Türkün dili tək sevgili, istəkli dil olmaz - Günün şeiri

Məhəmmədhüseyn Şəhriyar övladları ilə

Məhəmmədhüseyn Şəhriyar övladları ilə

21 fevral 2024
# 14:00

Bu gün Beynəlxalq Ana Dili Günüdür.

Kulis.az bu münasibətlə Məhəmmədhüseyn Şəhriyarın "Türkün dili" şeirini təqdim edir.

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.

Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.

İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.

Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur
Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.

1969

# 7375 dəfə oxunub

Oxşar xəbərlər

"Dost olmasa bu yerlərin nə dadı?" - Sabir Rüstəmxanlıdan Musa Yaqubun anım gününə

"Dost olmasa bu yerlərin nə dadı?" - Sabir Rüstəmxanlıdan Musa Yaqubun anım gününə

14:10 7 may 2026
Mənim incilərim hara daşındı?! - Günün şeiri

Mənim incilərim hara daşındı?! - Günün şeiri

10:10 7 may 2026
O küçənin oğlanları aşiq idilər mənə... - Füruğ Fərruxzad

O küçənin oğlanları aşiq idilər mənə... - Füruğ Fərruxzad

17:13 6 may 2026
"Qız, vücudun nədəndir?" - Günün şeiri

"Qız, vücudun nədəndir?" - Günün şeiri

10:30 6 may 2026
Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

15:00 5 may 2026
Arzunu əlində tuta bilməzsən! - Marina Svetayeva

Arzunu əlində tuta bilməzsən! - Marina Svetayeva

14:27 5 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər