Baloğlan Əşrəfovun oğlu: "O hadisədən sonra atam 5 gün komada qaldı" - Müsahibə

Baloğlan Əşrəfovun oğlu:  "O hadisədən sonra atam 5 gün komada qaldı" - Müsahibə
19 noyabr 2025
# 10:00

Kulis.az Ülvi Bahadırın Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfovla müsahibəsini təqdim edir.

- Baloğlan bəy necə ata idi?

- O bizə həm dost, həm də gözəl ata olub. Sənətindən, peşəsindən asılı olmayaraq, atalar həmişə övladları üçün dəyərli olurlar.

- Onu yada salanda ən çox hansı anı xatırlayırsınız?

- Xatirimdə o qədər hadisələr qalıb ki, danışsam, illər yetməz. Biz həm toylarda, həm də çəkilişlərdə bir yerdə olardıq. Eyni evdə yaşadığımız üçün hər anımız onun xatirələri ilə doludur. İndi nəyəsə baxanda, hamısında onun xatirələrini görürəm.

Baloğlan Əşrəfov övladları ilə, 1985-ci il

- Üzərinizdə hansı təsirləri olub? Bir azərbaycanlı kişisi kimi qadağaları var idimi?

- Bizim ailədə milli və mənəvi dəyərlər həmişə yüksək olub. Buna görə də evdə nəyəsə qadağa qoymağa ehtiyac olmayıb.

- İstedadı necə kəşf olundu?

- İstedadı gizlətmək mümkün deyil. Uşaqlıqdan babam atamın istedadını hiss edib, onu musiqi məktəbinin tar sinfinə qoyub. Sonralar atam toylarda qarmonda ifa edib. Özü tar və qarmonda ifa edərkən səsini kəşf edib və oxumağa başlayıb.

- Deyilənə görə, Bakıya gələndən sonra İslam Rzayev onu ansamblına buraxmayıb. Səbəb nə idi?

- Deyirlər ki, İslam Rzayev onu İran boğazları elədiyinə görə ansamblına buraxmayıb, ancaq əksinə, o, atama həmişə dəstək olub. Atamın məşhur mahnılarından biri, özünün bəstələdiyi “İtən eşqim” mahnısını efirdə oxumağa qoymayıblar. Səbəbini soruşanda atam deyib ki, musiqi mənimdir, onlar isə “Sənin bəstəkarlıq diplomun yoxdur, gərək diplomun olsun” dedilər. İslam Rzayev isə deyib ki, onda bu mahnını mən efirdə oxuyum, mən Xalq artistiyəm, bəstəkarlığımı soruşmurlar. Senzuradan keçirdim, sonra sən oxu.” Beləcə, atam “İtən eşqim” mahnısını efirdə oxuya bilib.

- Onunla açıq danışa, məsləhətləşə bilirdiniz, ya çəkinirdiniz?

- Təbii ki, ata ilə oğul dost olmalıdır, amma qaydalar çərçivəsində, milli-mənəvi dəyərləri qorumaq şərti ilə.

- Sənət adamları orda-burda olurlar. Xüsusən də Baloğlan bəy kimi tələbatlı müğənnilər. Sizə, ailəsinə vaxt ayıra bilirdimi?

- Mən və qardaşım atamla bir yerdə işlədiyimiz üçün günün böyük hissəsini birlikdə keçirirdik. Toylarda və konsertlərdə də birgə olardıq.

- Onu nə özündən çıxara bilərdi?

- Çox tez özündən cıxıb əsəbləşirdi tez də sakitləşirdi. Amma heç vaxt kin saxlamırdı, bir anın içində xırda məsələyə belə reaksiya verə bilərdi. Amma paxıllıqdan, kindən uzaq adam idi.

- Necə oldu ki, səhhəti qəfildən pisləşdi?

- O günü heç xatırlamaq istəmirəm, amma yadımdan da çıxmır. Çox rahat bir şəkildə gözlərini bu dünyaya əbədi yumdu. Heç birimiz gözləmirdik, elə bildik, yuxuya gedir. Əli qəfildən boşalanda hiss etdik ki, halı pisləşib. O gün indiyə qədər gözümün qabağından getmir.

- Yanında idiniz?

- Təbii ki, yanında idim.

- Bir donorun uyğun gəldiyi xəbərini necə aldınız?

- Müqəddəs Oruc adlı gözəl insan özü gəlib bizi tapdı. Dedi ki, axtardığınız donor mənəm. Yuxusunu danışdı, yuxuda gördüyünü həyata keçirdi. Allah ona can sağlığı versin. Onun sayəsində atam sağ-salamat həyatını davam elədi.

- Baloğlan bəy pul təklif eləyib, amma qəbul etməyib/

- Bəli, düzdür. Hətta atam ona pul təklif eləyəndə incidi.

- Əməliyyatdan sonra xeyli yaxşılaşmışdı. Deyirlər, kənddə hamı qurban kəsmişdi.

- Toya və konsertlərə getdiyimiz rayonların çoxunda belə hallar olub. Atam üçün xalqın sevgisi hər şeydən üstün olub. Bu, xalqın atama olan sevgisidir.

- Peyman bəy, Sovet vaxtı Baloğlan bəyə efir qadağası qoyulması nə ilə bağlı idi?

- Atam 1973-cü ildən AzTV-də oxuyurdu. Bəstəkar və xalq mahnılarını oxuyanda heç bir problem olmayıb. Sonradan fərqli janrda oxumaq istəyəndə icazə verilməyib. Qadağa atama yox, fərqli janra aid idi. Xalq və bəstəkar mahnılarını oxumağa heç bir problem olmayıb. İndidə yutubda o kadrlar qalır. İslam Rzayevin ansamblı ilə bəstəkar mahnılarını oxuyub. Maestro Niyazi, Əhsən Dadaşov, İslam Rzayev həmişə atama dəstək olublar. Şövkət Ələkbərova şəxsən atama mükafat verib.

- Çoxları deyir ki, Baloğlan Əşrəfovun musiqi biliyi olamayıb.

- Yeddiillik tar sinfini fərqlənmə ilə bitirib. Tar sinfində muğamları və notları öyrənib. Toylarda qarmon ifa edib. Bəstələdiyi mahnıları muğənnilər hələ də sevərək oxuyurlar. Atam pianoda da ifa edə bilirdi. Saysız-hesabsız mahnılar bəstələyib, sözlər yazıb. Uzun müddət kəndimizdə ədəbiyyatla məşğul olub. BDU-nun filologiya fakültəsini bitirib.

- Baloğlan bəy, tanıdığım qədərilə heç nədən çəkinməyən, sözü üzə deyən adam olub. Yadıma gəlir, o vaxt Elçin Əlibəyli onu ittiham etmişdi deyə onu hədələmişdi. Başını kəsdirəcəyini demişdi.

- Atam o hadisədən sonra 5 gün komada qaldı. Təbii ki, xarakterində sözü üzə demək cəsarəti var idi, heç nədən çəkinmirdi. O söz xətrinə dəymişdi, amma məsələ mehribanlıqla həll olundu.

- Əməliyyatdan sonra xeyli düzəlmişdi. Sonra necə oldu ki, koronavirusa yoluxdu?

- Özü verilişlərin birində yoluxduğunu demişdi, ancaq hardan yoluxduğunu tam dəqiqliyi ilə demək olmur, ehtimal etmək olar.

- Vəziyyəti pisləşəndə harada idiniz?

- Təbii ki, yanında idim, evdə müalicə alırdı.

- Axırıncı söhbətiniz nə haqda idi?

- Mən də atam koronavirusa yoluxandan bir həftə sonra yoluxdum. Evdə o mənə təsəlli verib dua edirdi, mən də ona. Atamın duası daha güclü oldu, mən sağaldım, amma o yox. Həmişə qəlbimizdə yaşayır.

Müəllifin digər materialları:

Firəngiz Mütəllimova: "Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim..." - Müsahibə

"Görən, bu çöllərdə kimim var mənim?" - Arif Babayevlə vida mərasimindən reportaj

Avtomobil qəzası, insult, dəm qazı, xərçəng... - Gənc yaşda vəfat edən yazıçılarımız

# 272 dəfə oxunub

Oxşar xəbərlər

Musiqiçilərdən ittiham: "Bizdən izahatlar alındı, ancaq nəticəsiz qaldı"

Musiqiçilərdən ittiham: "Bizdən izahatlar alındı, ancaq nəticəsiz qaldı"

11:07 19 noyabr 2025
Papa  Leo: "Kino ümidi hərəkətə gətirən sənətdir"

Papa Leo: "Kino ümidi hərəkətə gətirən sənətdir"

11:00 19 noyabr 2025
Tanınmış yazıçılar  süni intellektdən istifadəyə görə müsabiqədən kənarlaşdırıldı

Tanınmış yazıçılar süni intellektdən istifadəyə görə müsabiqədən kənarlaşdırıldı

10:35 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova vəfat edib

Xalq artisti Roza Cəlilova vəfat edib

10:25 19 noyabr 2025
Cəfər Cabbarlının büstü restavrasiya ediləcək

Cəfər Cabbarlının büstü restavrasiya ediləcək

18:43 18 noyabr 2025
Nə Nura Suri və onun Almaxanımı, nə də Mədəniyyət Nazirliyi... - Açıqlama

Nə Nura Suri və onun Almaxanımı, nə də Mədəniyyət Nazirliyi... - Açıqlama

18:36 18 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər