"Bir erməninin Bakıda küçədən sərbəst keçməsi..." - Əsl sülh nə vaxt başlayır?

"Bir erməninin Bakıda küçədən sərbəst keçməsi..." - Əsl sülh nə vaxt başlayır?
12 avqust 2025
# 09:00

Kulis.az Gülər Qasımovanın “Bağışlama və bağışlanma” adlı yeni yazısını təqdim edir.


— Gürcüsən?! – soruşdum.

— Yox, Ermənistandan gəlirəm. Bəs sən?!

— Mən Azərbaycandanam!

Dialoqumuz qəfil elə dayandı, elə bil, tən ortadan bıçaqla kəsdilər, obrazlı desək, Arazı ayırdılar.

Ağır bir sükut çökdü araya, baxışlarımız bir anda toqquşsa da, sonra qəfil yenə yerə dikildi. Qıraqdan baxan olsa, deyərdi, bu dəqiqə böyük sevginin təməli atıldı.

Ancaq məsələ bu deyildi. Məsələ o idi ki, həyatımda ilk dəfə canlı erməni görürdüm.

On yeddi il sonra, 8 avqust günü Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin memorandum imzaladıqlarına virtual şahidlik edərkən, özümü yenidən o Tbilisi küçəsində tapdım.

Magistr təhsilinə yeni başlamış, ilk dəfə ölkədən kənarda yaşayan tələbə idim. Hətta məhəllə marketinə çörək almağa gedəndə belə içimdə qəribə bir həyəcan yaranırdı. Deyəsən, bir az da qorxurdum.

Həmin gün məhəllədən çıxanda qarşıma iki gənc çıxdı. Ləhcələri isə dərhal marağımı çəkdi:

— Gürcüsünüz? – soruşdum.

— Yox, erməniyik!

Donub qaldım. Uşaqlıqdan bəri beynimə həkk olunmuş şəkillər canlandı. Xocalı, işğal, qaçqın düşərgələri və daha nələr-nələr…

Əlbəttə, onların üzündə də eyni ehtiyat və çaşqınlıq vardı. Əminəm, onlar da elə azərbaycanlılar haqqında eşitdikləri hekayələrlə böyümüşdülər. Hamımız aşağı-yuxarı eyni məsələləri düşünürdük.

İllər sonra iki prezidentin uzun sürən münaqişədən sonra sülhə doğru addım atdığını izləyərkən, beynimdə tək bir sual vardı:

“Bir gün bir azərbaycanlı ilə erməni səmimi dost ola bilərmi?”.

“Üz”

Emmanuel Levinas bu suala belə cavab verərdi; bu, yalnız “Üz” bərpa olunanda mümkündür. Onun üçün tanımadığımız hər kəs “Özgə”dir (Autrui).

Biz onu tanıdıqca, ona bir “üz” bəxş edirik – ata, qonşu, dost...

Amma “üz” sadəcə fiziki sima deyil. O, qarşımızdakından gələn səssiz, lakin qəti bir əmrdir: “Sən məni öldürməmək və zərər verməmək məsuliyyətini daşıyırsan”.

Müharibə bu məsuliyyəti susdurur. “Üz” itir, yerini “düşmən” damğası tutur.

O gün də belə oldu. Erməni tələbələrin üzündə əvvəl insanlıq gördüm, sonra dərhal beynimdəki “tarixi düşmən” obrazı canlandı.

Levinasın təbirincə desək, “üz” yox oldu.

“Bağışlama”

Jak Derrida radikal bir fikir irəli sürürərək deyir:

"Həqiqi bağışlama aktı odur ki, yalnız bağışlanmaz olanı bağışlayırsan. Bu, nə diplomatiya, nə fayda, nə də üzr üçün edilir. Sadəcə, heç bir şərt olmadan, keçmişi qəbul edib, gələcəyi əsir etməmək üçündür".

Derrida buna “etik dəlilik” deyir. Bu, nə unutmaq, nə də haqqı danmaqdır, sadəcə, keçmişin yükünü gələcəkdən ayırmaqdır.

Tarixdə belə hallara nadir rast gəlinir. 2006-cı ildə ABŞ-nin Pensilvaniya ştatında Amiş icması məktəbə hücum edərək beş qız uşağını öldürən şəxsin ailəsini ertəsi gün ziyarət edib, bağışladıqlarını bildirdi və onun dəfnində iştirak etdilər.

Auşvitz düşərgəsinin sağ qalan məhbusu Eva Kor ailəsinə tibbi təcrübələr aparan nasist həkimləri belə şərtsiz bağışladığını elan etmişdi.

Ruandada 1994-cü il soyqırımından sonra bəzi sağ qalanlar ailələrini qətlə yetirənlərlə eyni kənddə yaşamağa razı oldular. Burada nə üzr, nə də əvəz vardı.

Bu, yalnız qarşı tərəfi yenidən insan kimi görməyi seçmək idi.

Paul Rikör isə xatırladır:

“Bağışlama yaddaşı silmək deyil, onunla yaşamağı öyrənməkdir. Keçmişi unutmaq xəyanətdir. Yalnız nifrət üçün xatırlamaq isə intiqamdır. Əsl əfv, hər şeyi xatırlayaraq kin bəsləməməkdir”.

Xülasə, nə vaxt ki, erməni bir azərbaycanlıda “üz”, “insan” görəcək, nə vaxt ki, azərbaycanlı qarşısında düşmən erməni yox, sadə bir adam görə biləcək, o zaman tam və qeyd-şərtsiz sülh mümkün olacaq.



“Zaman”

Edmund Husserl insanın zamanı üçqatlı bir quruluş kimi yaşadığını izah edir:

1) Saxlama – keçmişin daşıdığımız izi, itkilər, xəyanətlər.

2) İlkin təəssürat – indi hiss etdiyimiz an.

3) İrəlinigörmə – keçmişə əsaslanan gələcək gözləntisi.

Müharibədən sonra “saxlama” faciə ilə doludur, “irəlinigörmə” isə qorxuya çevrilir.

Yeni müsbət təcrübələr olmadan kiçik etimad addımları, dürüst söhbətlər, bir fincan çay təklifi — bu qaranlıq dəyişməz.

Etimadın bərpası üçün yeni, müsbət təcrübələr yaradılmalı, saxlamanın məzmunu dəyişməli və bununla “irəlinigörmə” ümidlə dolmalıdır. Biz iki millət olaraq yaşadıqlarımızı unutmasaq belə, yalnız müsbət yaddaş nümunələri ilə sülh dolu gələcək qura bilərik.



“Əbədi sülh”

Kantın fikrincə, sülh statik vəziyyət deyil. O, davamlı əməl tələb edən dinamik bir prosesdir. Müharibənin bitməsi sülhün başlanğıcı ola bilər, lakin zəmanəti deyil.

Əgər gündəlik davranışlar, məsələn, dürüstlük, qarşılıqlı hörmət, ədalət onu dəstəkləməsə, ən ciddi, sarsılmaz diplomatik sənədlər belə qüvvədən düşəcək.

Diplomatik sənədlər yalnız təməldir.

Əsl sülh isə həm də bir erməninin Bakıda küçədən sərbəst keçməsi, bir azərbaycanlının İrəvanda dost üzü görməsidir. Buna görə də sülhün qorunması həm beynəlxalq hüquq, həm də fərdi etika səviyyəsində davamlı yenidən təsdiq tələb edir.

Azərbaycan və Ermənistan arasında imzalanan hər bir sənəd yalnız bu memarlığın təməl daşlarından biridir. Əsl sülh isə, o sənədlərin kağızdan çıxıb insanların baxışına, sözünə və davranışına keçəndə başlayır.

Bu, nəsillər boyu formalaşmış qorxu və düşmən obrazlarını yavaş-yavaş soyundurmaq, “düşmən” yerinə yenidən “üz” görməyi öyrənməkdir.

Yol uzun və ağırdır. Bu isə səbr tələb edəcək. Amma Kantın dediyi kimi, “sülh bir dəfə əldə edilən nəticə deyil, hər gün yenidən qurulan bir layihədir”.


# 349 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni Bülent Ersoydan sərt açıqlama

Məşhur müğənni Bülent Ersoydan sərt açıqlama

12:12 12 avqust 2025
"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın taleləri haqqında cəsarətli film çəkən  görkəmli azərbaycanlı aktyor kim idi?

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın taleləri haqqında cəsarətli film çəkən görkəmli azərbaycanlı aktyor kim idi?

12:07 12 avqust 2025
Azərbaycanlı ailənin övladları niyə əllərindən alındı? - Avropaya köçüb avropalı olmaq istəməyənlər

Azərbaycanlı ailənin övladları niyə əllərindən alındı? - Avropaya köçüb avropalı olmaq istəməyənlər

12:00 12 avqust 2025
Azərbaycanın ilk ali təhsilli qadını - Hansı məşhur general hər cümə axşamı onun qəbrini ziyarət edirdi?

Azərbaycanın ilk ali təhsilli qadını - Hansı məşhur general hər cümə axşamı onun qəbrini ziyarət edirdi?

11:28 12 avqust 2025
IX “Muğam” Televiziya Müsabiqəsinin finalı Laçında olacaq

IX “Muğam” Televiziya Müsabiqəsinin finalı Laçında olacaq

11:25 12 avqust 2025
Madonna Qəzza ilə bağlı Papaya müraciət edib

Madonna Qəzza ilə bağlı Papaya müraciət edib

11:20 12 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər