Arif Məlikov: "Qara Qarayev məndən soruşdu ki..." - Müsahibə

 Arif Məlikov:  "Qara Qarayev məndən soruşdu ki..." - Müsahibə
15 may 2023
# 11:10

Kulis.az Azər Turanın Xalq artisti Arif Məlikovla müsahibəsini təqdim edir.



- Təbii ki, öncə Nazim Hikmət...

- Mənə övladım söyləyər, oğul deyərdi. Bilirdim haradan nəm çəkir bu söz, bilirdim qan-qanı çəkir... Nazim Hikmət Türkiyəni tərk edəndən sonra oğlu Mehmetə də həsrət qalmışdı. Bu sarıdan mənə oğul deməsinin səbəbini yaxşı anlayırdım. Ancaq bu ünsiyyətin birbaşa mənim özümlə bağlı olan tərəfi də var idi.
Üzdən baxırdın - dünyanın xoşbəxti, bəxtəvəri idi. Bir üzdən də sıxılır, qüssə çəkirdi. 1958-ci il idi. O zaman mən cavan bir oğlan idim. Hansısa gözəgörünməz bir güc məni vadar etdi ki, Nazim Hikmətə yaxınlaşıb, əsərinə musiqi bəstələmək istədiyimi deyim. İndinin özündə də baş aça bilmirəm ki, o güc-qüvvə mənə hardan gəlmişdi? Bəlkə də dili dilimdən, dini dinimdən olduğu üçündü. Hər halda, Nazim Hikmət də bu din-dil məsələsinə biganə qalmadı. İstəyimi, yaradıcılığına olan münasibətimi təqdir etdi. Xudahafizləşib ayrılanda bu qəfil istəyimə, daha doğrusu, cəsarətimə münasibətini də açıqlamışdı ətrafındakılara: "Bu cavan oğlana inandım! Bu adam yazacaq... Onun böyük üstünlüyü var". Nazim Hikmətin gəncliyin fövqəladə gücünə böyük inamı vardı. Mənə olan münasibəti də bu inamdan qaynaqlanırdı. Get-gedə isnişdik, doğmalaşdıq, məni oğul gözündə gördü. Hədsiz dərəcədə diqqətcil, istiqanlı bir insan idi və qarşı tərəfdən də həmişə eyni səmimiyyəti umurdu. İndinin özündə də dərin təəssüf hissi ilə xatırlayıram; Moskvaya növbəti səfərim zamanı ona bir az gec zəng etmişdim. Bunu biləndə ürəyinin ağrısı tutmuşdu. Ziyarətinə gec getdiyim üçün ərklə "Səni oğul sayıram, amma sən bir telefon zəngini də qıymırsan mənə" - deyib məni tənbeh etdi. İstənilən vaxt bağına gedib-gələ bilmək səlahiyyətim var idi. Birlikdə kabab çəkər, arxayınlıqla deyib-gülərdik. Bəzən türk kababını özü hazırlayardı.

- Niyə "Məhəbbət əfsanəsi"ni yazarkən Nizamiyə yox, Nazim Hikmət yaradıcılığına müraciət etdiniz?

- Bu məsələdə siyasi motiv olub-olmadığını soruşanlar da olub. Bilirsinizmi, mənə ən çox xoş gələn, məni özünə cəlb edən onun konsepsiyası idi. Hər kəsin bildiyi bir məsələ var ki, həmin əsərdə Fərhad dağı çapıb camaata su vermək istəyir. Nazim Hikmətin düşüncəsinə görə su azadlığın simvolu, qarşılığı, sinonimi idi. O, suyun əldə edilməsinə xalqa, məmləkətə verilən azadlıq kimi baxırdı. Nazim Hikmətin bu yozumu məni dəfolunmuz bir qüvvə kimi özünə cəlb etmişdi və məhz bu səbəbdən də Nazim Hikmət yaradıcılığına üz tutdum. Azadlıq duyğusu həm də mənim özümün, xalqımın ehtiyacı idi. Bu azadlıq duyğuları bizi daha da doğmalaşdırmışdı.

- O zaman hər bir azərbaycanlı üçün Nazim Hikmətin siyasi baxışları deyil, daha çox onun türk olması maraqlı idi. Nazim Hikməti əziz qılan səbəb bu idi. Nazim Hikmət bizi Türkiyəyə bağlayan yeganə bağ idi. Biz Nazim Hikməti ona görə sevirdik ki, o, bizə səsinin dalğalı ahəngi ilə Türkiyəni yansıdırdı. Nazim Hikmət o illərdə tanıdığımız, sevdiyimiz və bu sevgiyə görə qınanmadığımız yeganə türk şairi idi. Siz isə öz əsərinizlə tarixi bir iş gördünüz. Nazim Hikmət uzun ayrılıqdan sonra məhz "Məhəbbət əfsanəsi"nin vasitəsilə qayıtdı Türkiyəyə.

- Mən Nazim Hikmətə Türkiyənin simvolu, rəmzi kimi baxırdım.

- Ancaq böyük şairlə dostluq etməyin öz çətinlikləri də olmamış deyildi...

- Bu çətinliklər məhz Nazim Hikmətlə bağlı olduğu üçün xoşluqla qəbul olunurdu. Bir də görürdün ki, deyir: "Oğlum, mənə Böyük Teatr üçün otuz beş bilet lazımdır". Di gəl, tap görüm, necə tapırsan? O teatrdan söhbət gedir ki, ona nəinki otuz beş, hətta iki-üç bilet belə tapmaq çox ağır, müşkül bir iş idi. Ancaq özgə yol da yox idi. Biletlər mütləq alınmalıydı. Bu, Nazim Hikmətin istəyi idi. Odur ki, düşürdüm inzibatçının, teatr rəhbərliyinin arxasınca... Nazim Hikmətin istəyini yerinə yetirməməkmi olardı? Bu, hər kəs üçün şərəfli bir iş idi... Onun tapşırığı mənim üçün ustad sözüydü. Əsl ustad sözü...

- Bu ustadların sırasında Qara Qarayev də, Niyazi də var, təbii...

- Əlbəttə. Heç unuda bilmirəm; unudulmaz müəllimim Qara Qarayev bir dəfə məndən soruşdu ki, Arif, nə üzərində işləyirsən? Dedim Leninqrad Dövlət Opera və Balet Teatrı ilə müqavilə bağlamışam. "Yusif və Züleyxa" baletini yazıram. O, rəfdən bir kitab götürüb qələmlə etdiyi qeydləri göstərdi və dedi: Görürsənmi, mən də "Yusif və Züleyxa" opera-baleti üzərində işləyirəm". Evə gələn kimi Leninqrad Teatrının rəhbərliyinə zəng edib dedim: "Mən sizinlə bağladığım müqaviləyə əməl etməyəcəm, ona görə ki, sözügedən mövzuda müəllimim Qara Qarayev əsər yazır".
Bilirsinizmi, böyük şəxsiyyətlərin bir xüsusi özəlliyi də ondan ibarətdir ki, onların münasibəti, işi, əməli ilk növbədə vətəndaş tərbiyə edir. İnsan öz yanında ona dəstək verən, inam aşılayan şəxsiyyətləri görüb-hiss edəndə daha güclü, daha vüqarlı olur, istedadını, bəxtin ona bəxş etdiyi dəyərləri cilalaya bilir. Mən o xoşbəxt insanlardanam ki, ilk gənclik illərimdən Nazim Hikmət kimi dahi bir şəxsiyyətlə yaxın ünsiyyətdə olmuşam, maestro Niyazini yanımda hiss etmişəm.

- Heydər Əliyevlə bağlı xatirələriniz çoxdur...

- Ömrümün ən unudulmaz anları kimi dahi şəxsiyyət Heydər Əliyevlə olan çoxsaylı görüşlərimi tez-tez xatırlayıram. Bunlar unudulmaz xatirələrdir... O böyük insanla söhbətimiz tuturdu. Saatlarla söhbət edirdik. Xüsusi diqqət və qayğısını heç vaxt məndən əsirgəmədi. Əsərlərimin ilk tamaşası münasibətilə telefon açar, böyük bir qayğıkeşliklə təbrik edərdi. İnsan əməyinə göstərilən diqqət böyük şeydi. Bu diqqət yaradıcı insanın öz əməyi qədər qiymətlidir. Adamı səfərbər edir, məsuliyyətini artırır, həm də adamın özünün-özünə güvəncini artırır. Bu baxımdan, Heydər Əliyevin diqqəti, dəstəyi əvəzsiz idi. İhsan Doğramacıya simfoniya həsr etmişdim. Türkiyədə simfoniyanın premyerasından sonra hədiyyə olaraq mənə qızıldan düzəldilmiş iki gül bağışladılar. Təbii ki, gülü qəbul etməmək olmazdı. Bakıya döndüm. Bütün uğurlarıma qəlbən sevinən Heydər Əliyev məni yenə də dəvət etdi, görüşdük, konsertin uğurlu alınmasına görə təbrik elədi. Həmin o güllərdən birini ona hədiyyə etdim. Ürəkdən güldü. O böyük şəxsiyyətlə birlikdə Məkkəni ziyarət etdiyim anları necə unuda bilərəm, necə xatırlamamaq olar? Ziyarət zamanı Heydər Əliyevə xüsusi hörmət olaraq Kəbənin qapısı açıldı. O müqəddəs məkanda ehtiramla diz çökdüyümüz anlar indi də gözümün qabağındadı. Sonra Mədinədə Peyğəmbərin məzarını ziyarət etdik. Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim. Çox təəssüf edirəm ki, "Əbədiyyət simfoniyası"nı dinləmək ona qismət olmadı. Həmin simfoniya o böyük insanın ildönümündə Filarmoniyada səsləndirildi.
Böyük şəxsiyyətlərin tarixin gedişinə, cəmiyyətin inkişafına olan önəmli təsiri haqqında çox deyilib. Bu barədə cild-cild kitablar yazılıb və bu yazılanlar heç də əsassız deyil. Bu böyük şəxsiyyətlər ümumi işin xeyrinə, millət naminə öz imkanları ilə bir araya gəlməlidirlər. Deyək ki, Əli bəy Hüseynzadə ideyalarının yanında mütləq bir Hacı Zeynalabdin Tağıyev diqqəti də olmalıdır. Qoşa qanad kimi.



- Əli bəy Hüseynzadə Arif Məlikov üçün kimdir?

- Əgər Əli bəy Hüseynzadənin dediklərini, istədiklərini vaxtında yerinə yetirsəydik, indi bir millət kimi xeyli irəlidə olardıq və ola bilər ki, geridə qalan çox ağırlıqlar da millətin çiyninə düşməzdi. Əsas məsələ, budur, hara gedirsən və ora çatanda nə əldə edəcəksən, bunu bilərək düzgün istiqamətdə getməkdir. Bu şeyləri Əli bəy Hüseynzadə çox yaxşı bilirdi. Mən, sözün düzü, Əli bəyin yaratdığı əsərlərlə məşğul olan adam deyiləm, musiqiçiyəm. Amma bilirəm ki, Əli bəy tariximizdəki ən nəhəng simalardan biridir. Əli bəyin əsas xətti var. Bu xətt Vətən sevgisidir. Əli bəy vətən ideologiyasına görə başqa ölkədə yaşamalı olub, başqa ölkədə ölüb. Buna görə də o, şəhiddir.

Arif Məlikov "Ədəbiyyat qəzeti"nin birinci səhifəsindən Səttar Bəhlulzadənin "baxdığı" ötən sayımızı götürüb vərəqlədi... Sonra "Kəpəzin göz yaşları"nın yaranması barədə unudulmaz bir söhbət etdi.


- Həm də rəssamsınız. Səttar Bəhlulzadə ilə çox yaxın dost olmusunuz...

- Maraqlı, unikal şəxsiyyətlər mənim üçün həmişə mövzu mənbəyi olub. Bəli, rəhmətlik Səttar Bəhlulzadə ilə çox yaxın idik. Yalan olmasın, mən Səttarın iki şkaf boyu portretini çəkmişəm. Səttar yorğun vaxtlarında yanıma gəlib deyərdi ki, Arif, neynirsən elə, ancaq məni Bakıdan çıxart. Deyirdim axı, mənim dərsim var. Ona da çarə tapırdı. Deyirdi oturmuşam sənin kabinetində, siqaret çəkirəm, çayımı da gətirirlər. Get dərsini de, gəl, çıxıb gedək. Ən çox Göy gölə gedərdik. Bir dəfə qoruğun rəhbərliyindən xahiş etdim ki, Səttarın istəyini nəzərə alıb bizi Kəpəzə götürsünlər. Xüsusi nəqliyyatla bizi Kəpəzə qaldırdılar. Yenə sakitləşmirdi. Elə hey arayır, nəsə vurnuxurdu. Soruşurdum ki, nolub? Deyirdi Kəpəz mənə mane olur. Məni maraq götürürdü: "Axı, necə mane olur?" Cavab verirdi ki, Kəpəz kompozisiyaya girmir. Onu çəkəndə mənzərəni itirirəm, mənzərəni çəkəndə Kəpəzi. Zarafatla dedim: "A kişi, indi Kəpəz sənin əlindədir, hara istəyirsən, ora qoy. Şərt o deyil ki, elə yerində olsun". Nəhayət, mən deyən eskizləri etdi. Nəticə ürəyincə oldu. Lap uşaq kimi sevinirdi. Sonra o eskizləri yağlı boya ilə işlədi. "Kəpəzin göz yaşları" tablosu belə yarandı. İndi o rəsmə baxanda kim deyə bilər ki, Kəpəz yüz metr o yanda, yoxsa bu biri yandadı? Səttara gözəl sənət əsəri yaratmaq lazım idi. Onu yaratmağa da nail oldu.
O böyük sənətkarın ömrünün son günləri də mənim gözlərim önündə keçib. Moskvaya apardıq. Həkimlər durumunun ağır olduğunu bildirdilər. Həmin o günlərdə Moskvada "Kuznetski most" adlanan məkanda yerləşən salonda sərgisini təşkil etdim. Sərgidə nümayiş etdirilən əsərlərini albom şəklində nəşr etdirdim. O albom indinin özündə də Səttarın evində qorunur. Yaşlı nəsil vaxtilə slaydların necə baha başa gəldiyini yaxşı xatırlayırlar. Təsəlli tapıram ki, indi mənim evimdə Səttarın bütün əsərlərinin slaydları var. Lazım olanda açıb onun əsərlərinə baxıram.

- Vaxtilə Özbəkistana rəhbərlik edən Şərəf Rəşidovun librettosu əsasında "İki qəlbin dastanı" baletini bəstələmişdiniz.

- Əsər hazırlanandan sonra Şərəf Rəşidov mənə təşəkkür edib dedi ki, bizim üçün böyük iş görmüsünüz. Bu əsəri mənim doğma Daşkəndimdə hazırlamısınız, mən də tamaşanın sizin vətəninizin paytaxtı Bakıda göstərilməsinə təşəbbüs edəcəyəm. Tamaşanı gətirmək isə asan məsələ deyil... Ancaq bütün çətinliyə baxmayaraq Şərəf Rəşidov israrlı oldu ki, siz mənim xalqıma böyük bəxşiş vermisiniz, əvəzində mən də xalqım adından sizin vətəninizə mədəniyyət sevinci bəxş etməliyəm. Olub bütün bunlar...

- Təkcə sizin yaradıcılığınızda deyil, ümumən, Azərbaycan musiqi tarixində öz şöhrətinin miqyasına görə "Məhəbbət əfsanəsi"nin analoqu yoxdur. Rusiyadan Amerikaya, Yaponiyadan İngiltərəyə qədər dünyanın təzim etdiyi "Məhəbbət əfsanəsi" Azərbaycanın, bir Azərbaycan bəstəkarının yaratdığı sənət möcüzəsidir, musiqi əfsanəmizdir... Böyük Teatrda "Məhəbbət əfsanəsi" baletinin tarixi bir tamaşası da oldu. Baleti təkcə Böyük Teatrın tamaşaçıları deyil, xüsusi layihə əsasında eyni vaxtda dünyanın mindən çox kinoteatrında, internet və peyk yayımı vasitəsilə milyonlarla seyrçi izlədi.

- Bir dəfə Böyük Teatrın truppasını Braziliyaya iki aylığa dəvət etmişdilər. Tamaşanı bütün xalq görmək istəyirdi. Ancaq teatrın imkanı buna yol vermirdi. Rəhbərlik əlacsız qalıb tamaşanı açıq havada göstərməli oldu. Ətraf dağların arasında səhnə düzəldilmişdi. Gömgöy yamaclar arasında. Təsəvvür edirsinizmi? Camaat yamyaşıl otların üstündə əyləşib tamaşanı izləyirdi. Belə mənzərə ilə mən Türkiyədə də qarşılaşmışam. Roma dönəminə aid antik teatrda on minlərlə tamaşaçı "Məhəbbət əfsanəsi"nə baxırdı. O qədim teatr qalıqları arasında vaxtilə imperatorların, kralların əyləşdiyi daşın üstündə oturduğum anlarda qürur hissi keçirirdim ki, Azərbaycan mədəniyyətinə, musiqimizə marağın miqyası belə geniş, belə möhtəşəmdir.

- Əsərləriniz dünyanın demək olar ki, əksər böyük şəhərlərində ifa olunub...

- Ömrümün çox hissəsi yollarda, təyyarələrdə keçib. Mən özümü təyyarədə işləməyə belə alışdırmışam. Təyyarədən düşdümmü, məşqlər başlanır. Özümü tamaşaya zorla çatdırdığım vaxtlar da olur. İş təkcə baletlə bitmir. Mənim otuzdan çox simfonik əsərim var. Minlərlə, on minlərlə tamaşaçı ilə ünsiyyətdə olmaq, əsəri dinləmək, tamaşaya baxmaq... Vaxt lazımdı... Tez-tez xaricdən mənə zəng edirlər. Beş dəqiqənin içərisində heç gözləmədiyim halda həyatımla, yaradıcılığımla bağlı elə dəqiq məlumatlar bildirirlər ki, onların çoxunu az qala indi mən özüm belə xatırlaya bilmirəm. Təbii ki, tanımadığım, hətta həmvətənim olmayan insanların yaradıcılığıma bu cür diqqətlə, incəliklə yanaşmaları mənə çox əzizdir.

Söhbətimiz burda bitmədi...
Arif Məlikov çox şeylər barədə danışdı...
Ayrılırıq. Onu yola salıram. Dəhlizdə yanaşı addımlayırıq. Nazim Hikmətin sözlərini xatırlayıram: "Arif özü bir əfsanədir". Əfsanə ilə yanaşı addımlamaqdan, onun müasiri olmaqdan, Arif Məlikovla eyni dövrdə yaşamaqdan gözəl nə ola bilər ki!..

2014-cü il 24 dekabr

# 3239 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən məşhur 7 kitab sərgisi - Siyahı

Dünyanın ən məşhur 7 kitab sərgisi - Siyahı

12:00 12 oktyabr 2024
Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

10:26 12 oktyabr 2024
Fədakarlıq həzz almaqdır - Loğman

Fədakarlıq həzz almaqdır - Loğman

10:00 12 oktyabr 2024
Təbrizli şairin Azərbaycanda ilk kitabı çap olundu

Təbrizli şairin Azərbaycanda ilk kitabı çap olundu

17:45 11 oktyabr 2024
Aktyor onu tənqid edən şəxsin mesajlarını paylaşdı

Aktyor onu tənqid edən şəxsin mesajlarını paylaşdı

17:11 11 oktyabr 2024
Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən

Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən

14:46 11 oktyabr 2024
# # #