Nə xoşbəxt imişəm bir zaman, Allah - Günün şeiri

Nə xoşbəxt imişəm bir zaman, Allah - Günün şeiri
18 mart 2026
# 10:21

Bu gün görkəmli Azərbaycan şairi Əli Kərimin doğum günüdür.

Kulis.az- “Günün şeiri” layihəsində onun “Nə xoşbəxt imişəm bir zaman, Allah” şeirini təqdim edir.

Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm,
nə xoşbəxt,
xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən.

Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?

İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.

Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?

Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər, ruhumun səhəri imiş.

Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.

Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?
Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş, de nə?!

# 1182 dəfə oxunub

Oxşar xəbərlər

"Məni ya sevməli, ya öldürməli..."  - Gültən Akından "Dəli qızın türküsü"

"Məni ya sevməli, ya öldürməli..." - Gültən Akından "Dəli qızın türküsü"

14:00 4 noyabr 2026
Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı  şairdən postmodern silsilə

Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı şairdən postmodern silsilə

13:00 4 noyabr 2026
Qudurğanlıq zorbalığın ən yaxın dostudur -  Rafiq Ələkbər

Qudurğanlıq zorbalığın ən yaxın dostudur - Rafiq Ələkbər

14:49 3 noyabr 2026
"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

13:30 3 noyabr 2026
"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

14:30 2 noyabr 2026
"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

11:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər