Bir körpə, bir mahnı, bir xatirə – O uşağa nə oldu?

Bir körpə, bir mahnı, bir xatirə – O uşağa nə oldu?
1 iyun 2025
# 12:00

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Kulis.az Vüsal Bağırlının yeni yazısını təqdim edir.

Musiqi hisslərin stenoqrafiyasıdır...

(Lev Tolstoy)

Müasir insanın həyatı musiqi ilə sıx bağlıdır. Musiqi hər yerdən – reklam çarxlarından, kinofilmlərdən, kliplərdən, sosial şəbəkələrdən, ictimai nəqliyyatdan, qulaqlıqlardan – bizə boylanır. İnternetdən, mediadan süzülüb içimizə dolur. Biz hər gün müxtəlif musiqi nömrələri dinləyir, musiqi şırnağı altında çimirik. Kliplər, hit-paradlar, top onluqlar – ətrafımız musiqidir.

Hər bir sənət əsərinin özünəməxsus, təkrarolunmaz missiyası var. Bu musiqiyə də aiddir. Musiqi ondan ötrüdür ki, o xaotik və nizamsız şəkildə səpələnmiş daxili aləmimizi müəyyən ritmə, harmoniyaya, tarazlığa kökləsin. İçimizi ütüləsin, qır-qırışığını düzəldib səliqə-sahmana salsın. Daxilimizdə düzən, biçim yaratsın.

Musiqi həm də insanlar arasında danışmadan, söz demədən qurulan ünsiyyət vasitəsidir. Uşaqların tərbiyəsində musiqinin rolu əvəzsizdir. Sözsüz ki, söhbət keyfiyyətli musiqidən gedir. Ana övladının beşiyi başında öz həzin laylasını oxuyur. Balaca dərin yuxuya gedir və alt-şüur, hiss-həyəcan, bütün proseslər buradan başlayır.

Musiqi uşağın təfəkkürünü, nitq qabiliyyətini, yaradıcılıq bacarığını inkişaf etdirir, formalaşdırır. Yaddaşı, diqqəti artırır, zehni itiləyir.

Uşaq olduqca həssas varlıqdır, bu səbəbdən, o, musiqi ilə çox tez təmas qurur, asan dostlaşır. Nəğmələr və mahnılar uşaq üçün ən azı kitab, yazı, mütaliə qədər güclü təsirə malik bir vasitədir.

***
İşdən evə qayıdırdım. İşıqforun yanında qəribə bir şey müşahidə etdim. Hündürboylu, xətkeş kimi düz qamətli sarışın, slavyan antropoloji quruluşa malik, 90-60-90 model-maneken bədən tipli iki qadın (biz tərəfdə beləsinə, ikilik taxta da deyirlər) özləri kimi bir cüt göyçək sapsarı uşağı “kolyaska”da aparırdılar.

Libaslarından, hərəkətlərindən, xoşbəxtcə işıldayan gözlərindən, şaqraq gülüşlərindən əcnəbi olduqları açıq-aşkar bilinirdi. Qadınlardan biri, boy-buxun və uzun saçlısı Hollivud aktrisası Nikol Kidmana, o birisi Şarliz Terona bənzəyirdi.

Dənizdən üzü şəhərə sarpı yüngül külək əsirdi, elə onlar da həmin istiqamətdən külək kimi yüngül yerişlə gəlirdilər - bulvardan üzü mərkəzi küçələrə doğru. Mənim kimi işıqforun icazə işığını gözləyirdilər ki, yolu rahat adlaya bilsinlər.

Qadınlar nə qədər yüksək əhvalda, ritmli görünürdülərsə, uşaqlar bir o qədər küskün, bikef idilər. Hiss olunurdu ki, gəzinti onları bərk yorub. Körpələrin balaca pərişan vücudu indi ancaq yemək, yatmaq və dincəlmək istəyirdi.

Bu anidən baş verdi. Birdən qadınlar adi şəhər gəzintisini, bir növ yarışa çevirməyə qərar verdilər. Gəzinti uşaqlar üçün əyləncəli olsun, onların kefləri kökəlsin deyə özlərindən oyun uydurub, ötüşməyə başladılar. Kiçik bir forsaj nömrəsi göstərərək, sürəti o ki, var artırdılar. Araya qaçhaqaç, qovhaqov düşdü.

Görək yolun o biri tərəfinə kim tez, kim birinci çatar..?!

Yarış başladı. Bu zaman, yolun o biri tərəfindəki xəyali finiş xəttinə lap çathaçatda kolyaskalardan biri azacıq geri qaldı. Öndə gedən uşaq arxaya çevrilərək rəqibinə dilini çıxardı və hadisələrin bu cür gedişindən narazı qalan məğlub uşaq isə anasına sarı dönərək şikayətləndi, ağzı-burnunu əydi, boğazını irəli uzadıb qışqırdı:

– Mama bıstyeye, bıstyeye... A to pyoiqyayem (Ana tez ol, tez ol, yoxsa uduzarıq)

Adi bir gəzintinin əyləncəli oyuna çevrilməsi, uşağın sözləri uzatması, “r” hərfini deyə bilməməsi kənardan məzəli görünürdü. Dodağımda xəfif təbəssüm, xəyallara daldım. Uşaqlıq illəri yadıma düşdü. Çünki mən də “r” hərfini deyə bilmirdim.

***
Bağçaya gedirdim və orada bizə müxtəlif gözəl mahnılar öyrədirdilər (görəsən indi də öyrədirlərmi?). Həmin mahnıların bir çoxunu indi də xatırlayıram.
Biz musiqi sədaları altında oynayır, qaçır, tullanır, ritmdən, rəqsdən hədsiz ləzzət alırdıq. Kenquru kimi hoppanır, quş kimi uçur, keçi kimi şıllaq atırdıq.
Bu məqamda bir şeyi haşiyə olaraq çıxmaq zərurəti yaranır.

Musiqi elə bir sehrli qüvvədir ki, adam əgər nəğməni bilirsə, mətni eşidib melodiyanı duyan kimi, ilk notdan dərhal hər şeyi xatırlayır, onu astadan zümzümə etməyə başlayır. Düşünürəm ki, musiqi uşağın daxili aləminə, hisslərinə, fantaziyalarına güclü təsir edir, övladın, körpənin gələcəkdə nəcib, mərhəmətli bir insan olmasında əvəzsiz rol oynayır.

İndi mən bağçada öyrəndiyim nəğmələri şeirlə yazacam, oxucu istəsə mahnını (əgər melodiyanı bilirsə) özü üçün dodaqaltı oxuya bilər.
Əvvəlcə Oqtay Zülfüqarovun Oqtay Mahmudun sözlərinə bəstələdiyi “Çiyələk” mahnısından başlayaq.

Ay çiyələk, çiyələk, qəşəng dadlı çiyələk,
Mən səni dərərəm, bacıma verərəm,
Ve-rə-rəm...

Bu mahınını da, mahnının sözlərini də, bacımı çox sevirdim, ona görə də, şeirin “mən səni dərərəm, bacıma verərəm” yerini xüsusi vurğulayır, intonasiya ilə deyirdim. Mahnını oxuyarkən həm də oğlanlı-qızlı hamılıqla meydançada rəqs edirdik. Səbəti yerə qoyub, əlimizi elə oynadırdıq ki, sanki meşədə çiyələk yığırıq. Bi epizodu “Əhməd haradadlr” filmindəki üzüm yığan qızların rəqsindən götürmüşdük.
Çox gözəl rəqs idi...

Yaxud, başqa bir mahnı, “Mişar” mahnısı var idi. O da xoşumuza gəlirdi. Əlimizdə oyuncaq mişar, çəkiç, taxta guya dülgər idik, yannaşı dayanıb, hamımız şövqlə oxuyurduq.

Lazım olan şeyləri
Arif yığdı yanına,
Evcik tikmək istədi
Balaca Toplanına
Ay mişar tələs mişar,
Taxtanı tez kəs mişar.
Digər sevimli nəğməmiz “Oynaq topum” idi.

Oynaq topum, oynaq topum,
Əlvan rəngli qıvraq topum.
Atdım-tutdum, düşdü yerə,
Qaçdı, getdi birdən-birə.

Bütün bu mahnılar, nəğmələr, musiqi nömrələri uşaq qəlbində əsrarəngiz ovqat yaradırdı. Onları xorla oxumaq, hamıyla bir yerdə ifa etmək, içi özüm qarışıq bütün uşaqlara zövq verirdi, əhvalımıza xüsusi nikbinlik gətirirdi.

Mahnını bağçada öyrənir, sonra gəlib onu bir də təkrar evdə oxuyurdum. Öz cır səsimlə evdəkilərin zəhləsini tökürdüm. Məni bu otaqdan, o biri otağa qovur, amma istəyin qarşısını ala bilmirdilər.

***
Amma yuxarıda sadaladığım musiqilərdən savayı bir nəğmə də var ki, o yaddaşımda xüsusi iz qoyub. Beynimin boz maddəsinə həmişəlik həkk olunub. Onu hər dinlədiyimdə içimdə başqa bir xatırə oyanır, məni tam fərqli hisslər çuğlayır.

Üç yaxud dörd yaşım olardı, evimizə qonaq gəmişdi və mən də lap yaxınlarda bağçada öyrəndiyim bir mahnı əsasında onlara tamaşa göstərməyə qərar vermişdim. Ona görə də ortada ora-bura gedir, rəqs edir, bağçada yeni öyrəndiyim mahnıları şövqlə bir-bir oxuyurdum.

Qonaqlar gülür, əl çalır, məni tərifləyirdilər. Onların əhvalının yaxşı olması məni daha da həvəsləndirirdi. Repertuarımda sona saxladığım əsas nəğmə isə Oqtay Zülfüqarovun “Maşınımı sürürəm” mahnısı idi. Birdən mən əlimə qazan qapağı götürüb (guya sükandır), ağzımla mühərriki işə salaraq (dğınnn) avtomobil sürməyi imitasiya edə-edə oxumağa başladım:

Maşınımı süyüyəm
Du-du-du-du-du.
Hamını mən ötüyəm,
Du-du-du-du-du.
Yanıy, yanıy göy işıq,
Yol açıqdıy, yol açıq.

İfanın bu yerində, qonaqlardan biri qolumdan tutub məni yarıda saxladı və üzünü azacıq turşudub məzəmmətlə dedi:

– Yox, sənə maşın sürmək olmaz. Qətiyyən olmaz.

Mən bikef halımla bir nəzərlərim qonaqlarda gözümü döyərək, “niyə” soruşduqda, qohum “hələ balacasan, sən heç “r” hərfini deyə bilmirsən, gəl gör, maşın sürəsən” söylədi. Ətrafda hamı uğunub getdi, mən isə bərk pərt oldum.
Əlbəttə bu an qonaqların əhval-ruhiyyəsində əhəmiyyətli bir dəyişiklik baş vermədi, onlar yenə əl çalır, məni həvəsləndirirdilər. Fəqət, bu hərf məsələsi məni əməllicə məyus etmiş, söz məni ildırım kimi vurmuşdu. Mahnını yarıda kəsib ağlaya-ağlaya mətbəxə, anamın yanına qaçarkən, qonaqlar da çaşqın halda bir-birlərinə baxırdılar.

“Bu uşağa nə oldu belə?”

Səhəri gün artıq ciddi-cəhdlə bu işə qol çırmadım. Özümə söz verdim ki, nə yolla olur-olsun mütləq sözü düzgün tələffüz etməyi öyrənməli, hərfi düzgün deməliyəm. Bu zaman “d” hərfini dilimin altına qoyub, ondan köməkçi platforma kimi istifadə etməyə başladım.

– Maşınımı südyüdyəm.
Mən dedikcə, anam da məni həvəsləndirir, əl çalırdı. Sevinirdi.

“Süd-yü-dəm”

“Ay sağ ol, ay sağ ol. Hə deyə bilirsən artıq, lap az qalıb. Afərin sənə”.

Onunla bərabər mən də sevinirdim. Beləcə, psixoloji baryer tədricən aradan qalxdı, “südyüdyəm” dilin təkamül prosesində “südrüdrəm” ə, çevrildi. Sonra artıq sözü normal tələffüz edə bilim deyə, sonrakı mərhələdə köməkçi platformanı aradan götürdüm və beləcə sözü rahatca, çətinlik çəkmədən söylədim.

MAŞINIMI SÜRÜRƏM....

# 562 dəfə oxunub

Oxşar xəbərlər

Niyazinin övladlığını rədd edən, beş uşağını itirən müğənnimiz kimdir?

Niyazinin övladlığını rədd edən, beş uşağını itirən müğənnimiz kimdir?

18:48 2 iyun 2025
Sevdiyinə həsrət qalıb xəstəxanada ürəyi partlayan rejissorumuz

Sevdiyinə həsrət qalıb xəstəxanada ürəyi partlayan rejissorumuz

18:20 2 iyun 2025
Başqa bir ailədə doğulsaydım... - Həyatımın dəyişdiyi an

Başqa bir ailədə doğulsaydım... - Həyatımın dəyişdiyi an

17:35 2 iyun 2025
Abşeron Milli Parkında “Duyğular və təbiət” adlı rəsm sərgisi keçirilir

Abşeron Milli Parkında “Duyğular və təbiət” adlı rəsm sərgisi keçirilir

17:00 2 iyun 2025
Hökumə Əliyeva haqqında yeni film çəkilib

Hökumə Əliyeva haqqında yeni film çəkilib

15:46 2 iyun 2025
“Gilavar Foto Klubu” Azərbaycanın tarixi və mədəni irsinə aid layihəyə yekun vurub

“Gilavar Foto Klubu” Azərbaycanın tarixi və mədəni irsinə aid layihəyə yekun vurub

15:25 2 iyun 2025
# # #