həm də Qreyner sonda insanın fani, cılız, təbiətin isə əbədi olduğunu göstərirlər bizə. Hər üç əsər də insanı günahlarına görə cəzalandıran, təmiz yaşamağa səsləyən əsərlədir.
***
İnsan, əslində, ölümdən yox, ölümsüzlükdən, təklikdən, doğmalarını vaxtsız itirməkdən qorxmalıdır. İnsanın doğmalarını vaxtsız itirməyi onun əbədiyyən bədbəxt olması deməkdir.
Təsəvvür edin, illər keçir, yaşıdların, doğmaların ölüb gedirlər, sən isə tək-tənha qalırsan. Q. müəllimin ailəsinin ağ sükuta qərq olduğu xəbərini eşidəndə fikirləşmişdim, görəsən, o bu faciəyə necə dözəcək? İndi yenə də bu dəhşətli cavabsız sualı özümə verirəm, görəsən, Q. müəllim bu faciəyə necə dözür?