Kulis.az Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı haqqında faktları təqdim edir.
Şairin tam adı Seyid Məhəmmədhüseyn Behcət Təbrizi idi. O, 1906-cı ilin yanvar ayında İranın Azərbaycan bölgəsindəki Təbriz şəhərinin yaxınlığında yerləşən Xoşginab kəndində dünyaya gəlib. Seyid nəslindən olduğu üçün ailəsi dini və elmi mühitdə böyüyüb. Onun atası Molla Həbil Təbrizi tanınmış hüquqşünas və ruhani idi.
***
Şəhriyar ilk təhsilini doğma kəndində və Təbrizdə alıb, sonra Tehrana köçərək Darülfünunda (Tehran Universiteti) tibb fakültəsinə daxil olub. Lakin uğursuz sevgi və ailə problemləri onu bu sahədən uzaqlaşdırıb, tibb təhsilini yarımçıq qoyaraq özünü tamamilə ədəbiyyata həsr edib.
***
Şəhriyarın ilk şeirləri fars dilində yazılıb. O, Hafiz, Firdovsi, Sədi kimi klassik şairlərdən ilham alaraq farsca qəzəl və qəsidələr qələmə alırdı. Şeirlərində həm ilahi məhəbbət, həm də dünyəvi eşq mövzuları işlənirdi.
***
Şəhriyar 1941-ci ildə Tehranda ağır psixoloji sarsıntı keçirir. Şəhriyarın anası bunu eşidərək Tehrana gəlir və şairi sağaltmağa çalışır. Şəhriyara Azərbaycan nağılları deməyə başlayır, məzəli xatirələrini danışır və uşaqlıq çağlarını xatırladırdı. Şəhriyar bundan sonra sağalır və anasının danışdıqlarını "Heydərbabaya salam" poemasında əbədiləşdirir.
1953-cü ildə qələmə alınan poema onun həyatında dönüş nöqtəsi olub. Əsər Azərbaycan türkcəsində yazılıb və onun uşaqkən yaşadığı Xoşginab kəndindəki Heydərbaba adlı dağa ithaf olunub. Bu poemada o, uşaqlıq xatirələrini, köhnə kənd həyatını, ağsaqqalları, nənələri, oyunları, mənəvi dəyərləri və xalq müdrikliyini təsvir edib. Şeir sadə, lakin dərin lirizmlə doludur.
Heydərbaba, sel səpdi dağdan aşdı,
Kənd içində qara buludlar daşdı,
Yaxşı kişilərin ömrü yavaşdı,
İndi harda sən tək pəhləvan var mı?
Şairin adını və “Heydərbabaya salam” poemasını Türkiyəyə M.Ə.Rəsulzadə təqdim edib və tanıtdırıb.
Şəhriyar “Heydərbabaya salam” şeirini fars dilinə tərcümə etməyə çalışsa da, bunu bacara bilmədiyini və mümkünsüz olduğunu deyirdi.
***
Azərbaycanda isə Şəhriyarın "Heydərbabaya salam" poeması 1963-cü ildə çap edilib.
***
1952-ci ildə Şəhriyarın anası vəfat edib. Şair bundan bir il sonra Təbrizə gəlib və qohumları olan Əzizə Əmid Xaliqi xanımla ailə qurub. Bu evlilikdən Şəhrzad, Məryəm və Hadi adlı üç övlad dünyaya gəlib.
***
O, fars dilində yazdığı “Əliyyə sərməstan”, “Qəmər”, “Şəhid-namə”, “İslam və İran”, “Əbülhəsən Xani” və digər qəzəllərində həm milli, həm də dini duyğuları ifadə edib. Şəhriyar həm də sufizm ruhlu şeirlərlə seçilirdi.
***
O, tələbəlik illərində Sürəyya adlı bir qızı sevib. Lakin Rza şah Pəhləvinin yaxın qohumu Əbdülhüseyn Teymurtaş Sürəyyaya aşiq olduğu üçün onları ayırıb.
Deyilənə görə, Əbdülhüseyn Teymurtaş Sürəyyanı Şəhriyardan tam uzaqlaşdırmaq üçün şairin Nişapura sürgünə göndərilməsinə nail olur. Başqa bir iddiaya görə, onun sürgün edilməsinə səbəb Rza şah rejimini tənqid edən qəsidə yazmasıdır.
Bir dəfə Şəhriyarla Sürəyya Behcətabad parkında görüşməklə bağlı razılığa gəlirlər. Sevgilisini son dəfə görmək ümidi ilə gecə həmin yerə gələn şair səhərədək gözləyir, amma Sürəyyanı gətirmirlər. Elə həmin gecə “Behcətabad xatirəsi” qələmə alınır:
“Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı”.
***
1979-cu il İslam İnqilabından sonra bir çox yazıçı və şairə təzyiqlər olunsa da, Şəhriyar dövlət tərəfindən hörmətlə qarşılanıb, hətta Ayətullah Xomeyni ilə görüşmüşdür. Onun dindarlığı və dini motivli şeirləri bu münasibətdə rol oynamışdır.
***
Şəhriyar türkcəyə qayıdışı ilə həm Azərbaycan türkcəsinin poeziya dili olduğunu sübut etdi, həm də farsdilli mətbuatda bununla bağlı reaksiyalar doğurdu. O, türk dilində yazmaqla öz xalqına və mənsub olduğu mədəniyyətə sevgi və sədaqətini nümayiş etdirdi.
Ustad şair ömrü boyu həsrətində olduğu Şimali Azərbaycanı görə bilməyib.
Şəhriyar azərbaycanlı şair və yazıçılarla tez-tez məktublaşıb, yazışıb. Molla Pənah Vaqifin 250 illik yubileyinə gəlməyi planlaşdırsa da, buna mane olanlar da tapılıb. Yazıçılar Birliyi onun Bakıya gəlişi üçün dəvətnamə göndərib. Amma dəvətnamə Şəhriyara yox, başqa birinə çatıb. Bu səbəbdən də Şəhriyar çox arzulasa da, Azərbaycana gələ bilməyib. Onun gələ bilməməsindən məyus olan həmkarı Məmməd Araz "Gəlmədi" adlı şeir də yazıb.
***
Ömrünün son günləri Tehranın Mehr xəstəxanasında yatır. 1988-ci il sentyabrın 18-də o, ağciyər iltihabı və ürək çatışmazlığından dünyasını dəyişir. Öz vəsiyyətinə görə Təbrizdəki Surxab qəbiristanlığında "Məqbərətüş-şüəra"da ("Şairlər məqbərəsində") dəfn edilir. Onun ölümü İranda "Milli şeir" günü kimi qeyd olunur.
***
1991-ci ildən etibarən İranda hər il 18 sentyabr – Şəhriyarın vəfat günü Milli Türk Dili Günü kimi qeyd olunur. Bu onun türkcə şeir yazmasının və türk mədəniyyətinə bağlılığının rəsmi şəkildə tanındığını göstərir.
***
Araşdırmaçı Əhməd Kavianpur “Ustad Şəhriyarın ədəbi və ictimai həyatı” monoqrafiyasında şairlə şəxsən söhbət edən Bəhruz Siyahpuşun bu xatirəsini qələmə alıb:
“Əbdülhüseyn Teymurtaş həbsxanadakı məmurlara deyibmiş ki, Şəhriyarı orada öldürsünlər. Pərinin anası Teymurtaşa yalvarıb ki, bu yazıq seyidin günahı nədir ki, ölümünə çalışırsınız? Cəddi bizi tutar, əlinizi qana batırmayın! Teymurtaş cavab verir ki, onu bir şərtlə öldürmərəm, Tehrandan çıxıb getsin.
Ustad söyləyir ki, Əbdülhüseyn Teymurtaşın SSRİ-nin Mərkəzi Təhlükəsizlik İdarəsi ilə əlaqəsi var idi. O, 1933-cü ildə rüşvət almaqda ittiham edilir. Elə həmin il Tehranın Qəsr zindanında zəhərlənib öldürülür.
Sonra ustaddan soruşdum ki, Teymurtaş çox qüdrətli, güclü adam idi, necə oldu ki, öldü? Şəhriyar dedi ki, onu mənim cəddim öldürdü”.
***
Tehran Universitetinin müəllimi, Şəhriyar irsinin araşdırmaçılarından olan filoloq-alim Əsgər Fərdi Şəhriyarın "Azərbaycan" şeirinin təhrif olunduğu deyib:
“Mən düz 13 il, ta vəfatına qədər Ustad Şəhriyarın xidmətində olmuş və ondan dərs almışam. Bakıda mərhum şairin adına yazılan bir çox mətləblər, əslində, saxtadır. O cümlədən, Azərbaycan Respublikasının orta məktəb dərsliklərində tədris olunan bir şeiri də. “Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan. Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan” misraları ilə başlayan bu şeirin Şəhriyara heç bir aidiyyəti yoxdur. Onun farsca yazıldığı və guya Fikrət Sadıqın tərcümə etməsi ağ yalandır”.
Ə. Fərdinin sözlərinə görə, sözügedən şeirin həqiqi və məzmununa görə tam fərqli nüsxəsi 1941-ci ildə qələmə alınıb. “Ba yade Azərbaycan” adlı həmin şeir Şəhriyarın farsca divanının 1-ci cildinə daxil edilib:
“Mərhum Məhəmmədhüseyn Şəhriyarın şeirlərinin təhrifi sovet vaxtlarından başlayıb. Bu təhrifçilər arasında Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, Mirzə İbrahimov, Nazim Rizvan və səhv etmirəmsə, Cəmilə Şükürova adlı digər ədəbiyyatçını xüsusi qeyd etmək olar.
Dərsliklərdə verilən “Azərbaycan” şeirinin saxtalığını vaxtilə Bakıda olarkən şərqşünas-alim Rüstəm Əliyev, mərhum Bəxtiyar Vahabzadə, Anar və Qasım Qasımzadəyə çatdırmışam. Fikrət Sadıq da mənə etiraf etdi ki, onun bu məsələdə təqsiri yoxdur, Həmid Məmmədzadə və Qulamhüseyn Beqdelinin təqdim etdiyi sətri tərcümə əsasında şeiri “abıra salıb”.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşı, filologiya elmlər doktoru, şəhriyarşünas-alim Esmira Şükürova isə bu iddianı əsassız hesab edib:
“Təəssüflə deməliyəm ki, türkün əzəli-əbədi düşmənlərilə birlik nümayiş etdirən bəzi milli satqınlarımız bu gün ədəbiyyat xəzinəmizə də əl uzatmaqda, dahilərimizə, korifey sənətkarlarımıza açıq-aşkar qara yaxmaqda, hətta XX əsrin fenomeni olan Şəhriyarı narkotik aludəçisi, məddah şair adlandırmaqda, müxtəlif ürəkbulandırıcı söz-söhbətlər yaymaqdadırlar. Bu söz-söhbətlərdən biri də “Azərbaycan” şeiri ətrafında cərəyan edir. Bunu iddia edənlər yenə də köhnə hava çalanlar, düşmən dəyirmanına su tökənlərdir. Yenə də min təəssüf hissi ilə qeyd edirəm ki, bizə xarici düşmən lazım deyil, sapı özümüzdən olan baltalar kifayətdir - söyləyənlər, səhv etmirlər. İndi kimlərsə deyirlər ki, guya, gözəl şairimiz, əqidəli ziyalımız Fikrət Sadıq - kaş onlar da Vətəni elə Fikrət Sadıq qədər sevə biləydilər! - Şəhriyarın məşhur “Azərbaycan” qəzəlini 1988-ci ildə meydan hərəkatı zamanı tərcümə edib və əsər hərəkatın gedişi zamanı səsləndirilib. Guya, şair məşhur qəzəli sanki yenidən yazıb və əsas mətnə bəzi beytlər əlavə edib.
Doğrudur, bu möhtəşəm qəzəlin mübarizəyə çağırış, üsyankarlıq ruhu meydan hərəkatı ilə səsləşdiyinə görə həmin tarixi günlərdə oxunub. Ancaq “Azərbaycan” qəzəlinin 1988-ci ildə dalğalanan meydan hərəkatı zamanı tərcümə edilməsilə bağlı mülahizə doğru deyil. Çünki şairin “Azərbaycan” qəzəlinin tərcüməsi Şəhriyarı yaxından tanıyan, onunla yaradıcılıq əlaqələri quran, həyatı və bədii irsi haqqında hələ 1963-cü ildə ilk monoqrafiya yazan professor Qulamhüseyn Bəydili (Beqdeli) öz tədqiqatında Fikrət Sadığın elə həmin ildə etdiyi tərcümədən sitatlar verib.
Hətta Bəydili 1966-cı ildə ustad şairin “Seçilmiş əsərləri”ni də çap etdirib və həmin tərcüməni də bu külliyyata salıb. Bircə məsələni qeyd etməyi özümə borc bilirəm ki, Fikrət Sadığın etdiyi çevirmə sətri tərcümə deyil, sərbəst bədii tərcümədir və o, Şəhriyarın qəzəlin misralarında ehtiva olunan fikirlərini təhrif etməyib, sadəcə şair təxəyyülünün diqtəsilə Azərbaycan türkcəsinə uyğunlaşdırıb. Çünki dahi Şəhriyarın qeyri-adi istedadı, təbi vardı və yeri gələndə sözünü deməyə cəsarəti çatırdı. Əslində, cənab Əsgər Fərdinin təqdim etdiyi variantda elə ciddi fərq yoxdur, daha geniş və əhatəli bir qəzəldir və Şəhriyarın obyektiv və təkrarsızlığını bir daha sərgiləyir”.